Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3467/2024 29.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3467/2024 (Açar sözlər: işə bərpa, əmək haqqı və pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və s. tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)- 856/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 29 may 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-də usta köməkçisi vəzifəsinə təyin olunmuşdur. İddiaçının əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir.
2. Hazırda iddiaçı işdən çıxma barədə ərizəni hədə-qorxu, məcburiyyət təsiri altında yazdığına istinad edərək xx.xx.2023- cü il tarixli əmrin ləğv edilməsini, işə bərpa edilməsini və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsini xahiş edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh MMCyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 234/K №-li əmrin ləğv edilməsi, onun həmin müəssisənin çörək və mayalı məmulatlar sahəsi bölməsində “usta köməkçisi” vəzifəsinə bərpa olunması, məcburi işburaxma müddəti üzrə xx.xx.2023-cü il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq ona ödənilməsi, habelə 60 manat mediasiya xərcinin əvəzinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2019-cu il tarixdə Cavabdeh ilə əmək müqaviləsi bağlayaraq, həmin müəssisənin çörək və mayalı məmulatlar sahəsi bölməsində “usta köməkçisi” vəzifəsində işləmişdir. Əmək fəaliyyəti ilə bağlı dövrlər ərzində müəssisənin davranış qaydalarının tələblərini pozmamış, nizam-intizam məsuliyyətinə cəlb edilməmiş və işəgötürən tərəfindən nə yazılı, nə də şifahi töhmət almamışdır. xx.xx.2023-cü il tarixdə iş zamanı işçilər arasında işçi geyimi ilə bağlı müzakirə aparılan zaman, işçi olaraq o da öz fikrini bildirərkən, baş vermiş anlaşılmazlıq səbəbindən digər işçi onun söylədiyi sözləri yanlış anlayaraq onu Cavabdeh MMC-nin İnsan Resursları bölməsinə şikayət etmişdir. Nəticə etibarı ilə həmin mübahisə günü deyil, mübahisədən iki gün sonra xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən 234/K №-li əmrlə onunla bağlanmış əmək müqaviləsinə əsassız şəkildə xitam verilmişdir. O, işçi olaraq öz arzu və istəyi ilə deyil, Cavabdeh MMC-nin İnsan Resursları bölməsinin rəhbəri Vəkil İlqar oğlu tərəfindən ona qarşı zor işlədərək, hədə-qorxu gələrək onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ərizənin yazılmasını ondan tələb etməsi ilə məcburiyyət qarşısında ərizə yazmışdır. Çünki Vəkil İlqar oğlu ona kobudcasına bildirdi ki, “ya ərizəni imzalayırsan, ya da səni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən işdən azad edəcəyik". Həmin an qorxu və həyəcandan sağlam düşüncədə olmadığı üçün nə edəcəyini bilməmiş, yalnız gələcəkdə əmək fəaliyyəti ilə bağlı hər hansı bir idarə, müəssisədə onun işlə təmin olunmasında maneələr yaranacağını düşünərək ərizəni imzalamağa məcbur olmuşdur. Övladlarının hər ikisi hazırda onun himayəsindədir. Oğlu işləmir, qız övladının əmək qabilliyyəti yoxdur, səhhətində olan bir neçə ciddi problemlərlə bağlı müalicə ödənişləri, gündəlik ailə tələbatları onun tərəfindən ödənilir. Hazırda səbəbsiz yerə işsiz qalmışdır. İşlədiyi dövrdə bankdan kredit götürmüşdür. Lakin həmin krediti banka geri ödəyə bilmir. Heç bir əsas olmadan qanunsuz olaraq onun işdən azad olması onu və ailəsini mövcud həyat səviyyəsinin çətinlikləri ilə üzüzə qoyur. Yaranmış mübahisədən sonra ondan şikayətçi olan işçi ilə aralarında söhbət edərkən həmin işçi söhbət əsasında onu yanlış anlamasını etiraf etmiş və aralarında olan mübahisəyə həmin anda son qoyulmuşdur. İşdən azad olunarkən “Əmək müqaviləsinə xitam verilməsi” barədə əmrlə tanış olmamış və ona əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş heç bir sənəd təqdim olunmamışdır. Digər tərəfdən aylıq əmək haqqı, onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi gündən (xx.xx.2023-cü il tarixdən) 12 gün sonra yəni xx.xx.2023-cü il tarixdə ona məxsus kart hesabına köçürülmüşdür. Göründüyü kimi cavabdeh tərəfindən ona qarşı ədalətsiz mövqe sərgiləyərək qərəzli şəkildə, heç bir araşdırma aparılmadan onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Qanunla işçinin iradəsinin əlehinə və razılığı olmadan işəgötürən tərəfindən zor işlədilərək, hədəqorxu gələrək, yaxud hər hansı başqa üsulla əmək müqaviləsini ləğv etməyə işçini məcbur etmək qadağandır. Yaranmış mübahisə ilə bağlı xx.xx.2023-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də rəsmi olaraq müraciət etmişdir. Lakin müraciətinin nəticəsi ilə bağlı ona cavab verilməmişdir. Cavabdehlə aralarında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə verməmişdir.
5. Birinci instansiya məhkəməsində izahat verən İddiaçı bildirmişdir ki, işlədiyi müəssisəyə işçilər üçün yeni formalar gətirilmişdi. Formanı isə işçilərə Orxan adlı şəxs verirdi. O da həmin şəxsə bildirmişdir ki, onun forması yararsız vəziyyətdədir, buna görə ona yeni forma versin. Amma o, yeni formanın yalnız yeni gələn işçilərə verildiyini bildirmişdir. Lakin 4-5 gün sonra köhnə işçilərdən də yeni forma alanları görmüşlər. İşdəkilərlə öz aralarında bu məsələ haqqında danışıblar və deyiblər ki, gərək onlar da Orxanla yazışardılar, ancaq o zaman onlara da forma verilərdi. Bu söz işçilərdən biri olan Xalidə xanıma pis təsir edib və ondan şikayətlər edib. Bu məsələdən bir həftə sonra onları insan resurslarından çağırıblar. İnsan Resurslarının rəhbəri Toğrul bəy də onlara ərizə yazmaqlarını, ərizə yazmadıqları təqdirdə 70-ci maddənin ç bəndi ilə işdən çıxarılacağını söyləyib. Toğrul bəy göstəriş aldığı üçün onlara ərizə yazmalarını deyib. Həmin vaxt izahat da yazmışdılar. Qarşı tərəf məhkəməyə ərizəni təqdim edib, amma izahatını təqdim etməyib. Elə vəziyyət yaratmışlar ki, o, ərizəni yazmağa məcbur olub. 70-ci maddənin ç bəndi ilə işdən çıxarılacağı ilə təhdid edilib.
6. Birinci instansiya məhkəməsində izahat verən Cavabdeh MMC-nin nümayəndəsi X3 bildirmişdir ki, hər hansı bir məcburiyyət olmayıb. Şəxs öz istəyi ilə ərizə yazıb və işdən çıxıb. Həmçin müəssisədə heç bir məcburiyyətdən, təhdiddən söhbət gedə bilməz. Əgər xanım təhdid olunsa idi, həmin vaxt ərizə yazmaq əvəzinə şikayət edə bilərdi. Ondan hər hansı bir izahat alınmayıb.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)- 856/2024 saylı qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) iddia rədd edimişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və 71ci maddəsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42.1, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi, 69, 83.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3, 76, 77.1. 88, 106.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərmişdir ki, məhkəmə araşdırma zamanı bir neçə məsələyə hüquqi qiymət verməmiş sübutları tam tədqiq etməmişdir. Bu cür maddi sıxıntı və çətinlikdə olan, himayəsində 2 uşağı olan ana səhər 8-də başladığı işdən necə olur qəfil ərizə yazıb işdən çıxmaq qərarına gəlir. 8-də işdə olmaq üçün səhər saat 7-də ən geci yuxudan oyanıb işə gəlməlisən. Əgər həmin gün işdən çıxmaq kimi fikri var idisə, səhər 8 tamamda niyə işə gəlmişdir. Elə saat 10-da gəlib əriziəni yazıb gedərdi. Əgər işdən çıxmaq barədə ərizə yazacaqdısa, niyə iş geyimi geyinib əlini una bulamışdır. Məhkəmə iş başında olan zaman qəfil ərizə yazmanın səbəblərinə hüquqi qiymət verməyib. Adi iş günü kimi işə gələn iddiaçı belə bir niyyətdə olmadığı üçün geyimini dəyişib işə başlayıb. Bunu həmin gün işdə olan bütün işçilər də təsdiqləyə bilər. Bununla bağlı birinci instansiya məhkəməsində vəsatətlər versə də, məhkəmə tərəfindən təmin edilməyib. Çay fasiləsinə gedən zaman HR-dan çağırıb hədə-qorxu gəlməklə, ondan ərizə alıblar. Yəni iş gələn biri iş başında olarkən necə olur qəfil öz xahişi ilə ərizə yazır. Əmək məcəlləsinin 69-cü maddəsində əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası müəyyən edilib. Göründüyü kimi işəgötürən tərəfindən bu maddənin bütün tələbləri pozulub.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişlər.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavadeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası prosesə gəlməyən cavadehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi
14. Maddə 9. “b” bəndi. Əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək əmək münasibətləri sahəsində işçinin əsas hüquqlarındandır.
15. Maddə 42. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.
16. Maddə 68 Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
17. Maddə 68.2. “a” bəndi. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü əsasında xitam verilə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
27. Belə ki, iş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, tərəflər İddiaçı usta köməkçisi vəzifəsinə təyin edilməsi ilə bağlı razılığa gəlmişlər.
28. İddiaçı əmək kitabçasının surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-yə “mayalı mal ustası köməkçisi” vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-nin X5 Departamentinin İstehsalat Şöbəsinin çörək və mayalı məmulatlar sahəsinə “usta köməkçisi” vəzifəsinə təyin edilmişdir.
29. İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, o, xx.xx.2023-cü il tarixindən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir.
30. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 234/K nömrəli əmrin surətindən görünür ki, “X5 Departamenti/İstehsalat Şöbəsi/ Çörək və mayalı məmulatlar sahəsi bölməsində “usta köməkçisi” vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə xx.xx.2023-cü il tarixində xitam verilmişdir
31. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, tərəflər prosesin davam etdirilməsinə razılıq verməmişlər.
32. Beləliklə, məhkəmə baxışı zamanı işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-də usta köməkçisi vəzifəsinə təyin olunmuşdur. İddiaçının əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı işdən çıxma barədə ərizəni hədə-qorxu, məcburiyyət təsiri altında yazdığına istinad edərək xx.xx.2023- cü il tarixli əmrin ləğv edilməsini, işə bərpa edilməsini və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsini xahiş edir.
33. Kollegiya hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərəkən işəgötürən tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir.
34. Belə ki, iddiaçı öz iddia ərizəsində və apellyasiya şikayətində bildirmişdir ki, o, işdən çıxma barədə ərizəni öz iradəsi ilə verməmişdir və verdiyi ərizənin elə həmin gün qəbul edilərək işdən çıxmasının dərhal rəsmiləşdirilməsi, onunla mübahisə edən işçinin də eyni halı yaşaması və hər ikisi ilə bağlı 1 aylıq xəbərdarlıq müddətinin gözlənilmədən həmin gün əmək müqavilələrinə xitam verilməsi də bu halın könüllü olmadığını təsdiq edir. Kollegiya iddiaçının işəgötürənin Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinə əsasən xəbərdarlıq müddətini gözləməməsi barədə dəlilini əsassız hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
35. Belə ki, Əmək Məcəllənin 69-cu maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər.
36. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının göstərilən hala istinad etməsi əsassızdır. Belə ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci bəndində qeyd olunmuşdur ki, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Qanunvericiliyin tələbindən aydın olur ki, işçi tərəfindən ərizəsində işdən çıxmaq istədiyi günü göstərmədikdə xəbərdarlıq müddəti bitənədək əmək müqaviləsinin ləğv edilməsinə məhdudiyyət qoyulmuşdur. İşin mübahisəsiz hallarından da göründüyü kimi İddiaçı işdən çıxma barədə verdiyi ərizəsində işdən çıxma gününü dəqiqliklə göstərmiş, cavabdeh tərəf isə sonuncunun ərizəsi ilə razılaşdığından müvafiq işdən çıxma barədə əmri imzalamışdır.
37. Məhkəmə kollegiyası iddiaçının ona təzyiq olunması məsələsinə münasibətdə qeyd edir ki, iddiaçı əsas gətirdiyi bu faktı təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə, bu fakt iş materiallarında olan kifayət qədər sübutlarla təkzib olunur. Bundan başqa iş materiallarında olan mediasiya prosesinin nəticəsi barədə arayışdan da görünür ki, iddiaçı işdən çıxma barədə ərizə yazılmasından dərhal və ya qısa müddət sonra deyil, təxminən 01 aya yaxın müddət sonra, yəni noyabrın axırında hazırki tələbi ilə mediasiyaya müraciət etmişdir.
38. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
39. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
40. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
41. Kollegiya diqqətə çatdırır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
42. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
43. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
44. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
45. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)- 856/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova