Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3477/2025 22.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı mülki iş üzrə (Açar sözlər: müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-907/2025 saylı, 14 mart 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2017-ci il tarixdən Bakı şəhəri 22 saylı tam orta məktəbə 1 il müddətinə 1 ştat vahidi ilə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. xx.xx.2018-ci il taixdə bağlanmış xx.xx.2017-ci il tarixli 31 nömrəli müddətli əmək müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. xx.xx.2019-cu il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsi ərizəsi nəzərə alınmaqla Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xx.xx.2019-cu il tarixindən ləğv edilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdən Bakı şəhəri 106 saylı tam orta məktəbə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 1 ştat vahidi ilə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir.
2. İddiaçı ilə xx.xx.2019-cu il taixdə bağlanmış müddətli əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək, xx.xx.2021-ci il tarixədək, xx.xx.2022-ci il tarixədək uzadılmışdır. xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə ərizəsi nəzərə alınmaqla Azərbacan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən xitam verilmişdir.
3. İddiaçı xx.xx.2022-ci il tarixdən Bakı şəhəri 163 saylı tam orta məktəbə xx.xx.2023cü il tarixədək 1 ştat vahidi ilə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. Müqavilə xx.xx.2023-cü il tarixinədək (10 ay 16 gün müddətinə) bağlanmışdır. Həmin əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır.
4. Bakı şəhəri 163 nömrəli tam orta məktəbin xx.xx.2024-cü il tarixli 61 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024- cü il tarixinə kimi 56 təqvim günü müddətinə əmək məzuniyyətinə buraxılmışdır.
5. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 824 k saylı əmrinə əsasən Bakı şəhəri 163 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlınmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir.
6. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 926 k saylı əmrinə əsasən İdarənin xx.xx.2024-cü il tarixli 824 k saylı əmri ləğv edilmişdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən İddiaçı onunla nağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdarlıq edilmişdir.
7. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin - 29- 59/3-1-1269k/2024 saylı xx.xx.2024-cü il tarixli əmrinə əsasən Bakı şəhəri 163 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbacan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş 3-29-59/3-1- 1269K/2024 saylı, xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi işburaxma günləri üçün əmək haqqının hesablanaraq ona ödənilməsi, həmçinin 60 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, o, əmək müqaviləsinə əsasən işəgötürən cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi (bundan sonra – Cavabdeh) tərəfindən xx.xx.2017-ci il tarixli əmrlə xx.xx.2017-ci il tarixindən 22 nömrəli tam orta məktəbə təlimtərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub. Daha sonra, o, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli əmrlə xx.xx.2019-cu il tarixindən 106 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub. Daha sonra, o, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixliəmrlə xx.xx.2022-ci il tarixindən 163 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub. Cavabdeh xx.xx.2024-cü il tarixli əmrlə xx.xx.2024-cü il tarixindən onun əmək müqaviləsinə müddətin qurtarması əsası ilə xitam vermişdir. O, orta məktəblərdə təlimtərbiyə işləri üzrə direktor müavini olmaqla yanaşı, uzun illər musiqi müəllimi kimi də çalışırdı. 1992-ci ildən başlayaraq fasiləsiz olaraq müxtəlif məktəblərdə musiqi müəllimi kimi fəaliyyət göstərmişdir. Hesab edir ki, onun yerinə yetirdiyi işlər daimi xarakterli idi və onunla müddətli əmək müqaviləsi bağlanmamalı idi. Bu azmış kimi, bağlanmış əmək müqaviləsinin müddətinin 5 ildən çox davam etməsinə baxmayaraq, onunla əmək müqaviləsinə xitam verərkən müddətin qurtarması əsas götürülmüşdür. O, 5 ildən çox və fasiləsiz olaraq çalışmış, cavabdehlə əmək münasibətlərində olmuşdur. Buna görə də, onunla bağlanmış əmək müqaviləsi müddətli deyil, müddətsiz hesab olunmalıdır. Bununla da, əmək müqaviləsinin müddətin qurtarması bağlanması qanunsuz hesab olunmalı, əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv olunmalı və o işə bərpa olunmalıdır.
10. Sonradan İddiaçı nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş 3-29-59/3-1-1269K/2024 saylı, xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi; iddiaçının işə bərpa olunması və məcburi işburaxma günləri üçün əmək haqqının hesablanaraq ona ödənilməsi; iddiaçıya hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin cavabdehdən tutularaq iddiaçıya verilməsi; həmçinin 60 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi arasında əmək müqaviləsinə əsaslanan əmək münasibətləri mövcud olmuşdur. Əmək müqaviləsinə əsasən iddiaçı Bakı şəhərində yerləşən müxtəlif orta məktəblərdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. İddiaçının tutduğu vəzifə üzrə icra olunan işlərin daimi xarakterə malik olduğu qabaqcadan açıq-aşkar bəlli olmasına və bununla da AR Əmək Məcəlləsinin 45.4-cü maddəsinə uyğun iddiaçı ilə müddətsiz əmək müqaviləsinin bağlanmalı olmasına baxmayaraq, cavabdeh bu müqaviləni müddətli əmək müqaviləsi kimi sistemə yerləşdirmişdir. Məhkəməyə təqdim olunan əmək kitabçasından və əmək müqaviləsi bildirişlərindən (№ xxxxxxx000601; № xxxxxxx000603; № xxxxxxx000606; № xxxxxxx000608) belə anlaşılır ki, iddiaçının işə başlama tarixi xx.xx.2017-ci il tarixi hesab olunur. Belə ki, iddiaçı xx.xx.2017-ci il tarixindən başlayaraq cavabdeh ilə əmək müqaviləsinə əsasən Bakı şəhəri 22 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. Daha sonra, bu müqavilə xx.xx.2019-cu il tarixinə kimi uzadılmışdır. Təqdim edilmiş əmək kitabçasından belə anlaşılır ki, iddiaçı xx.xx.2019-cu il tarixindən başlayaraq cavabdehlə əmək müqaviləsinə əsasən əmək fəaliyyətini 106 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində davam etdirmişdir. Digər tərəfdən, cavabdeh tərəfindən təqdim olunan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin 2.3-cü bəndində aşağıdakı müddəa qeyd olunmuşdur: “Bu əmək müqaviləsi “47/f tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə (Az. Res. Əmək Məcəlləsi)” bəndinə qeyd olunan səbəbə görə xx.xx.2019-cu tarixindən xx.xx.2023-cü il tarixinədək 4 il 5 ay müddətinə bağlanmışdır”. Buradan belə nəticə çıxarmaq olar ki, tərəflər arasında bağlanmış əmək müqviləsinin hər iki tərəfi – iddiaçı və cavabdeh aralarında olan əmək münasibətlərinin fasiləsiz olaraq xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək 4 il 5 ay müddətində davam etdiyinə razılaşır. Əslində isə, əmək münasibətləri xx.xx.2019-cu il tarixindən deyil, xx.xx.2017-cil tarixindən başlamışdır. İddiaçı cavabdehlə olan əmək müqavilələrinə əsasən Bakı şəhərinin müxtəlif orta məktəblərində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. Başqa sözlərlə, iddiaçı cavabdehlə fasiləsiz olaraq 2022-ci ilin aprel ayının 4-ə kimi çalışmış, bu müddət 5 ildən çox davam etdiyindən, tərəflər arasında əmək münasibətləri müddətsiz hesab olunmalıdır. Məhz bu müddət ərzində cavabdeh yuxarıda qeyd olunan bir neçə əmək müqaviləsi bildirişlərində iddiaçının müqaviləsinin qurtardığı tarixləri müəyyən etsə də, hər dəfə əmək müqaviləsinin müddətini uzatmışdır. Bu müqavilənin bağlanmasından təxminən 1 ay yarım keçməsindən sonra, cavabdeh xx.xx.2022-ci il tarixli “K-998” nömrəli əmrin 1-ci paraqrafına əsasən müqaviləyə xitam verərək iddiaçı ilə “K-998” nömrəli əmrin 2-ci paraqrafına əsasən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi 163 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilməklə müddətli əmək müqaviləsi bağlamışdır. Yəni, yenidən xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin 2.3-cü bəndində nəzərdə tutulmuş müddətləri bəyan etmişdir. Daha sonra isə, cavabdeh xx.xx.2023-cü il tarixli əmrə əsasən bağlanmış əmək müqaviləsinin müddətini xx.xx.2024-cü il tarixinə kimi uzatmışdır. Göründüyü kimi, sadalanan faktlar bir daha təsdiq edir ki, iddiaçının tutduğu vəzifədən irəli gələn əmək funksiyaları daimi xarakterlidir və tərəflər arasında mövcud olan əmək münasibətləri faktiki olaraq fasiləsiz davam etmişdir. Bununla da, hesab edir ki, cavabdehin AR Əmək Məcəlləsinin 68.2. “b” – “əmək müqaviləsinin müddətinin qurtarması” maddəsinə əsasən iddiaçı ilə əmək münasibətlərinə xitam verməsinə əsası olmamışdır. Məhkəməyə təqdim olunan sənədlərdən belə anlaşılır ki, iddiaçı xx.xx.2024-cü il tarixindən başlayaraq 56 təqvim günü müddətində əmək məzuniyyətində olub, xx.xx.2024-cü il tarixindən işə çıxmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixində əmək məzuniyyətində olan iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitam verilməsi barədə əmr qəbul etmişdir. Daha sonra, cavabdeh xx.xx.2024-cü il tarixində xx.xx.2024-cü il tarixli əmrin ləğv olunması barədə əmr qəbul edilmişdir. Hesab edir ki, bütün bu sadalalan faktlar cavabdeh tərəfindən iddiaçıya olan qərəzli münasibətdir. xx.xx.2025-ci il tarixində Bakı şəhəri üzrə Təhsil İdarəsi 2 saylı Xidmət və Əməliyyat Mərkəzi tərəfindən təqdim olunan arayışdan məlum olur ki, iddiaçı xx.xx.2024-cü il tarixindən başlayaraq 56 təqvim günü müddətində əmək məzuniyyətində olub, xx.xx.2024-cü il tarixindən işə çıxmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan “müddətli əmək müqaviləsinə xitam verilməsi barədə” xəbərdarlıq xx.xx.2024-cü il tarixində idarə müdiri səlahiyyətlərini icra edən Xəyalə Əhmədzadə tərəfindən imzalanmışdır. Bu xəbərdarlıqda cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinin başa çatması ilə əlaqədar xx.xx.2024-cü il tarixində xitam veriləcəyinə dair məlumat öz əksini tapmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2023cü il tarixli “əmək müqaviləsinin müddətinin uzadılması barədə” əmrin 1-ci bəndinə əsasən iddiaçı ilə əmək müqaviləsi xx.xx.2024-cü il tarixinə kimi uzadılmışdır. xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin 2.3-cü bəndində də əmək müqaviləsinin xx.xx.2024-cü il tarixinədək bağlandığı qeyd olunmuşdur. Sistemə xx.xx.2023-cü il tarixində daxil edilmiş xxxxxxx000702 nömrəli əmək müqaviləsi bildirişində də müddətli əmək müqaviləsinin qurtardığı tarix kimi xx.xx.2024-cü il tarixi qeyd olunub. Beləliklə, AR Əmək Məcəlləsinin 73.1-ci maddəsinin tələbinə əsasən müddətli əmək müqaviləsinin bitməsinə azı 1 həftə qalmış, yəni xx.xx.2024-cü il tarixində iddiaçıya müvafiq xəbərdarlıq təqdim olunmalı idi. Lakin, məhkəməyə təqdim olunan xəbərdarlıq xx.xx.2024-cü il tarixlidir. Bununla da, AR Əmək Məcəlləsinin 73.1-ci maddəsinin tələbinə əsasən iddiaçı barəsində “əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur” maddi norma tətbiq olunmalı idi. Bunun əksinə olaraq, cavabdeh əmək məzuniyyətində olan iddiaçı ilə əmək müqaviləsinə xitam verir, daha sonra həmin əmri ləğv edir, daha sonra isə iddiaçının işə çıxdığı ilk iş günündə xəbərdarlıq qəbul edərək 3 gün sonra əmək müqaviləsinə xitam verir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan sənədlər arasında diqqəti çəkən daha bir sənəd sistemə xx.xx.2024-cü il tarixində daxil edilmiş xxxxxxx000703 nömrəli əmək müqaviləsi bildirişidir. Bu bildiriş iddiaçının əmək məzuniyyətində olduğu zaman sistemə işlənib və bu bildirişə əsasən müddətli əmək müqaviləsinin qurtardığı tarix kimi xx.xx.2024-cü il tarixi qeyd olunub. Deməli, belə qənaətə gəlmək olar ki, cavabdeh AR Əmək Məcəlləsinin 73.1-ci maddəsinə zidd olaraq iddiaçı ilə əmək müqaviləsini daha bir il müddətinə deyil, əksinə cəmi 56 gün – xx.xx.2024-cü il tarixinə, yəni iddiaçının əmək məzuniyyətindən qayıdacağı və işə çıxacağı ilk iş gününə kimi uzatmışdır. Bu zaman cavabdeh iddiaçı ilə bu məsələni müzakirə etməmiş, onun bu dəyişikliyə razı olubolmamasını aydınlaşdırmamışdır. Bununla da, cavabdeh AR Əmək Məcəlləsinin 2-ci bəndində qeyd olunan tərəflərin hüquq bərabərliyi prinsipini pozmuş, həmin Məcəllənin 47ci maddəsinin f) bəndində nəzərdə tutulan tələbi yerinə yetirməmişdir. Fərz edilsə ki, iddiaçı bu dəyişikliyə - yəni müqavilənin xx.xx.2024-cü il tarixinə kimi uzadılmasına razılıq vermişdir, bu halda da cavabdeh təşkilat həmin tarixə 1 həftə qalmış iddiaçını xəbərdar etməli idi. İddiaçının həmin ərəfədə əmək məzuniyyətində olmasını nəzərə alaraq, cavabdeh əvvəlcə iddiaçını əmək məzuniyyətindən geri çağırmalı, onun işdə olmasını təmin etməli, daha sonra isə ona “müddətli əmək müqaviləsinə xitam verilməsi barədə” xəbərdarlığı təqdim etməli idi. Lakin, bütün bunlar baş verməmiş, əksinə iddiaçı cavabdehin onun işdən azad etmək istəyi barəsində bixəbər olmuş, iddiaçının qanunla qorunan hüquqları kobud surətdə pozulmuş, belə demək olarsa, fakt qarşısında qoyulmuşdur. Cavabdeh tərəfindən sistemə xx.xx.2024-cü il tarixində daxil edilmiş xxxxxxx0007X0 nömrəli əmək müqaviləsi bildirişinə əsasən, xx.xx.2024-cü il tarixli əmrə əsasən iddiaçı ilə əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilib. Burada da, cavabdeh əmək qanunvericiliyinin tələblərini lazımınca yerinə yetirməmiş, əmək müqaviləsinə qəbul etdiyi əmrdən 3 gün sonra xitam vermişdir. Hesab edir ki, cavabdeh öz üstün mövqeyindən və dövlətin vermiş olduğu səlahiyyətlərdən sui-istifadə edərək qanunsuz və əsassız bir əmr qəbul etmişdir. Bu qanunsuz əmr 33 ildən çoxdur mövcud sistemdə işləyən, bu sahədə kifayət qədər təcrübəsi olan işçinin hüquqlarının pozulması ilə nəticələnmişdir.
12. Cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsi iddiaya etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, İddiaçı 4 aprel 2017-ci il tarixində Bakı şəhəri 22 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir və onunla bir il müddətinə əmək müqaviləsi bağlanılmışdır. Lakin əmək müqaviləsinin müddətinin sonu 5 aprel 2019- cu il tarixi müəyyən edilməsinə baxmayaraq İddiaçı ərizəsi nəzərə alınaraq, onunla bağlanmış əmək müqaviləsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 31 yanvar 2019-cu il tarixli K-148 nömrəli əmri ilə xitam verilmişdir. Sonra iddiaçı ilə 01 fevral 2019-cu il tarixdən 01 iyul 2019-cu il tarixədək 08 nömrəli müqavilə bağlanılmış və o, 106 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. Daha sonra həmin müqavilə 01 iyul 2021-ci il tarixədək uzadılmışdır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 30 iyun 2021-ci il tarixli K-376 nömrəli əmri ilə 08 nömrəli 01 fevral 2019-cu il tarixli əmək müqaviləsinin müddəti 01 iyul 2022-ci il tarixədək uzadılmışdır. 01 iyul 2022-ci il tarixində əmək müqaviləsinə dəyişiklik edilmiş və müddətli əmək müqaviləsi 30 iyun 2023-cü il tarixinə qədər uzadılmışdır. Lakin həmin əmək müqaviləsinin müddəti bitmədən İddiaçı ərizəsi nəzərə alınaraq, onunla bağlanmış əmək müqaviləsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 11 avqust 2022-ci il tarixli K-998 nömrəli əmri ilə xitam verilmişdir. Daha sonra İddiaçı ilə 15 avqust 2022-ci il tarixində yeni müqavilə bağlanılmış və o, 15 avqust 2022-ci il tarixdən 30 iyun 2023-cü il tarixədək 163 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. Bundan sonra onun əmək müqaviləsi xx.xx.2024-cü il tarixədək uzadılmışdır. İddiaçı 01 iyul 2024-cü il tarixindən 56 günlük məzuniyyət müddətində olduğuna görə onunla bağlanmış müddətli əmək müqaviləsinə 26 avqust 2024-cü il tarixində xitam verilmişdir. Beləliklə İddiaçı əmək münasibətləri fasiləsiz 5 il müddətində davam etməmişdir. Yəni 4 aprel 2017-ci il tarixində bağladığı əmək müqaviləsi 4 aprel 2017-ci il tarixdən 31 yanvar 2019-cu il tarixədək davam etmişdir. Daha sonra o, işdən azad olunmuş və 106 nömrəli tam orta məktəbə təyin edilmişdir. 01 fevral 2019-cu il tarixdən 12 avqust 2022-ci il tarixədək İddiaçı 106 nömrəli tam orta məktəbdə çalışmışdır və sonra işdən azad edilmişdir. 15 avqust 2022-ci il tarixindən 26 avqust 2024-cü il tarixədək 163 nömrəli tam orta məktəbdə çalışmışdır. Yəni Bakı Şəhəri üzrə Təhsil İdarəsi İddiaçı ilə müddətli əmək müqaviləsi bağlayarkən, heç bir qanun pozuntusuna yol verməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin b bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri əmək müqaviləsinin müddətinin bitməsidir. İddiaçı əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Tərəflər arasında bağlanılan əmək müqavilələrindən görünür ki, bütün əmək müqavilələri müddətli bağlanılıb. Təqdim edilmiş müqavilələrdən və digər sənədlərdən görünür ki, müddətli əmək müqaviləsi 5 ildən artıq davam etməyib, müqaviləyə xitam verilib, müqavilələr arasında müddət fərqi yaranıb. İddiaçı ilə 4 aprel 2017-ci il tarixində bağlanan əmək müqaviləsi 4 aprel 2017-ci il tarixdən - 31 yanvar 2019-cu il tarixədək, 1 fevral 2019-cu il tarixdən - 12 avqust 2022-ci il tarixədək, 15 avqust 2022-ci il tarixdən - 26 avqust 2024-cü il tarixədək davam etmişdir. Bundan əlavə İddiaçı 12 avqust 2022-ci il tarixində öz ərizəsi nəzərə alınmaqla işdən azad edilib və 15 avqust 2022-ci il tarixindən işə başlayıb. İddia ərizəsinə edilən dəqiqləşmə ilə bağlı bildirilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin “Qeyd” hissəsinə görə, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Yəni burda işəgötürən tərəfindən işçinin əmək haqqının qəsdən gecikdirilməsi nəzərdə tutulur. İddiaçı əmək müqaviləsinə 26 avqust 2024-cü il tarixində xitam verildiyinə görə “işçi” statusu ona şamil edilmir. İddiaçı öz ərizəsində onun əmək müqaviləsinin müddətinin 1 iyul 2024-cü il tarixində başa çatdığını və müəyyən xəbərdarlığın ona bir həftə əvvəl verilməli olduğunu iddia edir. Lakin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsini müəyyən dəyişiklik qüvvəyə minənədək, yəni 12 avqust 2024-cü il tarixinə qədər işəgötürənin üzərinə müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış işçini xəbərdarlıq etmək öhdəliyi qoyulmamışdır. Nəsimi Rayon Məhkəməsinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanmış 5 fevral 2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Lakin cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bu məsələyə münasibəti öyrənilməmişdir və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi 27 yanvar 2025-ci il tarixində, saat 12:45ə təyin edilmiş məhkəmə iclasının sonunadək iştirak etmişdir və bu məsələ məhkəmə iclasında müzakirə edilməmişdir, iddiaçı bu barədə vəsatət təqdim etməmişdir və bu barədə qərardad məhkəmənin elektron kabinetinə əlavə edilməmişdir.
13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-907/2025 nömrəli, 14 mart 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublıkası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilməsi haqqında cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilən 3-29-59/3-1-1269K/2024 nömrəli xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi; İddiaçı Bakı şəhəri 163 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə bərpa edilməsi; İddiaçı xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək (hazırkda qüvvədə olan xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin müddətinin bitməsinədək olan dövr üçün ona hazırkı vəzifə üzrə ödənilən məbləğlə əvvəlki (bərpa olunduğu) vəzifəsi üzrə ödənilməli olan əmək haqqı məbləği arasındakı fərq hesablanmaqla) məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı ilə əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalı idi. Belə ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğu qabaqcadan bəlli idi. İddiaçı xx.xx.2017-ci il tarixdən direktor müavini vəzifəsində işləmiş, hər dəfə müqavilə müddəti bitdikcə müvafiq uzadılmalar həyata keçirilmiş, işin xarakterindən isə onun daimi əsaslar olmadan icra edilməsi üçün hər hansı hal müəyyən edilməmişdir. Əmək müqaviləsinin məzmunu baxımından da iddiaçının əmək funksiyasının və gördüyü işin müvəqqəti xarakter daşıması mübahisə edilmir.
15. Təhsil sahəsində kifayət qədər təcrübəsi olan iddiaçının direktor müavini kimi məsul vəzifədə müvəqqəti işləməklə bağlı könüllü iradəsinin olması barədə cavabdehin dəlilləri, yol verdiyi pozuntulara haqq qazandırmaq xarakteri daşımaqla məhkəmə tərəfindən əsaslı hesab edilməmişdir. İddiaçının eyni əmək funksiyasını icra etdiyi sahədə (direktor müavini) uzun müddət, yəni 7 ildən artıq müddətdə işləməsi də müvafiq vəzifənin müvəqqəti xarakter daşıması halını aradan qaldırmış olur.
16. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə xx.xx.2017-ci il tarixdən bağlanmış bütün əmək müqavilələrində işəgötürən qismində Bakı Şəhəri üzrə Təhsil İdarəsi çıxış etmiş, yalnız iddiaçının əmək funksiyalarının icra yerinin (məktəbin) dəyişdirilməsi zərurəti ilə əlaqədar mövcud əmək müqavilələrinə xitam verilərək, 1 iş günü belə fasilə verilmədən növbəti iş günü eyni tərəflər arasında, eyni vəzifə üzrə əmək müqavilələri bağlanmışdır. Bu baxımdan məsələyə formal yanaşmayaraq, eyni işəgötürən və eyni işçi arasında eyni vəzifə üzrə müqavilələrin bağlanmasını məhkəmə fasiləsiz əmək münasibətləri kimi qiymətləndirərək, ƏM-nin 45-ci maddənin 5-ci hissəsinin dispozisiya şərtlərinin ödənilməsi qənaətinə gəlmişdir. Beləliklə, tərəflər arasında əmək münasibətlərinin xx.xx.2017-ci il tarixdə yaranması nəzərə alındıqda, 5 il sonra xx.xx.2022-ci il tarixdən etibarən müqavilə öz mahiyyəti etibarilə müddətsiz olaraq bağlanmış hesab edilir. Buna baxmayaraq həmin tarixdən sonra yenə müddətli əmək müqavilələri bağlanmış və sonuncu əmək müqaviləsinə də müddətin bitməsi əsası ilə xitam verilməklə əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Əmək funksiyasının şərtlərinə görə iddiaçının yerinə yetirdiyi iş daimi xarakterə malik olmasına və bunun qabaqcadan bəlli olmasına baxmayaraq cavabdeh müddətli əmək müqaviləsi bağlamaqda haqlı olmadığı kimi, həmin müddətli əmək müqaviləsinin müddətsiz əmək müqaviləsinə keçdikdən (çevrildikdən) sonra müddətin bitməsi əsası ilə xitam verilməsinə dair əmr verməkdə də haqlı olmamışdır.
17. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, iddiaçının Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə 5 ildən artıq fasiləsiz əmək münasibətlərində olması nəzərə alınmasa belə, cavabdehin əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verməsi həm də ona görə əsassız olmuşdur ki, sonuncu müqavilənin müddətinin xx.xx.2024-cü il tarixdə bitməsinə baxmayaraq, həmin tarixdən iddiaçıya əmək məzuniyyəti verməklə, işəgötürən Bakı Şəhəri üzrə Təhsil İdarəsi işçi ilə əmək münasibətlərini davam etdirməklə bağlı mövqeyini nümayiş etdirmiş, yəni, işəgötürənin mövqeyinə görə əgər müddətli hesab etdiyi müqavilə müddəti bitmişdirsə, işəgötürən istifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsini son haqq-hesab qaydasında təmin etmək imkanına malik olmasına baxmayaraq, bunu etməmiş, işçiyə davam edən əmək münasibətləri çərçivəsində öz məzuniyyət hüququndan istifadə etməsini təmin etmiş, bununla da müqavilə əvvəlki müddətə uzadılmışdır.
18. İşəgötürənin müqaviləyə xitam vermək niyyəti var idisə, işçiyə məzuniyyət vermədən həmin dövrdə (xx.xx.2024-cü il tarixədək) Əmək Məcəlləsinin qüvvədə olan redaksiyasına görə müqavilə müddəti bitdikdən sonra 1 həftə ərzində xitamı tələb etməli olduğu halda, bunu da etməmişdir. Yalnız xx.xx.2024-cü il tarixdə yeni redaksiyanın tələbi baxımından xitam veriləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərməklə, (hərçənd iddiaçıya çatdırılması təsdiq olunmur, iddiaçı isə müvafiq xəbərdarlığı almadığını bildirir. Xəbərdarlığı isə əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə əvvəl göndərməli olduğu halda, əmrin verildiyi gün xəbərdarlıq imzalanmışdır) xx.xx.2024-cü il tarixli əmrlə xx.xx.2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsinə nail olmuşdur ki, bu halda da qanunvericiliyin tələblərinə riayət edilmədiyi aydın görünür.
19. Belə ki, birincisi əmrdə Təhsil İdarəsinin əmək müqaviləsinə nəyə görə əmrin verildiyi gün deyil, 3 gün sonra xitam verdiyinin səbəbi məlum deyil (halbuki əmrin verildiyi gün işçinin iş günü olmuşdur), ikincisi, işəgötürənin mövqeyinə görə Əmək Məcəlləsinin yeni redaksiyası tətbiq edilməli olduğu halda belə, müddətin bitməsinə azı bir həftə qalmış xəbərdarlıq edilməsi ilə bağlı imperativ tələbə əməl edilmədiyi müəyyən edilmişdir.
20. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəllənin 68-ci maddəsinin "b” bəndi ilə xitam verilməsi ilə qanunvericiliyinin tələbləri pozulduğundan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli əmr ləğv edilməlidir. Əmr ləğv edildiyindən işçi əvvəlki vəzifəsinə bərpa edilməli, İddiaçı xx.xx.2024-cü il tarixdən işə bərpa edildiyi günədək məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.
21. İddianın məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi hissəsi ilə bağlı məhkəmə nəzərə almışdır ki, tərəflərin izahatlarına, habelə elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən, İddiaçı xx.xx.2024-cü il tarixdən Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə bağlanmış müqavilə əsasında 252 nömrəli məktəbdə musiqi müəllimi vəzifəsində işləyir, əmək haqqı 741 manat, müqavilənin müddəti 6 ay təşkil edir. Odur ki, iddiaçının xx.xx.2024-cü il tarixdən hazıradək eyni işəgötürənlə bağladığı əmək müqaviləsi əsasında işləməklə əmək haqqı alması nəzərə alındıqda, ona hazırkı vəzifə üzrə ödənilən məbləğlə əvvəlki vəzifəsi üzrə ödənilməli olan əmək haqqı məbləği arasındakı fərq hesablanmaqla (hazırda qüvvədə olan əmək müqaviləsinin müddətinin bitməsinədək olan dövr üçün), işə bərpa olunduğu günədək məcburi iş buraxma günlərinə görə iddiaçıya əmək haqqı ödənilməsi məqsədəmüvafiqdir.
22. Məhkəmə iddianı digər hissədə əsassız hesab etməklə onun rədd edilməsi qənaətinə gəlmişdir.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45, 68.1 və 68.2, 73.1, 83.1 və 83.2, 300-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
24. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli 2(006)-907/2025 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı öz razılığı ilə cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə müddətli əmək müqaviləsi bağlamışdır. İddiaçı heç bir bir təzyiq göstərilməmiş və o, özü sərbəst iradə ifadəsini göstərərək, ərizə ilə işəgötürənə müraciət etmişdir, ərizə əsasında tərtib edilmiş əmək müqaviləsini imzalamışdır. Məhkəmə iclasında İddiaçı məhkəməyə həqiqəti əks etdirməyən məlumat verərək, müqaviləni onun imzalamadığını bildirmişdir. Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri həmin əmək müqaviləsinin müddətinin bitməsidir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti bitməsi səbəbindən, həmin əmək müqaviləsinə xitam verilmişdir. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Təqdim etdikləri müqavilələrdən və digər sənədlərdən görünür ki, müddətli əmək müqaviləsi 5 ildən artıq davam etməyib, müqaviləyə xitam verilib. İddiaçı ilə 4 aprel 2017-ci il tarixində bağlanan əmək müqaviləsi 4 aprel 2017-ci il tarixdən 31 yanvar 2019-cu il tarixədək, 1 fevral 2019-cu il tarixdən 12 avqust 2022-ci il tarixədək, 15 avqust 2022-ci il tarixdən 26 avqust 2024-cü il tarixədək davam etmişdir. Bundan əlavə İddiaçı 12 avqust 2022-ci il tarixində öz ərizəsi nəzərə alınmaqla işdən azad edilib və 15 avqust 2022-ci il tarixindən işə başlayıb. Yəni İddiaçı ilə bağlanmış əmək müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etmədiyinə görə, müddətsiz əmək müqaviləsi hesab edilə bilməz. Qeyd edilməlidir ki, iddiaçı fərqli iş yerlərində işləyib, fərqli məktəblərdə təlim-tərbiyə üzrə direktor muavini vəzifəsində işləyib. Məktəblərin şagird sayı fərqli olduğunu, iş yekunun və iş funksiyalarının eyni olmadığı məhkəmə tərəfindən nəzərə alınmayıb. Hər məktəbin öz blankı, möhürü, ünvanı var məktəblər müstəqil fəaliyyət göstərir. İşin məhkəmə icraatına xx.xx.2024-cü il tarixində daxil olmasına baxmayaraq, yekun məhkəmə aktı 14 mart 2024-cü il tarixində çıxarılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 172.1.3-cü maddəsində nəzərdə tutulmuş müddət məhkəmənin əsaslandırılmış qərardadı ilə uzadılmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
27.Məhkəmə iclasında iştirak edən Cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. 28.Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. 29.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
30.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 31.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 32.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 33.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi xahiş edilir. Nəzərə alınmalıdır ki, mübahisələndirilən qətnamə ilə iddia qismən təmin olunmuşdur. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan hissəsinin yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi 34.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 35.42-ci maddəsinin birinci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 36.45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 37.47-ci maddəsinin “f” bəndində göstərilmişdir ki, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 38.68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri əmək müqaviləsinin müddətinin qurtarmasıdır. 39.73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 40.83-ci maddəsinin 1-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 41.300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
42.“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 31.01.24-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab edilmişdir. Məhkəmələrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə bağlı işlərə baxarkən müqavilə tərəflərinin həqiqi iradə ifadələrini bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə uyğun olaraq araşdırıb nəticəyə gəlməli olmasına dair göstəriş verilmişdir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
43.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 44.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 45.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
46.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 47.Belə ki, birinci instansiya məhkəməsi iddia tələbləri üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir. 48.Buna görə də hazırda qiymət verilməli olan məsələ apellyasiya şikayətinin dəlilləridir. 49.Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, o, birinci instansiya məhkəməsinin əmək müqaviləsinə xitam verilən zaman tərəfindən müvafiq qanun pozuntularına yol verilməsinə dair gəldiyi qənaət ilə razılaşmayaraq iddiaçının müddətli əmək müqaviləsini öz razılığı ilə bağladığına, müqavilə bağlanan zaman ona heç bir bir təzyiq göstərilmədiyinə, xx.xx.2022-ci il tarixində bağlanmış müddətli əmək müqaviləsinin fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etmədiyinə, iddiaçının müxtəlif tarixli əmək müqavilələrinə əsasən fərqli iş yerlərində (məktəblərdə) işlədiyinə istinad etmişdir.
50. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2017-ci il tarixindən işəgötürən Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə müddətli əmək müqaviləsi bağlayaraq 1 il müddətinə Bakı şəhəri 22 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmiş, sonuncu uzadılmadan sonra əmək müqaviləsinin müddətinin sonu xx.xx.2019-cu il tarixi müəyyən edilməsinə baxmayaraq məktəb dəyişikliyi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2019-cu il tarixli əmri ilə xitam verilsə də, iddiaçı ilə xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixədək yenidən müddətli əmək müqaviləsi bağlanılmış və o, 106 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. Daha sonra həmin müqavilənin müddəti əvvəlcə xx.xx.2021-ci il, sonra xx.xx.2022-ci il, daha sonra xx.xx.2023-cü il tarixinədək uzadılmışdır. Lakin xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin müddəti bitmədən yenidən məktəb dəyişikliyi ilə əlaqədar əmək müqaviləsinə xx.xx.2022ci il tarixində (həftənin cümə günü) xitam verilmiş, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixində (bazar ertəsi) xx.xx.2023-cü il tarixinədək yeni müddətli əmək müqaviləsi bağlanılaraq, o, 163 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. Sonuncu əmək müqaviləsi əvvəl xx.xx.2023-cü il tarixinədək, daha sonra isə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Sonuncu uzadılma xx.xx.2024-cü il tarixinədək olmuşdur.
51. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin - 29- 59/3-1-1269k/2024 saylı xx.xx.2024-cü il tarixli əmrinə əsasən Bakı şəhəri 163 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbacan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilmişdir.
52. Qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin İ və İV hissələri, 47-ci maddəsinin «f» bəndinin tələbləri baxımından əmək qanunvericiliyi əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olması qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Yalnız tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.
53. Nəzərə alınmalıdır ki, əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır.
54. Hazırki işin hallarına əsasən işçinin uzun illər ərzində işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması və dərhal qısa müddətli əmək müqavilələri bağlamasının (başqa sözlə həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. Cavabdeh-təşkilatın iddiaçı ilə hansı zərurətdən çıxış edərək daimi xarakterə malik olduğu qabaqcadan bəlli olan əmək funksiyasına dair müddətli əmək müqaviləsi bağlaması da işdən görünmür.
55. Əksinə iş materiallarından görünür ki, uzun müddət ərzində pedaqoji fəaliyyət ilə məşğul olmuş iddiaçıya yerinə yetirilməsi təklif olunan əmək funksiyası şərtlərinə görə daimi xarakterə malik olmuş, xx.xx.2017-ci il tarixindən onunla bağlanan bütün əmək müqavilələrində işəgötürən qismində Bakı Şəhəri üzrə Təhsil İdarəsi çıxış etmiş, iddiaçının icra etməli olduğu əmək funksiyaları eyni olmuş, əmək müqavilələrinə isə yalnız icra yerinin (məktəbin) dəyişdirilməsi zərurəti ilə əlaqədar xitam verilərək, 1 iş günü belə fasilə verilmədən növbəti iş günü eyni tərəflər arasında, eyni vəzifə üzrə əmək müqavilələri bağlanmışdır. Bu baxımdan məsələyə formal yanaşmayan birinci instansiya məhkəməsi eyni işəgötürən və eyni işçi arasında eyni vəzifə üzrə müqavilələrin bağlanmasını fasiləsiz əmək münasibətləri kimi qiymətləndirməkdə haqlı olmuşdur.
56. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq axırıncı müqavilə bağlanan zaman mövcud olmamışdır. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. İddiaçının 2017-ci ildən işlədiyi və göstərdiyi xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu halda onunla xx.xx.2022-ci il tarixində yenidən cəmi 10 ay 16 gün müddətinə müddətli əmək müqaviləsi bağlanması iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz.
57. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasını (Əmək Məcəlləsinin 73-cü maddəsinin birinci hissəsi) zamana görə qüvvəsini nəzərə alaraq düzgün tətbiq etmişdir.
58. Belə olan halda məhkəmə kollegiyası məhkəmənin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Apelyasiya şikayətində qeyd edilən formal etirazlar, eləcə də işin faktiki halları ilə bağlı dəlillər də həmin qətnamənin dəyişdirilməsi və ləğv edilməsi üçün əsas ola bilməz.
59. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-907/2025 nömrəli, 14 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Elşən Kazımov