Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3484/2025 20.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Kürşad Binətəliyevin iştirakı ilə, iddiaçı Qanuni nümayəndə cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-1900/2025 nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı Qanuni nümayəndə cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 "xxxx" MMC-də Təsərrüfat işləri sahəsinin istehsalat sahəsini və xidməti otaqlarını yığışdıran vəzifəsində işləyib. 2.İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə işəgötürənə müraciət edərək xahiş edib ki, başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün onunla bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən ləğv edilsin (iş v. 71). 3.Eyni gündə - xx.xx.2024-cü il tarixdə iddiaçı elektron qaydada işəgötürənə müraciət edərək əvvəlki ərizənin etibarsız hesab edilməsini xahiş edib (iş v. 6). 4.Buna baxmayaraq 1 gün sonra – xx.xx.2024-cü il tarixdə cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 "xxxx" MMC-nin direktor müqavini tərəfindən verilmiş 217- K nömrəli əmrlə əmr edilib ki, iddiaçı Qanuni nümayəndə ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə, xx.xx.2024-cü il tarixdən ləğv edilsin. Birinci instansiya məhkəməsində icraat 5.İddia ərizəsində tələb olunub ki, xx.xx.2024-cü il tarixli 217-K nömrəli əmr ləğv edilsin, iddiaçı əvvəlki vəzifəsinə bərpa edilsin və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. 6.Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, həmin əmr ləğv edilsin, iddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilsin, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Apellyasiya instansiyası məhkəməsində icraat 7.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. 8.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Kürşad Binətəliyev apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. 9.Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 10.Əmək müqaviləsinin ləğvi barədə ərizə iddiaçının iradəsini ifadə etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndindən görünür ki, tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsasları sırasına aiddir. Bu maddədə “təşəbbüs” deyiləndə iradə ifadəsi nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Ağlabatan mühakimə əsasında qiymətləndirmə aparıldıqda müəyyən olunur ki, iddiaçının əmək müqaviləsini ləğv etmək barədə iradəsi olmayıb. Bu, aşağıda göstərilənlərlə təsdiq olunur. 11.Birinci, ərizə cavabdeh tərəfindən öncədən kompyuter vasitəsilə hazırlanmış blankda tərtib olunub. Həmin blankda yalnız işçinin şəxsiyyəti, vəzifəsi və əmək müqaviləsinin ləğv edilməsi xahiş olunan tarix barədə yerlər boş saxlanılıb, habelə blankın sonunda kompyuter vasitəsilə “struktur vahidinin rəhbərinin vizası” ifadəsi yazılmaqla müvafiq şəxsin imzası üçün yer saxlanılıb. Bu isə onu təsdiq edir ki, ərizə blankı cavabdeh tərəfində hazırlanıb və imzalanmaq üçün iddiaçıya təqdim olunub, çünki təmizlik işləri ilə məşğul olan işçinin belə blank hazırlaması ağlabatan deyil. 12.İkinci, əmək müqaviləsi ərizə verildikdən 1 gün sonra ləğv edilib, buna əsas kimi iddiaçının başqa işəgötürənlə əmək müqaviləsi bağladığı göstərilib. Bu məlumat da cavabdeh tərəfindən öncədən kompyuter vasitəsilə hazırlanmış ərizə blankında qeyd olunub. Lakin iddiaçının başqa işəgötürənlə əmək müqaviləsi bağladığı müəyyən edilmir, əgər bağlamış olsayıdı bu, elektron sistemdən görünərdi, o cümlədən cavabehin də imkanı olub ki, bunu elektron sistem vasitəsilə müəyyən etsin. 13.Üçüncü, ərizənin verildiyi gün iddiaçı elektron qaydada cavabdehə müraciət edərək həmin ərizənin etibarsız hesab edilməsini xahiş edib. Buna baxmayaraq 1 gün sonra əmək müqaviləsinin ləğvi barədə əmr verilib. 14.İradə - insanın təfəkkür prosesi əsasında qərar qəbul etmək, öz fikir və fəaliyyətini qəbul olunmuş qərara müvafiq yönəltmək qabiliyyətidir. İradənin olub-olmaması motivlə, yəni dərk olunmuş maraqla müəyyənləşdirilir. İddiaçının əmək müqaviləsini ləğv etmək üçün, xüsusilə də ərizə verildikdən 1 gün sonra ləğv etmək üçün motivi olmayıb. 15.Beləliklə, əmək müqaviləsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndində göstərilən əsas olmayıb, habelə əmək müqaviləsi ləğv edilərkən həmin Məcəllənin 69-cu maddəsində müəyyən edilmiş qaydaya əməl edilməyib. Ona görə də məhkəmə Əmək Məcəlləsinin 300-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının əvvəlki vəzifəsinə bərpa olunmasını və ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsini qət etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. 16.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-1900/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3484/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3484/2025
20.06.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver