Məhkəmə qərarları › İş №2(103)-3477/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3477/2022

25.04.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3477/2022 25.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09.03.2022-ci il tarixli 2(006)-5375/2021 saylı qərardadından iddiaçının şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş sığorta hadisəsinə görə cavabdehdən onun xeyrinə 2.750 manat sığorta ödənişinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 2(006)- 5375/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin 01 fevral 2022-ci il tarixli 2(103)-2079/2022 saylı qərardadı ilə apelyasiya şikayəti üzrə apelyasiyanın qeyri-mümkün hesab edilməsi və apelyasiya şikayətinin geri qaytarılması üçün mülki işlə birlikdə Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli 2(006)- 5375/2021 saylı qərardadı ilə apelyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra iddiaçı yeni apelyasiya şikayəti və “buraxılmış müddətin bərpasına” dair ərizə ilə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09.03.2022-ci il tarixli 2(006)-5375/2021 saylı qərardadı ilə “buraxılmış müddətin bərpasına” dair ərizə təmin edilməmiş və apelyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Hazırda iddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və işin baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmiş, iddiaçının şikayəti məhkəmənin 31.03.2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən apelyasiya şikayəti qanunla müəyyən edilmiş formaya (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apelyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş formaya) əməl edilmədən verilmiş, şikayətdə qətnamənin düzgün hesab edilmədiyi konkret əsaslar göstərilməmiş, habelə hər hansı konkret fakt və hallara istinad edilməmiş, maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olmasını açıqlanmamışdır. Apelyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş formaya riayət edilmədən verildiyindən, “buraxılmış müddətin bərpasına” dair ərizəyə münasibət bildirilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən, apelyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Məcəllənin 361.1.5 və 361.1.6-cı maddələrinə əsasən şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar apelyasiya şikayətində göstərilməlidir. İddiaçı apelyasiya şikayətini qanunla müəyyən edilmiş formaya (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apelyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) əməl etmədən verdiyindən, həmçinin şikayətdə qətnamənin düzgün hesab edilmədiyi konkret əsaslar göstərilmədiyi və maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması açıqlanmadığı üçün apelyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra isə iddiaçı müddətin bərpası barədə ərizə vermiş və əvvəlki apelyasiya şikayətini də yenidən təqdim etmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qənaəti düzgündür, apelyasiya şikayəti nəzərdə tutulmuş formada verilməmişdir. Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi nəticə doğru, qərardad qanuni və əsaslıdır. Beləliklə, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09.03.2022-ci il tarixli 2(006)-5375/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar