Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3486/2024 02.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 17 nömrəli Notariat Kontoruna, “X5 Kredit Təşkilatı” MMC-yə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə cavabdeh “X5 Kredit Təşkilatı” MMC tərəfindən verilmiş əlavə qətnamə çıxarılması barədə ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 17 nömrəli Notariat Kontoruna, “X5 Kredit Təşkilatı” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 17 nömrəli notariat ofisinin xüsusi notariusu X2 tərəfindən xx.xx.2023-cü il tarixdə aparılmış və reyestrdə “8İ-8577” nömrə ilə qeyd edilmiş ondan "xxxx" MMC-nin xeyrinə cəmi 40584,10 (qırx min beş yüz səksən dörd manat, on qəpik) manat məbləğində pulun tutulmasına dair icra qeydinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş edmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1221/2024 saylı, 18 mart 2024cü il tarixli qətnaməsi ilə (hakim R.Mirzəliyev) iddia təmin edilmişdir. Cavabdeh “X5 Kredit Təşkilatı” MMC apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunmasını, apellyasiya şikayəti ilə əlaqədar ödənilmiş 50 (əlli) manat dövlət rüsumu, vəkilin göstərdiyi hüquqi yardıma görə 340 (üçyüz qırx) manat xidmət haqqının iddiaçıdan tutularaq ona ödənilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3486/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdeh “X5 Kredit Təşkilatı” MMC-nin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. Bundan sonra cavabdeh “X5 Kredit Təşkilatı” MMC ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Mıəhkəməsinin qətnaməsi ilə apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumu və hüquqi xidmət haqqı tutulmadığından bu barədə əlavə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ərizəni iş materialları ilə birgə nəzərdən keçirib, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 229.1. İş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər: Maddə 229.1.3. məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə. Maddə 392-1. Apellyasiya instansiyası məhkəməsinin əlavə qətnaməsi bu Məcəllənin 229-cu maddəsi ilə müəyyən edilmiş hallarda və qaydada çıxarılır. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsinin iş üzrə çıxarılmış yekun qətnaməsində apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumu və hüquqi xidmət haqqının iddiaçıdan tutulması ilə bağlı tələbə toxunulmamış və bu hissəyə məhkəmə kollegiyası tərəfindən münasibət bildirilməmişdir. Bu da həmin tələbə münasibət bildirilməsi zərurəti ilə əlaqədar əlavə qətnamə çıxarılmasını şərtləndirir. İşdə olan apellyasiya şikayətindən və əlavə olunmuş ödəniş qəbzindən görünür ki, apellyasiya şikayəti verilməsi üçün 50 manat dövlət rüsumu ödənilmişdir. İşdə olan apellyasiya şikayətinə əlavə olunmuş ödəniş tapşırığından görünür ki, Yusif Allahverdiyev və partnyorları vəkil bürosuna 340 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu hissədə dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia rədd edildiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumu və 340 manat hüquqi xidmət haqqı iddiaçıdan tutularaq cavabdeh “X5 Kredit Təşkilatı” MMC-yə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229, 372, 382, 384-385, 392, 392-1, 393, 402-403, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh “X5 Kredit Təşkilatı” MMC-nin ərizəsi təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli qətnaməsindən cavabdeh “X5 Kredit Təşkilatı” MMC tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumu və 340 (üç yüz qırx) manat hüquqi xidmət haqqı İddiaçı tutularaq cavabdeh “X5 Kredit Təşkilatı” MMC-yə verilsin. Əlavə qətnamədən kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3486/2024
Bakı Apellyasiya Məhkəməsi Əlavə qətnamə — İş №2(103)-3486/2024
02.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver