Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3473/2022 30.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X2, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 7-ci Binəqədi küçəsi 1A saylı evin 36 saylı mənzilinin satılması ilə bağlı beh müqaviləsi üzrə verilmiş 65.000 manat pulun iki misli məbləğində 130.000 manat, mənzilin dəyəri kimi verilmiş 40.000 manat, bank uçot dərəcəsinə əsasən hesablanmaqla faiz olaraq 21.000 manat, mənəvi zərərin əvəzi olaraq 50.000 manat, ümumilikdə 241.000 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 28 dekabr 2017-ci il tarixdə beh müqaviləsi bağlanmışdır. Beh müqaviləsinin 1.1-ci bəndinə əsasən (müqavilənin predmeti) cavabdeh mülkiyyətində olan Bakı şəhəri 7-ci Binəqədi (Əlisgəndər İsgəndərov) küçəsi 1A saylı evin 36 saylı mənzili 105.000 manata İddiaçı satılması barədə razılığa gəlir. Müqavilənin 2.2-ci bəndinə görə (tərəflərin öhdəlikləri) İddiaçı Cavabdeh 65.000 manat məbləğində pulu beh olaraq verir. Cavabdeh qeyd olunan 65.000 manat beh məbləğini qəbul edir. Bundan başqa, cavabdeh iddiaçıdan mənzilin pulunu tam olaraq alıb, cavabdeh iddiaçıdan mənzilin dəyəri kimi əlavə olaraq hissə-hissə 40.000 manat pul da alıb. Bu hal cavabdehin Nərimanov RPİ İŞ-də verdiyi izahatla təsdiq olunur. Beləliklə, cavabdeh iddiaçıdan mənzilin dəyəri olaraq beh kimi 65.000 manat, hissə-hissə isə 40.000 manat, ümumilikdə 105.000 manat pul almış, lakin, iddiaçı qarşısında götürdüyü öhdəliyi yerinə yetirməyərək mənzili iddiaçıya satmaqdan imtina etmişdir. Qeyd olunan hallarla bağlı Nərimanov RPİ İŞ sonuncu dəfə xx.xx.2020-ci il tarixdə qərar qəbul etmiş və İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı hazırkı tələblə 2020-ci ilin dekabr ayında Nəsimi Rayon Məhkəməsinə müraciət etsə də, məhkəmə baxışı zamanı iddia tələbini dəyişdirmişdir. Odur ki, iddiaçı beh müqaviləsindən irəli gələn tələblə yenidən məhkəməyə müraciət edir. Cavabdeh 65.000 manat beh almış, lakin öhdəliyini pozmuşdur. Odur ki, behin iki mislini, yəni 130.000 manat pulu ona qaytarmalıdır. Bundan başqa, mənzilin dəyəri kimi 40.000 manat pul da almışdır, həmin məbləği də qaytarmalıdır. Cavabdeh bu günədək iddiaçıya məxsus 105.000 manat pulu özündə qanunsuz olaraq saxlayır və faydalanır. Odur ki, 3 il ərzində ilə 7 faiz hesablanmaqla cavabdehdən 21.000 manat faiz tutulmalıdır. Cavabdeh iddiaçıya mənəvi zərər vurub, o, bu zərəri də kompensasiya etməlidir. İddiaçı mənəvi zərəri 50.000 manat məbləğində qiymətləndirir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, avans kimi ödənilmiş 65.000 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-241/2019 saylı qətnaməsindən görünür ki, X3 İddiaçı və Bakı şəhəri 3 saylı Notariat Kontoruna qarşı “beh müqaviləsinə xitam verilməsi tələbinə dair iddiası rədd edilmişdir. Əlavə olaraq Nəsimi rayon məhkəməsinin (hakim Ceyhun Tağıyev) 06 may 2021-ci il tarixli 2(006)-1561/2021 saylı qətnaməsində də adı çəkilən beh müqaviləsinin mübahisələndirilməsindən söhbət belə getməmişdir. İki məhkəmə qətnaməsində araşdırılmış, müəyyən edilmiş faktın yenidən avans kimi qiymətləndirilməsi hansı hüquqi fakta əsaslanır? Həmçinin bildirir ki, cavabdehin məhkəmə iclaslarında iştirakını təmin edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmiş, cavabdeh isə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilən hissəsində mübahisələndirmişdir. Ona görə də, apellyasiya baxışının predmetini mübahisələndirilən qətnamənin həmin hissəsi təşkil edir. İş materiallarında olan: Cavabdeh ilə İddiaçı arasında bağlanmış 28 dekabr 2017-ci il tarixli beh müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evin 36 saylı mənzilini İddiaçı 105.000 manata satılması barədə müqavilənin bağlanmasına dair razılığa gəlmişlər. Beh müqaviləsi bir ay müddətinə (xx.xx.2017-xx.xx.2018) bağlanmışdır. 10 dekabr 2019-cu il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evin 36 saylı mənzilini X1. Nərimanov RPİ İŞ-nin baş müstəntiqi, polis mayoru Xosrov Şükürovun cinayət işi başlanmasının rədd edilməsi barədə 14 noyabr 2020-ci tarixli qərarında əksini tapmış Cavabdeh verdiyi izahatda qeyd etmişdir ki, 2015-ci ilin yanvar ayında Bank "xxxx" ASCdə 30.000 ABŞ dolları məbləğində pul krediti götürmüşdür. 2014-cü ilin dekabr ayında ABŞ dollarının Azərbaycan manatına nisbətdə bahalaşmasına görə 2015-ci ilin may ayında özünə məxsus ünvan 2 ünvanda yerləşən evi 120.000 manat nağd pula satıb banka olan borcunu tam ödəmək istəmişdir. Həyat yoldaşı Camal Qasımov evi 105.000 manat pula Seyfəddin Quliyevə satmağa razılıq vermişdir. Söhbət əsnasında Seyfəddinə bildirmişdir ki, ev Bank "xxxx" ASC-də girovdadır və banka cəmi 881 ABŞ dolları və 650 manat pul ödənilib. Aralarında olan razılığa əsasən S.Quliyev evin pulunu onlara verəndən sonra banka olan kredit borcunu tam şəkildə ödəməli olmuşdur. Buna görə Seyfəddin Quliyev beh qismində ona 1.000 manat nağd pul vermiş, qalan pulu isə may ayının sonuna kimi notarial qaydada alğı-satqı müqaviləsi bağladıqdan sonra verəcəyini bildirmişdir. May ayının sonlarında Ağalar Quliyev gətirib yaşadığı evdə ona 5.000 manat pul vermişdir. O da həmin pulu oğlunun toy məclisinə xərcləmişdir. Alğı-satqı zamanı həmin pulu evin pulundan çıxmalı olmuşdur. 2015-ci ilin may ayından sonrakı müddət ərzində Seyfəddin və oğlu Ağalar Quliyev dəfələrlə yaşadığı evə gələrək bildirmişlər ki, müxtəlif ünvanlarda yerləşən özlərinə məxsus torpaq sahələrini və mənzillərini sataraq pulu verəcəklər. O isə banka kredit ödəməli olduğunu, buna görə evi təcili satmaq istədiyini bildirmişdir. Seyfəddin Quliyev isə alğı-satqı müqaviləsi bağlananadək evin banka olan borcunu öz öhdəsinə götürmüş və yenə də ən qısa zamanda evin pulunu verəcəyini bildirmişdir. Beləliklə, sonuncu dəfə o, "xxxx" banka 2015-ci ilin may ayında pul krediti ödəmiş, daha sonra, yəni 2015-ci ilin iyun ayından etibarən aylıq kredit ödənişlərini Ağalar Quliyev ödəməyə başlamışdır. Təxminən 2016-cı ilin oktyabr-noyabr ayında kredit ödənişləri vaxtında yerinə yetirilmədiyindən, "xxxx" bank onu məhkəməyə vermişdir. Bu zaman ona məlum olmuşdur ki, Ağalar Quliyev 2016-cı ilin fevral ayına kimi banka pul ödəyib, daha sonra sonuncu dəfə 2018-ci il avqust ayında banka pul ödəyib. Əlavə olaraq bildirmişdir ki, bu müddət ərzində Ağalar Quliyev hissə-hissə olaraq ümumilikdə ona 35.000 manat pul vermişdir. 2017-ci ilin dekabr ayının sonlarında o, səhhətində yaranmış problemlərlə bağlı əməliyyat olunmaq üçün Gürcüstana getməli olmuşdur və buna görə ona, təcili pul lazım olmuşdur. Həmin ərəfələrdə Ağalar Quliyevdən xahiş etmişdir ki, ona pul versin. Ağalar Quliyev isə bildirmişdir ki, notarial qaydada beh müqaviləsi bağlanacağı təqdirdə ona 5.000 manat pul verə bilər. O, məcbur olub razılaşaraq, xx.xx.2017-ci il tarixdə Bakı şəhərində yerləşən 03 saylı Notariat Kontorunda Ağalar Quliyevin anası İddiaçı ilə beh müqaviləsi bağlamışdır. Müqavilənin şərtlərinə əsasən xx.xx.2018-ci il tarixdə aralarında beh müqaviləsi bağlanan zaman İddiaçı ona 40.000 manat pul ödəməli olmuşdur. Bundan sonra Ağalar Quliyev ona 5.000 manat pul vermişdir. Qeyd etmişdir ki, həmin beh müqaviləsində 65.000 manat yazılsa da, o, həmin məbləği almamışdır. Qeyd etmişdir ki, Ağalar Quliyev hissə-hissə olmaqla 2015-ci ilin may ayından 2017-ci ilin dekabr ayınadək olan müddət ərzində cəmi ona 40.000 manat pul vermişdir. 2015-ci ildə onlar razılaşan zaman Ağalar onun banka olan 30.000 ABŞ dolları məbləğində borcunu ödəyəcəyini öz üzərinə götürmüşdür. Lakin Ağalar həmin pulu ödəmədiyinə görə və 2017ci ildə devalvasiya nəticəsində ölkədə dollar ekvivalenti 1 manat 70 qəpik olduğuna görə onun banka olan borcu 51.000 manata qalxmışdır. Bu artıma səbəb Ağalar olduğuna görə həmin artımı Ağalar ödəyəcəyini demişdir. O da düşünmüşdür ki, beh müqaviləsində yazılan 65.000 manat pulun 40.000 manatı ona verilən puldur, qalan 25.000 manat isə gecikmə nəticəsində yaranan artımdır. Buna görə də, o, beh müqaviləsinə qol çəkmişdir. Qeyd etmişdir ki, o, ilkin razılaşma olan zaman evi 105.000 manata ona satacağını bildirmişdir. Həmçinin evi banka qoyaraq 30.000 ABŞ dolları məbləğində pul götürdüyünü də bildirmişdir. Sonradan onlar evin pulunun verilməsini gecikdirən zaman o, devalvasiya olduğunu, nəticədə onun banka olan 30.000 ABŞ dolları borcunun 51.000 manat olduğunu demiş və bunun ona sərf etmədiyini bildirmişdir. Onlar da yaranan artımı ödəyəcəklərini demişlər. Beləliklə, beh müqaviləsində ödəyəcəklərinə razılaşmışlar. Həmçinin Ağalar beh müqaviləsi bağlanan zaman ona demişdir ki, «40.000 manat sənə faktiki pul vermişəm, 25.000 manat da devalvasiya nəticəsində bankda yaranan artımı ödəmişəm». Lakin sonradan ona məlum olmuşdur ki, Ağalar bankın devalvasiyadan sonra yaranan artım pulunu ödəməmişdir. O da Ağalardan bankla problemi tam həll etməsini, ona isə 35.000 manat pul verməsini bildirmişdir. Lakin o, buna əməl etməmişdir. Belə ki, o, evini devalvasiya olmamışdan əvvəl onunla 105.000 manata razılaşmışdır və evini banka qoyub 30.000 ABŞ dolları pul götürdüyünü də bildirmişdir. Lakin Ağalar vaxtında ona pulu verməməsi səbəbindən həmin 30.000 ABŞ dolları 51.000 manat olmuşdur. O da Ağalara evinin 105.000 manata yox, 125.000 manat müqabilində satacağını bildirmişdir. Çünki onun evin pulunu gecikdirməsi səbəbindən bu problemi yaranmışdır. Ağalar ümumilikdə 125.000 manat puldan ona hissə-hissə olaraq 40.000 manat pul vermiş, qalan 85.000 manatı isə verməmişdir. O da buna görə evi satmamışdır. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)- 241/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı və Bakı şəhəri 3 saylı Notariat Kontoruna qarşı «beh müqaviləsinə xitam verilməsi» tələbinə dair iddiası rədd edilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(006)- 1561/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı «daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququnun və bununla bağlı verilmiş çıxarışın ləğv edilməsi, mənzildən çıxarılma, alğı-satqı müqaviləsi bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması, mənzilin təhvil verilməsi» tələbinə dair iddiası rədd edilmişdir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında 28 dekabr 2017-ci il tarixli beh müqaviləsi bağlanmış, Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən evin 36 saylı mənzilini İddiaçı 105.000 manata satılması barədə müqavilənin bağlanmasına dair razılığa gəlmişlər. Müqavilənin şərtlərinə görə İddiaçı həmin mənzili Cavabdeh 105.000 manata almaq məqsədi ilə qabaqcadan ona 65.000 manat məbləğində pulu beh verməsini, Cavabdeh həmin göstərilən məbləği qəbul etməklə özünə məxsus həmin mənzili öz aralarında razılaşdıqları kimi xx.xx.2018-ci il tarixədək 105.000 manata İddiaçı satmağı öz öhdəsinə götürmüşlər. Tərəflər arasında alğı-satqı müqaviləsi bağlandıqda İddiaçı tərəfindən Cavabdeh əlavə olaraq 40.000 manat ödəniləcəkdir. Beh müqaviləsi bir ay müddətinə (xx.xx.2017-xx.xx.2018) bağlanmışdır. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iddiaçıdan mənzilin pulunu tam olaraq alınmasına baxmayaraq, onun qarşısında götürdüyü öhdəliyi yerinə yetirməyərək mənzili ona satmaqdan imtina etməsinə görə beh müqaviləsinin 4.1-ci bəndinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 492.2-ci maddəsinə əsaslanmaqla müqavilənin icra edilməsi üçün beh alan tərəfin məsuliyyət daşımaqla, behin iki mislini ödəməli olmasını iddia edir. Birinci instansiya məhkəməsi Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhələr yarandığı üçün, tərəflər arasında yaranmış münasibətlərə və işin faktiki hallarına əsasən hesab etmişdir ki, iddiaçı tərəfin cavabdeh tərəfə ödədiyi 65.000 manat pul vəsaiti mənzilin alınması ilə bağlı avans ödəməsi kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və hesab edir ki, qətnamə mübahisələndirilən hissədə maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəflər arasında münasibətlərə beh müqaviləsindən irəli gələn öhdəlik münasibətləri kimi yanaşmamış, mənzilin alınması ilə bağlı ödənişi avans kimi qiymətləndirmişdir. Halbuki, tərəflər arasında daha əvvəl mövcud olmuş məhkəmə mübahisələri üzrə qəbul edilmiş məhkəmə aktları ilə (Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)- 241/2019 saylı qətnaməsi və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(006)- 1561/2021 saylı qətnaməsi) mübahisələndirilən müqavilə beh müqaviləsi kimi qiymətləndirilmiş və tərəflərin heç biri aralarında bağlanmış müqavilənin beh müqaviləsi olduğunu mübahisələndirməmişlər. Ona görə də tərəflər arasında yaranmış öhdəliyin əsası qismində mülki qanunvericiliyin beh müqaviləsini tənzimləyən normaları çıxış edir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsi bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsinə və yenidən sübut edilməsinə yol vermir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Məhz bu prinsipi əsas götürərək məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)- 241/2019 saylı və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(006)- 1561/2021 saylı qətnamələri ilə hazırkı işdə tərəflər arasında öhdəlik münasibətlərinə beh müqaviləsi kimi faktiki olaraq hüquqi qiymət verilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilən həmin hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, sözügedən halların, habelə tərəfflər arasında məhz beh müqaviləsinin bağlanmasının əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında isə qeyd olunmuşdur ki, məhkəmə qərarlarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Həmin Məcəllənin 492-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. İşdən görünür ki, polisdə verdiyi izahatında cavabdeh beh müqaviləsində 65.000 manat yazılmasına baxmayaraq, həmin müqvilə bağlanarkən pul almadığını, ayrı-ayrı vaxtlarda iddiaçıdan cəmi 40.000 manat pul aldığını göstərmiş və sonradan iddiaçının həmin mənzilin alğı-satqısına görə razılaşdırılmış məbləğin qalan hissəsini ödəmədiyi üçün 10 dekabr 2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evin 36 saylı mənzilini X1. Polisdə verdiyi izahatında cavabdeh beh müqaviləsində 65.000 manat yazılsa da, onun həmin məbləği almamasını göstərsə də, iş materiallarından görünür ki, Cavabdeh "xxxx" ASC-nin MUĞ seriyalı 339182 saylı qəbzinə imza etməklə 65.000 manat pul vəsaitini qəbul etmişdir. Pulun məhz Cavabdeh tərəfindən qəbul edilməsi məhkəmənin yuxarıda adı çəkilən Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə (müvafiq ekspert rəyinə əsasən) də təsdiq edilir. Həmçinin iş materiallarından görünür ki, cavabdeh iddiaçıdan mənzilin dəyərindən 65.000 manat alsa da, sonda mənzili başqa şəxsə satmışdır. İddiaçı mübahisəli mənzili almaq üçün cavabdehlə şərtləşdikləri məbləğin hamısını ona verdiyini, lakin cavabdehin evi ona satmaqdan imtina etdiyini bildirir. Cavabdeh isə öz növbəsində iddiaçının mənzilin alğı-satqısı üçün şərtləşdirilmiş məbləğin qalanını ödəməkdən imtina etməsini və bununla da, aralarında bağlanmış beh müqaviləsinin şərtlərini pozduğunu bildirmişdir. Məhkəmə kollegiyası tərəflərin bu dəlillərini iş materiallarında olan sübutlar əsasında təhlil edərək bu qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış beh müqaviləsinin şərtlərinin icra olunmaması üçün iddiaçı tərəf deyil, cavabdeh tərəf məsuliyyət daşımışdır. Belə ki, cinayət işi başlanmasının rədd edilməsi barədə Nərimanov RPİ İŞ-nin 14 noyabr 2020-ci tarixli qərarından görünür ki, Cavabdeh mənzilin 105.000 manat alğısatqısı barədə 2015-ci ildə devalvasiya olmamışdan əvvəl razılaşdıqlarını, lakin devalvasiya baş verdikdən sonra o, mənzili 125.000 manata satmaq istədiyini, qarşı tərəfin bununla razılaşmadığını və ona cəmi 40.000 manat ödədiyini, qalan 85.000 manatı isə ödəmədiyini, bu səbəbdən də mənzilği satmaqdan imtina etdiyini bildirmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış beh müqaviləsinə əsasən mənzilin 105.000 manata satılacağı razılaşdırılsa da, cavabdeh sonradan həmin mənzili 125.000 manata satmaq istədiyini bildirmiş, qarşı tərəf bu təkliflə razılaşmadığı səbəbindən isə həmin mənzili İddiaçı satmaqdan imtina etmişdir. Bundan başqa, tərəflər mübahisələndirmirlər ki, mübahisəli mənzil Bank VTB Azərbaycan ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və yalnız 2019-cu ildə, yəni mənzil üçüncü şəxsə satılmamışdan əvvəl yüklülükdən azad edilmişdir. Başqa sözlə, tərəflərin alğı-satqı müqafiləsi bağlamağı şərtləşdikləri xx.xx.2017 – xx.xx.2018-ci illər müddətində həmin mənzil ipoteka ilə yüklü olmuşdur. Mülki Məcəllənin 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. İpoteka Haqqında Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). İpoteka qoyanın ipoteka predmetini vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Qanunvericiliyin bu normalarının dispozisiya şərtlərinə əsasən, əgər tərəflər arasında bu barədə razılıq yoxdursa, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. İpoteka ilə yüklü olan əmlakın alqı-satqısı isə yalnız ipoteka saxlayanın yazılı razılığı ilə mümkündür. Qeyd edilən normaların məzmunundan göründüyü kimi, hər iki halın (əmlakın üçüncü şəxslərin hüquqlarından azad edilməsi, yaxud ipoteka qoyanın yazılı razılığının əldə edilməsi) təmin edilməsi yükü alıcının deyil, satıcının üzərinə düşür. Lakin hazırkı işin materiallarında satıcının (Cavabdeh) xx.xx.2017ci il tarixli beh müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək əmlakı alcı-satqı üçün hazır vəziyyətə gətirmək məqsədi ilə hər hansı addımlar atması - müqavilənin bağlanmalı olduğu tarixə əmlakın yüklülükdən azad edilməsi, yaxud ipoteka saxlayan Bank VTB Azərbaycan ASC-nin mənzilin satılmasına yazılı razılığının alınması müəyyən edilmir. Bununla da, tərəflər arasında bağlanmış beh müqaviləsinin şərtlərinin icra edilməməsinin iddiaçının deyil, cavabdehin məsuliyyət daşıdığı hərəkətlər nəticəsində baş tutmaması müəyyən edilir. Mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələbinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Baxılan iş üzrə cavabdeh (beh almış tərəf) mənzilin dəyərindən 65.000 manat alsa da, sonda mənzili iddiaçıya satmadığından, bununla da müqavilənin icra edilməməsi üçün məsuliyyət onun üzərinə düşdüyündən o, digər tərəfə (iddiaçıya) behin iki mislini ödəməlidir. Kollegiya birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız cavabdehin apellyasiya şikayəti verdiyini və apellyasiya baxışının predmetinin iddianın təmin olunmuş hissəsinin yoxlanılmasını təşkil etdiyini nəzərə alaraq hesab edir ki, beh olaraq ödənilmiş 65.000 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddia tələbi mübahisələndirilən hissədə əsaslı olmuş, lakin işə baxmış birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmiş, iddianı qismən təmin etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, cavabdehin məhkəməyə məlum olan ünvanına məhkəmə bildirişləri göndərilmiş, bu barədə müvafiq reyestr işə əlavə edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi cavabdehi rəsmi xəbərdar edərək işə onun iştirakı olmadan baxmağa səlahiyyətli olmuşdur. Apellyasiya şikayətinin işin mahiyyəti üzrə dəlillərinə isə yuxarıda hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 384.0.2 və 384.0.3-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər və qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin olunsun. Cavabdeh beh kimi ödənilmiş 65.000 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3473/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3473/2022
30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver