Məhkəmə qərarları › İş №2(103)-3503/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3503/2021

06.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3503/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Firudin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüquqlarına xitam verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(005)-1515/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüquqlarına xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, cavabdehin yetkinlik yaşına çatmayan uşaqları 07.01.2008-ci il təvəllüdlü X3 və 23.10.2011-ci il təvəllüdlü X4 ilə birlikdə ona məxsus ünvan 2 51 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 51 saylı mənzili atasının istəyi ilə özü sağlığında xəstə övladını nəzərə alaraq evi qeydiyyatda olanların razılığı ilə ona bağışlamışdır. Cavabdeh onun qardaşıdır, onun özünə məxsus evi vardır, 15 ildir həmin evdə yaşayır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(005)- 1515/2020 saylı qətnaməsi ilə (hakim Günay Həşimova) iddia təmin olunmuşdur. Cavabdeh qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, mübahisə predmeti olan mənzilin əvvəllər atasına məxsus olması, sağlığında həmin mənzili iddiaçıya bağışlaması, məcburiyyət qarşısında qalaraq kirayədə yaşaması, mənzildə istifadə hüquqlarının olması, orada qeydiyyatda olması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, təqribən 2007-ci ildən mübahisəli mənzildə yaşamır və gələcəkdə də orada yaşamaq niyyəti yoxdur. Sadəcə həmin ünvanda qeydiyyatda qalmasını istəyir. Onun adına 29 iyun 2007-ci ildə bələdiyyə qərarı ilə 600 m2 torpaq sahəsi ayrılıb və orada fərdi yaşayış evi inşa olunaraq, ailəsi ilə orada yaşayır. Lakin həmin ev faktiki olaraq ona məxsus deyildir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdeh uzun müddətdir ki, onun mülkiyyətində olan mənzildən başqa yaşayış yerinə köçmüşdür. Cavabdehin adına 29 iyun 2007-ci ildə bələdiyyə qərarı ilə 600 m2 torpaq sahəsi ayrılmışdır. Cavabdeh həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edərək, ailəsi ilə orada uzun zamandır ki, orada yaşayır. Cavabdehin bildirdikləri həqiqətə uyğun olmamaqla, hər hansı sübutla təsdiq olunmur. Hesab edir ki, cavabdehin istifadə hüquqlarına xitam verilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin rədd olunmasını xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçı ilə cavabdehin bacı-qardaş olması, mübahisə predmeti olan mənzilin iddiaçının xüsusi mülkiyyətində olması, cavabdehin uzun (təqribən 2007-ci ildən) müddətdir ki, iddiaçının mülkiyyətində olan mənzildə yaşamaması işin mübahisə olunmayan hallarıdır. Həmçinin, işdə olan aktdan (akt Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsi 3 saylı ev üzrə qonşular tərəifndən tərtib olunmuş və 150 saylı MKİS tərəfindən təsdiq olunmuşdur) görünür ki, cavabdeh tərəf ünvan 2 51 saylı mənzilində qeydiyyatda olsa da, 15 ildir ki, orada yaşamır. Cavabdeh apellyasiya şikayətində iddiaçının onu mənzildən yaşamağa imkan verməməsini, məcburiyyət qarşısında kirayədə yaşamasını göstərsə də, işdə olan sübutlardan və tərəflərin izahatlarından aydın olur ki, cavabdehin adına Puta bələdiyyəsinin 29 iyun 2007-ci ildə bələdiyyə qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün 600 m2 torpaq sahəsi ayrılmış, orada fərdi yaşayış evi inşa olunaraq, cavabdeh ailəsi ilə orada yaşayır. Cavabdeh məcburiyyət qarşısında qalaraq kirayədə yaşaması ilə bağlı da məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Eyni zamanda, cavabdeh keçən uzun müddət ərzində iddiaçının mülkiyyətində olan yaşayış sahəsinə köçüb yaşamaqla bağlı da hər hansı orqana, eləcə də məhkəməyə müraciət etməmişdir (cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir). Bununla yanaşı, cavabdeh apellyasiya baxışı zamanı hazırda yaşadığı (Puta bələdiyyəsinin 29 iyun 2007-ci ildə bələdiyyə qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 m2 torpaq sahəsində inşa olunmuş ev) evin ona məxsus olmamasını bildirsə də, bununla bağlı da məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Göründüyü kimi, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Həmçinin qeyd edilməlidir ki, cavabdeh apellyasiya baxışı zamanı şikayətin dəlillərindən fərqli olaraq, mübahisəli mənzildə yaşamaq niyyətinin olmamasını, apellyasiya şikayəti verməkdə əsas məqsədinin həmin mənzildə pasport qeydiyyatında saxlanılması olduğunu bildirmişdir. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri işdə olan sübutlarla, eləcə də cavabdehin özünün izahatı ilə tam təkzib olunur. Eyni zamanda, işdə olan Qaradağ RPİ-nin 24 dekabr 2020-ci il tarixli rəyindən də görünür ki, Muradov X6 rayon Polis İdarəsinin inzibati binasına qeydiyyata düşməsinə dair müraciət etmiş, araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh hazırda ünvan 1 ünvanda yaşayır, ünvan 2 51 saylı mənzildən qeydiyyatdan çıxarılmışdır. Bu səbəbdən də Cavabdeh Qaradağ rayon Polis İdarəsinin inzibati binasına qeydiyyata alınması məqsədə müvafiqdir. Göründüyü kimi, cavabdehin qeydiyyatla bağlı məsələsi müvafiq inzibati orqan tərəfindən həll oluna bilər və hazırki mülki mübahisəyə aidiyyəti yoxdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2016-cı il tarixli qərarındakı şərhinə görə - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Bununla yanaşı, işdən görunur ki, cavabdeh birinci instansiya məhkəməsinə yazılı ərizə təqdim edərək, iddianı etiraf etmişdir. MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının hazırki iddianı qaldırmağa hüquqi marağının olması aşkardır. Bu maraq həmçinin, mülkiyyətin müdafiəsindən irəli gəlir. Çünki, cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi barədə məhkəmə qərarının mövcudluğu iddiaçıya qeydiyyatda bağlı məsələnin həlli üçün də əhəmyyətlidir. Nəzərə alınmalıdır ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsində şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsaslarından biri də - şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Konstitusiya Məhkəməsi qeyd edilən qərarında göstərmişdir ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Hazırki işdə də cavabdehin mübahisəli mənzilə əvvəllər istifadə hüquqlarının yaranması mübahisəsizdir. Lakin, hazırki vaxtda yuxarıda sadalanan hüquqi əsaslar və faktlar cavabdehin istifadə hüququna xitam verilməli olması ilə nəticələnmişdir. Beləliklə, araşdırılmış sübutlarla işin müəyyən olunmuş faktiki hallarından və qanunvericinin qeyd olunan normalarından aydın olur ki, cavabdehin hazırki vəziyyətdə iddiaçıya tam mülkiyyət hüququ ilə məxsus yaşayış sahəsindən istifadə hüququnun saxlanılması hər hansı qanuni-hüquqi əsasa söykənməməklə, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-nin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüquqlarına xitam verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(005)-1515/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(005)-1515/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar