Məhkəmə qərarları › İş №2(103)-3502/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3502/2022

04.05.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3502/2022 04.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli 2(008)-876/2022 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 24.03.2007-ci il təvəllüdlü X4 ilə birlikdə cavabdehin yaşadığı ünvan 1 ünvanında yerləşən üç otaqdan ibarət fərdi yaşayış evinə istifadə hüququnun tanınması, həmin fərdi yaşayış evinə köçürülməsi, həmin fərdi yaşayış evindən istifadəsinə dair cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, gələcəkdə hər hansı maneələrin yaradılmasının cavabdehə qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, tərəflər 05.01.2002-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 24.02.2002-ci il təvəllüdlü X5 və 24.03.2007-ci il təvəllüdlü X4 doğulmuşdur. Sabunçu Rayon Məhkəməsinin 17.08.2021-ci il tarixli 2(008)-3353/2021 saylı qətnaməsinə əsasən aralarındakı nikah pozulmuş, 24.03.2007-ci il təvəllüdlü X4 anasının himayəsində saxlanılmaqla, cavabdehdən hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Birgə nikahları dövründə atası X1 bilavasitə rəhbərliyi və yardımı ilə 6 ar (sot) torpaq sahəsini 2005-ci ildə Sabunçu rayonu, Balaxanı qəsəbəsində 2000 ABŞ dolları məbləğinə almışlar, atasının verdiyi pul ilə alınmış torpaq sahəsində 2005-2006-cı illər ərzində 3 otaq, 1 mətbəx, 1 dəhliz, sanitar-qovşaqdan ibarət hər cür şəraiti olan ümumi yaşayış sahəsi 120 kv.m olan fərdi yaşayış evini inşa etdirmiş, həyəti tam daş hasara aldırmış və darvaza qoymuşlar. Lakin ödəniş qəbzləri və cizgi sənədləri cavabdehin adına yazılmışdır. Ev 2007-ci ilin yanvarında hazır olmuş və həmin vaxtdan orada yaşamağa başlamışlar. 2021-ci ilin mart ayının 25-dək qeyd olunan evdə iki övladı ilə birlikdə yaşamış, həmin tarixdə cavabdehin şiddət, təzyiq və zorakılığı səbəbindən evi övladları ilə birlikdə tərk etməyə məcbur olmuşdur. Hazırda anası ilə birlikdə sonuncuya məxsus ünvan 2 ünvanında yaşayır. Mübahisəli evin tikintisinə 30.000 manatdan çox pul vəsaiti xərclənmişdir ki, həmin pulu atası vermişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli 2(008)- 876/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı azyaşlı uşağı 24.03.2007ci il təvəllüdlü X4 ilə birlikdə Cavabdeh yaşadığı - ünvan 1 ünvanında yerləşən üç otaqdan ibarət özbaşına tikiliyə köçürülməsi, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə düzgün əsaslandırılmamışdır. Evin tikintisi üçün bütün xərclər özü və atası ödəmişdir. Mübahisəli ev özbaşına tikili olsa da, həmin evə dair mülkiyyət hüquqları ona məxsusdur. Məhkəmə iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Qeyd etdi ki, o, uşaqlarını və iddiaçını evdən qovmamışdır və hazırda qayıdıb evdə yaşamalarına da etiraz etmir. Lakin iddiaçı torpağın alınmasına və evin tikilməsinə çəkilən xərclərlə bağlı səhv məlumat vermişdir. Evi təxminən 2005-2007-ci illər ərzində özü tikmiş, atası kömək etmişdir. İddiaçının atası isə cehiz əvəzinə 2000 ABŞ dolları vermişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hazırda apelyasiya baxışının predmeti iddianın qismən təmin edilmiş hissəsində yoxlanılması təşkil edir, belə ki, iddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdeh isə qətnamənin ləğvini xahiş etsə də, iddianın təmin edilmiş hissəsində qətnaməni mübahisələndirmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Balaxanı Bələdiyyəsinin 164402 saylı, 12.11.2005-ci il tarixli mədaxil orderi qəbzinin surətindən görünür ki, Cavabdeh Yeni Balaxanı ərazisində müqavilə əsasında 420.000 manat ilk ödəniş torpaq haqqı ödəmişdir. X2 Komissiyasının sədri tərəfindən təsdiq edilmiş 600 kv.m torpaq sahəsinin eskizsxemindən görünür ki, həmin eskiz-sxem Cavabdeh adına tərtib edilmişdir. Sabunçu RİHB-nın Balaxanı qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 22.09.2021-ci il tarixli, 1766 saylı arayışa əsasən, İddiaçı ünvan 2 ünvanında qeydiyyatsız yaşayır. Sabunçu RİHB-nın Balaxanı qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 17.01.2022-ci il tarixli, 8 saylı arayışa əsasən, Cavabdeh ünvan 4 ünvanında qeydiyyatda olsa da, faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Milli Ordu küçəsində yerləşən sənədsiz evdə qeydiyyatsız yaşayır. İşin müəyyən edilmiş hallarına əsasən tərəflər 05.01.2002-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və birgə nikahlarından iki uşaqları doğulmuşdur. Mübahisəli ev tərəflərin birgə nikah dövründə 2005-2007-ci illər ərzində tikilmiş və tərəflər faktiki ayrıldıqları vaxta qədər həmin evdə birgə yaşamışlar. Sabunçu Rayon Məhkəməsinin 17.08.2021-ci il tarixli 2(008)-3353/2021 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, azyaşlı 24.03.2007-ci il tarixli Ayan Əliyevanın anasının yanında saxlanılması və hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Mübahisəli ev özbaşına tikilidir. Hazırda iddiaçı övladı ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçürülməsini tələb edir. Məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gələrkən hesab etmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və işdə iştirak edən şəxslər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. İddiaçı istisna olmaqla, cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bunun əksinə yanaşma, yəni iddiaçının evə köçürülməsindən həmin evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan təqdirdə, iddiaçının da həmin evdə yaşamasını təmin etmək məqsədi ilə o, evə köçürülməlidir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Bununla belə, Kollegiya qeyd edir ki, mübahisəli tikili iddiaçının yaşayış yeri olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər (27.1). On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır (27.2). Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir (27.3). “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Beləliklə, müəyyən edilir ki, iddiaçı cavabdehlə aralarında mübahisə yarananadək övladları ilə birlikdə mübahisəli mənzildə yaşamışdır. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, məhkəmənin iddiaçının evə köçürülməsi barədə gəldiyi nəticə əsaslı olmaqla, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mübahisəli evin ünvanı ilə bağlı Kollegiya qeyd edir ki, məhkəmə haqlı olaraq göstərmişdir ki, sözügedən ev özbaşına tikili olduğundan və dövlət reyestrində qeydiyyata alınmadığından, həmin tikiliyə verilmiş ünvan şərtidir və hər hansı rəsmi ünvanın mövcudluğundan söhbət gedə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-876/2022 saylı iş üzrə 06 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar