Məhkəmə qərarları › İş №2(103)-3482/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3482/2021

05.04.2021 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3482/2021 05.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(001)-11114/2018 saylı qətnaməsindən maraqlı şəxsin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Şəhəri Lokal Gəlirlər Departamenti Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 15459,08 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri olan maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəyə görə, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2018-ci il tarixə dövlət büdcəsinə vergi ödəyicisi olan “xxxx” MMC-nin (VÖEN: **********) 15459,08 manat məbləğində (o cümlədən, vergilər üzrə 0 manat, faizlər üzrə 0 manat, maliyyə sanksiyası üzrə 0 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 15459,08 manat) vergi borcu vardır. Yaranmış borc məbləğlərinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2013-cü il tarixli **********890200 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxsdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(001)- 11114/2018 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, borclu Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Həmin qətnamədən apelyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş edən Maraqlı şəxs şikayətini belə əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, işə onun iştirakı olmadan baxılmış və məhkəmə iclasının vaxtı barədə məlumatlandırılması üçün lazımi tədbirlər görülməmişdir. Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumata əsasən, “xxxx” MMC-nin qanuni təmsilçisi o olsa da, İT-1 № ******* əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, o, xx.xx.2009-cu il tarixli, 01/k saylı əmrlə “xxxx” MMC-nin direktoru vəzifəsinə təyin edilmiş, MMC-nin xx.xx.2009-cu il tarixli, 35/k saylı əmri ilə isə onunla bağlanmış əmək müqaviləsinə müddətin bitməsi ilə əlaqədar ƏM-in 73-cü maddəsinin 1-ci bəndinə əsasən xitam verilmişdir. Göründüyü kimi, o qısa bir müddət ərzində (xx.xx.2009-cu ilxx.xx.2009-cu il) hüquqi şəxsin direktoru vəzifəsində işləsə də, hal-hazıra kimi onun adı vergi orqanının sistemində hüquqi şəxsin rəhbəri kimi qalmışdır. Halbuki, o, adının sistemdən çıxarılması ilə bağlı dəfələrlə hüquqi şəxsin təsisçisinə, eyni zamanda aidiyyəti dövlət orqanlarına (Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) müvafiq ərizələrlə (şikayətə əlavə edilmişdir) müracət etmişdir. İstinad olunan vergi borcu onun vergi ödəyicisi olan hüquqi şəxsin rəhbəri (direktoru) olduğu müddətdən sonrakı tarixdə yaranmış borcdur. xx.xx.2009-cu il tarixdə vəzifəsindən azad olmuş direktor kimi sonradan yaranmış borclara görə onun üzərinə hər hansı məhduddiyyət qoyulması hüquqi baxımdan yolverilməzdir. Maraqlı şəxs şikayəti müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış ərizəçi (nümayəndəsi) məhkəməyə gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi, Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi xahişinə adıçəkilən müəssisənin 15459,08 manat məbləğində vergi borcunu ödəmədiyi iddiası əsas təşkil etmiş, məhkəmə də həmin iddia ilə bağlı müvafiq sübutların təqdim olunduğunu əsas gətirməklə ərizəni təmin etmişdir. İş materiallarına əlavə edilmiş vergi borcunun ödənilməsinə dair xx.xx.2013-cü il tarixli **********890200 saylı bildirişdən görünür ki, Maraqlı şəxs yaranmış vergi borcunun ödənilməsi barədə bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndində təsbit edilmişdir ki, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə görə isə vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Maraqlı şəxs apelyasiya şikayətinin MMC-nin xx.xx.2009-cu il tarixli, 35/k saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə müddətin bitməsi ilə əlaqədar ƏM-in 73-cü maddəsinin 1-ci bəndinə əsasən xitam verilməsi, lakin hal-hazıra kimi onun adının vergi orqanının sistemində hüquqi şəxsin rəhbəri kimi qalması barədə dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Vergi Məcəlləsinin 34.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 40 gün müddətində vergi orqanına məlumat verməlidir. “Vergi ödəyicisi-hüquqi şəxsin uçota alınması haqqında” təsdiq edilmiş ərizə formasının 9, 10, 11-ci bölmələrində hüquqi şəxslərin rəhbəri barədə məlumatlar (təyin olunma barədə qərarın surətinin ərizəyə əlavə olunması), hüquqi şəxsin rəhbərinin şəxsiyyət vəsiqəsi (surəti ərizəyə əlavə olunmaqla) məlumatları, hüquqi şəxsin rəhbərinin ünvan məlumatları nəzərdə tutulmuşdur. Göründüyü kimi, vergi ödəyicisinin icra orqanının rəhbərinin dəyişməsi barədə məlumat vergi orqanına vergi ödəyicisi tərəfindən verilməlidir, yəni belə məlumatın verilməməsinə görə vergi orqanı məsuliyyət daşıya bilməz. Ona görə də Maraqlı şəxs hüquqi şəxsin dövlət reyestrində müvafiq dəyişikliyin aparılması barədə məlumatın verilməsi üçün “xxxx” MMC-nin təsisçisinə müraciət etməlidir. Müvafiq dəyişiklik aparıldıqdan sonra isə onun barəsində tətbiq olunmuş məhdudiyyət götürüləcəkdir. Əgər “xxxx” MMC tərəfindən vergi orqanına məlumat verilmirsə, o zaman maraqlı şəxs belə məlumatın verilməsi vəzifəsinin “xxxx” MMC-nin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Beləliklə, qeyd edilən arqument qanuni və əsaslı qətnamənin ləğvi üçün əsas ola bilməz. Apelyasiya şikayətinin birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməməsi arqumenti ilə bağlı kollegiya qeyd edir ki, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizəyə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır (MPM 355-7) və birinci instansiya məhkəməsi də prosessual pozuntuya yol verməmək üçün işə həmin müddətdə baxmışdır. Ona görə də qeyd edilən arqument qanuni və əsaslı qətnamənin ləğvi üçün əsas ola bilməz. Kollegiya xüsusilə qeyd edir ki, mülki-prosessual qanunvericiliyin yuxarıda sadalanan müddəaları, vergi ödəyicisinin konstitusion hüquqlarını müvəqqəti məhdudlaşdırmaq yolu ilə onu dövlət büdcəsinə yaranmış vergi borclarını ödəməyə məcbur etmək məqsədi daşıyır və əgər vergi ödəyicisinin heç bir mötəbər sübuta əsaslanmayan arqumentləri əsas götürülərək müvafiq ərizələr təmin edilməzsə, belə halda həmin məqsədə nail olunması faktiki olaraq mümkünsüz olacaqdır. Şərh olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Maraqlı şəxs apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-11114/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar