Məhkəmə qərarları › İş №2(103)-3496/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3496/2022

10.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3496/2022 10.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı cavabdeh X1 qızına qarşı nikahın etibarsız sayılması tələbinə dair mülki iş üzrə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-403/2022 saylı, 09 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında 02 aprel 2021-ci il tarixdə 3 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsində 556 nömrəli akt qeydinə əsasən bağlanılmış nikahın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər 02.04.2021-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflər 2019-cu ildə nişanlanmış, 2021-ci ildə toy etmişlər. İddiaçı gəmi kapitanı köməkçisi işləyir. Belə ki, nikah dövründə iddiaçı cavabdehə bahalı hədiyyələr almış, hətta öz gəliri hesabına aldığı avtomobili cavabdehin adına rəsmiləşdirmişdir. May ayında toyları olmuş, bal ayından qayıtdıqdan sonra cavabdeh iddiaçının anası ilə bir evdə yaşamaq istəməmişdir. Bundan sonra söz-söhbət başlamışdır. Hətta cavabdeh evi tərk etmiş və sonra iddiaçının cəhdlərinə baxmayaraq evə qayıtmamışdır. Cavabdeh ailə qurmaq niyyəti olmadan nikah bağlamışdır. O, sadəcə ev və digər maddi nemətlərin marağında olmuş, iddiaçıdan bu məqsədlərlə istifadə etmək istəmişdir. Bunları əldə edə bilmədikdə isə, evdən çıxıb getmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-403/2022 saylı, 09 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəməyə şahidlər dəvət edilmiş, yazılı sübutlar təqdim edilmiş, lakin hakim onları əsassız olaraq dindirməmiş, təqdim edilən sübutlar araşdırılmamışdır. Məhkəmə qətnamənin müəyyənedici hissəsində tərəflərin qısa və ziddiyyətlə izahatını göstərərək, iş materiallarını araşdırmadan və sübutlara hüquqi qiymət vermədan hesab edib ki, iddia təmin edilməməlidir. İddiaçının tərəfi olaraq hesab edirlər ki, hazırki iddia tələbini qaldırmaqda cavabdehin nikah bağlanarkən ailə qurmaq niyyəti olub olmaması kimi işin mühüm əhəmiyyət kəsb edən halı aydınlaşdırılmamışdır. Bundan başqa, qətnamədə iddiaçının cavabdeh nikah bağlanarkən ailə qurmaq niyyəti olması müəyən edilmiş hal kimi göstərilsə də, işin bu kimi əhəmiyyət kəsb edən halı sübut edilməmişdir. Proses iştirakçılarının izahatları: İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə, iddianın təmin edilməsinə yönəldiyindən hazırki məhkəmə baxışının hədləri qətnamənin əsaslığının və qanuniliyinin tam yoxlanılmasını təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində də müəyyən edilmişdir ki, İddiaçı ilə X5 arasında 02.04.2021-ci il tarixdə 3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 02.04.2021-ci il tarixdə 556 nömrə ilə qeyd edilmişdir. Tərəflərin toy mərasimi olmuş, 02.04.2021-ci il tarixdə isə rəsmi nikaha daxil olmuşlar, evlilik səyahətində olmuşlar və daha sonra münasibətləri pisləşdiyindən iddiaçı hazırki iddia ərizəsi ilə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə məhkəmə iclasında tədqiq olunmuş sübutlardan müəyyən olunmuşdur ki, tərəflərin nikah bağlanarkən ailə qurmaq niyyəti olmuşdur. Bu səbəbdən də iddia əsassızdır və rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25-ci maddəsinə əsasən, bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Göründüyü kimi, nikah tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadığı halda (saxta nikah) bağlandıqda etibarsız sayıla bilər. Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Qanunvericinin qeyd edilən mövqeyi, müvafiq icra hakimiyyəti orqanında qeydə alınmış nikahın hüquqi nəticələrinin tanımaqla bərabər, həmçinin nikaha daxil olarkən şəxslərin iradə ifadəsinin ailə qurmaq istiqamətində olması “prezumpsiyasını” yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02.11.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir”. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından, eyni zamanda iddia ərizəsindən də görünür ki, tərəflər rəsmi nikaha daxil olarkən onlar öz iradələrinə uyğun hərəkət etmişlər və niyyətləri rəsmi nikaha daxil olmaq olmuşdur. Tərəflər toy mərasimindən sonra evlilik səyahətinə çıxmış, ondan sonra da bir müddət birlikdə təsərrüfat aparmışdırlar. Belə olan halda nikah bağlanarkən, nikahın etibarsız hesab edilməsi üçün Ailə Məcəlləsində göstərilən əsasların olması istisna edilir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinə düzgün qiymət verilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri tərəflər arasında olan nikahın etibarsız sayılması üçün əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddiaçı tərəfin dəlilləri əsaslı sayıla bilməz. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-403/2022 saylı, 09 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar