Məhkəmə qərarları › İş №2(103)-3467/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3467/2025

03.06.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3467/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-3467/2025 (Açar sözlər: istifadə hüququna xitam verilməsi; istifadə hüququnun tanınması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının (qarşılıqlı cavabdeh) nümayəndəsi-vəkili X2, Cavabdehin (qarşılıqlı iddiaçı) Vəkil1 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “əmlakın mənzildən çıxarılması tələbinə dair”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması barədə tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-645/2025 nömrəli 28 yanar 2025-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 03 iyun 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı 078172 saylı qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 4-cü mkr, 20 Yanvar küçəsi, 39 saylı evin 126 mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir və bu barədə xx.xx.1997-ci il tarixdə 31 №li reyestr kitabında 4596 səhifədə qeydiyyat aparılmışdır.

2. Cavabdeh xx.xx.2009-cu il tarixdə İddiaçı ailə üzvü X7 ilə rəsmi nikah qeyd etdirməklə ünvan 1i rayonu, 20 Yanvar küçəsində yerləşən 39 saylı mənzil ünvanına gəlin köçmüş, nikahları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-224/2024 saylı qətnaməsi ilə pozulmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Sultanova (Şükürlü) Günay Telman qızına qarşı Cavabdeh İddiaçı Hüseynağa qızına məxsus Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 39 saylı mənzilindən iddia ərizəsində sadalanan cehiz əşyalar ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1i rayonu, 20 Yanvar küçəsində yerləşən, ev 39 126 saylı 2 otaqlı olan mənzil onun xüsusi mülkiyyətindədir. Oğlu, X7 2009-cu ilin iyun ayının 20-də Cavabdeh ilə nikaha daxil olmuşdur və o da öz növbəsində özünə məxsus ünvan 1i rayonu, 20 Yanvar küçəsində yerləşən, ev 39, 126 saylı 2 otaqlı olan mənzilini onların birgə yaşaması üçün müvəqqəti (öz hesablarına mənzil alınana qədər) istifadələrinə vermişdir. Lakin, Nəsimi Rayon Məhkəməsinin №2(006)- 2240/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə onların nikahına xitam verilmiş və oğlu ona məxsus mənzildən köçüb getmişdir. Cavabdeh onlarla bütün münasibətləri kəsdiyinə görə onun cehiz əşyaları ilə birlikdə ona məxsus mənzildən çıxarılması qərarına gəlmişdir. Cehiz əşyaları aşağıdakılardan ibarətdir: yataq mebeli dəsti - 1 ədəd yataq, 1- ədəd böyük dolab, 2 ədəd kiçik yataq şkafı, 1 ədəd güzgülü masa; qonaq otağı mebeli - 2 ədəd dolab və 1 divan; mətbəx mebeli, mətbəx masası, soyuducu və paltaryuyan maşın.

5. Cavabdeh İddiaçı Hüseynağayevya qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları- X5 və X6 ilə birlikdə ünvan 1i rayonu, 20 yanvar küçəsi 39, mənzil 126 ünvanında yerləşən mənzilə yaşayış sahəsindən istiladə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh 20 iyun 2009-cu il tarixində İddiaçı Hüseynağa qızının oğlu X7 ilə rəsmi nikaha girmiş, nikahları Nəsimi rayon qeydiyyat şöbəsində bağlanılmış və 444 nömrə ilə qeydə alınmışdır. Birgə nikahdan 01 aprel 2010-cu ildə X5 və 30 noyabr 2013-cü ildə X6 doğulmuşdur. Nikahları sonradan xx.xx.2024-cü il tarixində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2240/2024 saylı qətnaməsinə əsasən pozulmuş, 7 saylı X12 tərəfindən 13 oktyabr 2024-cü il tarixində nikahın pozulması barədə şəhadətnamə verilmişdir. Bakı şəhəri 4 saylı Mediasiya təşkilatının təsdiq etdiyi xx.xx.2024-cü il tarixli barışıq sazişinə uyğun olaraq tərəflər - (Cavabdeh və X7) nikahın pozulması və yetkinlik yaşına çatmayan uşaqları - X5 və X3 ananın yanında saxlanılması və X4 hər bir uşaq üçün ayda 500 manat ananın xeyrinə aliment ödənilməsi, ** ZD *** dövlət qeydiyyat nişanlı “İNFİNİTİ EX-35 minik” markalı avtomaşının 10 gün ərzində ananın istifadəsinə verilməsi ilə bağlı üzərlərinə öhdəlik götürmüşlər. 20 iyun 2009-cu il tarixində nikah bağlanandan sonra o, cehiz əşyaları ilə ünvan 1i rayonu, 20 yanvar küçəsi 39, mənzil 126 ünvanında yerləşən yaşayış sahəsinə köçmüş, yaşayış yeri üzrə rəsmi qeydiyyata alınmaqla şəxsiyyət vəsiqəsi almış və həmin vaxtdan bu günə kimi bu mənzildə uşaqları ilə birgə yaşayır. Uşaqları da burada doğulmuş, yaşayış yeri üzrə qeydiyyata alınmaqla müvafiq şəxsiyyət vəsiqələri alınmış və hazırda onunla birgə yaşayırlar. Uşaqlar hazırda orta məktbdə təhsil alırlar. O, özü hazırda işləmir, adına hər hansı ev və ya mənzil yoxdur. İddiaçı Hüseynağa qızı burada qeydiyyatda olmuş olsa da, burada heç vaxt yaşamayıb, çünki onların bu mənzildən başqa 2 əlavə mənzilləri də vardır. Birində özləri yaşayır, digərini isə kirayəyə veriblər.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-645/2025 nömrəli 28 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakim Nail Abbasov) ilkin iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh məxsus yataq (1 ədəd yataq, 1 ədəd böyük dolab, 2 ədəd kiçik yataq şkafı, 1 ədəd güzgülü masa), qonaq (2 ədəd dolab və 1 ədəd divan) və mətbəx mebelləri, mətbəx masası, soyuducu və paltaryuyandan ibarət əmlaklar ünvan 1i trayonu, 20 Yanvar küçəsi 39 saylı evin 126 saylı mənzilindən çıxarılması, Cavabdeh İddiaçı qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması barədə qarşılıqlı iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin ilk və qarşılıqlı iddia üzrə iddiaçıların özünə aid edilməsi qət olunmuşdur.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-645/2025 nömrəli 08 may 2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsində yol verilmiş yanlışlıq düzəldilməklə qətnamənin nəticə hissəsi aşağıdakı kimi oxunması qərara alınmışdır: Cavabdeh ona məxsus yataq (1 ədəd yataq, 1 ədəd böyük dolab, 2 ədəd kiçik yataq şkafı, 1 ədəd güzgülü masa), qonaq (2 ədəd dolab və 1 ədəd divan) və mətbəx mebelləri, mətbəx masası, soyuducu və paltaryuyandan ibarət əmlaklarla birlikdə ünvan 1i rayonu, 20 Yanvar küçəsi 39 saylı evin 126 saylı mənzilindən çıxarılsın. Cavabdeh İddiaçı qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması barədə qarşılıqlı iddiası təmin edilməsin.

9. Həmçinin qətnamənin təsviri hissəsinin 12-ci abzası aşağıdakı kimi oxunması qərara alınmışdır: “Məhkəmə iclasında həmçinin müəyyən olundu ki, nikah pozulduqdan sonra Cavabdeh həmin mənzildə yaşayır”.

10. Göründüyü kimi, məhkəmə müəyyən etmişdir ki, nikah pozulduqdan sonra Cavabdeh mübahisəli mənzildə yaşayır.

11. Məhkəmə hesab etmişdir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamına dair notariat qaydasında bağlanmış razılaşma olmadığından və cavabdehin həmin mənzilə istifadə hüququ yaranmadığından, onun həmin mənzildə olan əmlakı çıxarılmalı, Cavabdeh İddiaçı qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması barədə qarşılıqlı iddiası rədd edilməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, Mülki Məcəllənin 152.1, 228.1, 228.2, 228.5, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən cavabdeh (qarşılıqlı iddiaçı) Sultanova (Şükürlü) Günay Telman qızı apellyasiya şikayəti verərək onun ləğv edilməsini, ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti müvafiq iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla göstərilmişdir ki, birinci instansiya məhkəməsi yuxarda qeyd edilən işin həqiqi hallarını müəyən etməmiş, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən etməmiş, qanunsuz və əsassız qətanmə qəbul etmişdir. Məhkəmə eyni zamanda özündən uydurma ifadə yazaraq, guya cavabdehin mənzildə yaşamaması halının məüyyən edildiyini yazmış və yekunda cavabdehin yox, onun əşyalarının çıxarılmasını qət etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

18. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

19. Maddə 29, İİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

20. Maddə 29, İİİ hissə. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

21. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 22.Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 23.Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

24. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 13.7. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun.

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 30.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

33. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. İşin mübahisəsiz olaraq müəyyən olunmuş hallarından göründüyü kimi, Cavabdeh xx.xx.2009-cu il tarixdə İddiaçı ailə üzvü olan oğlu X7 ilə rəsmi nikaha daxil olmaqla ünvan 1i rayonu, 20 Yanvar küçəsində yerləşən 39 saylı mənzilə gəlin köçmüşdür. Birgə nikahdan 01 aprel 2010-cu ildə X5 və 30 noyabr 2013-cü ildə X6 doğulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-224/2024 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Nikah pozulduqdan sonra da Cavabdeh həmin mənzildə yaşamaqda davam edir.

36. Hazırki halda iddiaçı cavabdehin əşyaları ilə birlikdə mənzildən çıxarılmasını, cavabdeh isə mənzilə istifadə hüququnun tanınmasını tələb edir.

37. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

38. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında göstərilir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

40. Qeyd edilənlər baxımından, işin faktiki hallarına əsasən iddia tələbi mənzildən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətləri 2000-ci ilin sentyabrın 1-dən sonra və eyni zamanda 2009-cu il oktyabrın 1-dək yarandığı üçün, həmin münasibətlərlə bağlı mübahisə Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinin qaydalarına uyğun həll edilməlidir.

41. Göründüyü kimi cavabdehin mənzildən istifadə hüququ dövlət reystrində qeydə alınmamış, tərəflər arasında notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmamış, həmçinin cavabdeh iddiaçının ailə üzvü olmamışdır.

42. Birinci instansiya məhkəməsində, həmçinin apellyasiya icraatında Cavabdeh ilə İddiaçı arasında mütləq şərtlərin yerinə yetirilməsi aşkar edilməmiş, bu hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamış, tərəflər də aralarında hər hansı razılaşmanın olmadığını bildirmişlər.

43. Göründüyü kimi ilkin iddia əsaslıdır.

44. Qarşılıqlı iddia münasibətdə isə kollegiya qeyd edir ki, Nümayəndə mübahisəli mənzildə istifadə hüququ yaranmadığından onun həmin mənzilə dair istifadə hüqunun tanınması mümkün deyil.

45. Cavabdehin uşaqları mübahisəli mənzildə doğulmaqla atalarına münasibətdə mənzildən istifadə hüququ əldə etsələr də, nə qədər ki, yetkinlik yaşına çatmayan uşaqların yaşayış yeri valideynlərinin yaşayış yeri hesab olunur və qətnamə ilə də uşaqlar anaları ilə saxlanılmışdır, belə vəziyyətdə hazırki qətnamənin icrası nəticəsində cavabdehin köçəcəyi yeni yaşayış sahəsi onların da yaşayış yeri hesab olunacaq.

46. Kollegiya onu da nəzərə alır ki, iddiaçının nəvələrinə (cavabdehin uşaqlarına) qarşı tələbi yoxdur.

47. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir.

48. Məhkəmə mövqeyi ondan ibarət olumuşdur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamına dair notariat qaydasında bağlanmış razılaşma olmadığından və cavabdehin həmin mənzilə istifadə hüququ yaranmadığından, əmlakları ilə birlikdə həmin mənzildən çıxarılmalı, Cavabdeh İddiaçı qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması barədə qarşılıqlı iddiası rədd edilməlidir.

49. Apellyasiya şikayətinə münasibətdə kollegiya qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilə bilməz.

50. Apellyasiya şikayətində əlavə olaraq qeyd edilmiş hallar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-645/2025 nömrəli 08 may 2025-ci il tarixli qərardadı ilə aradan qaldırıldığından kollefiya həmin məsələlərə münasibət bildirməyi zəruri hesab etmir.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-645/2025 nömrəli iş üzrə 28 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar