Məhkəmə qərarları › İş №2(103)-3486/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3486/2022

05.05.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3486/2022 05.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli qətnaməsindən "xxxx" ASC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.05.2021-ci il tarixdə idarə etdiyi “X4 Fe” markalı T999KO42 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən “Mercedes Benz” markalı ** EO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verdiyini, avtomobilinə 3930 manat ziyan dəydiyini, lakin "xxxx" ASC-nin zərərə görə 800 manat sığorta ödənişi həyata keçirdiyini bildirmiş, buna görə də "xxxx" ASC-dən 3130 manat sığorta ödənişinin və 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, "xxxx" ASC-dən 2525 manat sığorta ödənişinin və 20 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, keçirilmiş məhkəmə tikinti-texnikası ekspertizası xərci olan 100 manatın "xxxx" ASC-dən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Qətnamədən "xxxx" ASC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və təyin olunacaq əlavə ekspertizanın verəcəyi rəy əsasında yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin maddi hüquq normalarını pozduğu, sübutlara düzgün hüquqi qiymət vermədiyi, mötəbər olmayan olmayan ekspert rəyinə istinad etdiyi arqumentləri ilə əsaslandırmışdır. İşə baxılmasının yeri (vaxtı) barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər (nümayəndələri) məhkəməyə gəlməmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya qeyd edir ki, hazırkı apellyasiya baxışı "xxxx" ASC-nin, qətnamənin iddianın qismən təmin edilərək 2525 manat sığorta ödənişinin və 20 manat dövlət rüsumunun ondan tutularaq İddiaçı, 100 manat ekspertiza xərcinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması məzmunlu şikayəti əsasında başlanılmış, qətnaməni iddiaçı mübahisələndirməmişdir. Başqa sözlə, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmədiyi hissədə yoxlanılmır və hazırkı apellyasiya baxışı mübahisələndirilən hissə ilə məhdudlaşmaqdadır. Eyni zamanda nəzərə alınmalıdır ki, cavabdehin nümayəndəsi qətnamənin ləğvini xahiş etsə də, əslində onun şikayəti qətnamənin dəyişdirilməsinə yönəlmiş, sığortalanmış avtomobilə dəymiş zərərə görə daha az məbləğdə pul tutulmalı olduğu irəli sürülmüşdür. Bununla yanaşı kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 372.7ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmayaraq qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, X1 olan və sahibinin mülki məsuliyəti "xxxx" ASC-də icbari sığorta edilmiş “Mercedes Benz E200” markalı ** EO *** dövlət qeydiyyat nişanlı avtomobillə İddiaçı idarə etdiyi “X4 Fe” markalı T999KO42 dövlət qeydiyyat nişanlı avtomobil 10.05.2021-ci il tarixdə toqquşmuş, Şaban Gəncəyev hadisənin baş verməsində təqsirli bilinmiş, “Avtoservis-057” şirkəti tərəfindən “X4 Fe” markalı avtomobilə dəymiş ziyan 3930 manat məbləğində qiymətləndirilmiş, "xxxx"xxxx"xxxx" ASC, “Mercedes Benz E200” markalı ** EO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün mülki məsuliyyətinin "xxxx" ASC tərəfindən sığortalanmış olduğunu və 10.05.2021-ci il tarixdə sığorta hadisəsinin baş verərək həmin sürücünün təqsirindən iddiaçının avtomobilinə ziyan dəydiyini mübahisələndirmir; mübahisəli olan, sığorta hadisəsi nəticəsində iddiaçıya dəymiş ziyanın məbləği ilə bağlıdır ki, bununla əlaqədar "xxxx" ASC-nin irəli sürdüyü arqumentə görə “Avtoservis-057” şirkətinin aktı və onun əsasında verilmiş ekspert rəyi mötəbər sübut kimi nəzərə alınmamalıdır. Başqa sözlə "xxxx" ASC, sığorta hadisəsinin baş verdiyini, bunun nəticəsində iddiaçının əmlakına ziyan dəydiyini, ziyanın onun sığortalısının törətdiyi hadisədən qaynaqlandığını ümumiyyətlə mübahisələndirməməkdədir və işin hallarından göründüyü kimi yaranmış mübahisə yalnız bu ziyanın məbləği ilə əlaqədardır. Bu səbəblə kollegiya, tərəflərin mübahisələndirmədikləri hallarla əlaqədar əlavə əsaslandırma aparmayaraq və birinci instansiya məhkəməsinin "xxxx" ASC-dən iddiaçının xeyrinə sığorta ödənişinin tutulmalı olması ilə bağlı gəldiyi nəticəni qanuni hesab edərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə izah edir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlar və hallar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922-ci maddəsinə görə, sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Adı çəkilən Məcəllənin 926.1-ci maddəsinə görə, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; 925.3-cü maddəsinə əsasən isə, sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi sığorta qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə iddiaçıya məxsus avtomobilin təmir-bərpa xərci üçün təxminən 3325 manat tələb olunduğunun müəyyən edildiyini və bu xüsusatı şübhə altına alan heç bir sübutun təqdim olunmadığını nəzərə alan kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsi, yaxud ləğvi üçün əsas təşkil etmir. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, iddiaçının avtomobilinə dəymiş real ziyanın məbləği olaraq onun təsdiq etmədiyi zərər aktında göstərilən rəqəm əsas götürülə bilməz; nəzərə alınmalıdır ki, “X4 Fe” markalı avtomobilə dəymiş ziyan məbləği sonradan təmir işini həyata keçirən şirkət tərəfindən hesablanmış, həmin hesablama rəy verən ekspertin hesabatına da uyğun olmuşdur. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-87/2022 saylı iş üzrə 03 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği "xxxx" ASC-nə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar