Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3498/2025 30.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: istifadə hüququna xitam verilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1153/2025 nömrəli 05 mart 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Binəqədi Rayon Mənzil Kommunal İstismar Sahəsi tərəfindən İddiaçı verilmiş 398 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, o, həqiqətən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, A.Məmmədov küçəsi, 55 saylı evin 2 saylı mənzilində qeydiyyatdadır. Oğlu Cavabdeh yuxarıda göstərilən ünvanda qeydiyyatdadır, lakin xx.xx.2022-ci il tarixdən həmin ünvanda yaşamır.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən məlum olur ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 9a mkr, 55 saylı evin 2 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində tam hissəsində xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən məlum olur ki, Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, 9A mkr, 55 saylı evin 2 saylı mənzili (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, giriş 148, M1, m2) xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində tam hissəsində xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır.
4. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, ünvan 1 ünvanında İddiaçı, xx.xx.1992-ci il təvəllüdlü X1 və xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh qeydiyyatdadırlar.
5. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Binəqədi Rayon Mənzil Kommunal İstismar Sahəsi tərəfindən sorğuya baxılmış və arayış verilmişdir ki, İddiaçı həqiqətən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, A.Məmmədov küçəsi, 55 saylı evin 2 saylı mənzilində qeydiyyatdadır. Oğlu Cavabdeh yuxarıda göstərilən ünvanda qeydiyyatdadır, lakin yaşamır.
6. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədinin hüdudlarından kənara çıxmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, ünvan 2 ünvanında yerləşən mənzil üzərində Cavabdeh istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, 9-cu mkr, ev 55, mənzil 2 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzil onun, yəni İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh onun oğludur və hal-hazırda həmin ünvanda qeydiyyatdadır. Baxmayaraq ki, cavabdeh həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır, o, faktiki olaraq həmin ünvanda yaşamır. Binəqədi Rayon İcra Hakimiyyəti Binəqədi rayon Mənzil Kommunal İstismar Sahəsi arayış təqdim edərək cavabdehin 2022-ci ilin dekabr ayından etibarən həmin ünvanda yaşamadığını təsdiq etmişdir. Bundan başqa o da nəzərə alınmalıdır ki, ümumiyyətlə cavabdehin həmin mənzilə dair hər hansı hüquqları da yaranmamışdır. Çünki həmin mənzil bağışlama müqaviləsi əsasında onun xüsusi mülkiyyətinə verilmişdir. Göründüyü kimi hazırda cavabdeh qismində çıxış edən şəxs onun oğlu olsa da, o, hesab edir ki, oğlu faktiki olaraq həmin ünvanda uzun müddət yaşamadığından, həmçinin onun həmin mənzilə dair hər hansı hüquqları olmadığından onun yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməlidir. Konstitusiya Məhkəməsinin qərarında övladın istifadə hüququnun mövcudluğunun servitutla əlaqəliliyi konkret olaraq göstərilmişdir. Bu zaman nəzərə alınmalı olan cəhət övladının mülkiyyətində olan əmlakdan istifadəni zəruri edən ehtiyac meyarıdır, belə ki, övladı uzun müddətdir mülkiyyətində olan əmlakda yaşamır. Onun həmin yaşayış sahəsində yaşamasına ehtiyacı mövcud deyil, başqa yaşayış sahəsi seçərək həmin yaşayış sahəsində faktiki yaşamamaqdadır. Göstərilən hal isə, servituta birbaşa xitam əsasıdır. Odur ki, o, hesab edir ki, övladının istifadə hüququna kompensasiya ödənilmədən, yaşamaması nəzərə alınmaqla, ehtiyacının həmin yaşayış sahəsinə olmaması əsas götürülməklə xitam verilməlidir. Beləliklə, onun xx.xx.1993-cü il təvəllüdlü övladını (cavabdehi) saxlamağa məcbur olmaması, eyni zamanda sonuncunun öz valideynindən özünün saxlanılmasını qanunvericiliklə tələb edə bilməməsi, həmçinin cavabdehin yaşayış yerini dəyişməsi, başqa sözlə şəxsin həmin yaşayış sahəsində yaşamaması baxımından aparılan qiymətləndirmə onu deməyə əsas verir ki, hazırda cavabdehin mənzilə dair istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməlidir. Əlavə olaraq bildirmişdir ki, cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması ilə bağlı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuş, lakin mübahisə ailə münasibətlərini ehtiva etdiyindən aidiyyəti üzrə ümumi məhkəməyə müraciət olunmasının zəruriliyi izah edilmişdir.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1153/2025 nömrəli 05 mart 2025-ci il tarixli qətnaməsi iddia tələbi təmin edilməmişdir. (hakim X3)
10. Məhkəmə qeyd etmişdir ki, mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədən kənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alqı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır. Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, 9-cu mkr, ev 55, mənzil 2 (yeni qaydalarla: ünvan 2 İddiaçı mülkiyyətindədir, cavabdeh onun ailə üzvü olan oğlu Cavabdeh həmin ünvanda qeydiyyatdadır. İddiaçı cavabdehin hazırda həmin mənzildə yaşamaması, onun həmin yaşayış sahəsindən istifadə hüququnun olmamasına əsaslanaraq, onun istifadə hüququna xitam verilməsini tələb etsə də, məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququ mövcuddur və onun hazırda başqa yaşayış sahəsində yaşaması ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İşdə olan sübutlarla Cavabdeh xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədinin hüdudlarından kənara çıxdığı təsdiq edilsə də, onun daimi əsaslarla ölkəni tərk etməsi ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə işdə olan sübutları və işin faktiki hallarını qiymətləndirib, yuxarıda qeyd edilmiş maddi hüquq normalarının tələblərini nəzərə alaraq, belə qənaətə gəlmişdir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən kompensasiya ödənilmədən istifadə hüququna xitam verilməsi qanunsuz olduğundan iddia tələbi təmin edilməməlidir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddesinə əsasən keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödenilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, Konstitusiya Məhkaməsinin qərarında övladın istifadə hüququnun mövcudluğunun servitutla əlaqəliliyi konkret olaraq göstərilmişdir. Bu zaman, nəzərə alınmalı olan cəhət övladın iddiaçının mülkiyyətində olan əmlakdan istifadəni zəruri edən ehtiyac meyarıdır ki, övladı uzun müddətdir ki, iddiaçının mülkiyyətində olan əmlakda yaşamır. Onun həmin yaşayış sahəsində yaşamasına ehtiyacı mövcud deyil, başqa yaşayış sahəsi seçərək həmin yaşayış sahəsində faktiki yaşamır. Odur ki, cavabdehin istifadə hüququna kompensasiya ödənilmədən, yaşamaması nəzərə alınmaqla, həmin yaşayış sahəsinə ehtiyacının olmaması esas götürülməklə xitam verilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikaytinə qarşı yazılı etiraz təqdim olunmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.
16. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
18. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bu Qərarın nəticəvi hissəsinin birinci bəndi qanuni qüvvəyə minmiş məhkəmə aktlarına şamil olunmur.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
23. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
25. Hazırki işin halları və apellyasiya şikayətinin dəlilləri baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, 9-cu mkr, ev 55, mənzil 2 (yeni qaydalarla: ünvan 2 İddiaçı mülkiyyətindədir, cavabdeh onun ailə üzvü olan oğlu Cavabdeh həmin ünvanda qeydiyyatdadır.
26. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçının oğlu (ailə üzvü) olmaqla mübahisələndirilən mənzilə onunla birlkdə köçmüş və həmin mənzil 2024-cü ildə iddiaçının adına rəsmiləşdirilməklə mülkiyyət hüququ əldə etmişdir. Hazırda birlikdə yaşamaqlarının mümkün olmaması əsası ilə cavabdehin həmin mənzilə olan istifadə hüququna xitam verilməsi və çıxarılmasını tələb edir. Göründüyü kimi, mübahisəli mənzildən Cavabdeh istifadə hüququ 1 oktyabr 2009-cu il tarixdən sonra qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən yaranmışdır.
27. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
28. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur.
30. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur.
31. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvü olan Cavabdeh arasında hər hansı başqa razılaşma yoxdur və o mülkiyyətçinin ailə üzvü kimi həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdir. Yuxarıda qeyd edilənlər əsasən məhkəmə hesab kollegiyası hesab edir ki, hazırda Cavabdeh həmin mənzilə olan istifadə hüquqularının itirilməsi üçün hər hansı bir əsas mövcud olmadığından iddia tələbi sonuncunun istifadə hüququna xitam verilməklə təmin edilə bilməz.
32. İddiaçı cavabdehin (mənzil İstismar sahəsin arayışı əsasında yaşamaması barədə) hazırda həmin mənzildə yaşamaması, onun həmin yaşayış sahəsindən istifadə hüququnun olmamasına əsaslanaraq, onun istifadə hüququna xitam verilməsini tələb etsə də, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququ mövcuddur və onun hazırda başqa yaşayış sahəsi təmin olunması və hər hansı yaşayış sahəsinin mülkiyyətində olması ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İşdə olan digər sübutla Cavabdeh xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədinin hüdudlarından kənara çıxdığı təsdiq edilsə də, onun daimi əsaslarla ölkəni tərk etməsi və daimi yaşamaq üçün getməsi anlamına gəlməməklə iddianın təmini üçün əsas hesab edilə bilməz. Hazırki halda mülkiyyətçinin müvafiq kompensasiya verməklə cavabdeh olan oğlunun istifadə hüququna xitam verilməsi barədə iddia ilə çıxış etmək imkanı istisna edilmir. Lakin hazırki halda isə iddiaçı məhkəmədə cavabdehə hər hansı kompensasiya vermək istəmədiyini bildirmişdir.
33. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1153/2025 nömrəli 05 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.