Məhkəmə qərarları › İş №2(103)-3494/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3494/2023

30.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3494/2023 30.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Cavabdehin nümayəndəsi Nümayəndə, Cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin zəbt olunmuş torpaq sahəsindən çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, e-2(001)-138/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı iddia edir ki, cavabdeh ona məxsus olan torpağı zəbt edib. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 1938 saylı qərarından görünür ki, Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 500 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alğı-satqı yolu ilə Cavabdeh mülkiyyətinə ayrılmışdır. Bakı şəhəri X2 xx.xx.2006-cı il tarixli, 143 saylı qərarının təsdiq olunmamış surətindən görünür ki, Biləcəri bələdiyyəsi hüdudları daxilində uzun müddətdən bəri tikdirdiyi evin altındakı və ətrafındakı 500 kv.m. torpaq sahəsinin əlavə edilmiş cizgi əsasında alğı-satqı yolu ilə İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı cavabdehin zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin 143 saylı, 03 mart 2006-cı il tarixli qərarı ilə, Biləcəri Bələdiyyəsi hüdudları daxilində 500 kv.m. torpaq sahəsi alğı-satqı yolu ilə, fərdi yaşayış evi tikmək məqsədi ilə, əlavə olunmuş cizgi əsasında iddiaçının adına sənədləşdirilmişdir. İddiaçı həmin torpaq sahəsinə böyük xərclər hesabına hasar çəkdirmişdir. Qərarın verildiyi tarixdən bu günə qədər həmin torpaq sahəsi tam olaraq 16 il iddiaçının və ailə üzvlərinin istifadəsində olmuşdur. Onlar birlikdə bu 16 il ərzində həmin torpaq sahəsinə qulluq etmiş, göyərti və tərəvəz əkib becərmiş, torpağa faktiki olaraq sahiblik etmiş və torpaqdan istifadə etmişlər. Lakin sonradan, təxminən bir il bundan əvvəl həmin torpaq sahəsinə baş çəkmək üçün gedən zaman, torpaq sahəsinin başqa bir şəxs - Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edildiyini gördülər. İddiaçı cavabdehdən torpaq sahəsini tərk etməyi tələb etmiş, lakin cavabdeh iddiaçıya məxsus olan torpaq sahəsini tərk etmək əvəzinə, həmin torpaq sahəsinə daş və qum daşıtdıraraq fərdi yaşayış evi tikməyə hazırlaşmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2022-ci il tarixli, 10/8235 saylı ekspert rəyində aşağıdakılar göstərilmişdir: “ … Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdsarəsinin mütəxəssis rəyinə əsasən, göstərilmiş ərazinin dövlət mülkiyyətində olduğu və sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilmədiyi müəyyən olundu. Mütəxəssis rəyinə əsasən, göstərilən sahənin “Yaşayış məntəqələri torpaqları” kateqoriyasına aid olduğu müəyyən olundu. Faktiki olaraq 783 kv.m. təşkil edən torpaq sahəsi dövlət qeydiyyatına alınmadığı üçün və bələdiyyə sənədlərinə əlavə edilmiş çizgidə dəqiq istinad məsafələri və ölçüləri göstərilmədiyi üçün torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilib-edilməməsinə dair sualını cavablandırmaq mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən, torpaq sahəsi dövlət qeydiyyatına alınmadığı üçün ayrılmış 500 kv.m. torpaq sahəsinin sənəd üzrə üstüstə düşüb-düşməməsi müəyyənləşdirmək mümkün olmamışdır”. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, e-2(001)- 138/2023 nömrəli qətnaməsi ilə iddia ərizəsi rədd edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyini ondan ibarət olmuşdur ki, ekspert rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi ümumiyyətlə dövlət mülkiyyətinə aiddir və hər hansı bələdiyyənin həmin torpaq sahəsi üzrə sərəncam vermək hüququnun mövcud olması iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmır. Eyni zamanda iddiaçı ona bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsini iddia etsə də, buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2022-ci il tarixli, 10/8235 saylı ekspert rəyi ilə isə iddia ərizəsində qeyd olunanlar öz təsdiqini tapmamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən hazırkı iddia tələbi irəli sürülməzdən əvvəl Bakı şəhəri X2 xx.xx.2006-cı il tarixli, 143 saylı Qərarı ilə İddiaçı mülkiyyətinə ayrılmış torpaq sahəsinin bələdiyyə tərəfindən ona naturada təhvil verilməsi və torpağa dair miqyas, koordinat, hər hansı istinad nöqtəsindən məsafə göstərilən cizginin tərtib edilməsi zəruri idi. Hazırkı vəziyyətdə isə iddiaçının məhz mübahisələndirdiyi torpaq sahəsinə hər hansı hüqunun olmasını iş materiallarında olan sənədlərə əsasən müəyyən etmək mümkün deyil. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 77.1, 119.1-ci maddələrinə eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarına və “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarına istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, torpaq sahəsinin ona məxsus olmasını təsdiq edən sənədlər, bələdiyyənin qərarını, torpaq üçün ödəniş qəbzləri, təsdiq olunmuş cizgini, su, işıq və qaz çəkilişi üçün müvafiq təşkilatlardan bütün razılıq sənədlərinin və digər sənədlərin məhkəməyə təqdim olunmasına baxmayaraq, torpaq sahəsinin məhz onun həmin sahədə əvvəlcədən tikdiyi yaşayış evinə görə bələdiyyə tərəfindən ona verilməsinə, həmin torpaq sahəsindən 20 ilə yaxın müddət ərzində fasiləsiz istifadə etməsinə baxmayaraq məhkəmə hesab etmişdir ki, onun həmin torpaq sahəsinə görə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Bu isə qeyd etdiyi faktlardan göründüyü kimi olduqca əsassız yanaşmadır. 20 ilə yaxındır ki, onun istifadəsində olduğu üçün onun gözlənti hüququ vardır və gələcəkdə həmin torpaq sahəsinə mülkiyyət sənədi almağı planlamışdır. Bundan başqa birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş ekspert rəyinin cavabları həqiqəti əks etdirmir. Belə ki, cavabdehin daş daşıtdıraraq ona məxsus ərazidə tikinti işlərinin aparılmasına hazırlaşması göz önündə olduğu halda, 3 cü suala cavabda, yəni sahənin zəbt olunub olunmaması hissəsində “cavablandırmaq mümkün deyildir” kimi cavab verilmişdir. Bundan başqa müraciəti əsasında “X5 və Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aparılmış alternativ ekspertizanın nəticəsində verilmiş rəydə, cavabdehə məxsus olan torpaq sahəsinin Binəqədi qəsəbə Bələdiyyəsi ərazisində yerləşmədiyi barədə rəy verilmişdir. Bundan başqa, ona verilmiş torpaq sahəsinin sənədlərinin əsilləri hal – hazırda da onlarda mövcud olduğu halda, cavabdehdə olan sənədlərin əsilləri aylardır ki, heç kimə təqdim olunmur. Ona görə ki, həmin sənədlərin əsilləri mövcud deyildir. Cavabdeh torpaq sahəsi ayrılması barədə Binəqədi qəsəbə Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli, 1938 saylı qərarının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzində qeydiyyata alınıb-alınmaması barədə sorğu verilmiş, lakin cavab alınmamışdır. Cavab alınan kimi, dərhal apellyasiya instansiyası məhkəməsinə təqdim olunacaqdır. Bundan başqa “ASAN” xidmətdə yerləşən arxiv idarəsinə də sorğular verilmişdir ki, cavabı alınmadığı üçün alınan kimi dərhal apellyasiya instansiyası məhkəməsinə təqdim olunacaqdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin tərtib etdiyi rəy ilə, “X5 və Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib olunmuş rəy arasında ziddiyyət olduğu üçün, əlavə məhkəmə mühəndis texniki ekspertizası təyin olunaraq rəy alınmalıdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə və cavabdehin vəkili Vəkil2 ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 13-cü maddəsinin 1-ci bəndi: Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 1-ci və 2-ci bəndi: Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

158. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

Torpaq Məcəlləsi:

5-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 32. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarı

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tələbinin əsası kimi Bakı şəhəri Binəqədi rayonu X2 xx.xx.2006-cı il tarixli, 143 saylı qərarınına (sənədin əsli iş materiallarında mövcud deyildir) istinad etmişdir. Həmin təsdiq olunmamış qərarın surətinə əsasən isə Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində bəri tikdirdiyi altındakı və ətrafındakı 500,0 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alğı-satqı yolu ilə ünvan 1 ünvanda yaşayan İddiaçı adına sənədləşdirilmişdir. İddiaçının ona məxsus olmasını iddia etdiyi torpaq sahəsini zəbt etməsini iddia etdiyi Cavabdeh adına olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 1938 saylı qərarının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 500 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alğı-satqı yolu ilə sonuncunun mülkiyyətinə ayrılmışdır. İş materiallarında olan torpaqların alğı-satqısına dair aktın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh xx.xx.2005-ci il tarixdə bələdiyyə orqanına torpaq sahəsi almaq üçün müraciət etmiş və bələdiyyənin bank hesabına 679978 saylı qəbz əsasında 200000 manat ödəmişdir. İş materiallarında olan AİT 679978 saylı qəbzin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin hesabına torpağın dəyəri olan 200000 manat ödəmişdir. İş materiallarından görünür ki, hər iki tərəf məhz bələdiyyə tərəfindən verilmiş torpaq ayırma sənədlərinə istinad edir. Belə olan halda işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmə olaraq birinci instansiya məhkəməsi mübahisəli hər hansı bələdiyyənin mübahisəli torpaq sahəsi üzrə sərəncam vermək hüququnun mövcud olması ilə bağlı, eləcə də sənədlərin təsdiq olunmuş surətlərini və müvafiq məlumatları əldə etmək üçün həm Bakı şəhəri, Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə, həm də Bakı şəhəri Biləcəri qəsəbə Bələdiyyəsinə sorğu verilmişdir. Lakin Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən məhkəməyə müvafiq sənədlər göndərilmiş və sorğuya cavab olaraq göstərilmişdir ki, Binəqədi qəsəbə Bələdiyyəsinin 1938 saylı, 30 dekabr 2005-ci il tarixli Qərarına əsasən vətəndaş Cavabdeh, Binəqədi qəsəbəsinin inzibati ərazisinin hududları daxilində fərdi yaşayış evinin tikintisi ücün 500 kv.m. torpaq sahəsi ayıraraq adına rəsmiləşdirilmişdir. Qeyd olunan torpaq sahəsinə iddiaçı qismində çıxış edən İddiaçı Binəqədi qəsəbə Bələdiyyəsinə hər hansı məqsədlə heç bir müraciəti daxil olmamış və adına Binəqədi qəsəbə Bələdiyyəsində torpaq sahəsinin alqı-satqısına dair sənədləşmə mövcud deyildir”. Bakı şəhəri Biləcəri qəsəbə Bələdiyyəsi tərəfindən isə məhkəmənin sorğusuna hər hansı cavab verilməmiş, müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında əslinə baxış keçirilmiş və surəti iş materiallarında olan Bakı şəhəri X2 cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 1938 saylı qərarından görünür ki, Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 500 kv.m. torpaq sahəsi onun adına rəsmiləşdirilərək istifadəsinə verilmişdir. İstifadəsində olan torpaq sahəsinə iddiaçı olan İddiaçı adına Binəqədi qəsəbə Bələdiyyəsində heç bir sənədləşmə mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsinin iclasında əslinə baxış keçirilmiş və surəti iş materiallarında olan Bakı şəhəri X2 Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etmək üçün verdiyi xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 1938 saylı qərarla Cavabdeh istifadəsi üçün 500 kv.m. torpaq sahəsi ayrılmışdır. Apellyasiya instansiyası məhkəməsinin iclasında əslinə baxış keçirilmiş və surəti iş materiallarında olan Bakı şəhəri Bilnəqədi qəsəbə Bələdiyyəsinin İnventarizasiya Komissiyasının üzvləri Kazımov Natiq, Haxızadə Gülnarə, Nadirova Esmira, Cəfərov Qorxmaz və Əliyev Əli oğlunun tərtib etdikləri və imzaladıqları xx.xx.2022-ci il tarixli aktından görünür ki, Bələdiyyə müraciət etmiş Cavabdeh Bakı şəhəri X2 inzibati ərazisində Bələdiyyənin 1938 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə adına rəsmiləşdirilmiş 500 kv.m torpaq sahəsinə Biləcəri Bələdiyyəsinin 143 saylı Qərarını təqdim edən İddiaçı qeyd olunan torpaq sahəsinin ona aid olduğunu bildirmişdir. Tərəflərində araşdırmalar və müzakirələr aparılaraq bu nəticəyə gəlinmişdir ki, qeyd olunan torpaq sahəsi Binəqədi qəsəbə Bələdiyyəsinin inzibati ərazinə aid olduğu, iddia olunan torpaq sahəsində hər hansı tikintinin olmadığı və ya tikintinin aparılması ehtimalı, eləcə də, özül belə qazıntısı olmadağı vətəndaş İddiaçı izah olunmuşdur. Mübahisəli torpan sahəsi Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən bölgüsü aparılmış, yaşayış massivinin arasında Binəqədi qəsəbə sakinlərinin birgə yaşadığı ərazidə yerləşir. Adı çəkiən torpaq sahəsinin Cavabdeh aid oldğunu yaxınlıqda yaşayan qonşularda da təsdiq edirlər. Belə ki, aidiyyatı torpaq sahəsi mişar daşı ilə hasara alınmış, ərazinin torpaqla münbitləşməsi və hamarlanması məhz Cavabdeh ailə üzvləri tərəfindən həyata keçirildiyini ətraf qonşular təsdiq edirlər. Mübahisəli sahənin Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 1938 saylı qərarı ilə Cavabdeh ayrılması və yerində baxış keçirilərkən sözügedən torpaq sahəsinin Binəqədi qəsəbəsi hüdudları daxilində yerləşməsi apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin cavabdehə ünvanladığı xx.xx.2020-ci il tarixli cavab məktubunun əsli ilə də təsdiq edilir. İş materiallarından görünür ki, cavabdeh tərəf Cavabdeh adına Binəqədi qəsəbə Bələdiyyəsinin 1938 saylı, 30 dekabr 2005-ci il tarixli Qərarı mövcuddursa, həmin qərarın arxiv sənədlərinin surətlərinin alınması üçün sorğu verilməsini birinci instansiya məhkəməsindən xahiş etmiş, lakin işə mahiyyəti üzrə baxılarkən iştirak etməmişlər. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, MPM-nin tələblərinə əsasən Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmçinin, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil” Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz Apellyasiya şikayətində iddiaçı ona verilmiş torpaq sahəsinin sənədlərinin əsilləri (orijinalı) hal – hazırda da onda mövcud olmasını göstərsə də, bu sənədlərin əslini və ya təsdiq edilmiş surətlərini nə birinci instansiya məhkəməsinə təqdim etmiş, nə da apellyasiya şikayətinə əlavə etmişdir. Bundan əlavə, iddiaçı Bakı şəhəri X2 xx.xx.2006-cı il tarixli, 143 saylı Qərarı ilə onun mülkiyyətinə ayrılmış torpaq sahəsinin bələdiyyə tərəfindən ona naturada təhvil verilməsi və torpağa dair miqyas, koordinat, hər hansı istinad nöqtəsindən məsafə göstərilən cizginin tərtib edilməsi barədə də məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Həmçinin, apellyasiya şikayətinin cavabdehin adına verilmiş sənədlərin əsilləri mövcud olmamasına dair dəlillərini də kollegiya əsassız sayır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən məhkəməyə sorğu əsasında cavabdehin adına olan qərarın, alğı-satqı aktının, cizgi sxemin təsdiq edilmiş surətlərini təqdim etmişdir Belə olan halda cavabdehin adına olan Binəqədi qəsəbə Bələdiyyəsinin 1938 saylı, 30 dekabr 2005-ci il tarixli Qərarının və qərarda qeyd edilən torpaq sahəsinə dair digər sənədlərin mövcudluğunun şübhə altına alınması ilə bağlı iddiaçı tərəfin dəlilləri əsassızdır. Apellyasiya şikayətində apellyatorun Binəqədi qəsəbə Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli, 1938 saylı qərarının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzində qeydiyyata alınıb-alınmaması, eləcə də ASAN xidmətdə yerləşən arxiv idarəsinə də sorğular verilərək hələ ki, cavabların alınmamasını, alındıqdan sonra apellyasiya instansiyası məhkəməsinə təqdim edilməsini göstərməsinə kollegiya qiymət verərək qeyd edir ki, iddiaçı bu sübütları birinci instansiya məhkəməsinə iddia ilə müraciət etməzdən əvvəl əldə etməli və müvafiq cavablar alaraq birinci instansiya məhkəməsinə təqdim olunmalı idi. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hesab edir ki, apellyasiya şikayətinin «X5 və Ekspertiza Mərkəzi» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aparılmış alternativ ekspertizanın sonucunda verilmiş rəydə, cavabdehə məxsus olan torpaq sahəsinin Binəqədi qəsəbə Bələdiyyəsi ərazisində yerləşmədiyi barədə rəy verilməsinə dair dəlilləri hazırki iş üzrə sübut növü kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 372.2ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmçinin məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri sayır ki, iddiaçı ona Biləcəri bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsini iddia etsə də, buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, iddiaçının tələbində və apellyasiya şikayətində də ona ayrılmış sahə ilə bağlı ziddiyyətli məqamlar mövcuddur ki, bunlara diqqət yetirilməsi zəruridir. Belə ki, iddiaçı tələbində qərarın verildiyi tarixdən bu günə qədər (iddia verilən gün) həmin torpaq sahəsi tam olaraq 16 il onun və ailə üzvlərinin istifadəsində olmasını, birlikdə bu 16 il ərzində həmin torpaq sahəsinə qulluq edərək göyərti və tərəvəz əkib becərməsini torpağa faktiki olaraq sahiblik edərək torpaqdan istifadə etmələrini, sonradan, təxminən bir il bundan əvvəl həmin torpaq sahəsinə baş çəkmək üçün gedən zaman, torpaq sahəsinin başqa bir şəxs - Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edildiyini göstərmişdir. Apellyasiya şikayətinin dəlillərində isə iddiaçı hələ bələdiyyə qərarını almamışdan xeyli əvvəldən onlar həmin torpaq sahəsində böyük xərclər hesabına ev tikərək hasar çəkdirmələrini, sonradan isə orada daha büyük ölçülü yaşayış evi tikməkdən ötrü həmin ev tərəfindən sökülməsini, qərardan əvvəl həmin sahədə ev tikərək, həmin torpaq sahəsi 20 (iyirmi) ilə yaxın bir müddətdə onun və ailə üzvlərinin istifadəsində olmasını göstərmişdir. Halbuki, Binəqədi bələdiyyəsinin təqdim etdiyi sənədlərdən və cavabdeh tərəfin izahatlarından isə məlum olur ki, iddia olunan torpaq sahəsində hər hansı tikintinin olmadığı və ya tikintinin aparılması ehtimalı, eləcə də, özül belə qazıntısı yoxdur. Bütün yuxarıda göstərilən diqqətəlayiq mühüm məqamlar iddiaçının hazırda cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin ona verilmiş torpaq sahəsi olmasına dair dəlillərinin tam əsassız olmasına nəticəsinə gəlməsinə kifayət qədər əsas verir. Lakin bununla belə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi hər hansı bələdiyyənin həmin torpaq sahəsi üzrə sərəncam vermək hüququnun mövcud olması iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmamışdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçı tərəfin vəsatəti əsasında iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2022-ci il tarixli, 10/8235 saylı ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, göstərilmiş ərazinin dövlət mülkiyyətində olduğu və sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilmədiyi müəyyən olundu. Mütəxəssis rəyinə əsasən, göstərilən sahənin “Yaşayış məntəqələri torpaqları” kateqoriyasına aid olduğu müəyyən olundu. Faktiki olaraq 783 kv.m. təşkil edən torpaq sahəsi dövlət qeydiyyatına alınmadığı üçün və bələdiyyə sənədlərinə əlavə edilmiş cizgidə dəqiq istinad məsafələri və ölçüləri göstərilmədiyi üçün torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilib-edilməməsinə dair sualını cavablandırmaq mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən, torpaq sahəsi dövlət qeydiyyatına alınmadığı üçün 500 kv.m. torpaq sahəsinin sənəd üzrə üst-üstə düşüb-düşməməsini müəyyənləşdirmək mümkün olmamışdır İşin qeyd olunan halları ilə birinci instansiya məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsinə hər hansı hüququ olmamışdır. Belə ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi kimi həm Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2022-ci il tarixli, 10/8235 saylı ekspert rəyi ilə iddia ərizəsində qeyd olunanlar öz təsdiqini tapmamışdır. Həmçinin də hazırki vəziyyətdə isə iddiaçının məhz mübahisələndirdiyi torpaq sahəsinə hər hansı hüqunun olmasını iş materiallarında olan sənədlərə əsasən müəyyən etmək mümkün deyil. Başqa sözlə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ olmamasına dair nəticələri qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası iş materiallarında olan sözügedən ekspertiza rəyinə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hər iki tərəfə qərar vermiş bələdiyyələr 3-cü şəxs kimi cəlb edilməmiş, apellyasiya instansiyası məhkəməsi də bunə zərurət görməmişdir. Belə ki, rəydə göstərilmiş ərazinin dövlət mülkiyyətində olduğu və sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilmədiyinə görə hər iki tərəfə qərar vermiş bələdiyyələri iş üzrə cəlb edilərək, hər bir tərəfin istinad etdiyi sənədin bələdiyyədə mövcud olması, onların qüvvədə olması, qərarların əlavəsi olan və torpağın yerdə quruluşun müəyyən edən plan cizgininin mövcud olması və onlar arasında ziddiyyətin olub-olmamasını, bələdiyyə ilə tərəflərin istinad etdiyi qərarlar əsasında ayrılmış torpaq sahələrinin eyni torpaq sahəsi olub-olmasını müəyyən edə biləcək və bələdiyyədə saxlanılan xəritələr əsasında miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilib göstərilməməsi aydınlaşdırılmasına zərurət qalmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla formal mülahizələrdən ibarət olmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, e-2(001)- 138/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar