Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3503/2025 25.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qarşı iş üzrə Açar sözlər: əmrin ləğv olunması, işə bərpa X1 (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X6, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-1073/2025 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında X9 və toxum nəzarəti üzrə Dövlət Xidmətinin Göygöl X4 Mərkəzinə baş aqronom vəzifəsinə işə qəbul edilmişdir. “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli, 467 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, X9 və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (bundan sonra “cavabdeh”) yaradılmışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli, 549 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 7 may tarixli, 132 nömrəli Qərarının 4-cü hissəsinə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Abşeron, Bərdə, Göygöl, Quba, Lənkəran, Sabirabad, Salyan, Şamaxı, Şəki, Tovuz və X15 laboratoriyaları cavabdehin tabeliyində olan LESM-ə birləşdirilmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixli əmri ilə iddiaçı tutduğu vəzifədən azad edilmiş və həmin tarixdə də agentliyin Laboratoriya, Ekspertiza və X3 X12 Analizləri şöbəsində baş aqranom vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2019-cu il tarixdə şöbənin müdiri vəzifəsinə keçirilmişdir. Agentliyin xx.xx.2024-cü il tarixli, 3-22-1/3-1-528/2024 nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2 İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin sədri X5 xx.xx.2024-cü il tarixli, 3-22-1/3-1- 528/2024 saylı əmrinin ləğv edilməsi və onunla müddətsiz əmək müqaviləsi bağlanmaqla əvvəlki iş yeri olan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laborotoriya, Ekspertiza və X2 X12 analizləri şöbəsinə müdir vəzifəsinə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir, eyni zamanda da göründüyü kimi işlədiyi iş daimi xarakterlidir və bu da qabaqcadan bəllidir. O, xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində işə qəbul olunmuşdur və fasiləsiz olaraq 5 ildən artıq işləmişdir. Buna baxmayaraq qanunsuz və əsassız olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir və əsas kimi də müqavilənin müddətinin bitməsi göstərilmişdir.
4. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı xx.xx.2018-ci il tarixindən cavabdehə yox, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında X9 və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin Göygöl X4 Mərkəzinə baş aqronom vəzifəsinə təyin edilmişdir. “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli, 467 nömrəli Fərmanının 1-ci hissəsi ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, X9 və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında cavabdeh yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli, 549 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısının 1.10.3-cü yarımbəndindən aydın olur ki, Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi cavabdehin tabeliyindəki qurumdur. “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli, 549 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 7 may tarixli, 132 nömrəli Qərarının 4-cü hissəsinə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Abşeron, Bərdə, Göygöl, Quba, Lənkəran, Sabirabad, Salyan, Şamaxı, Şəki, Tovuz və X15 laboratoriyaları cavabdehin tabeliyində olan LESM-ə birləşdirilmişdir. İddiaçı cavabdehin 2019-cu il 04 noyabr tarixli, 150k nömrəli əmri ilə cavabdehin LESM-nin X10 Toxum analizləri şöbəsinin baş aqronomu vəzifəsindən keçirilməklə xx.xx.2019-cu il tarixindən həmin şöbənin müdiri vəzifəsinə 3 ay müddətinə təyin edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında X9 və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin Göygöl X4 Mərkəzində baş aqronom vəzifəsində işləsə də, o, cavabdehin LESM-nin X10 Toxum analizləri şöbəsinin baş aqronomu vəzifəsinə keçirilməklə məhz xx.xx.2019-cu il tarixindən həmin şöbənin müdiri vəzifəsinə 3 ay müddətinə təyin edilmişdir. İddiaçı cavabdehin 2024-cü il 1 oktyabr tarixli, 3-22-1/3-1- 528/2024 nömrəli əmri ilə isə əmək müqaviləsinin müddətinin bitməsi səbəbi ilə tutduğu vəzifədən azad edilərək xx.xx.2024cü il tarixdən onunla bağlanılmış müddətli əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətli xarakter daşıyırdı. Bununla yanaşı, şöbə müdiri vəzifəsi üzrə iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməmişdir. Tərəflərdən birinin müddətin bitməsi ilə əlaqədar əmək münasibətlərinə xitam verilməsi barədə fikir ifadəsi, digər tərəfin razılıq bildirməsindən asılı olmayaraq, müddətli əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilən zaman cavabdeh tərəfindən adıçəkilən Məcəllənin 73-cü maddəsinin tələblərinə uyğun olaraq ona 2024-cü il 24 sentyabr tarixli, 3-22-1/2-H-1- 823/2024 nömrəli bildiriş göndərilmiş və 2024-cü il 01 oktyabr tarixində əmək müqaviləsinin müddətinin bitməsi səbəbi ilə onunla əmək münasibətlərinə xitam veriləcəyi barədə məlumatlandırılmışdır.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 1073/2025 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli, 3- 22-1/3-1-528/2024 saylı əmrin ləğv edilməsi, İddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi arasında bağlanmış əmək müqaviləsinin müddətsiz hesab edilməsi və İddiaçı əvvəllər tutduğu - Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laborotoriya, Ekspertiza və X2 X12 analizləri şöbəsinə müdir vəzifəsinə bərpa edilməsi, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən xx.xx.2024-cü il tarixindən başlayaraq işə bərpa edildiyi günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. (hakim X11)
6. Məhkəmə iddiaya hüquqi qiymət verərkən, qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsində işə başlama tarixinin göstərilməsindən asılı olmayaraq, iddiaçının müəssisədə nə vaxtdan işləməsi, işin daimi xarakterə malik olub-olmaması araşdırılmalıdır. Cavabdehin istinad etdiyi əsas məqam iddiaçının 2018-ci ildən işlədiyi və 2019-cu ildə ləğv edilmiş X9 və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin onlara aid olmamasıdır. X7 da göründüyü kimi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi məhz həmin qurumların əsasında yaradılmış, yəni Fərmanda adıçəkilən qurumların hüquqi varisi qismində çıxış etmişdir. Qeyd edilənlər baxımından məhkəmə hesab etmişdir ki, iddiaçının əvvəlki qurumda xx.xx.2018-ci il tarixindən işlədiyi nəzərə alınarsa, 5 ildən çox fasiləsiz çalışdığı müəyyən edilir. Həmçinin iddiaçı ilə əvvəlki qurum arasında bağlanmış əmək müqaviləsinə məhz yeni yaradılan qurumun, yəni Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin xx.xx.2019cu il tarixli əmri ilə öz xahişi əsasında xitam verilmiş, eyni tarixdə yenidən X13 Şöbəsinə baş aqronom vəzifəsinə təyin edilmişdir.
7. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, göstərilən xidmətlərin daimi xarakterə malik olduğunun qabaqcadan bəlli olmasına baxmayaraq müddətli əmək müqaviləsi bağlanmışdır. Bu hal Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə, o cümlədən Əmək Məcəlləsinin 45 və 47-ci maddələrinin tələbləri ilə uzlaşmır. Cavabdehin, tərəflərin könüllü razılığı ilə müddətli müqavilə bağlanması barədə etirazına münasibətdə məhkəmə qeyd etmişdir ki, əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır. Bu nöqtəyi nəzərdən məhkəmə hesab etmişdir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırki halda mövcud olmamışdır. Belə ki, qarşılıqlı razılıq, tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İddiaçının 2018-ci ildən işlədiyi və əmək funksiyası müddətsiz xarakter daşıdığı, müddətli müqavilə bağlanması üçün hər hansı əsas olmadığı, özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan iş üçün hər dəfə 3 ay müddətinə yeni əmək müqaviləsi bağlaması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. İşçinin bu cür addım atması, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür. Hazırki mülki iş materiallarından isə görünür ki, tərəflər arasında yaranan əmək münasibətləri xarakter etibarilə müəyyən müddətə əmək müqaviləsinin bağlanması üçün əsas ola biləcək formada olmamışdır. Bu nöqtəyi nəzərdən məhkəmə hesab etmişdir ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin və göstərdiyi xidmətin daimi xarakterə malik olduğu qabaqcadan işəgötürənə bəlli olduğu halda, məhz onun tərəfindən əmək müqaviləsində müddətin müəyyən edilməsi, başqa sözlə müddətli əmək müqaviləsinin bağlanması, iddiaçının istənilən vaxt rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir. Qeyd olunduğu kimi, iddiaçının gördüyü işin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olmuşdur və onunla müddətli əmək müqaviləsi bağlanması üçün 47-ci maddədə göstərilən əsaslar olmamışdır. Beləliklə, cavabdeh təşkilatda əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu halda iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanması qanunvericiliyin tələblərinə ziddir. Hazırki işdə bu hal müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədi daşımışdır. Müddətli əmək müqaviləsinin bağlanması iddiaçının əsl niyyəti və iradəsini ehtiva etmir. Qeyd olunan pozuntuya yol verilməsi iddianın təmin olunması üçün yetərli olduğundan digər məsələlərlə bağlı əlavə dəyərləndirmə aparılmasına zərurət yoxdur.
8. Məhkəmə o halı da qeyd etmişdir ki, işçi işə bərpa edilərkən məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsinin müəyyən edilməsində məhkəmə, iddiaçının tələbindən asılı deyildir. Göstərilənlərə əsasən hazırki iş üzrə əmək müqaviləsinin müddətli bağlanması və ləğv edilməsi əsassız və əmək qanunvericiliyinin tələblərinə zidd olduğundan məhkəmə hesab etmişdir ki, əmrin ləğv edilməsi, əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi, işə bərpa tələbinə dair iddia təmin edilməli, həmçinin iddiaçının işdən çıxarıldığı tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq iddiaçıya ödənilməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 35ci maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci, 47-ci, 68-ci, 73-cü, 74cü, 76-cı, 300-cü Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci,77.1-ci, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2024-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti iddiaya qarşı etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 45-ci maddəsində əmək müqaviləsinin müddətinin 5 ildən artıq davam etməsi müəyyənləşdirilərkən işin daimi xarakterə malik olması ilə bağlı hər hansı bir tələb müəyyənləşdirilməmişdir. Belə ki, müddətli əmək müqaviləsi üzrə yerinə yetirilən işlər daimi və ya müvəqqəti xarakter daşımasından asılı olmayaraq, müqavilənin 5 ildən artıq davam etməsi onun müddətsiz hesab edilməsi üçün əsasdır. İkincisi, sözügedən maddənin 5-ci hissəsində hər hansı bir əmək müqaviləsinin fasiləsiz olaraq davam etməsi halında müddətsiz hesab edilməsindən bəhs olunur. Göründüyü kimi, həmin maddədə hansısa bir müəssisədə əmək münasibətlərinin 5 ildən artıq davam etməsindən bəhs olunmur. Lakin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi qətnamədə iddiaçı ilə 2018-ci il 16 noyabr tarixli əmək müqaviləsinə xitam verilməsini, onunla 2019-cu il 01 oktyabr tarixində yeni əmək müqaviləsinin bağlanmasını və həmin müqaviləyə xitam verilərkən 5 ildən artıq davam etməməsini görməzdən gələrək, 5 illik müddətin şəxsin müəssisədə işləməyə başladığı vaxtdan hesablanmalı olduğunu qeyd etmişdir. Halbuki Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsində işçi ilə işəgötürən arasında əmək münasibətlərinin deyil, konkret əmək müqaviləsinin fasiləsiz olaraq 5 ildən artıq davam etməsindən bəhs olunur. Qeyd olunanlardan da göründüyü kimi, məhkəmə normanın tətbiqi zamanı qanunvericinin göstərişindən tamamilə fərqli mövqe tutmuş, eləcə də qətnamənin əsaslandırıcı hissəsində normanın hansı səbəbdən Məcəllədə qeyd edilən kimi deyil, fərqli formada tətbiq edilməsinə dair heç bir əsaslandırma gətirməmişdir. 2024cü il 28 iyun tarixli dəyişikliklərə qədər əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılırdı. Əmək Məcəlləsinin 43-cü maddəsinə əsasən əmək müqaviləsinin müddəti müqavilənin məzmununda göstərilməli olan məcburi məlumatlardandır. İddiaçı ilə cavabdeh arasında 2019-cu il 01 oktyabr tarixində bağlanılmış və birinci instansiya məhkəməsinə də təqdim edilmiş əmək müqaviləsindən görünür ki, müqavilə 2019-cu il 01 oktyabr tarixindən 2020-ci il 01 yanvar tarixinədək 3 (üç) ay müddətinə bağlanılmışdır. İddiaçı həmin müqaviləni imzalamaqla müqavilədə qeyd olunan məlumatlara öz razılığını rəsmi şəkildə bildirmişdir. Bundan əlavə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iş üzrə 2025-ci il 12 fevral və 10 mart tarixlərində keçirilmiş məhkəmə iclaslarında da iddiaçı əmək müqaviləsi bağlanılarkən müddətli olmasından xəbərdar olduğunu etiraf etmiş və müqavilənin hər dəfə 3 (üç) aylıq müddətə uzadıldığını bildirmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Cari halda iddiaçının işə qəbul edildiyi tarixdən müqavilənin müddətli bağlanmasından xəbərdar olduğu halda, uzun müddət keçməsinə baxmayaraq, sözügedən məsələni mübahisələndirməməsi və ya bununla bağlı məhkəməyə müraciət etməməsi onunla müddətli əmək müqaviləsi bağlanarkən qarşılıqlı razılığın mövcudluğunu təsdiq edən digər bir faktdır. İddiaçı ilə bağlanılmış əmək müqaviləsi 2019-cu ildən 2024-cü ilədək olan dövrdə uzun müddət qüvvədə olmuş, hər dəfə müqavilə tərəflərinin əmək münasibətlərini davam etdirmə istəyinə uyğun olaraq, əvvəl müəyyən edilmiş müddətə (3 ay) uzadılmışdır. Lakin 2024-cü ildə əmək funksiyalarının icrası zamanı (toxumluq əkinlərin aprobasiyası) müvafiq tələblərə əməl etmədiyi, əvvəllər işlədiyi regional mərkəzin rəhbəri olmuş şəxsin toxumluq əkin sahəsinə baxış keçirilməsi zamanı təqdim etdiyi rəyin həqiqətə uyğun olmadığı və bununla da maraqların toqquşmasına yol verdiyi üçün iddiaçı ilə əmək müqaviləsinin növbəti dəfə uzadılmamasına qərar verilmişdir. Belə ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsi cavabdehin istənilən vaxt rahatlıqla işdən çıxarma istəyi ilə deyil, iddiaçının əmək funksiyalarının icrasında kobud pozuntulara yol verməsi ilə bağlı olmuşdur. Bundan əlavə iddiaçı ilə əmək münasibətlərinin davam etdiyi dövrdə o, digər əməkdaşlarla heç bir ayrı seçkiliyə yol vermədən əmək qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş təminatlarla təmin edilmişdir. Lakin məhkəmə naməlum səbəbdən iddiaçının hansısa təminatlardan məhrum edilib-edilmədiyini müəyyənləşdirməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, onun və iddiaya qarşı etirazın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, iddianın rədd edilməsini xahiş etmişdir.
14. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrinə aid edilmişdir; 43-cü maddəsinin 2-ci hissənin “d” bəndinə əsasən əmək müqaviləsinin müddəti əmək müqaviləsində mütləq göstərilməlidir; 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; 45-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır; 45-ci maddəsinin 5-ci hissəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir; 47-ci maddəsinin “f” bəndinə əsasə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər; 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi müəyyən edilmişdir; 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur; 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
17. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Yəni faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir Məhz qeyd olunanlar baxımından qanunverici işaxtaranların daimi məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, əmək bazarında qeyri-sabit vəziyyətin yaranmasının qarşısının alınması məqsədi ilə müddətli əmək müqaviləsinin bağlanmasına imkan verən istisnaların siyahısını Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən etmişdir. Bununla yanaşı, qanunverici həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar (əsaslar) olmadığı halda da əmək bazarı iştirakçılarının sərbəst iradə ifadələri və hüquq bərabərliyi şəraitində onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə mümkün hesab etmişdir. Bu səbəbdən tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır. Eyni zamanda, işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab etmişdir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin edilməməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan apellyasiya şikayətinin hər hansı formada təmin edilməsinə və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə hər hansı əsas yoxdur.
22. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, iddiaçı xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında X9 və toxum nəzarəti üzrə Dövlət Xidmətinin Göygöl X4 Mərkəzinə baş aqronom vəzifəsinə işə qəbul edilmişdir. “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli, 467 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, X9 və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılmışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli, 549 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021ci il 7 may tarixli, 132 nömrəli Qərarının 4-cü hissəsinə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Abşeron, Bərdə, Göygöl, Quba, Lənkəran, Sabirabad, Salyan, Şamaxı, Şəki, Tovuz və X15 laboratoriyaları cavabdehin tabeliyində olan LESM-ə birləşdirilmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixli əmri ilə o tutduğu vəzifədən azad edilmiş və həmin tarixdə də agentliyin Laboratoriya, Ekspertiza və X3 X12 Analizləri şöbəsində baş aqranom vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2019-cu il tarixdə şöbənin müdiri vəzifəsinə keçirilmişdir. Agentliyin xx.xx.2024-cü il tarixli, 3-22-1/3-1-528/2024 nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir.
23. Hazırda iddiaçı onun 2018-ci il tarixdən cavabdeh qurumda fasiləsiz olaraq 5 ildən artıq işlədiyini, işlədiyi vəzifənin xaraktercə daimi olduğunu və bunun əvvəlcədən bəlli olmasına baxmayaraq onunla müqavilənin müddətli bağlanıldığını, Agentliyin öz hüquqlarından sui istifadə edərək, onunla bağlanmış əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verildiyini bildirir və həmin əmrin ləğv edilməsini, onunla müddətsiz əmək müqaviləsinin bağlanmasını və işə bərpa edilməsini tələb edir.
24. Cavabdeh iddianı qəbul etmir, aralarında bağlanmış əmək müqaviləsinin müddətli olmasının iddiaçıya aydın olduğunu və müqavilənin bu şərtinin onun tərəfindən qəbul edilərək, müqavilənin imzalandığını, Agentliyin 2019-cu il tarixdə yarandığını, iddiaçı ilə əvvəlki əmək müqaviləsinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında X9 və Toxum Nəzarəti üzrə Dövlət Xidməti ilə bağlandığını, nəticədə cavabdeh qurumla onun fasiləsiz olaraq 5 il müddətinə bağlanmış müqaviləsinin olmamasını, tərəflər arasında əvvəllər də müddətsiz əmək münasibətləri olmadığından onunla ƏM-nin 47-ci maddəsinin “f” bəndinə əsasən müddətli əmək müqaviləsinin bağlanılması zamanı qanun pozuntusuna yol verilmədiyini, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq xitam verildiyini bildirir və iddianın rədd edilməsini xahiş edir.
25. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında X9 və toxum nəzarəti üzrə Dövlət Xidmətinin Göygöl X4 Mərkəzində baş aqronom vəzifəsində işləmişdir. Cavabdeh qurum Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, iddiaçının çalışdığı X9 və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında yaradılmış və hüquqi nəticə etibarı ilə iddiaçının əvvəlki əmək müqavillənin tərəfi olan qurumun tənzimlədiyi sahə üzrə fəaliyyətin həyata keçirilməsi də onun səlahiyyətlərinə aid edilmişdir. Bununla belə, ölkə başçısının xx.xx.2019-cu il tarixli müvafiq Fərmanı ilə səlahiyyətlər cavabdehə keçdikdən sonra iddiaçı ilə bağlanmış müqaviləyə xx.xx.2019-cu il tarixdə xitam verilmiş və həmin tarixdə iddiaçı ilə cavabdeh arasında müddətli əmək müqaviləsi bağlanaraq, iddiaçı 3 ay müddətinə agentliyin Laboratoriya, Ekspertiza və X3 X12 Analizləri şöbəsində baş aqranom vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2019-cu il tarixdən həmin şöbənin müdiri vəzifəsinə keçirilmiş və hüquqi nəticə etibarı ilə yeni iş yeri üzrə də ilk təyin edildiyi vəzifəsində əvvəlki (eyni) əmək funksiyalarını həyata keçirmişdir.
26. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 47-ci maddəsində müddətli əmək müqaviləsinin bağlanmasının 9 halı müəyyən edilmişdir. Lakin bu maddə hüquqi nəticə etibarı ilə işəgötürəni və işçini müddətli əmək müqaviləsinin bağanmasına məcbur etmir, sadəcə olaraq onlara belə bir imkanı verir. Belə bir müqavilənin bağlanması üçün əsas şərt – işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmamasıdır. Bu halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə əlaqəlidir.
27. İddiaçının əmək funksiyası isə öz xüsusiyyətinə, icrası şərtlərinə, müddətinə və xarakterinə görə daimi kimi qiymətləndirilir. Başqa sözlə, iddiaçının əmək funksiyaları çərçivəsində yerinə yetirdiyi işin şərtlərinə görə daimi xarakterə malik olduğu cavabdeh üçün qabaqcadan bəlli olan bir hal olmuşdur. Bu səbəbdən iddiaçının əmək funksiyaları həmin maddənin “a-ə” və “ğ” bəndlərində sadalanan hallara uyğun gəlmir. Həmin maddənin “f” bəndi ilə bağlı qeyd olunmalıdır ki, qanunverici əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, məhz tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında bağlanmış müqavilələri sadalanan hallara aid edir. Tərəflər arasında bağlanmış istənilən müddətli müqavilənin onların hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ümumi prinsiplərinə, 45-ci və 47-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla ümumiyyətlə həmin maddələri əhəmiyyətsiz normaya çevirmiş olardı.
28. Bu baxımdan tərəflər arasında bağlanmış müddətli müqavilənin qanuniliyinə qiymət verilərkən artıq qeyd edildiyi kimi, müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları (tərəflərin əsl niyyəti və iradəsi, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmaması) araşdırılmalıdır. Eyni zamanda əmək mübahisələrinin xarakteri baxımından belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunusuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz.
29. Belə ki, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasındadır (Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi). Mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəsmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun aidiyyəti (xx.xx.2011-ci və xx.xx.2024-cü il tarixli) qərarlarında ifadə olunmuş belə bir hüquqi mövqe diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.
30. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, 2018-ci il tarixdən etibarən fasiləsiz olaraq bitki toxumlarının sertifikatlaşdırılması üzrə xidmətlərin göstərilməsi sahəsində əmək fəaliyyəti ilə məşğul olan iddiaçının bu səlahiyyətlər cavabdehə keçdikdən sonra öz ərizəsi ilə tutduğu vəzifəsindən işdən azad edilməsi və həmin sahə üzrə fəaliyyət göstərməyə başlayan cavabdehin onunla eyni tarixdə və eyni vəzifəyə qəbul edilməsi ilə bağlı müddətli əmək müqaviləsinin bağlanması qanunvericiliyin yuxarıda sadalanan tələblərinə uyğun hesab edilə bilməz, bu müqavilənin müddətli hesab olunması və iddiaçı ilə bağlanmış müqaviləyə müddətin bitməsi ilə xitam verilməsi üçün əsas yaratmır.
31. Cavabdeh qurum iddiaçı ilə əmək müqaviləsinin xx.xx.2019-cu il tarixdə bağlandığına, əvvəlki əmək müqaviləsinin onlara heç bir aidiyyətinin olmadığına, nəticədə iddiaçının fasiləsiz 5 il müddətində cavabdeh qurumda əmək fəaliyyəti ilə məşğul olmasından söhbət belə getmədiyinə, bununla yanaşı əvvəlki əmək müqaviləsinin də müddətli bağlanıldığına, əmək qanunvericiliyində də əmək müqaviləsinin müddətsiz bağlanılması dedikdə yəni 5 ildən artıq bağlanılmasının nəzərədə tutulmasına istinad edir. Bununla bağlı, xüsusilə qeyd edilməlidir ki, cavabdeh qurum iddiaçının əvvəlki iş yeri olmuş qurumun ləğv edilməsi və həmin ləğv edilmiş qurumun əsasında yaradılmışdır. Başqa sözlə, iddiaçının qurum ləğv edildikdən sonra işdən azad edilməsi və eyni tarixdə əvvəlki vəzifə ilə eyni (baş aqranom) vəzifəyə təyin edilməsi onu göstərir ki, iddiaçı əvvəlki qurumdakı əmək funksiyalarının icrası üzrə fəaliyyətinin davamı kimi yeni yaradılmış qurumda işə qəbul edilmişdir.
32. Məhkəmə kollegiyası iddiaçının əmək funksiyalarının icrasında pozuntulara yol verməsi və yoxlama zamanı bu faktların aşkarlanaraq iddiaçı tərəfindən də qəbul edilməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə həmin hallara istinad edilmədən müddətin bitməsi əsası ilə xitam verildiyindən bu dəlillərə münasibət bildirilməsinə hər hansı hüquqi zərurət yoxdur.
33. Məhkəmə kollegiyası məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi ilə bağlı da birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, həmin hissədə məhkəmə iddiaçının tələbindən asılı deyil və birinci instansiya məhkəməsi öz mövqeyində haqlı olmuş və işin hallarına düzgün qiymət verərək, cavabdehin xx.xx.2024-cü il tarixli, 3-22-1/3-1-528/2024 nömrəli əmrini ləğv etmiş və tərəflər arasında bağlanmış əmək müqaviləsini müddətsiz hesab etməklə, iddiaçını əvvəlki vəzifəsinə bərpa etmiş, həmçinin məcburi iş buraxma müddəti üçün cavabdehdən iddiaçının xeyrinə əmək haqqı tutmuşdur. Qeyd edilənlər öz növbəsində apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu təsdiq edir və şikayətin rədd edilməsini şərtləndirir.
34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 1073/2025 saylı qətnaməsi cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.