Məhkəmə qərarları › İş №2(103)-3495/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3495/2025

20.06.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3495/2025 20.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMMC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: kommunal xidmətə görə haqqın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil2, cavabdehlərdən Cavabdeh4, Cavabdeh2, Cavabdeh7, Cavabdeh1 və sonuncunun nümayəndəsi (vəkili) X1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-413/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı MMMC, cavabdehlər Cavabdeh4, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı MMMC xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçmişdir. Həmin dövrə qədər "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xətai prospekti 38 ünvanında inşa edilən yüksəkmərtəbəli çoxmənzilli binanın saxlanması xidmətləri həyata keçirilirdi. xx.xx.2019-cu il tarixli ümumi yığıncağın qərarı ilə binanın saxlanması xərcləri mənzilin ümumi sahəsinin hər kv.metri üçün 30 qəpik məbləğində müəyyən olunmuşdur. İddiaçı MMMC ilə "xxxx" MMC arasında mənzil mülkiyyətçilərinə olan tələb hüququnun verilməsi (78.845 manat) və borc öhdəliklərinin (66283 manat) ötürülməsi haqqında xx.xx.2023-cü il tarixli razılaşma bağlanmışdır.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4439/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 562,20 manat məbləğində kommunal ödənişlərə görə pul vəsaiti və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 15,90 manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir;

3. Binanın saxlanması xərclərinə (kommunal xidmət haqqına) dair borc ilə bağlı maliyyə arayışının surətindən görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh1 borcu 1134,6 manat, Cavabdeh2 borcu 91,8 manat, Cavabdeh4 borcu 600,8 manat, Cavabdeh7 borcu 655,2 manat, Cavabdeh6 borcu 355,8 manat təşkil edir.

4. İddiaçı MMMC-nin 2023-cü il üçün illik gəlir və xərclərinin hesabatından görünür ki, cəmi xərc 136394 manat təşkil etmişdir; İddiaçı MMC tərəfindən görüləcək işlərin smetasından görünür ki, görüləcək işlərin ümumi dəyəri 68061 manat təşkil edir; İddiaçı MMMC-nin 2025-ci il üçün illik gəlir və xərclərinin hesabatından görünür ki, cəmi xərc 253210 manat təşkil etmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı MMMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, binanın saxlanması xərclərinə (kommunal xidmət haqqına) görə xx.xx.2024-cü il tarixinədək borcları yaranmış cavabdehlər Cavabdeh4 - 600,80 manat, Cavabdeh1 - 1134,60 manat, Cavabdeh6 - 355,80 manat, Cavabdeh7 - 655,20 manat, Cavabdeh2 - 91.80 manat məbləğində pulun, həmçinin hüquqi xidmət haqqı xərcinə görə 500 manat, ödənilmiş dövlət rüsumuna görə 59 manat, korrespondensiya xərclərinə görə 50 manat məbləğində pulun müştərək qaydada cavabdehlərdən tutularaq "xxxx" MMMC-yə ödənilməsi və binanın saxlanması xərcləri ödənilənədək cavabdehlərə bütün kommunal xidmətlərin göstərilməsinin məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Eyni zamanda iddiaçı məhkəməyə ərizə təqdim edərək borc tam ödənildiyindən cavabdehlər Cavabdeh5 və Cavabdeh3 münasibətdə iddia tələblərindən imtina etdiklərini bildirmişdir.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 413/2025 saylı qərardadı ilə İddiaçı MMMC-nin kommunal borcun ödənilməsi tələbinə dair mülki iş üzrə icraata cavabdehlər Cavabdeh3 və Cavabdeh5 aid hissədə xitam verilməsi qərara alınmışdır.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, yaşadıqları binada binanın saxlanması xərcləri, o cümlədən, giriş-çıxışa və əraziyə nəzarətin həyata keçirilməsi, ümumi istifadədə olan sahələrin, həyətin təmizlənməsi, liftlərə xidmət göstərilməsi, saz vəziyyətdə saxlanılması, liftlərin təmiri və elektrik enerjisi ilə təmin olunması, məişət tullantılarının müəyyən olunmuş yerdən daşınması, cari təmir işlərinin həyata keçirilməsi, suyun anbardan nasoslar vasitəsilə mənzilə verilməsi, blokların, pilləkənlərin, həyətlərin işıqlandırılması işləri İddiaçı MMMC tərəfindən həyata keçirilir. İddiaçı MMMC-nin ümumi yığıncağının qərarına əsasən binanın saxlanması xərcləri mənzilin ümumi sahəsinin hər kv.m üçün 30 qəpik məbləğində müəyyən olunmuşdur. Cavabdehlərə dəfələrlə şifahi formada müraciətlər olunsa da, onlar binanın saxlanması xərclərinə görə yaranmış borcun ödənilməsindən imtina etmişdir. Sonradan tərəflərindən qanunvericiliyə uyğun olaraq həmin şəxslərə pretenziya göndərilmiş, lakin müəyyən olunmuş müddətlər ərzində həmin borc onlar tərəfindən yenə də ödənilməmişdir. Bundan əlavə İddiaçı MMMC-ni təmsil edəcək səlahiyyətli nümayəndə ilə bağlanmış müqavilə əsasında tərəflərindən hüquqi xidmət haqqı kimi 500 manat ödənilmişdir.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 413/2025 nömrəli qətnaməsi ilə (hakim N.Tağıyeva) iddia qismən təmin edilmiş, Cavabdeh1 kommunal xidmətlərə görə 427,60 manat, Cavabdeh4 391,5 (üç yüz doxsan bir manat, əlli qəpik) manat, Cavabdeh6 142,80 (yüz qırx iki manat, səksən qəpik) manat, Cavabdeh2 25,2 (iyirmi beş manat, iyirmi qəpik) manat və Cavabdeh7 406,4 (dörd yüz altı manat, qırx qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMMC-yə ödənilməsi, 59 manat dövlət rüsumunun 30 (otuz) manatının cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

10. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, iddia tələbi üzrə tələb olunan vəsaitlər (binanın saxlanması xərcləri, binanın ətrafının abadlaşdırılması, təmir və abadlıq işləri, liftlərin təmir edilməsi və sairə görə) cəmiyyətin ümumi yığıncağının 13 mart 2019-cu il, xx.xx.2023-cü il və 29 oktyabr 2024-cü il tarixli qərarları (protokolu) ilə müəyyən edilmişdir. Həmin məbləğlər cəmiyyətin sahə mülkiyyətçilərinin ümumi iradə ifadəsini təşkil edir, ümumi yığıncağın qərarı və protokolu hər hansı sahə mülkiyyətçisi tərəfindən mübahisələndirilməmiş, ləğv və ya etibarsız hesab edilməmişdir. Belə olan halda ümumi yığıncağın qərarının hüquqi nəticəsi də tətbiq olunmalıdır. Həmçinin iddiaçı tərəfindən çəkilən xərclərin smetası da məhkəməyə təqdim edilmişdir. O da nəzərə alınmalıdır ki, çəkilən bütün xərclərin qəbzlərinin alınması və təqdim edilməsi qeyri-realdır. Cavabdehlər yaşayış sahəsinin mülkiyyətçiləri olmaqla MMMC-nin xidmətlərindən istifadə etdiyindən, kommunal, məişət və göstərilən digər xidmətlərə görə haqqı ödəməlidir. Bu baxımdan iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.

11. Cavabdehlərdən tutulmalı olan məbləğə gəlincə qeyd edilməlidir ki, iddiaçı “Nəsimi 45" MMMC xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlamışdır. Belə olan halda “Nəsimi-45" MMMC yalnız xx.xx.2022-ci il tarixdən başlayaraq xidmət haqqına görə ödəniş tələb edə bilər. İddiaçı 2020-ci ildən xx.xx.2022-ci il tarixədək kommunal borcun ödənilməsini tələb etmək hüququnun "xxxx" MMC ilə onun arasında bağlanmış razılaşmadan irəli gəldiyinə istinad edir. Belə ki, iş materiallarına əlavə edilmiş tələb hüququnun verilməsi və borc öhdəliklərinin ötürülməsi haqqında xx.xx.2023cü il tarixli razılaşmanın surətindən görünür ki, "xxxx" MMC-nin fəaliyyətini dayandırması və həmin binanın sakinlərinə binanın saxlanması xidmətlərinin göstərilməsi üçün “Nəsimi- 45" mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin fəaliyyətə başlaması ilə əlaqədar olaraq tərəflər “Kommunal" MMC-nin çoxmənzilli yaşayış binasının mənzil mülkiyyətçilərinə kommunal xidmət göstərməsi ilə bağlı xx.xx.2022-ci il tarixədək yaranmış 78.845 manat məbləğində tələb hüququnun "xxxx" mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinə ötürülməsi, bunun qarşılığında “Kommunal" MMC-nin "xxxx" ASC-yə 66283 manat, "xxxx" MMC-yə 4500 manat, icarə haqqına 7745 manat borc öhdəliklərini “Nəsimi-45" mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin öz öhdəsinə götürməsi barədə razılığa gəlmişlər. Lakin məhkəmə qeyd edir ki, həmin müqavilə etibarsız olmaqla üçüncü şəxslər üçün öhdəlik yarada bilməz. Sahə mülkiyyətçilərini borclandıran müqavilə yalnız ümumi yığıncağın qərarı ilə qəbul edilmiş olduqda etibarlı sayıla bilərdi. Əks hal hüquqlardan suiistifadəyə yol açmaqla, mənzil mülkiyyətçilərini əlverişsiz vəziyyətə sala bilər.

12. İddiaçı tərəfindən təqdim edilmiş Cavabdeh1 binanın saxlanmasına dair borcu ilə bağlı maliyyə arayışından görünür ki, onun 2018-2024-cü illər arasında (xx.xx.2024-cü il tarixədək) kommunal xidmətlərdən istifadəyə görə 1134,60 manat borcu yaranmışdır. Həmin borcdan 2022-ci ilin sentyabr ayınadək olan borc "xxxx" MMC-dən ötürülmüş borclardır. Tərəflər arasında bağlanmış müqavilə isə qanunazidd olmaqla etibarsız olduğundan qeyd edilən tarixədək olan borcları iddiaçının tələb etmək hüququ olmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, 2018-ci il üzrə tələb edilən 15,20 manat, 2019-cu il üzrə tələb edilən 0,60 manat, 2020-ci il üzrə tələb edilən 345,60 manat, 2021-ci il üzrə tələb edilən 345,60 manat pul, cəmi 707 manat pul çıxılmaqla qalan borc, yəni 427,60 (1134,60-707) manat məbləğində pul Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərdən də görünür ki, o, 2022-ci il üzrə cəmi 360 manat, 2023-cü il üzrə cəmi 218 manat ödəniş etmişdir.

13. O da qeyd edilməlidir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-4439/2021 saylı qətnaməsi ilə Cavabdeh1 "xxxx" MMC-yə olan xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək mövcud kommunal borca görə 562,20 manat məbləğində pulun tutulması qət edilmişdir. Göründüyü kimi, “Tələb hüququnun verilməsi və borc öhdəliklərinin ötürülməsi haqqında” xx.xx.2023-cü il tarixli razılaşmaya əsaslanaraq iddiaçının tələb etdiyi borcun böyük bir qismi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə artıq cavabdehdən tutulmuşdur.

14. Digər Cavabdeh4 600,80 manat məbləğində pulun tutulması tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, onun 2021-2024-cü illər arasında (xx.xx.2024-cü il tarixədək) 600,80 manat borcu yaranmışdır. Həmin borcdan 2022-ci ilin sentyabr ayınadək olan borc "xxxx" MMC-dən ötürülmüş borclardır. Tərəflər arasında bağlanmış müqavilə isə qanunazidd olmaqla etibarsız olduğundan qeyd edilən tarixədək olan borcları iddiaçının tələb etmək hüququ olmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, 2021-ci il üzrə tələb edilən 26,10 manat, 2022-ci il üzrə tələb edilən 183,2 (313,2 - 130=183,2) manat pul, cəmi 209,3 manat pul çıxılmaqla qalan borc, yəni tələb edilən 600,80 manat puldan 209,3 manat çıxılmaqla, yerdə qalan 391,5 (600,80-209,3) manat məbləğində pul Cavabdeh4 tutularaq iddiaçıya ödənilməlidir.

15. Digər Cavabdeh6 355,80 manat məbləğində pulun tutulması tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, onun 2020-2024-cü illər arasında (xx.xx.2024-cü il tarixədək) 355,80 manat borcu yaranmışdır. Həmin borcdan 2022-ci ilin sentyabr ayınadək olan borc "xxxx" MMC-dən ötürülmüş borclardır. Yuxarıda qeyd edilənlər baxımından məhkəmə hesab edir ki, 2021-ci il üzrə tələb edilən 123 manat, 2022-ci il üzrə tələb edilən 90 manat pul, cəmi 213 manat pul çıxılmaqla qalan borc, yəni 142,80 (355,80-213) manat məbləğində pul Cavabdeh6 tutularaq iddiaçıya ödənilməlidir.

16. Cavabdeh2 91.80 manat məbləğində pulun tutulması tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, onun 2021-2024-cü illər arasında (xx.xx.2024-cü il tarixədək) 91,80 manat borcu yaranmışdır. Həmin borcdan 2022-ci ilin sentyabr ayınadək olan borc "xxxx" MMC-dən ötürülmüş borclardır. Yuxarıda qeyd edilənlər baxımından məhkəmə hesab edir ki, 2021-ci il üzrə tələb edilən 66,6 manat pul çıxılmaqla qalan borc, yəni tələb edilən 91,80 manat puldan 66,6 manat pul çıxılmaqla yerdə qalan 25,2 (91,80-66,6) manat məbləğində pul Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir.

17. Cavabdeh7 655,20 manat məbləğində pulun tutulması tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, onun 2021-2024-cü illər arasında (xx.xx.2024-cü il tarixədək) 655,20 manat borcu yaranmışdır. Həmin borcdan 2022-ci ilin sentyabr ayınadək olan borc "xxxx" MMC-dən ötürülmüş borclardır. Yuxarıda qeyd edilənlər baxımından məhkəmə hesab edir ki, 2021-ci il üzrə tələb edilən 248,8 manat pul çıxılmaqla qalan borc, yəni tələb edilən 655,20 manat puldan 248,8 manat pul çıxılmaqla, yerdə qalan 406,4 (655,2-248,8) manat məbləğində pul Cavabdeh7 tutularaq iddiaçıya ödənilməlidir.

18. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 390.1, 390.3, 442, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.3, 38, 119.1, 122.3, 122.4, 135.1, 136.2, 137.4, 137.5, 137.10, 138.5, 140.1-ci maddələrinə istinadla əsaslandırılmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri

19. İddiaçı MMMC, cavabdehlər Cavabdeh4, Cavabdeh1 qətnamədən apellyasiya şikayətləri vermişlər.

20. İddiaçı apellyasiya şikayətində qətnamənin qismən – iddianın təmin olunmayan hissəsində ləğv olunması və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.

22. Cavabdehlər Cavabdeh4 və Cavabdeh1 ayrı-ayrılıqda qətnamənin iddianın təmin olunan hissəsində ləğv olunması və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

23. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim olunan hesabatlar heç bir əsaslı sənədlə sübut olunmamış, xərc və xidmətlərin həcmi barədə konkret məlumat verilməmişdir. Yaşayış binalarının həyətləri və ümumi sahələri təmiz olmalıdır, lakin burada müntəzəm təmizlik aparılmır; Azərbaycan Respublikası “Enerji resurslarından istifadə haqqında” Qanunun 9-cu maddəsinə görə, xidmət göstərən qurumlar enerji və kommunal resursların fasiləsiz və təhlükəsiz təminatına cavabdehdirlər. Buna baxmayaraq, binada elektrik və su təchizatı fasilələrlə təmin edilir; Texniki təhlükəsizlik haqqında” Qanunun 7-ci maddəsinə əsasən, liftlər istismara yararlı vəziyyətdə olmalıdır. Lakin binada liftlər işlək vəziyyətdə deyil və mütəmadi təmir olunmur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. İddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. O, eyni zamanda cavabdehlərin apellyasiya şikayətini qəbul etməyərək onların rədd olunmasını xahiş etdi.

26. Cavabdehlər Cavabdeh4 və Cavabdeh1 və sonuncunun nümayəndəsi Vəkil1 isə məhkəmə kollegiyasının iclasında izahat verərkən öz apellyasiya şikayətlərini müdafiə edərək təmiun olunmasını, iddiaçının apellyasiya şikayətinin isə rədd olunmasını xahiş etdilər.

27. Cavabdehlərdən Cavabdeh2, Cavabdeh7 da iddiaçının apellyasiya şikayətinin rədd olunmasını xahiş etdilər.

28. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikası Mənzil Məcəlləsi:

Maddə 29.3. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır; Maddə 38.1. Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir; Maddə 38.2. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir; Maddə 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir; Maddə 122.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır; Maddə 122.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır; Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar; Maddə 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq; Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər; Maddə 137.5. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər; Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir; Maddə 138.5. Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir; Maddə 140.1. Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Hazırkı işdə iddia tələbi təmin edildiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı və cavabdehlərdən Cavabdeh4 və Cavabdeh1 tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı iddianın təmin edilməyən və cavabdehlərdən Cavabdeh4 və Cavabdeh1 qarşı təmin olunan hissələrində yoxlanılır. Belə ki, digər cavabdehlər apellyasiya şikayəti verməmişlər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir.

34. Cavabdehlərin apellyasiya şikayətlərinin əsas dəlili ondan ibarətdir ki, iddiaçı binanın saxlanmasına lazımi və keyfiyyətli xidmət göstərmir.

35. “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Mənzil Məcəlləsinin 119.1-ci maddəsində qeyd edilir ki, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir.

36. Qanunvericiliyin tələbindən göründüyü kimi çoxmənzilli binanın idarə edilməsi üsulu üç formada nəzərdə tutulmuşdur. Onlardan biri də mənzil mülkiyyətçiləri müştərək cəmiyyətidir. Belə olan halda hazırkı işdə mənzil mülkiyyətçiləri ümumi əmlakın saxlanmasına göstərilən xidmətin keyfiyyətinin artırılmasını müştərək cəmiyyətdən tələb etmək hüququna malikdirlər. Lakin bu, onları göstərilən xidmətlərin haqqını ödəmək vəzifəsindən azad etmir.

37. Binanın sahə mülkiyyətçiləri tərəfindən ödənilməli olan məcburi ödənişlər binanın ümumi əmlakının (liftlər, pilləkən meydançaları, pilləkənlər, şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları və s.) saxlanması, onun cari və əsaslı təmiri üçün nəzərdə tutulmuş məbləğlərdir. Qeyd olunan ümumi əmlak saxlanılmadığı, təmir edilmədiyi təqdirdə binanın sahə mülkiyyətçiləri tərəfindən öz mülkiyyətlərində olan sahələrin istifadə edilməsi mümkünsüz olur.Bundan başqa, çoxmənzilli binanın sahə mülkiyyətçiləri üçün hər hansı işlər görmək və ya xidmətlər göstərmək iddiaçının hüququdur və bu işlər və xidmətlər tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

38. Şikayətin dəlilləri ilə bağlı əlavə olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həqiqətin müəyyən edilməsi isə ilkin növbədə yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə və ya məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla təmin olunur.

39. Yuxarıda qeyd olunduğu kimi, cavabdehlər iddiaya etirazının əsası kimi istinad etdiyi hallara dair hər hansı mötəbər sübut təqdim etməmişdir.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “Nəsimi-45" MMMC yalnız xx.xx.2022-ci il tarixdən başlayaraq xidmət haqqına görə ödəniş tələb edə bilər. İddiaçı 2020-ci ildən xx.xx.2022-ci il tarixədək kommunal borcun ödənilməsini tələb etmək hüququnun "xxxx" MMC ilə onun arasında bağlanmış razılaşmadan irəli gəldiyinə istinad edir. Belə ki, "xxxx" MMC-nin fəaliyyətini dayandırması və “Nəsimi-45" MMMC-nin fəaliyyətə başlaması ilə əlaqədar olaraq tələb hüququnun sonuncuya ötürülməsi barədə müqavilə üçüncü şəxslərə münasibətdə etibarsız olmaqla onlar üçün öhdəlik yarada bilməz. Sahə mülkiyyətçilərini borclandıran müqavilə yalnız ümumi yığıncağın qərarı ilə qəbul edilmiş olduqda etibarlı sayıla bilərdi. Əks hal hüquqlardan sui-istifadəyə yol açmaqla, mənzil mülkiyyətçilərini əlverişsiz vəziyyətə sala bilər.

42. MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2).

43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar