Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3489/2022 21.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-2189/2022 04.03.2022-ci il tarixli qərardadından Ərizəçi tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun-Ərizəçi 23.10.1988-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində 01.03.1964-cü il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı X1 doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-2189/2022 04.03.2022-ci il tarixli qərardadı ilə, ərizə verən şəxsin şəxsiyyətini müəyyən etməyə imkan verən hər hansı sənədin olmaması əsası ilə ərizəsinin geri qaytarılması qərara alınmışdır. İddiaçı tərəfindən qərardaddan verilmiş şikayət Məhkəmənin eynisaylı, 28.03.2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli və ərizənin icraata qəbulunun mümkünlüyünə yenidən baxılması üçün iş materialları Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü maddəsində qeyd edilir ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Rayon məhkəməsi ərizənin geri qaytarılması ilə bağlı qərardadı belə əsaslandırmışdı ki, ərizənin mahiyyətindən və ona əlavə edilmiş sənədlərdən də göründüyü kimi ərizə verən şəxsin şəxsiyyətini müəyyən etməyə imkan verən hər hansı sənədi yoxdur. Yəni onun ərizəçi kimi barəsində qeyd etdiyi məlumatlar faktiki olaraq şərti xarakter daşıyır. Bu formada iddia ərizəsinin icraata qəbul edilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmuş məhkəmə baxışının prinsipləri ilə uzlaşmır. Kollegiya rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və qeyd edir ki, rayon məhkəməsinin qərardadında göstərdiyi həmin xüsusatlar ərizəyə mahiyyəti üzrə baxılması ilə bağlı olmaqla, heç bir halda həmin ərizənin icraata qəbulundan imtinası üçün əsas ola bilməz. Bundan əlavə, mülki iş materiallarında olan Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının verdiyi himayə sənədindən müəyyən olunur ki, Ərizəçi vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT QAK-da qeydiyyatdadır, onun individual İD nömrəsi: ***-*******1-dir (i/v 7). Rayon məhkəməsi tərəfindən həmin sənədə də əhəmiyyət verməmişdir. Həmçinin ərizəçi həmin qərardaddan verdiyi şikayətinə oxşar işlərlə bağlı çoxsaylı məhkəmə aktları əlavə etsə də, nədənsə birinci instaniya məhkəməsi tərəfindən şikayətə baxılarkən həmin xüsusatlar da nəzərə alınmamışdır. MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Rayon məhkəməsi qərardadında MPM-in 149.2.2 və 152.1.1-ci maddələrinə istinad etmiş, lakin MPM-in 149.2.2-ci maddəsini hazırkı ərizə ilə bağlı işin faktiki halları baxımından düzgün təfsir etməmişdir. Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunlalara əsasən, Məhkəmə kollegiyası, rayon məhkəməsi tərəfindən prosessual normanın tətbiq və təfsirində səhvə yol verildiyindən, şikayət təmin edilməli, qərardad ləğv edilməli və ərizənin icraata qəbulunun mümkünlüyünə yenidən baxılması üçün iş materialları Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qərara aldı: Ərizəçi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-2189/2022 04.03.2022-ci il tarixli qərardadı ləğv edilsin və ərizənin icraata qəbulunun mümkünlüyünə yenidən baxılması üçün iş materialları həmin məhkəməyə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-3489/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3489/2022
21.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver