Məhkəmə qərarları › İş №2(103)-3488/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3488/2021

05.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3488/2021 05.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmmədi Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Ərizəçi nümayəndəsi(anası) Nümayəndə iştirakı ilə Ərizəçi “əlilliyinin səbəbi, dərəcəsi və müddətinin əmələ gəlməsi faktının müəyyən edilməsi” ərizəsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1723/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə əsasən işə aзэq məhkəmə iclasэnda baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, əlilliyinin səbəbi, dərəcəsi və müddətinin əmələ gəlməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1723/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə ərizənin qəbul edilməsindən imtina edilmiş (yolverilməzliyinə görə), həmin qərardaddan ərizəçi tərəfindən verilmiş şikayət xx xxxxxx 2021-ci il tarixli qərardadla təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə isə, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Mülki-prosessual qanunvericiliyin mülki işlər üzrə icraatın növlərindən biri olaraq müəyyənləşdirdiyi xüsusi icraat qaydasında baxılan işlər ərizəçilər tərəfindən qaldırılmaqla ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır (MPM-nin 306.2-ci maddəsi). Xüsusi icraat qaydasında baxılan işlərin siyahısı MPM-nin 305.1-ci maddəsində göstərilmişdir və bunların bir kateqoriyası da hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında olan işlərdir (MPM-nin 305.1.1-ci maddəsi). Mülki-Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən isə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “Əlilliyin qiymətləndirilməsi qaydası”-nın 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydaların 1.5-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Tibbi-Sosial Ekspertiza və X1 vasitəsi ilə aparılır. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərə pensiya və müavinətlərin təyin olunması və ödənilməsi uçun sənədlərin rəsmiləşdirilməsi qaydası haqqında Təlimatının 2.7-ci bəndinə əsasən, əlilliyə görə pensiyalar, məhkumun əlliliyi təsdiq edildikdən sonra rəsmiləşdirilir. Məhkumun əlliliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1997-ci il tarixli, 93 N-li qərarı ilə təsdiq olunmuş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında” və xx xxxxxx 1997-ci il tarixli, 99 N-li qərarı ilə təsdiq olunmuş “Əlilliyi müəyyən olunması meyarlarına dair” Əsasnamələrində nəzərdə tutulmuş qaydada müəyyən edilir. Həmin Təlimatın 2.8-ci bəndinə əsasən, məhkum, əlilliyin müəyyən olunması üçün müayinədən keçməsi, tələb olunan sənədlərin hazırlanması və zona TSEK-a göndərilməsi üçün cəza çəkdiyi müəssisənin rəisinə ərizə ilə müraciət edir.Cəzaçəkmə müəssisəsinin rəisi məhkumu ilkin həkim müayinəsindən keçməsi üçün müəssisənin tibb hissəsinə göndərir. Məhkumun xəstəliyi aşkar edildikdə, o, ilkin həkim müayinəsinin nəticələri haqqında tərtib olunmuş sənədlərlə birlikdə Ədliyyə Nazirliyi Penitensiar xidmətin (bunan sonra PX) tabeliyində olan müalicə müəssisəsinin xüsusi həkim komissiyasına göndərilir. Müalicə müəssisəsinin xüsusi həkim komissiyası məhkumun xəstəliyini təsdiq edərsə, zona TSEK-a təqdim edilməsi üçün onun adına göndəriş vərəqəsi tərtib edir (3-cü əlavə). Məhkum həmin vərəqə ilə birlikdə, onun saxlandağı cəzaçəkmə müəssisəsinə qaytarılır. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti məhkumun əlilliyinin müəyyən edilməsi üçün toplanmış sənədləri zona TSEK-ına göndərir. Çona TSEK-ı məhkumun əlilliyinin müəyyən olunması üçün qərar qəğul etmək məqsədilə vaxtı əvvəlcədən bildirilməklə, cəzaçəkmə müəssisəsinə baş çəkir. Ərizənin məzmunundan, habelə iş materiallarından aydın olur ki, ərizəçinin, qanunvericiliyə əsasən əlillik dərəcəsinin qiymətləndirilməsi məqsədilə tibbi müəssisədə müayinədən keçməsi zəruridir və bu müstəqil olaraq müvafiq icra hakimiyyəti tərəfindən həyata keçirilir. Hazırkı iş üzrə isə ərizəçi azadlıqdan məhrumetmə növündə cəza çəkdiyindən o, əvvəlcə əlilliyin müəyyən olunması üçün müayinədən keçməsi, tələb olunan sənədlərin hazırlanması və zona TSEK-a göndərilməsi üçün cəza çəkdiyi müəssisənin rəisinə ərizə ilə müraciət etməli, bundan sonra isə cəzaçəkmə müəssisəsinin rəisi məhkumu ilkin həkim müayinəsindən keçməsi məqsədilə müəssisənin tibb hissəsinə göndərməlidir. Göründüyü kimi, ərizəçi cəzaçəkmə müəssisəsi vasitəsilə müvafiq icra hakimiyyəti orqanına (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Realibitasiya Xidmətinə), onun qərarından asılı olaraq müvafiq məhkəməyə müraciət etməli olduğu halda, ərizə ilə birbaşa məhkəməyə müraciət etmişdir ki, bu da ərizənin məhkəmə qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151,153,363-264,267, 268, 308 və 398-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1723/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar