Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-347/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı2 vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "qanuni istifadədə olan torpaq sahəsinə açılmış qapının bağlanması və qanunsuz maneənin aradan qaldırılması tələbinə dair" Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 31.10.2019-cu il tarixli, 2(003)-185/2019 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Çöl-Şüvəlan qəsəbəsində bağ-tikinti kooperativinin tərkibində 8 B ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin hasarlanması zamanı cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və həmin torpaq sahəsinə açılmış qapının cavabdehin vəsaiti hesabına bağlanması barədə qətnamə qəbul edilməsi xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 1993-cü il tarixli, 1609 nömrəli sərəncamına əsasən Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin 190 nömrəli Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan qəsəbəsində bağ-tikinti kooperativlərinin tərkibində 8 B ünvanında yerləşən 0,12 ha torpaq sahəsi mərhum anası X4 ayrılmış və bu barədə 73 nömrəli order verilmişdir. Həmin vaxtdan etibarən bağ sahəsi onların qanuni istifadə və sahibliyindədir. Anaları vəfat etdikdən sonra ondan miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 24 saylı Notariat Kontoruna müraciət edilmiş və Notariusun 19.09.2014-cü il tarixli, x-443/2014 saylı məktubu ilə bildirilmişdir ki, 06.10.2009-cu il tarixdə vəfat etmiş X3 vərəsələrinin ərizəsi əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Bundan sonra ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestrinin Bakı şəhəri Ərazi İdarəsinə müraciət edərək sahiblik və istifadələrində olan bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq çıxarış verilməsini xahiş etmişlər. DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin 13.12.2017-ci il tarixli, **********27 saylı məktubu ilə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İmtinanın səbəbi bağ sahəsində mərzçəkmə və hasarlama işlərinin aparılmaması olmuşdur. Belə ki, bağ sahəsində mərzçəkmə və hasarlama işlərinin aparılmasına qanunsuz maneə və müdaxilə Cavabdeh tərəfindən edilmişdir. Həmin bağ sahəsinin qonşuluğunda yaşayan Cavabdeh 2014-cü ilin oktyabr ayında onların qanuni istifadəsində olan bağ sahəsinə aid hissəni özbaşına tutaraq həyətinə gediş-gəliş üçün beton örtüklü yol salması və kanalizasiya hovuzu tikərək meyvə ağacları əkib becərməsi faktı ilə bağlı etibarnamə əsasında onları təmsil edən X7 tərəfindən hüquq mühafizə orqanlarına müraciət olunmuşdur. 21 sentyabr 2015-ci il tarixdə torpaq üzərində mülkiyyət hüququnun pozulması faktı üzrə Bakı şəhəri Xəzər Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Bundan sonra Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Knyaz Rəhimov 30 noyabr 2015-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qarar qəbul etmişdir. Beləliklə də yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbindən və Xəzər RPİ-də aparılmış cinayət işi ilə bağlı araşdırma zamanı təsdiq olunmuşdur ki, Cavabdeh tərəfindən qanuni istifadələrində olan Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan qəsəbəsində bağ-tikinti kooperativlərinin tərkibində 8 B ünvanında yerləşən 0,12 ha torpaq sahəsini qanunsuz olaraq təxminən 00,6 ha torpaq sahəsini zəbt edib ağaclar əkərək yol çəkmişdir. Bu hallar fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə başlanmış ********* saylı cinayət işi üzrə ibtidai araşdırma zamanı öz təsdiqini tapmışdır. Cavabdeh onlara aid torpaq sahəsinə hasar çəkilməsi zamanı maneə yaradır və həmin sahədən gediş-gəliş kimi istifadə edir qanunsuz hərəkətlərini davam etdirir. Belə olan halda hesab edir ki, qanuni istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan qəsəbəsində bağ-tikinti kooperativlərinin tərkibində 8 B ünvanında yerləşən 0,12 ha torpaq sahəsindən Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılmalı və mübahisə predmetini təşkil edən torpaq saəhəsinin hasarlanması zamanı müdaxiləyə son qoyulmalıdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 31.10.2019-cu il tarixli, 2(003)-185/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq birinci instansiya məhkəməsinin yalnız iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq olunmayan və ziddiyyət təşkil edən ekspertiza rəyini əsas götürdüyü qeyd edilmişdir. Apellyasiya baxışı zamanı İddiaçı2 vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər iddiaçı və cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə digər iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X11-Şüvəlan bağlar sahəsindəki 190 saylı kooperativ tərəfindən verilmiş 73 saylı order əsasında X4 Bakı şəhəri İcraiyyə Komitəsinin 03.09.1993-cü il tarixli, 1609 saylı qərarına əsasən Çöl-Şüvəlan bağlar sahəsində 0,12 ha torpaq sahəsi olan 8B saylı bağ ayrılmışdır. Bakı şəhəri 24 saylı dövlət notariat kontoru tərəfindən 01.08.2012-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında 06.10.2009-cu ildə vəfat etmiş X3 vərəsələri - ünvan 3 ünvanda qeydiyyatda olan övladları İddiaçı1 və İddiaçı2 bu miras əmlakdan bərabər paylarla miras almışlar. X1 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vətəndaş İddiaçı2 və İddiaçı1 adından etibarnamə əsasında hərəkət edən nümayəndəsi X8 tərəfindən Bakı şəhəri 24 saylı notariat kontoruna müraciət daxil olmuş, 06.10.2009-cu il tarixində vəfat etmiş X3 vərəsələri İddiaçı2 və İddiaçı1 ərizəsi əsasında notariat kontoru tərəfindən vərəsəlik işi açılmışdır və vərərsələrin dairəsi müəyyən olunmuş, Bakı şəhəri, Çöl-Şüvəlan qəsəbəsində 8B ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə çıxarış verilməsi xahiş olunmuşdur (Bakı şəhəri Suraxanı rayonu 24 saylı notariat kontorunun Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanladığı 29.11.2017-ci il tarixli məktub). İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisinə ünvanladığı 28.04.2015-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Xəzər Rayon Polis idarəsinin İstintaq şöbəsində vət.X5 müraciəti əsasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, X7 2005-ci ildə Xəzər rayonu, Çöl-Şüvəlan bağ sahəsində İddiaçı1 etibamamə ilə aldığı torpaq sahəsinin müəyyən hissəsi 2014-cü ildə Cavabdeh oglu tərəfindən qanunsuz zəbt olunmuşdur. Cavabdeh bildirmişdir ki, 22.01.2014-cü ildə qeyd olunan torpaq sahəsini İlqar adlı şəxsdən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışı əsasında notarial qaydada təsdiq edilmiş alqı-satqı əsasında almışdır. Cavabdeh adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 22.01.2014-cü ildə ********** nömrə ilə qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli çıxarış vardır. Yaranmış ziddiyyətə aydınlıq gətirilməsi, torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozma faktının olub-olmamasını müəyyən etmək üçün sözügedən əraziyə baxış keçirilməsi üçün mütəxəssis ayrılmasına göstəriş verməsi xahiş olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin 08.05.2015-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərarının surətindən görünür ki, qərarın təsviriəsaslandırıcı hissəsində göstərilənlərə əsasən X5 müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət təqibinin başlanması rədd edilmiş, qərarda həmçinin göstərilmişdir ki, aparılmış araşdırma zamanı X7 2005-ci ildə Xəzər rayonu, Çöl-Şüvəlan bağlar sahəsindəki 8B nömrəli bağ ünvanında yerləşən 0.12 ha torpaq sahəsini İddiaçı1 etibarnamə ilə almış, qeyd olunan torpaq sahəsinə dair zəruri sənədləri olsada Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarış olmamışdır. Həmin torpaq sahəsi ilə qonşu ərazidə Çöl-Şüvəlan bağlar sahəsində 5 saylı bağ evinin sahibi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən müvafiq saylı çıxarışı olan Cavabdeh tərəfindən təxminən 2014-cü ilin payız ayında Şahin Orucova aid torpaq sahəsinin müəyyən hissəsində öz həyətinə gedib-gəlmək üçün beton örtüklü yol salmış və meyvə ağacları əkmişdir. Mübahisəli torpaq sahəsi ilə bağlı yaranmış ziddiyətə aydınlıq gətirmək, qeyd olunan torpaq sahəsinin hüquqi sənədlər əsasında şikayətçi X6, yaxud qeyrisinə aid olub-olmamasını müəyyən etmək üçün mütəxəssis ayrılması məqsədi ilə 28.04.2015-ci ildə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə sorğu verilmiş, lakin bu günə kimi cavab alınmamışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin 30.11.2015-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarının surətindən görünür ki, qərarın təsviriəsaslandırıcı hissəsində göstərilənlərə əsasən Cavabdeh tərəfindən torpaq üzərində mülkiyyət hüququnun pozulması faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə başlanmış ********* saylı cinayət işinə ibtidai istintaq zamanı xitam verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı2 ünvanlanmış 13.12.2017-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunmuşdur ki, “onun Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivi ünvanında yerləşən 8b saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, 30.11.2017-ci il tarixli ərizənizə baxılmış, aparılan araşdırma zamanı məlum olmuşdur ki, bağ sahəsində mərzçəkmə və hasarlama işləri aparılmamışdır. Bu səbəbdən ərizəsinin icrası mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176-cı maddəsinin 1, 2 və 3-cü bəndlərinə əsasən tərəfinizdən bağ sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılması məqsədəuyğundur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır.” Birinici instansiya məhkəməsi tərəfindən iş üzrə tikiniti-texniki ekpertizası təyin edilmişdir. Həmin ekspertiza ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyesti Xidməti tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədi ilə tərəflərin iştirakı ilə mübahisələndirilən iddiaçının faktiki istifadəsində olan iddia etdiyi həyətyanı torpaq sahəsinin koordinatları müəyyən edilməklə ölçülmüşdür. Araşdırma elektron baza və mülki iş əsasında aparılmışdır. Cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi və tikililər plan və ölçülərdə (cizgilərdə) əks olunmuş sərhədlərin hüdudundadır. İddiaçılara məxsus torpaq sahəsinin kənar şəxs (şəxslər) tərəfindən zəbt olunma halı müşahidə olunmamışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 08.10.2019-cu il tarixli, 14321 saylı rəyindən görünür ki, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin və tikilələrin plan və ölçülərdə (cizgilərdə) əks olunmuş sərhədlərin hüdudlarında olduğu müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən iddiaçılara məxsus torpaq sahəsinin kənar şəxs (şəxlər) tərəfindən zəbt olunma halı müşahidə olunmamışdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərək hesab etmişdir ki, iddiaçılar onların istifadəsində və sahibliklərində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmasına istinad etsələr də, cavabdeh tərəfindən iddiaçılara məxsus torpaq sahəsinin zəbt olunması və iddiaçılara məxsus torpaq sahəsində cavabdeh tərəfindən hər hansı tikilinin inşa edilməsi halı müəyyən olunmamışdır. Ekspertiza rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymət verərək həmin rəyin sübut kimi qəbul edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası isə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin 08.05.2015-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Xəzər rayonu, Çöl-Şüvəlan bağlar sahəsindəki 8B nömrəli bağ ünvanında yerləşən 0,12 ha torpaq sahəsində qonşu ərazidə yerləşən Çöl-Şüvəlan bağlar sahəsində 5 saylı bağ evin sahibi Cavabdeh tərəfindən təxminən 2014-cü ilin payız ayında öz həyətinə gedib-gəlmək üçün beton örtüklü yol salması və meyvə ağacları əkməsi halı öz təsdiqini tapmışdır. Bundan əlavə iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Torpaq sahələrinin plan və ölçülərinin hazırlanması sektorunun yerquruluşu üzrə mühəndisi Hikmət Yusubovun tərtib etdiyi rəydən görünür ki, hüquqmüəyyənedici sənəd üzrə bağ torpağının ümumi sahəsi 1200 kv.metr təşkil edir. Yoxlama-ölçü işləri zamanı məlum olmuşdur ki, Bakı şəhər İH BTİ və İB-nin vermiş olduğu 190 saylı kooperativ 73 N-li order üzrə 8b saylı bağ sahəsinin verilmiş sxematik plan üzrə göstərilən faktiki ərazi ilə uyğun gəlir. Lakin qonşu bağ sahəsinin sahibi Cavabdeh ərizəçi X3 istifadəsində olan torpaq sahəsində kanalizasiya quyusu tikdirmişdir. Cavabdeh bağ sahəsinin giriş qapısı X3 həyətinə açılır. Bundan başqa X3 torpaq sahəsinin bir hissəsində Cavabdeh tərəfindən çoxlu sayda ağaclar əkilmişdir. X3 bağ sahəsinin bir hissəsindən halhazırda gediş-gəliş yolu kimi istifadə olunur. (İ cild iş vər. səh. 79) İşin hallarının daha dəqiq və obyektiv araşdırılması məqsədilə məhkəmə kollegiyasının 14.06.2021-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Həmin qərardadın icrası ilə əlaqədar keçirilmiş və məhkəməyə təqdim olunmuş Məhkəmə Ekspertizası Mərkəzinin 06.08.2021-ci il tarixli, 10/3296 №-li ekspert rəyində aşağıdakılar qeyd olunmuşdur: “Birinci sual üzrə: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin məktubuna əsasən qeyd olunur ki, sxematik xəritəyə əsasən iddiaçıların iddia etdikləri sahə 8B saylı bağ sahəsinin ərazisidir. 8B saylı bağın cizgisi olmadığından və sxematik xəritədə ölçüləri əks olunmadığından, konkret ölçüləri məlum deyil. Orderdə sözügedən bağın sahəsi 0,12 ha qeyd olunub; İkinci sual üzrə: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin məktubuna əsasən qeyd olunur ki, cavabdehə məxsus bağ sahəsinin ölçüləri həmin bağın texniki pasportunda əks olunub. Həmin bağ sahəsi iddiaçılara aid olan 8B saylı bağ sahəsi ilə həmsərhəddir; Üçüncü sual üzrə: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin məktubuna əsasən qeyd olunur ki, cavabdeh tərəfindən 8B saylı bağın içinə darvaza açılıb. Həmin darvazanın qarşısından başlayaraq və 8B saylı bağın ərazisindən keçən beton örtüklü yol salınıb. Həmçinin kanalizasiya quyusu inşa olunub; Dördüncü sual üzrə: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin məktubuna əsasən qeyd olunur ki, cavabdehin bağının darvazası faktiki iddiaçılara aid 8B saylı bağın içinə açılır. Həmçinin iddiaçıların bildirdiyinə görə onların bağının hasarı cavabdeh tərəfindən sökülüb; Beşinci sual üzrə: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin məktubuna əsasən qeyd olunur ki, iddiaçıların bildirdiyinə görə cavabdeh onların hasarın söküb və yenidən hasarın inşa olunmasına maneçilik törədir. Ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumalatları təqdim edilməmişdir. Buna görə də ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmadı. Qeyd olunanlar nəzərə alınmaqla, mütəxəssis tərəfindən verilmiş rəyin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər.” Azərbaycan Respublikası Torpaq Məcələsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Göründüyü kimi iddiaçıların istifadəsində və sahibliklərində olan torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunması, yəni - cavabdeh tərəfindən 8B saylı bağın içinə darvaza açıldığı, həmin darvazanın qarşısından başlayaraq və 8B saylı bağın ərazisindən keçən beton örtüklü yol salındığı, həmçinin kanalizasiya quyusunun inşa olunduğu, bağının hasarının cavabdeh tərəfindən söküldüyü, yenidən hasarın inşa olunmasına maneçilik törədildiyi iş materiallarında olan sənədlər və eləcədə Məhkəmə Ekspertizası Mərkəzinin 06.08.2021-ci il tarixli, 10/3296 №-li rəyi ilə öz təsdiqini tapır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar ətraflı aydınlaşdırılmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 31.10.2019-cu il tarixli, 2(003)-185/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan qəsəbəsində bağ-tikinti kooperativinin tərkibində 8B ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq hasarlanması zamanı cavabdeh Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılsın və həmin torpaq sahəsinə açılmış qapı cavabdehin vəsaiti hesabına bağlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-347/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-347/2021
05.10.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver