Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-35/2022 13.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) “qeyriyaşayış sahəsinin mülkiyyətinə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-772/2019 saylı 20 fevral 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Nəsimirayon Məhkəməsinə müraciət edərək, MMC tərəfindən ünvan 1 ünvanında 47.8 kv.metr 20% üsütünə gəlmək şərtilə qeyri-yaşayış sahəsinin onun mülkiyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin vermiş olduğu RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanı 47.8 kv.m qeyri-yaşayış sahəsi xx.xx.2018-ci il tarixdən ƏMDK yanında DƏDRX-də qeydiyyatdan keçmiş mülkiyyətinə verilmişdir. O, həmin qeyri-yaşayış sahəsini xx.xx.2018ci il tarixli, 4090 nömrəli icarəyə verilmiş əmlakın alqı- satqısı əsasında almışdır. Həmin qeyri-yaşayış sahəsini alan zaman yerə baxış keçirmiş və tikilinin olduğu müəyyənləşmişdir. Lakin həmin sahəni o, aldıqdan 4-5 gün sonra cavabdeh tərəfindən qeyri-qanuni şəkildə söküldüyünü öyrənmişdir. O, dəfələrlə cavabdeh tərəfə yaxınlaşaraq, tikilinin bərpa olunmasını və onun adına dövlət reyestrdən keçdiyini bildirsə də, bu günə kimi ona cavab verilməmiş və ona dəymiş ziyan cavabdeh tərəfindən ödənilməmişdir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-772/2019 saylı 20 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını pozaraq əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı cavabdehə qarşı məhkəmədə iddia qaldırsa da, hakim "xxxx" MMC-nin əsl cavabdeh olmaması səbəbindən iddia tələbini rədd etmişdir. Lakin işin hallarından göründüyü kimi məhz Cavabdeh MMC onu xüsusi mülkiyyətindən məhrum etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi şikayətə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, qanuni qüvvəyə minmiş Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının adına olan mübahisəli qeyri-yaşayış sahəsinə dair çıxarış ləğv edilmişdir. Ona görə də hazırda iddiaçının iddia etdiyi qeyri-yaşayış sahəsinə dair heç bir subyektiv hüququ yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər, bunun səbəbləri barədə məlumat verməmişlər. Kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini iddia təmin olunmadığından qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatı dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 2(012)- 859/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh MMC-nin cavabdehlər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi təmin edilmiş, Azərbaycan Respublikası ƏMDK-hazırkı Əmlak Məsələləri Dövlət Xidməti ilə İddiaçı arasında Hərracların Təşkili üzrə Auksion Mərkəzində xx.xx.2018-ci il tarixdə keçirilən hərracda 29/01 No-li protokola asasan ünvan 2 ünvanında yerləşən və ümumi sahəsi 47,8 kv.m olan qeyri-yaşayış sahəsinə dair bağlanan xx.xx.2018-ci il tarixli 4090 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, bu əsasda İddiaçı adına verilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dovlət Reyestri RX seriyalı, ******* №-li 31.08. 2018-ci il tarixli Çıxarışın ləğv edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3227/2021 saylı xx.xx.2021ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-859/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3227/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmişdir. Yuxarıda qeyd edilən qətnamələrdən göründüyü kimi hazırki iş üzrə adıçəkilən mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı xx.xx.2018-ci il tarixli 4090 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və İddiaçı adına olan RX seriyalı, ******* №-li 31.08. 2018-ci il tarixli Çıxarış ləğv edilmişdir. Hazırda İddiaçı həmin mənzilə dair hər hansı bir hüququ yoxdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mübahisələndirdiyi mənzilə dair mülkiyyətçi olmadığından onun həmin mənzillə bağlı tələb irəli sürməyə subyektiv hüququ yoxdur. Belə ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər (maddə 385.1.1, 385.1.2, 384.0.2). Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-772/2019 saylı, 20 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh MMC-nə qarşı “qeyri-yaşayış sahəsinin mülkiyyətinə qaytarılması” barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-35/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-35/2022
13.07.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver