Məhkəmə qərarları › İş №2(103)-3493/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3493/2025

17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3493/2025 17.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı mülki iş (Açar sözlər: «pul tələbi, öhdəliyə icra nəticəsində xitam verilməsi, sübutetmə yükü») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-134/2025 saylı, 24 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Cavabdeh2 MMC ilə İddiaçı arasında bağlanmış 26 aprel 2007-ci il tarixli alqı-satqı müqaviləsinə xitam verilməsi barədə 23 sentyabr 2021-ci il tarixli razılaşmaya əsasən tərəflər 26 aprel 2007-ci il tarixli alqı-satqı müqaviləsinə hazırkı razılaşmanın qüvvəyə minməsi ilə xitam verilməsi, alqı-satqı müqaviləsinin predmeti Abşeron rayonu, Saray qəsəbəsi, Cavabdeh2 MMC-yə məxsus “Villa Badam” şəhərciyi ünvanında yerləşən 297 kv.m olan B tipli, 37 nömrəli fərdi yaşayış evini alıcının şirkətə qaytarmağı barədə razılığa gəlirlər. Ödənilən məbləğ 200000 manatdır. Bu razılaşmaya əsasən alıcının şirkətə ödədiyi məbləğdən 23 sentyabr 2021-ci il tarixdə 70000 manat, qalan 130000 manat 07 oktyabr 2021-ci il tarixinə geri qaytarılacaqdır. Bütöv məbləğ qaytarıldıqdan sonra alıcı yuxarıda qeyd olunan ünvanda yerləşən B tipli 37 nömrəli evi haqqında notarius tərəfindən təsdiq olunmuş evindən imtina ərizəsini “şirkətə” təqdim etməlidir.

2. Bakı şəhəri 12 saylı Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş İddiaçı **********304 nömrəli, 13 dekabr 2021-ci il tarixli ərizəsində göstərib ki, İddiaçı 26 aprel 2007-ci il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” şəhərciyi, B37 tipli, 128 nömrəli, 297 kv.m sahəsi olan Villaya görə ona 200000 manat ödənilmiş, İddiaçı həmin villadan və pay haqqından imtina etmişdir.

3. Bakı şəhəri 12 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş X1 **********005 nömrəli, 13 dekabr 2021-ci il tarixli ərizəsində göstərib ki, X2 26 aprel 2007-ci il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” şəhərciyi, B37 tipli, 128 nömrəli, 297 kv.m sahəsi olan Villaya görə ona 200000 manat ödənilmiş, Nərgiz Qocayeva həmin villadan və pay haqqından imtina etmişdir.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər "xxxx" MMC və Cavabdeh1 Şəhniyar oğlundan 40000 manatın, vəkil xidməti üçün ödənilmiş 300 manat və 212 manat dövlət rüsumuna görə xərcin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.

5. Tələbdə göstərilib ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi F.Əkbərov ilə 26 aprel 2007-ci ildə Abşeron rayonu, Saray qəsəbəsi, "Villa Badam" şəhərciyi, B37 tipli 128 №li villanın satılması ilə bağlı cavabdeh tərəfindən aralarında 006 № li satış müqaviləsi bağlanılmışdır. İddiaçıya satılan həmin villa Abşeron rayonu, Saray qəsəbəsi, "Villa Badam" şəhərciyində yerləşir. Satıcı ümumi layihəyə uyğun olaraq "Villa Badam" şəhərciyinin salınması, onun müasir standartlara və bu müqavilədə göstərilən şərtlərə uyğun tikilməsini təşkil edir və alıcı ilə əvvəlcədən razılaşdırılmış villanı bu müqavilə ilə müəyyən edilmiş müddətdə təhvil verir. "xxxx" MMC-nin təsisçisi F.Əkbərov aralarında bağlanan 26 aprel 2007-ci il tarixli 006 №li Satış müqaviləsinin 2.3-cü bəndinə əsasən, Abşeron rayonu, Saray qəsəbəsi, "Villa Badam" şəhərciyi, B37 tipli 128 № li villanın ümumi qiyməti 445500 ABŞ dollarıdır. Müqavilənin 1-ci bəndinə əsasən, alıcı bu müqavilədə göstərilmiş torpaq sahəsinin ölçüsü 1392 m² olan ərazidə 297 m² ümumi sahəsi olan evi alır və onun dəyərini ödəməyi öhdəsinə götürür (villanın çöl divarlarının sahəsi istisna olmaqla qalan bütün divar, kolonlar və açıq sahələrin altındakı sahələr villanın ümumi sahəsinə daxildir). Əmlakın təhvil verilmə tarixini nəzərdə tutan müqavilənin 2.1-ci bəndində əmlakın İ və İİ əlavədə göstərilən planlara və spesifikasiyalara uyğun "xxxx" şirkətinin standart, təmirsiz halda layihənin təsdiq olunduğu tarixdən 18 ay müddətində təhvil verilməsi göstərilir. Bu müqavilənin 6-cı bəndində qeyd edilir ki, alıcı bu müqaviləni birtərəfli qaydada ləğv etmək istədikdə və satıcını bu haqda rəsmi xəbərdar etdikdə onun tərəfindən satıcıya ödənilmiş məbləğ alıcıya qaytarılmalıdır. Müqavilənin 11ci bəndinə görə, müqavilə üzrə tərəflər arasında yaranan mübahisələrin danışıqlar yolu ilə həlledilməsi mümkün olmadıqda, mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq tənzimlənir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 26 aprel 2007-ci ildə Abşeron rayonu, Saray qəsəbəsi, "Villa Badam" şəhərciyi, B37 tipli 128 №li villanın satıcı tərəfindən iddiaçıya satılması ilə bağlı 006 №li Satış müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi bugünə qədər yerinə yetirməmiş, B37 tipli 128 №li villanı tikib təhvil verməmişdir. Buna baxmayaraq iddiaçı həmin villanın tikilib ona təhvil verilməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 289.993 ABŞ dolları ödəmişdir. Bunu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənişlərinin qeyd edildiyi kassa mǝdaxil orderinin qəbzləri də təsdiq edir. Həmin puldan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddiaçıya 2021-ci il tarixdə 149000 manat pul geri qaytarmışdır. Hal-hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddiaçıya 202345 ABŞ dolları pul borcludur. 2022-ci ildə "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə prosesinin gedişatı dövründə "xxxx" MMC-nin təsisçisi F.Əkbərov iddiaçıya vədlər verərək bildirmişdir ki, həyat yoldaşı X2 ilə birlikdə əmlakdan (villadan) imtina ərizəsi versin, cavabdeh də iddiaçının pullarını geri qaytarsın. İddiaçı iddia ərizəsini geri götürdükdən sonra, məhkəmə ərizəni baxılmamış saxlamışdır. Daha sonra cavabdeh tərəf verdiyi vədlərə əməl etməyərək və üzərinə düşən öhdəliyi yerinə yetirməyərək hal-hazıradək sözügedən heç bir pul vəsaitini geri qaytarmamışdır. Beləliklə, o, iddiaçını aldadaraq əmlakdan imtina ərizəsini almağa nail olmuş, lakin üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Halhazırda da telefon zənglərinə cavab vermir. Daha sonra "xxxx" MMC ilə aralarında da məhkəmə mübahisəsi olan vaxt bundan istifadə edən Cavabdeh1 uzun illərdir tanıdığına görə ona dərin etibarı var idi. Lakin cavabdeh ona olan etibarından və çətin vəziyyətindən sui-istifadə edərək iddiaçının 40000 manat məbləğdə pulunu mənimsəmişdir. Cavabdeh1 iddiaçının məhkəmə mübahisəsinin olduğunu bildiyindən iddiaçını məhkəmədə təmsil etməsi üçün özü tanıdığı bir vəkil tapmışdır. Lakin məhkəmə gedişində MMC ilə aralarında müəyyən razılığa gəldikləri üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri götürmək barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Aralarında olan razılığa əsasən, "xxxx" MMC iddiaçıya ödəniləcək pulu hissə-hissə ödəməyi öz öhdəliyinə götürmüşdür. "xxxx" MMC-nin ödəməli olduğu 40000 manat məbləğdə pulu Cavabdeh1 alaraq mənimsəmiş və bugünə qədər də həmin pulu geri qaytarmamışdır. Cavabdeh1 Şəhniyar oğlu iddiaçıdan dələduzluq yolu ilə aldığı 40000 manat miqdarda pulu könüllü surətdə qaytarmaq istəmədiyindən, onun barəsində “pul tələbinə dair” iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Ödənişlər olunduqca qəbzlərə imza atılıb ödənişlər alınmışdır. Sözügedən 40000 manat pulu da Ayaz Əliyev götürərkən qəbzə imza çəkmişdir. Bundan əlavə Cavabdeh1 bu əməlləri ilə bağlı iddiaçı tərəfindən Baş Prokurorluğa, eləcə də Xətai Rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edilmişdir. Xətai Rayon Prokuroru Sərdar İmanov ilə olan görüşdə Cavabdeh1 iddiaçıya məxsus 40000 manat məbləğində pulu mənimsədiyini və hələ də qaytarmadığını etiraf etmişdir. X5 Cavabdeh1 iddiaçıdan aldığı 40000 manat məbləğində pulu iddiaçıya qaytarması üçün 2 gün vaxt vermişdir və bu müddət ərzində pulu qaytarmadığı təqdirdə Cavabdeh1 barəsində cinayət işi açılacağını ona bildirmişdir. Lakin edilən bütün xəbərdarlıqlara əhəmiyyət verməyərək pulu hələ də geri qaytarmamışdır. Göründüyü kimi Cavabdeh1 iddiaçının etibarından, qohumluq münasibətlərindən sui-istifadə edərək iddiaçıya məxsus 40000 manat məbləğində pulu mənimsəmiş və qaytarmamışdır. Nəticədə iddiaçının hüquqlarını pozan və mənafelərinə zidd olan qanunsuz hərəkətlər həyata keçirmişdir. Beləliklə, konstitusion hüquqlarını eyni zamanda qanunvericiliklə verilmiş hüquqlarını kobud surətdə pozmuşdur. Bu səbəbdən də cavabdehlərə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-134/2025 saylı, 24 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, Cavabdeh2 MMC ilə İddiaçı arasında 26 aprel 2007-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilənin predmeti Abşeron rayonu, Saray qəsəbəsi, Cavabdeh2 MMC-yə məxsus “Villa Badam” şəhərciyi ünvanında yerləşən 297 kv.m olan B tipli, 37 nömrəli fərdi yaşayış evi olmuşdur. Daha sonra tərəflər arasında 26 aprel 2007-ci il tarixli alqı-satqı müqaviləsinə xitam verilməsi barədə 23 sentyabr 2021-ci il tarixli razılaşma olmuşdur. Həmin razılaşmaya əsasən tərəflər 26 aprel 2007-ci il tarixli alqı-satqı müqaviləsinə hazırkı razılaşmanın qüvvəyə minməsi ilə xitam verilməsi, alqı-satqı müqaviləsinin predmeti Abşeron rayonu, Saray qəsəbəsi, Cavabdeh2 MMC-yə məxsus “Villa Badam” şəhərciyi ünvanında yerləşən 297 kv.m olan B tipli, 37 nömrəli fərdi yaşayış evini alıcının şirkətə qaytarmağı, alıcının şirkətə ödədiyi məbləğdən 23 sentyabr 2021-ci il tarixdə 70000 manat, qalan 130000 manat 07 oktyabr 2021-ci il tarixinə geri qaytarılmağı barədə razılığa gəlmişlər. İddiaçı və onun arvadı X2 13 dekabr 2021-ci il tarixdə notarial ərizə verərək 26 aprel 2007-ci il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” şəhərciyi, B37 tipli, 128 nömrəli, 297 kv.m sahəsi olan Villaya görə ona 200000 manat ödənildiyini təsdiq etmiş və həmin villadan və pay haqqından imtina etmişdir. İddiaçı hazırda cavabdehlərdən 40000 manat pul vəsaitinin tutulması barədə məhkəmədə iddia qaldırsa da, cavabdehlərin iddiaçıya 40000 manat borcunun olması iş materialları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə mülki işdə olan sübutları qiymətləndirib, işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan və sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı (nümayəndəsi və vəkili Vəkil1) apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddiasının isə təmin olunmasını xahiş edib şikayətində göstərir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə əhəmiyyət kəsb edən hallar obyektiv və hərtərəfli araşdırılmamış, maddi və prosessual pozuntulara yol verilmişdir. Nəticədə əsassız qətnamə qəbul edilmişdir. Bu səbəbdən də sözügedən qətnamə dəyişdirilməli və iddia tələbim təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. İş üzrə tərəflər məhkəmə iclasında iştirak etmir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 elektron kabinet vasitəsilə təqdim etdiyi ərizəsində Bakı şəhərində olmayacağından hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etsə də üzrlü səbəb barədə sübut əlavə etməyib. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Maddə 432.1. Əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası). Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.

13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

15. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

16. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

17. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

18. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.

19. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

20. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

21. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuşdur. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.

22. Əvvəla, iddiaçı 26 aprel 2007-ci il tarixli alqı-satqı müqaviləsinə xitam verilməsi barədə 23 sentyabr 2021-ci il tarixli razılaşmaya əsasən hazırkı iddianı irəli sürüb. Düzdü cavabdehlərdən Cavabdeh1 həmin müqavilənin tərəfi olmamışdır. Demək ki, Cavabdeh1 iddiaçı qarşısında müqavilədən əmələ gələn öhdəliyi yarana bilməzdi. Müqavilənin şərtinə görə iddiaçı fərdi yaşayış evini MMC-yə qaytarmağı, MMC isə razılaşdırılan 200000 manatın, 23 sentyabr 2021-ci il tarixdə 70000 manat, qalan 130000 manat hissəsini isə 07 oktyabr 2021-ci il tarixdə geri qaytarılacağını, məbləğ tam qaytarıldıqdan sonra iddiaçı notarius tərəfindən təsdiq olunmuş evindən imtina ərizəsini MMC-yə təqdim etməyi öhdəsinə götürüb.

23. Bununla əlaqədar, iddiaçı və arvadı notarial qaydada təsdiq edilmiş 13 dekabr 2021-ci il tarixli ərizəsində ona 200000(iki yüz min) manatın ödənildiyini, buna görə də villadan və pay haqqından imtina etdiyini göstərib. Demək Mülki Məcəllənin 529.1-ci maddəsinə əsasən iddiaçı icranı tamamilə qəbul etdiyini təsdiqləyən sənədi verib və öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilib(MM.m.528). Buna baxmayaraq, yenidən hazırkı iddianı irəli sürüb. Göründüyü kimi, iddiaçının mövqeyi anlaşılan olmamışdır. Çünki bir tərəfdən qeyd olunan məbləğin ona tam ödənilməsi barədə notarial qaydada təsdiq edilmiş ərizə verir, digər tərəfdən isə razılaşdırdıqları məbləğdən 40000(qırx min) manatın ona ödənilmədiyinə dair məhkəmədə iddia qaldırıb. 24.Əlbətdə ki, iddiaçının məhkəmə müdafiəsindən istifadə etmək hüququ mövcuddur və bunu ona qadağan etmək olmaz. Lakin mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Bir daha qeyd olunur ki, Cavabdeh1 müqavilə tərəfi olmasa da iddiaçı digər cavabdehlə yanaşı ondan da iddia edilən məbləği tələb edib. Ancaq həm iddiasında, həm də şikayətində Cavabdeh1 hüquqdan sui-istifadə edərək ona qarşı cinayət törətdiyini bəyan edir. Bununla əlaqədar, prokurorluq orqanlarına müraciət etdiyini qeyd edib. Ancaq cinayət təqibi üzrə araşdırmanın nəticəsinə dair də məhkəməyə heç bir sübut təqdim etməyib. Bu cür vəziyyətdə Cavabdeh1 ona qarşı həqiqətən cinayət xarakterli hüquqa zidd əməllər törədibsə cinayət mühakimə icraatı qaydasında hüquqlarından istifadə edə bilər. Lakin hazırkı şikayətdə göstərilən dəlillər təsdiq olunmadığından qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

25. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən və əsassız varlanmadan irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

26. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-134/2025 saylı, 24 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-134/2025 saylı, 24 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar