Məhkəmə qərarları › İş №2(103)-3485/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3485/2023

28.09.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3485/2023 28.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: istifadə olunmayan əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsi, sübutetmə, iddia müddəti) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “istifadə edilməmiş məzuniyyətə görə haqqın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı ilə Cavabdeh (MMC) arasında xx.xx.2018-ci il tarixdə əmək müqaviləsi bağlanmış, İddiaçı MMC-də direktor vəzifəsinə işə qəbul edilmişdir.

2. İddiaçı ilə MMC arasında xx.xx.2019-ci il tarixdə bağlanmış “8 saylı 30 oktyabr 2018-ci il tarixli əmək müqaviləsinə 1 saylı Əlavə” ilə tərəflər, tərəflər əmək müqaviləsinin yeni redaksiyada verilməsi barədə qarşılıqlı razılığa gəlmişlər.

3. xx.xx.2019-cu il tarixli “Əmək Müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron sistemdən çıxarışı”nda göstərilmişdir ki, İddiaçı MMC-də direktor vəzifəsini tutur, aylıq əmək haqqının məbləği 6688,27 manat təşkil edir.

4. MMC-nin yeganə iştirakçisinin 28 mart 2022-ci il tarixli qərarında nəzərdə tutulmalıdır ki, MMC-nin direktoru vəzifəsində calışan İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin "xxxx" yarımbəndinə əsasən 01 aprel 2022-ci il tarixində xitam verilməlidir, son iş günü 01 aprel 2022-ci il hesab edilir.

5. MMC tərəfindən İddiaçı ünvanlanan xx.xx.2022-ci il tarixli S-0104 nömrəli bildirişdə ona, əmək müqaviləsinin qüvvədə olma müddətinin 31 mart 2022-ci il tarixində başa çatması ilə əlaqədar həmin əmək müqaviləsinə 01 aprel 2022-ci il tarixindən etibarən, Azərbaycan Respublikasi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin "xxxx" yarımbəndinə əsasən xitam veriləcəyi barədə məlumat verilmişdir.

6. MMC-nin iştirakçılarının ümumi Yığıncağının 25-06/19 nömrəli 25 iyun 2019cu il tarixli protokolunda qeyd edilmişdir ki, Cəmiyyətin direktoru İddiaçı xx.xx.2019xx.xx.2019-cu il tarixində illik ödənişli əmək məzuniyyəti verilməsi haqqında araşdırma yığıncağın gündəliyinin əsas mövzusu olmuş, gündəlikdə duran məsələ səs verməyə qoyulmuş, səs vermədən sonra İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək illik ödənişli əmək məzuniyyəti verilməsi qərara alınmışdır.

7. MMC-nin iştirakçılarının ümumi Yığıncağının 29-10/21 nömrəli 29 oktyabr 2021-ci il tarixli protokolunda qeyd edilmişdir ki, Cəmiyyətin direktoru İddiaçı xx.xx.2021xx.xx.2021-ci il tarixində illik ödənişli əmək məzuniyyəti verilməsi haqqında araşdırma yığıncağın gündəliyinin əsas mövzusu olmuş, gündəlikdə duran məsələ səs verməyə qoyulmuş, səs vermədən sonra İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-cu il tarixədək illik ödənişli əmək məzuniyyəti verilməsi qərara alınmışdır.

8. MMC-nin iştirakçılarının ümumi Yığıncağının 21-01/22 nömrəli 21 yanvar 2022-cu il tarixli protokolunda qeyd edilmişdir ki, Cəmiyyətin direktoru İddiaçı xx.xx.2022xx.xx.2022-ci il tarixində illik ödənişli əmək məzuniyyəti verilməsi haqqında araşdırma yığıncağın gündəliyinin əsas mövzusu olmuş, gündəlikdə duran məsələ səs verməyə qoyulmuş, səs vermədən sonra İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik ödənişli əmək məzuniyyəti verilməsi qərara alınmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

9. İddiaçı (iddiaçı) Cavabdeh MMC-nə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək 26 753,08 manat məzuniyyət pulunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh MMC-də xx.xx.2018ci il tarixdən xx.xx.2022-ci il tarixinədək direktor vəzifəsində çalışmış, xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinin vaxtının bitməsi səbəbi ilə müqaviləyə xitam verilmişdir. İşlədiyi müddətdə - 2019-cu, 2020-ci, 2021-ci və 2022-ci illər üzrə iş yükünün çoxluğu səbəbindən cavabdehin təsisçiləri məzuniyyətə çıxmasına icazə verməmiş, bununla da Əmək Məcəlləsində nəzərdə tutulan hüquqlarına müdaxilə baş vermişdir. Məzuniyyətə çıxmadığına baxmayaraq ona həmin məzuniyyətin pulu da ödənilməmişdir. Hesab edir ki, 2019-2022-ci illər üçün məzuniyyət haqqı ödənilmədiyindən ümumilikdə 26 753,08 manat məzuniyyət pulu cavabdehdən tutulub ona ödənilməlidir.

11. Birinci instansiya məhkəməsi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.

12. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza tədqiqatını həyata keçirən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/7518 saylı 29 dekabr 2022-ci il tarixli rəyində göstərilmişdir ki, “İddiaçı 2019-cu, 2020-ci, 2021-ci və 2022-ci illər üzrə məzuniyyət haqqının hesablanması Azərbaycan Respublikası qanun və qaydalarına əsasən, orta aylıq əmək haqqı və 36 təqvim məzuniyyət günü nəzərə alınmaqla, məzuniyyət haqqının məbləği 2018- 2019-cu il üzrə 5281,51(beş min iki yüz səksən bir manat əlli bir qəpik) manat, 2019-2020- ci il üzrə 7920,32 (yeddi min doqquz yüz iyirmi manat otuz iki qəpik) manat, 2020-2021-ci il üzrə 6879,82 (altı min səkkiz yüz yetmiş doqquz manat səksən iki qəpik) manat və 2021-2022-ci il üzrə 2779,88 (iki min yeddi yüz yetmiş doqquz manat səksən səkkiz qəpik) manat olmaqla ümumilikdə 22 861,54 (iyirmi iki min səkkiz yüz altmış bir manat əlli dörd qəpik) manat müəyyən edilir”.

13. Cavabdehin nümayəndəsi (vəkili) iddiaya etiraz etmiş, etirazını onunla əsaslandırmışdır ki, iddiaçının direktor işlədiyi dövr üzrə 4 dəfə tam əmək məzuniyyətində olması barədə təkzib edilməz, mötəbər sübut kimi protokollar təqdim edilmişdir. İş üzrə təyin edilən ekspertizanın qarşısında “Ziya Hüseyinzadəyə işlədiyi müddət ərzində nə qədər məzuniyyət pulu hesablanmışdır və ödənilmişdir?” sualları qoyulsa da, ekspert rəyində ancaq mübahisələndirilən dövr üzrə əmək məzuniyyətinin məbləği hesablanmış, nə qədər məzuniyyət haqqı ödənilməsi sualına isə ümumiyyətlə toxunulmamışdır. Bu isə işin obyektiv araşdırılması üçün sübut kimi qəbul edilə bilməz. Həmçinin işdə olan bank çıxarışlarını ekspert rəyi ilə tutuşdurduqda aydın görünür ki, Ziya Hüseyinzadə direktor işlədiyi dövr ərzində nəinki əmək haqqı və məzuniyyət pulunu tam almışdır, hətta öz əmək haqqı kartına həmin məbləğlərdən artıq məbləğ köçürmüşdür. Ekspertiza qarşısında qoyulan suallara cavab verilməməsi isə ekspertiza rəyinin qərəzli olmasını sübut edir. Göründüyü kimi qarşı tərəfin iddiası uydurma əsaslarla verilmişdir və tamamilə qanunsuzdur.

14. Məhkəmənin 13 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən ödənilməmiş məzuniyyət haqqına görə 22 861,54 (iyirmi iki min səkkiz yüz altmış bir manat əlli dörd qəpik) manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manatın Cavabdeh MMC-dən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur.

15. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı Cavabdeh MMC-də xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək direktor vəzifəsində çalışmış, əmək müqaviləsinin vaxtının bitməsi səbəbindən onunla MMC arasında olan müqaviləyə xitam verilmiş, işlədiyi illər ərzində o, məzuniyyət pulunu almamışdır. xx.xx.2022-ci il tarixli ekspert rəyinin təsviri hissəsindən də müəyyən olunur ki, İddiaçı işlədiyi müddətdə məzuniyyətə buraxılmamış və məzuniyyət haqqı hesablanılmamışdır. Cavabdeh MMC-nin İştirakçılarının ümumi Yığıncağının İddiaçı həmin illərdə ödənişli əmək məzuniyyətinə buraxılması barədə protokolları məhkəməyə təqdim edilsə də, həmin məzuniyyət dövrləri üçün edilmiş ödənişlərə dair hər hansı sübut təqdim olunmamışdır. Odur ki, iddia tələbi ekspert rəyinə uyğun şəkildə qismən təmin olunmalıdır.

16. Mövqeyinin hüquqi əsası kimi məhkəmə, Əmək Məcəlləsinin 83.2-ci, 135-ci, 140-cı, 143-cü, 144-cü, Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə istinad etmişdir.

17. Qətnamədən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığı, nəticəsinin işin hallarına uyğun olmadığı, iddiaçıya məzuniyyət pullarının ödənilməsi ilə bağlı sübutların aidiyyati bankdan götürülməsi barədə vəsatətlərinə əhəmiyyət vermədiyi, iddiaçının iddia müddətini ötürmüş olmasını, eləcə də ekspert rəyinin əsassız olmasını nəzərə almadığı, iddiaçı ilə işəgötürənin eyni şəxs olmasına və onun özünün özü ilə müqavilə bağlamasının qanunauyğunluğuna qiymət vermədiyi arqumentləri ilə əsaslandırmışdır. Şikayətdə həmçinin aşağıdaklar göstərilmişdir: “...Məhkəmə prosesi davam etdiyi müddətdə, xüsusən, sənədlərə baxış keçirildikdən sonra cavabdeh kimi tərəfimizdən iddiaçıya həqiqətən məzuniyyət pulunun verilməsi və həmin pulun onun bank hesabına köçürülməsi ilə bağlı aidiyyatiı banka sorğu ilə müraciət etsədə, bank “Banklar haqqında” Qanunun 41ci maddəsinə istinad edib məlumat verilməsindən rəsmi imtina edib. Həmin rəsmi imtina cavabını cavabdeh məhkəməyə təqdim edib sübutun təmin edilməsi ilə bağlı ərizə ilə müraciət etsə də, məhkəmə hakimi sübutu təmin etməkdən imtina edib. Həmçinin, cavabdeh kimi həqiqətən iddiaçının məzuniyyətə çıxması ilə bağlı 4 ədəd fərqli tarixlərdə rəsmi olan protokollar məhkəməyə təqdim edilib ki, bu sənədlər iddiaçıya məzuniyyətə çıxması barədə razılıq verilməsini və buna görə məzuniyyət haqqının ödənilməsini təsdiq edir. Həmçinin, cavabdeh kimi bank hesabından onun hesabına əmək haqqının və məzuniyyət ödənişlərinin ödənilməsinə dair sənədlər təqdim edilsə də, məhkəmə tərəfindən əsaslı hüquqi münasibət bildirilmədən rədd edilib. Həmçinin, ƏƏSMN yanında Əmək Müfəttişliyindən verilmiş məlumatdan aydın olur ki, iddiaçı əvvəllər bizim şirkətdə işləsə də, direktor olmayıb. Bununla bağlı iddiaçı heç bir mötəbər sübutu təqdim etməyib. Qətnamədə qeyd edildiyi kimi iddiaçı təqdim edilən müqaviləyə və elektron əmək bildirişinə əsasən xx.xx.2019-cu il tarixindən direktor kimi rəsmi vəzifəyə təyin edilib. Lakin, Ekspert rəyində xx.xx.2018-ci il tarixdən etibarən direktor işləməsi və aldığı 6688,27 AZN əmək haqqı üçün illik məzuniyyətlər hesablanıb. İddiaçının təqdim etdiyi xx.xx.2022ci il tarixli “İlkin mediasiyada iştirak edilməməsi ilə bağlı” Arayışda qeyd edilib ki, 86.400 manat əmək haqqı cavabdeh kimi tərəfimizdən ödənilib. Bu sənəd sübut edir ki, cavabdeh tərəfindən ona əmək haqqı və məzuniyyət pulu ödənilib. İddiaçı bildirir ki, guya rəhbərlik ona uzun müddət məzuniyyətə çıxamasına icazə verməyib. Amma ziddiyyət odur ki, iddiaçı öz-özü ilə (işəgötürən və işçi kimi) əmək müqaviləsi bağlayıb. Ziddiyyət odur ki, iddiaçı şirkətdə direktor olub, yəni faktiki və hüquqi rəhbər olub. Rəhbər olan işəgötürənin özünə illik məzuniyyət verməməsi faktı ziddiyyətlidir. Belə ki, iddiaçının özünün təqdim etdiyi əmək müqaviləsinin 7.1-ci və 7.2-ci bənndlərində ancaq işçinin hüquqları və vəzifələrindən bəhs edilir. Müqavilənin 7.3-cü bəndində isə Cəmiyyətin, işəgötürənin öhdəliklərindən bəhs edilir. Müqavilənin 8-ci bəndində isə vurulmuş zərərdən bəhs edilir. Müqavilənin 7-ci bəndindən aşkar olunur ki, iddiaçı, faktiki və hüquqi geniş səlahiyyətə malik olan işəgötürən və işçi olub. Maliyyə, mühasibatlıq, büdcənin təsdiqə verilməsi və əmək haqqları və məzuniyyət pullarının ödənilməsi səlahiyyəti iddiaçının özündə olub. İddiaçının həqiqətən məzuniyyət haqqı almamasına dair öz əmək haqqı kartına aid məlumatlarına dair bank hesabını təqdim etməməsi, həm də hakimin cavabdeh kimi öz hesabından çıxılan vəsaitin qəbul edilməməsi, və iddiaçının bank hesabından məlumatı əks edən bank hesabı çıxarışının alınmasına dair qərardadı təmin etməməsi sübut edir ki, iddiaçı yalan danışır, məhkəmə isə cavabdehə qarşı qərəzli olub. Elektron məhkəmə bildirişində qeyd edilib ki, iddiaçıya ödənilən əmək haqqı vaxtamuzddur. Yəni, əmək müqaviləsində qeyd edildiyi kimi işçi həftənin 5 günü saat 9:00-dan 18:00-dək işləyir. Lakin, iddiaçının təqdim etdiyi 2022-ci il tarixli Fərdi şəxsi hesab barədə Sosial Arayışdan aydın olur ki, 2021-ci ilin 6-cı ayından etibarən iddiaçının cəmi 10:00-dan 15:00-dək iş saatı olub, sonrakı aylarda heç ümumiyyətlə neçə saat işləməsi görünmür, amma hər ay əmək haqqı alması qeyd edilib. Həm də özünün təqdim etdiyi arayışda əlavə ödənişlər alması görünür. Həmçinin, sənədlərdən müəyyən edilir ki, işəgötürən/işçi 2022-ci ilin aprel ayını ümumiyyətlə işləməyib, 2022-ci ildə cəmi 3 ay işləyib. 2021-ci ildə 12 ay işləməsi görünür, lakin 2020-ci il pandemiya vaxtı olduğundan onun işləməsi ümumiyyətlə müəyyən edilmir. Əmək müqaviləsi rəsmi olaraq xx.xx.2019-cu ildən hüquqi qüvvəyə mindiyindən hesab edilir ki, iddiaçı 2019-cu ilin may ayı daxil olmaqla şirkətdə direktor kimi işləyib. Bu isə onu sübut edir ki, ekspert rəyində illik məzuniyyətlər kobud səhvlərlə hesablanıb. Hakim bunu bildiyi halda həqiqəti təhrif edib. Bununla bağlı digər məsələ AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 9/7518 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyinin ekspert rəyinin qanunsuz və kobud səhvlərlə olması ilə bağlıdır. Belə ki, müəyyən edilib ki, yuxarıda qeyd edildiyi kimi iddiaçı xx.xx.2019-cu ildən rəsmi olaraq şirkətdə direktor vəzifəsində çalışmağa başlayıb. Lakin əmək haqqı ona aprel ayında verilib. Əvvəlki illərdə şirkətdə direktor işləməsinə dair sübut məhkəməyə verilməyib. Həm də sənədlərdən artıq bilirik ki, elektron sistemə bütün məlumatları iddiaçı yerləşdirib. Belə ki, asan imza onun adınadır. Lakin, ekspertiza xx.xx.2018-ci il daxil olmaqla illik məzuniyyət pulu hesablayıb. Belə ki, iddiaçı özü bildirdiyi kimi direktor olan vaxtdan məzuniyyətə çıxmayıb. Bu halda, 2018-ci il daxil olmaqla illik məzuniyyət pulunun hesablanması kobut pozuntudur. Həmçinin, buna görə ekspert rəyində hesablamalar səhvdir şişirdilmiş rəqəmlərdir. Belə ki, iddiaçının təqdim etdiyi əmək müqaviləsinin 5.1-ci bəndində işçinin əsas ödənişli məzuniyyət günləri ən çoxu 30 gün təşkil etməsi qeyd edilib. Ekspert isə 36 təqvim günü ilə məzuniyyət pulunu hesablayıb ki, bu hal kobut səhvdir. Həmçinin, məhkəmə tərəfindən ekspert qarşısında sual qoyulub ki, iddiaçıya 2019-cu il, 2020-2022-ci il üçün nə qədər məzuniyy haqqı ödənilməli idi (hər il üzrə hesablama qaydası göstərilməklə) və hansı məbləğdə məzniyyət haqqı ödənilib. Ekspert rəyində ümumiyyətlə hesablama qaydası göstərilməyib, həm də iddiaçıya faktiki nə qədər məzuniyyət haqqı ödənilməsi göstərilməyib nədənsə! Həmçinin, ekspertin rəyində qeyd edildiyi kimi illik əmək haqqının hesablamnası üçün imzasız, tarixsiz, möhürsüz olan əmək haqqı cədvəlinə istinad edilib ki, guya faktiki iddiaçıya nə qədər əməmk haqqı ödənilməsi göstərilib. Bu sənədin kim tərəfindən, hansı əsaslarla ekspertə təqdim etməsi aydın deyil, hətta bu sənədi ekspert hazırlayıbsa da, hansı əsaslara və faktlara dayanaraq tərtib etməsi müəmmalıdır. Həm də cədvəldə 2018-ci ilin noyabr-dekabr ayları, 2019-cu ilin yanvar-mart ayları da 2019-cu ilə əlavə edilib ki, bu fakt yuxarıda isbat etdiyimiz hallara tam ziddir. Ekspert rəyində ekspert belə nəticəyə gəlib ki, iş materiallarından görünür ki, guya Əmək Məcəlləsinin müvafiq maddələrinə əsasən iddiaçıya işlədiyi müddətdə məzuniyyətə buraxılmaması və məzuniyyət haqqının hesablanmaması müəyyən edilib. Ekspert ona verilmiş suallara düz cavab vermək əvəzinə, qoyulmuş suallara natamam və kobut səhvlərlə cavab verib, hətta özünü hakim yerinə qoyub işi araşdırıb nəticə qət edib ki, bu hal vəzifə səlahiyyətlərini aşma hesab edilir. AR ƏM-nin 140.3-cü maddəsinə əsasən Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12- yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Yəni, sabit eyni şəkildə əmək haqqı alınmış 6688.27 AZN * 12 işləmiş iş ayları = 80.259 AZN. Sonra 80.259 AZN : 12 aya = 6688.27 AZN bir aylıq əmək haqqı müəyyən edilir. Ardınca 6688,27 AZN 30,4 = 220 AZN bir günlük əmək haqqı məbləği çıxır. Sonda bir günlük əmək haqqı alınmış 220 AZN* 30 məzuniyyət gününə (müqavilədə yazılıb) = 6600 AZN bir illik məzuniyyət pulu alınır. Bu qayda sabit və eyni məbləğdə alınmış əmək haqqına aiddir. Əgər işəgötürən/işçi 1 ili, hamısını işləməyibsə, bu halda hesablanmış bir günlük əmək haqqı vurulur razılaşdırılmış məzuniyyət günlərinin sayına və illik məzuniyyət haqqı alınır. Lakin ekspert cədvəlində yazılıb ki, iddiaçıya 2019 il yanvar - mart aylarında 1786,94 AZN, apreldə 4455 AZN, may- dekabr aylarında 6688,27 AZN əmək haqqı ödənilib. Maaşları qanuna əsasən toplayanda 53,506,16 AZN edir. 53506,16:12 işləmiş aylara=5276,83 AZN bir aylıq əmək haqqı müəyyən edilir. Sonra 5276,83 AZN:30.4 = 1735,58 AZN bir günlük əmək haqqı məbləği çıxır. Sonda 1735,58 AZN*30 məzuniyyət günləri sayına məzuniyyət gününə (müqavilədə yazılıb) = 5207.4 AZN bir illik məzuniyyət pulu alınır. Ekspert cədvəlində digər hesablamalarda şişirdilmiş, səhv rəqəmlər olduğundan etibarsızdır. Bir sözlə ekspert rəyi tam başlanğıcdan sona qədər səhvdir. Hakim, bu kobut halları bilib cavabdeh tərərindən təkrar ekspertiza təyin edilməsi ilə bağlı Vəsatəti təmin etmək əvəzinə, vəsatəti hüquqi qiymət vermədən rədd edib. Hakim bu kobut pozuntuları qəsdən təhrif edib sonda kobut pozuntulardan ibarət əsassız eskpert rəyinə istinad edərək səhv nəticə qət edib. Təkrar eksperzinanın keçirilməsi zəruri idi. Lakin, artıq əhəmiyyəti yoxdur. Çünki, iddiaçı Əmək Məcəlləsində qeyd edildiyi ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün prosessual müddəti üzrsüz səbəblərdən ötürüb, bu müddətin bərpa edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etməyib. Hakim, bunu bilib susmuşdur. Bu səbəbdən yuxarıda qeyd edilən bir sıra maddi və prosessual pozuntular səbəbindən qətnamə qanunsuz hesab edilib ləğv edilməlidir”.

Apellyasiya şikayətinə etiraz

18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahatlar

19. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsini məhkəməyə göndərməmiş, iddiaçının nümayəndəsi (vəkili) isə ərizə ünvanlayaraq ölkə xaricində olacağı ilə bağlı prosesin təxirə salınmasını xahiş etmişdir.

20. İşin halları, iddiaçının nümayəndəsinin ərizəsində qeyd etdiyi halla bağlı hər hansı sübut təqdim etmədiyi, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla, işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur.

21. İşə baxılmasının yeri (vaxtı) barəsində məlumatlandırılmış mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti də nümayəndəsini məhkəməyə göndərməmişdir.

22. Apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla təkrar mühasibatlıq ekspertizası təyin olunmuş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

- İddiaçı Cavabdeh MMC ilə əmək münasibətlərində olduğu 2019-2022-ci illər (2019-cu, 2020-ci, 2021-ci və 2022-ci illər) üzrə hansı məbləğdə (məbləğlərdə) məzuniyyət haqqı ödənilmişdir? (hər il üzrə hesablanma qaydası və məbləğləri ayrıayrılıqda göstərilməklə).

- Əgər İddiaçı Cavabdeh MMC ilə əmək münasibətlərində olduğu 2019-2022ci illər (2019-cu, 2020-ci, 2021-ci və 2022-ci illər) üzrə məzuniyyət haqqı ödənilməmişdirsə, müvafiq dövr üzrə ödənilməli olan məzuniyyət haqqı hansı məbləğdə (məbləğlərdə) olmalı idi? (hər il üzrə hesablanma qaydası və məbləğləri ayrı-ayrılıqda göstərilməklə).

23. Həmin təyinat əsasında Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 16 avqust 2023-cü il tarixdə aşağıdakı məzmunda rəy verilmişdir: “...İddiaçı məxsus əmək haqqı bank kartı üzrə "xxxx" ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr aralığında ümumilikdə 262 984,7 manat məbləğində ödənişlər əmək haqqı təyinatı üzrə mədaxil edilmişdir. Hesabdan çıxarış məlumatlarna əsasən, əmək haqqı kart hesabına mədaxil edilmiş məbləğlər ilə müqavilə üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə ümumilikdə hesablanmalı olan 231 663,6 manat əmək haqqı məbləğləri müqayisə edilərkən fərqin yarandığı müəyyən olunur. Yəni belə olan halda, İddiaçı Cavabdeh MMC ilə əmək münasibətlərində olduğu 2019-2022-ci illər (2019-cu, 2020-ci və 2022-ci illər) üzrə hansı məbləğdə (məbləğlərdə) məzuniyyət haqqının ödənilib-ödənilmədiyi müəyyən edilmir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən (5.1.), işçinin ödənişli əsas əmək məzuniyyəti otuz (30) təqvim günü təşkil edir. İşçiyə ödənişli əlavə məzuniyyət günləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda veriləcəkdir. 5.2. Verilən məzuniyyətin dəqiq vaxtı və müddəti qüvvədə olan qanunvericiliyin müvafiq müddəalarına uyğun olaraq İşçi və Cəmiyyət arasında razılaşdırılmalıdır, işçi, məzuniyyətə çıxmazdan ən azı iki (2) həftə əvvəl Cəmiyyətə bu barədə müvafiq bildiriş təqdim etməlidir. 5.3.İşçi ödənişsiz məzuniyyət hüququndan Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda və ya Cəmiyyətlə razılığa əsasən istifadə edə bilər. Təqdim edilmiş iş materiallarına və tərtib edilmiş cədvələ əsasən, İddiaçı 2019-cu, 2020-ci, 2021-ci və 2022-ci illər üzrə məzuniyyət haqqının hesablanması Azərbaycan Respublikasının qanun və qaydalarına əsasən orta aylıq əmək haqqı və 30 təqvim məzuniyyət günü nəzərə alındığı halda, məzuniyyət haqqının məbləği 2018-2019-cu illər üzrə 4401,26 manat, 2019-2020-ci il üzrə 6600,27 manat, 2020-2021-ci il üzrə 5733,19 manat və 2021-2022-ci il üzrə 2316,57 manat olmaqla ümumilikdə 19 051,28 manat təşkil etdiyi müəyyən edilir. 29 dekabr 2022-ci il tarixli 9/7518 saylı ilkin məhkəmə-mühasibat ekspertizası ilə hazırki rəyin nəticələri arasında yaranmış fərq onunla izah edilir ki, ilkin ekspert rəyində işçinin məzuniyyət günlərinin sayı 36 təqvim günü nəzərə alınmışdır. Hazırki tədqiqatla isə mövcud iş materialları na əsasən məzuniyyət günlərinin sayı müqavilə şərtlərinə və mövcud iş materiallarında olan sənədlərə əsasən 30 təqvim məzuniyyət günü nəzərə alınmaqla hesablanma aparılmışdır”.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

24. Maddə 1. Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi: bu Məcəllədən; Azərbaycan Respublikasının müvafiq qanunlarından; müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyəti çərçivəsində qəbul etdiyi normativ hüquqi aktlardan; əmək, sosial-iqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

25. Maddə 3 (5-ci bənd). Əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

26. Maddə 7.1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.

27. Maddə 9 (“d” bəndi). Qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq işçinin hüququdur.

28. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

29. Maddə 110. İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz.

30. Maddə 113. Əmək məzuniyyəti - işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. Əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər. Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrıayrılıqda istifadə edə bilər.

31. Maddə 135 (1-ci hissə). Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.

32. Maddə 135 (2-ci hissə). İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.

33. Maddə 140. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkəndə tətbiq edilir.

34. Maddə 143 (1-ci hissə). Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin “a” və “ç” bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir.

35. Maddə 143 (2-ci hissə). İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir.

36. Maddə 144.2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.

37. Maddə 154. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur (maddə 154).

38. Maddə 296. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

39. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

40. Maddə 384.0. İddia müddəti aşağıdakılara şamil edilmir: ...384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə;

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

44. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

47. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

48. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

50. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

51. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

52. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

54. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddianın qismən təmin olunması, eləcə də ekspertiza xərcinin cavabdehdən tutulması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdehin nümayəndəsi isə yalnız qeyd edilən hissədən apellyasiya şikayəti vermişdir. Başqa sözlə, qətnamənin iddia tələbinin təmin edilməməsi ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir.

55. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

56. Apellyasiya baxışı zamanı alınmış ekspert rəyi ilə müəyyən olunan halları əsas götürməklə kollegiya hesab edir ki, qətnamə, “ödənilməmiş məzuniyyət haqqına görə 22 861,54 (iyirmi iki min səkkiz yüz altmış bir manat əlli dörd qəpik) manat məbləğində pulun İddiaçı xeyrinə ödənilməsi” hissəsində dəyişdirilməli, Cavabdeh MMC-dən İddiaçı xeyrinə ödənilməmiş məzuniyyət haqqına görə 19 051,28 (on doqquz min əlli bir manat 28 qəpik) manat tutulmalıdır.

57. İddia tələbinə iddia müddətinin tətbiq edilməli olması barədə apellyasiya şikayətində irəli sürülən arqumentə münasibətdə kollegiya qeyd edir ki, işçinin məzuniyyət hüququ konstitusion hüquqdur və işçi əmək məzuniyyətindən vaxtında istifadə edə bilmədikdə istifadə etmədiyi bütün iş illərinin əmək məzuniyyətlərindən natura formasında istifadə hüququnu itirmir. Çünki qanunda işçilərin əmək məzuniyyətlərindən istifadə etməsi üçün iddia müddəti müəyyən olunmamışdır və bütün işçilər məzuniyyət hüququndan natura formasında, yəni faktiki olaraq istifadə etməlidirlər. Eyni zamanda, işçi istənilən səbəbə görə həmin iş ili (illəri) üçün əmək məzuniyyətindən istifadə etmədikdə ona müəyyən olunmuş qaydada və məbləğdə pul kompensasiyası ödənilir. Əmək haqqı (məzuniyyətə görə verilən ödənclərin məcmusu daxil olmaqla) işçinin mülkiyyəti (gözlənilən mülkiyyət) hesab olunduğuna görə onun tələb olunmasına iddia müddəti şamil oluna bilməz.

58. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi rüsum məbləği onun özünə aid olunmalı, ekspertiza xərci tərəflər arasında bölüşdürülməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir.

59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-131/2023 saylı iş üzrə 13 fevral 2023-cü il tarixli qətnaməsi Cavabdeh MMC-dən ödənilməmiş məzuniyyət haqqına görə 22 861,54 (iyirmi iki min səkkiz yüz altmış bir manat əlli dörd qəpik) manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi” hissəsində dəyişdirilsin. Cavabdeh MMC-dən İddiaçı xeyrinə ödənilməmiş məzuniyyət haqqına görə 19 051,28 (on doqquz min əlli bir manat 28 qəpik) manat tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə, yəni “ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manatın Cavabdeh MMC-dən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh MMC-nin ödədiyi dövlət rüsumunun məbləği həmin MMC-nin özünə aid olunsun. Apellyasiya baxışı zamanı təyin olunmuş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 20 (iyirmi) manatı İddiaçı, 80 (səksən) manatı Cavabdeh MMC-dən tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən Cavabdeh MMC tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar