Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3485/2022 26.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X1 qarşı mənzildən çıxarılma və yaşayış sahəsindən istifadə hüququ olmayan hesab edilmə tələbinə dair mülki işin icraatının dayandırılması haqqında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli 2(008)-880/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Vəliyeva (Şirinzadə) Dilarə Əhliman qızına qarşı mənzildən çıxarılma və cavabdehlərin mənzildən istifadə hüququ olmayan hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin iddiaçının mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi 938-ci keçiddə yerləşən 32 saylı evin 55 saylı mənzilindən özlərinə məxsus ev əşyaları ilə birlikdə çıxarılmaları, mənzilin iddiaçıya təhvil verilməsi və cavabdehlərin həmin mənzildən istifadə hüquqlarının olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Vəkil məhkəməyə yazılı ərizə təqdim edərək bildirmişdir ki, təmsil etdiyi Cavabdeh1 13 dekabr 2021-ci il tarixdə İddiaçı Nümayəndə verdiyi etibarnamənin etibarsız hesab olunması barədə iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Ona görə də, həmin iddia tələbinə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək hazırkı iş üzrə icraatın dayandırılmasını, İddiaçı nümayəndəsi Nümayəndə isə ərizənin əsassız hesab edilərək rədd edilməsini məhkəmədən xahiş etmişlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli 2(008)- 880/2022 saylı qərardadına əsasən mülki iş üzrə icraat dayandırılmışdır. İddiaçı həmin qərardaddan şikayətlə məhkəməyə müraciət edərək, qərardadın ləğv olunmasını və işin icraatının təzələnərək işə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən verilmiş etibarnamənin etibarsız hesab edilməsi barədə iddia tələbini irəli sürməyə subyektiv hüququ olmayan Cavabdeh1 məqsədi mübahisə predmeti olan mənzildən çıxarılmasını ləngitmək və müəyyən vaxt qazanmaqdır. Hesab edir ki, sözügedən iddia ərizəsinə baxılması hazırkı işin baxılmasına mane olmur. Bundan əlavə, mülki işdə tərəfin məhkəmədə təmsilçilik üçün verdiyi etibarnamənin başqa işdə mübahisələndirilməsi qanuna ziddir. Qeyd olunanlardan əlavə, bu işlər arasında asılılıq olmadığından, iş üzrə icraatın dayandırılması qanunsuz və əsassız olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli 2(008)- 880/2022 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli 2(008)-880/2022 saylı qərardadı ləğv edilməli, iş üzrə icraat təzələnərək məhkəmə baxışı davam etdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim iş üzrə icraatı dayandırmalıdır. Azərbaycan Respublikası Konsititusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 25 mart 2004-cü il tarixli Qərarında verilən şərhə görə, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması---məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. İş materiallarından görünür ki, hazırkı iş üzrə İddiaçı tərəfindən məhkəmədə təmsil olunmaq üçün 6 iyul 2021-ci il tarixdə Rusiya Federasiyasında Nümayəndə notarial qaydada təsdiq olunmuş etibarnamə verilmişdir. Hazırkı iş üzrə Cavabdeh1 İddiaçı və notariusa qarşı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində iddia qaldıraraq həmin etibarnamənin etibarsız hesab edilməsini xahiş etmiş, iddia ərizəsi icraata qəbul olunmuşdur. Birinci instansiya məhkəməsi iddiaçıya verilmiş etibarnamənin başqa işdə mübahisələndirilməsini əsas götürərək iş üzrə icraatı dayandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan işlər arasında İddiaçı mülki iddiasına baxılmasına maneçilik törədən asılılıq yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən, sədrlik edən prosesə gələn iştirakçıların şəxsiyyətini müəyyən edir, vəzifəli şəxslərin, nümayəndələrin və vəkillərin səlahiyyətlərini yoxlayır. Göründüyü kimi, nümayəndələrin səlahiyyətlərinin yoxlanılması ilk növbədə həmin işə baxan hakimin vəzifəsidir. Əgər işə baxan hakim nümayəndənin və ya vəkilin səlahiyyətli olmadığını müəyyən edərsə, həmin şəxsləri işdə iştirak etməkdən kənarlaşdırmalıdır. Nümayəndənin və ya vəkilin səlahiyyətli olmamasının müəyyən edilməsi üçün əlavə məhkəmə aktının çıxarılmasına zərurət yoxdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi mülki iş üzrə icraatın dayandırılması barədə qərardad çıxararkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq normasını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı şikayəti təmin edilsin. Mülki iş üzrə icraatın dayandırılması haqqında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli 2(008)-880/2022 saylı qərardadı ləğv edilsin. Mülki iş sonrakı hərəkətlərin edilməsi üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3485/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3485/2022
26.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver