Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3495/2023 08.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: apellyasiyanın qeyri-mümkünlüyü Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 fevral 2018-cü il tarixli, 2(011)-6333/2018 nömrəli qərardadından cavabdehin şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
1. Ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 fevral 2013-cü il tarixli 1147 nömrəli kredit müqaviləsi üzrə yaranmış 6432,14 ABŞ dolları məbləğində əsas, 2983,92 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə yaranmış faiz borcunun, əldən çıxmış faydaya görə 4419 ABŞ dollarının, yəni cəmi 13835,06 ABŞ dolları məbləğində kredit borcunun və işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ üzrə Cavabdeh məxsus “Mercedes Benz-320” minik markalı **- MP-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması yolu ilə əldə edilmiş vəsait hesabına banka olan borcun ödənilməsi, avtomobilin satışından əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı təqdirdə çatışmayan məbləğin “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli, 2(011)- 6333/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh ödəniş gününə qüvvədə olan məzənnə ilə 6432,14 ABŞ dolları məbləğində əsas borc, 2974,29 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 9406,43 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tələbin Cavabdeh məxsus “Mercedes Benz- E320” minik markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracda satılması, həmin avtomobilin satılmasından əldə edilən vəsaitdən ödəniş gününə qüvvədə olan məzənnə ilə 9406,43 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 145 manat məbləğdə pul vəsaitinin Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
3. Cavabdeh qətnamədən şikayət verərək, ləğv edilib iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(011)- 6333/2018 nömrəli qərardadı ilə şikayət geri qaytarılmışdır.
5. Cavabdeh həmin qərardaddan şikayət verərək, ləğv edilməsini xahiş etmişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(011)- 6333/2018 nömrəli qərardadına əsasən şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır; Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır; Maddə 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir; Maddə 361.1. Apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir; Maddə 361.1.4. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir; Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər;
8. Məhkəmə aktlarından verilən apellyasiya şikayətinin formasını müəyyən edən “Apellyasiya şikayətinin forması” adlı “Əlavə 2” (2 saylı Əlavə) “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və MPM-ə daxil edilmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. İşdən müəyyən olunur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 fevral 2023cü il tarixli qərardadı 10 fevral 2023-cü il tarixdə cavabdehin vəkili və nümayəndəsi Nümayəndə elektron kabinetinə yerləşdirilməklə cavabdehə çatdırılmış, sonuncunun hazırkı şikayəti isə elektron kabinet vasitəsilə 16 mart 2023-cü il tarixdə göndərilmiş, bununla da qərardaddan şikayət verilməsi üçün qanunla nəzərdə tutulan 10 günlük prosessual müddət ötürülmüşdür.
10. İş üzrə qərarddan şikayət verilməsi üçün prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdir.
11. Bundan əlavə, MPM-in “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində apellyasiya şikayətinin cədvəl forması və şikayətdə hansı məlumatların göstərilməli olması müəyyən edilmiş, Əlavə ilə tələb olunmuşdur ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməli; şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli; məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməli; məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli; apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir.
12. “Apellyasiya şikayətinin forması” adlı 2 saylı əlavənin “Barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat” adlı 4-cü hissəsindən məlum olur ki, həmin əlavə həm məhkəmə qətnamələrinə, həm də qərardadlara şamil olunur. Eyni nəticə Əlavənin 7-ci hissəsindən də irəli gəlir.
13. İşdən müəyyən olunur ki, şikayətdə mülki prosessual qanunvericiliyin qeyd olunan imperativ göstərişləri yerinə yetirilməmiş, şikayət “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavə ilə tələb olunan cədvəl formasına və cədvəl daxilində məzmuna uyğun tərtib edilməmişdir.
14. MPM-in 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
15. Lakin birinci instansiya məhkəməsi qanunun tələblərini diqqətə almamış, müddət ötürülməklə verilmiş, eyni zamanda MPM-in 361.1-ci maddəsinə və “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsinə uyğun forma və məzmunda tərtib edilməyən şikayəti qaytarmalı olduğu halda, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.
16. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət, mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.
17. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 fevral 2028-cü il tarixli, 2(011)- 6333/2028 nömrəli qərardadından Cavabdeh şikayəti qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev