Məhkəmə qərarları › İş №2(103)-3498/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3498/2023

16.05.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3498/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-606/1999 nömrəli, xx.xx.2022-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli, 2(008)-606/1999 saylı qərardadına əsasən, iddiaçı X5 iddiadan imtina etməsi qəbul edilmiş və Cavabdeh “qeydiyyat vəsiqəsinin ləğv edilməsi və yaşayış hüququnun verilməsinə dair” qarşılıqlı iddiadan imtina edilməsi qəbul edilmiş, N.Səfərovanın Cavabdeh qarşı “mənzilə yaşayış hüququnun itirilməsi, onun N.Səfərovaya və qeyrilərinə qarşı qeydiyyat vəsiqəsinin ləğv edilməsi və yaşayış hüququnun verilməsinə dair” mülki işin icraatına xitam verilmişdir. Cavabdeh xx.xx.1999-cu il tarixli, 2(008)-606/1999 saylı qərardaddan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair xx.xx.2022-ci il tarixli ərizə ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh ərizəni onunla əsaslandırmışdır ki, 1999-cu ildə mərhum anası X6 ona qarşı ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması barədə iddia ərizəsilə Sabunçu Rayon Məhkəməsinə mürcaiət etmişdir, lakin məhkəmə proseslərində iştirak etməmişdir. Sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq xarici ölkələrdə olduğundan onu vəkil təmsil etmişdir. Daha sonra anası ilə barışıq əldə edilmiş və iddiadan imtina edilmişdir, bundan sonra isə qərardadla maraqlanmamışdır. Bu yaxınlarda bacısı X2 ona qarşı “mənzilə köçürmə” barədə iddia qaldıranda həmin mənzilin anasının adına özəlləşdirilməsindən məlumatı olmuşdur. Həmin iş üzrə bacısının iddiası təmin edilmiş, onun qarşılıqlı iddiası isə təmin edilməmişdir. Həmin iş üzrə məhkəmə icraatına qədər onun həmin qərardaddan xəbəri olmamışdır. Bu səbəbdən qərardaddan şikayət verilməsi müddəti üzrlü hesab edilməlidir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-606/1999 nömrəli, xx.xx.2022-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan şikayət vermişdir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-606/1999 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət əsassız olduğundan təmin edilməmiş və mülki işlə birlikə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli, 2(008)-606/1999 saylı qərardadına əsasən, iddiaçı X5 iddiadan imtina etməsi qəbul edilmiş və Cavabdeh qeydiyyat vəsiqəsinin ləğv edilməsi və yaşayış hüququnun verilməsinə dair qarşılıqlı iddiadan imtina edilməsi qəbul edilmiş, N.S.Səfərovanın Cavabdeh qarşı mənzilə yaşayış hüququnun itirilməsi, onun N.Səfərovaya və qeyrilərinə qarşı qeydiyyat vəsiqəsinin ləğv edilməsi və yaşayış hüququnun verilməsinə dair mülki işin icraatına xitam verilmişdir. Həmin mülki işin materiallarından müəyyən olunur ki, ilkin iddia ərizəsi xx.xx.1999-cu il tarixdə, qarşılıqlı iddia ərizəsi isə 29 noyabr 1999-cu məhkəməyə daxil olmuş, rayon məhkəməsinin xx.xx.1999-cu il tarixli qərardadı ilə iddiaçı N.Səfərovanın iddiadan imtina etməsi qəbul edilmiş, iş üzrə icraata xitam verilmişdir ( i/v 28). Azərbaycan Respublikası MPM-nin 268.1-ci maddəsin uyğun olaraq, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsində göstərilir ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qanunverici müddətin buraxılma səbəbinin üzrlü hesab edildiyi halda onun bərpası qaydasını müəyyən etsə də, qanunla nəzərdə tutulmuş proessual müddətin bərpası üçün hansı səbəbin üzrlü hesab olunmasının məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan məhkəmə, ilk növbədə müddərin üzrlü səbəbdən ötürülüb-ötürülməməsinin müəyyənləşdirilməsi zəruridir. İş materiallarından müəyyən olunur ki, iddiaçı cavabdehə qarşı mənzilə yaşayış hüququnun itirilməsinə dair iddiasına, həmçinin Cavabdeh N.Səfərovaya qarşı qeydiyyat vəsiqəsinin ləğv edilməsi və yaşayış hüququnun verilməsinə dair qarşılıqlı iddiasına xx.xx.1999-cu ildə Sabunçu Rayon Məhkəməsində baxılan zaman N.Səfərov və Cavabdeh məhkəmə iclasında iştirak etmiş, tərəflər məhkəməyə barışdıqlarını bildirmiş və öz iddialarından imtina etmişlər. Məhkəmə tərəfindən bu imtina qəbul edilmiş və çıxarılmış xx.xx.1999-cu il tarixli, 2(008)-606/1999 saylı qərardada əsasən iş üzrə icraata xitam verilmişdir. Cavabdeh müddətin bərpa edilməsi barədə ərizəsində özü də 1999-cu ildə Sabunçu Rayon Məhkəməsinin icraatında olan həmin mülki iş üzrə nümayəndəsi(vəkili) vasitəsilə təmsil olunduğunu və həmin iş üzrə icraata xitam verilməsi barədə məlumatı olduğunu qeyd etmişdir. Kollegiya hesab edir ki, bu halda cavabdehin keçmiş 23 il ərzində bu qərardadla maraqlanmaması, həmin mülki işin nəticəsindən xəbərsiz olması inandırıcı deyildir, cavabdehin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində şikayət verə bilməməsi barədə dəlil əsaslı hesab oluna bilməz. MPM-in 47.1-ci maddəsində təsbit olunmuşdur ki, işdə iştirak edən şəxslər prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Demək ki, rayon məhkəməsi prosessual müddətin bərpasına dair ərizəni təmin etməməkdə haqlı olmuşdur. “X4 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə mane törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməkdə haqlı olmuşdur, şikayət əsassız, qərardad isə qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin 2(008)-606/1999 nömrəli, xx.xx.2022-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar