Məhkəmə qərarları › İş №2(103)-3504/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3504/2023

15.05.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3504/2023 15.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-196/2018 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BOKT MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, BAKU1-24 505-10495 saylı kredit müqaviləsinə xitam verilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada iddiaçının xeyrinə 26.342,22 ABŞ dolları əsas, 13.924,79 ABŞ dolları faiz, 74.892,31 ABŞ dolları məbləğində dəbbə, cəmi 115.339,32 ABŞ dolları məbləğində kredit borcunun, bildirişin DƏDRXDƏ qeydə alınması üçün ödənilmiş 30 manat, ödənilmiş dövlət rüsumunun və sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş 41,20 manat notariat haqqının alınması, Cavabdeh2 məxsus olan daşınmaz əmlakın dövlət reyestrində 198 nömrəli reyestr kitabının 18300 nömrəli vərəqində qeydiyyata alınmış Bakı şəhəri, Sabunçu rayonu, Məştağa qəsəbəsi, Zeytun emalı ərazisi, Xətai küçəsi, 2-ci döngədə yerləşən 22 nömrəli, 95,3 kv.m. ümumi, 47,2 kv.m. yaşayış, 48,1 kv.m. yardımçı sahəsi olan, 3 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin 50.000 manat müəyyən edilməklə, açıq hərracdan satılması, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 Siyavuş oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun emalı ərazisi, Xətai küçəsi, 2-ci döngədə yerləşən, 22 nömrəli, 95,3 kv.m. ümumi, 47,2 kv.m. yaşayış, 48,1 kv.m. yardımçı sahəsi olan, 3 otaqlı fərdi yaşayış evindən çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-196/2018 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 26.342,22 ABŞ dolları əsas, 13.924,79 ABŞ dolları faiz, 1.000 ABŞ dolları məbləğində dəbbə, cəmi 41.267,01 ABŞ dolları məbləğində borcun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla tutularaq, "xxxx" Bank Olmayan Kredit Təşkilatına ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Məştağa qəsəbəsi, Zeytun emalı zavodu ərazisi, Bakı şəhəri, Xətai küçəsi, 2-ci döngə, 22 saylı fərdi yaşayış evinə yönəldilməsi və həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, Bakı şəhəri, Xətai küçəsi, 2-ci döngə, 22 saylı fərdi yaşayış evinə yönəldilməsi və həmin fərdi yaşayış evinin ilkin satış qiymətinin 65.000 manat müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti müəyyən edilmiş 1 aylıq prosessual müddətin ötürülməsi səbəbindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-196/2018 saylı qərardadı ilə geri qaytarılmışdır. Həmin qərardaddan xx.xx.2021-ci il tarixdə Cavabdeh2 tərəfindən verilmiş şikayət Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə əsasən (Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməməsi səbəbindən) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Bu qərardaddan Cavabdeh2 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş şikayət Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-196/2018 saylı qərardadı ilə təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-196/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ləğv edilmiş, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti mülki iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-196/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi xx.xx.2018-ci il tarixdə Cavabdeh2 qeydiyyatda olduğu ünvan 1 ünvanına göndərilmişdir. İş materiallarında qətnamənin məhkəmə qəbzinə imza etməklə qəbul edilməsini təsdiq edən sənədin olmaması və həmin qətnamədən xx.xx.2018-ci il tarixdə apellyasiya şikayətinin verilməsi, X4 tərəfindən qətnamənin qeyd edilən ünvan üzrə qəbul edilməsini və həmin poçt ünvanı üzrə göndərilən məhkəmə sənədlərinin çatdırılmasını təsdiq edir. Lakin apellyasiya şikayəti xx.xx.2018-ci il tarixdə apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş 1 aylıq müddətin ötürülməsi əsası ilə geri qaytarılmış və bu qərardadda eyni ünvana göndərilmişdir. Həmin qərardaddan da Cavabdeh2 tərəfindən şikayət artıq onun qəbul edildiyi tarixdən 3 il 5 ay 3 gün sonra, yəni xx.xx.2021-ci il tarixdə verilmişdir. Qətnamənin qəbul edilməsində iştirak etmiş, bu tarixdən 3 aydan bir az artıq müddət keçdikdən sonra ondan apellyasiya şikayəti vermiş şəxsin (Cavabdeh2) bir də 3 il 5 ay 3 gündən sonra şikayətlə məhkəməyə müraciət etməsi birmənalı şəkildə onun ötən dövr ərzində qətnamə və qeyd edilən qərardad (ən azı onun marağında olduğu apellyasiya şikayətinin göndərilib-göndərilməməsi) barədə həqiqətən də məlumatlı olmamasını şübhə altına alır. Bu qərardadın qeyd edilən ünvan üzrə cavabdehlərdən hər hansı digər birinin (Cavabdeh1 göndərilmişdir) qəbul etməsi isə onunla bir evdə yaşayan Cavabdeh2 bu barədə məlumat verməsinin və ondan gizlətməsinin səbəblərinin müəyyən edilməsini zəruri edir. Bu da öz növbəsində bu məsələdə həqiqətin müəyyən edilməsi üçün hərtərəfli araşdırmanın aparılmasını, o cümlədən icra işinin tələb edilərək, icra sənədlərin nəzərdən keçirilməsini şərtləndirir. Məhkəmənin bu qənaəti həm də onunla bağlıdır ki, xx.xx.2021-ci il tarixli şikayətdə Cavabdeh2 özü (yəni onun tərəfindən imzalanmış həmin şikayətdə) qeyd edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-196/2018-ci il tarixli qərardadı ona xx.xx.2021-ci il tarixdə təqdim edilmişdir. Belə olan halda, həmin şikayətə əlavə edilmiş sənədlərə istinadən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, qüvvədə olan mülki prosessual qanunvericiliyin tələbləri baxımından rəsmi əldə etdiyi tarixdən 10 gün müddətində mübahisələndirməli olduğu qərardadı Cavabdeh2 11 aydan sonra, yəni xx.xx.2021-ci il tarixdə mübahisələndirmiş və onun tərəfindən şikayətə əlavə edilmiş məhkəmənin xx.xx.2021-ci il tarixli məktubu ilə (poçt zərfinə əsasən xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə almışdır) həmin qərardad onun eyni ünvanına təkrarən göndərilmişdir. Lakin artıq qeyd edildiyi kimi, həmin qərardadın məzmunu barədə Cavabdeh2 artıq xx.xx.2021-ci il tarixdən məlumatı olmuşdur. Qeyd edilən gün (xx.xx.2021-ci il) bayram gününə təsadüf etməsinə baxmayaraq, bu tarix onun özü tərəfindən qeyd edilmişdir. Qeyd edilənlər isə öz növbəsində prosessual müddətlərə riayət edilməməsi səbəbindən həmin şikayətin təmin edilməsini qeyri-mümkün edir və qərardadın bu əsasla geri qaytarılmasını şərtləndirir. Lakin birinci instansiya məhkəməsi bu məsələyə hər hansı diqqət yetirmədən şikayətin elektron qaydada verilməməsi əsası ilə onu xx.xx.2021-ci il tarixli qərardadla geri qaytarmış və qərardadı yenə də həmin ünvana göndərmiş və yenə də bu halı təsdiq edən reyestri iş materialalrına əlavə etmişdir (xx.xx.2021-ci il tarixdə göndərilmişdir). Maraqlısı ondan ibarətdir ki, bundan sonra Cavabdeh2 artıq xx.xx.2021-ci il tarixli qərardadı məhkəmədən rəsmi tələb etmədən, onun barədə məlumatlı olmamasını bildirmədən, yalnız xx.xx.2023-cü il tarixdə, yəni bir ildən artıq müddət keçdikdən sonra, lakin artıq elektron qaydada şikayət və apellyasiya şikayəti verərək, xx.xx.2018-ci il tarixli qərardadı mübahisələndirmiş və apellyasiya şikayətini baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayəti elektron qaydaya riayət edilməməsi əsası ilə xx.xx.2021-ci il tarixdə geri qaytarmış birinci instansiya məhkəməsi ən azı ötən bir il ərzində bu şikayətin hansı səbəblərdən verilməməsini araşdırmadan xx.xx.2023-cü il tarixdə sadə yazılı formada (hər səhifəsini imzalamaqla və məhkəmənin möhürü ilə möhürləməklə) qəbul edilmiş qərardadla şikayəti təmin etmiş, 5 ilə yaxın müddət keçməsinə baxmayaraq (4 ay 2 gün də gözləsə, daha yuvarlaq müddət, yəni 5 il tamam olmuş olardı) qətnamənin cavabdehlər tərəfindən alınmasını təsdiq edən sənədin müəyyən edilmədiyi qənaətinə gəlmiş və şikayəti təmin edərək, 5 ilə yaxın müddət əvvəl qəbul etdiyi xx.xx.2018-ci il tarixli qərardadı ləğv etmiş və apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə istinadən xüsusilə vurğulayır ki, mülkiprosessual qanunvericiliyin müddəaları şəraitə uyğun və bunun nəticəsi olaraq sözün əsl mənasında hər hansı məsələyə və ya münasibətə qanuni əsas “geyindirilməsi” üçün tətbiq edilməli deyil, məqsədinə və mahiyyətinə (məzmununa) uyğun tətbiq edilməlidir. Bununla belə, məhkəmə kollegiyası mülki prosessual məcəllənin yuxarıda göstərilən məsələləri tənzimləyən müddəalarına istinadən qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi ilk öncə məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadından verilmiş şikayətin ən azı xx.xx.2021-ci il tarixdə geri qaytarılmasından sonra həmin qərardaddan şikayətin yenidən xeyli müddət keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə, sadə anlamda deyilsə belə ciddi müddət pozuntusu ilə verilməsinin səbəblərini hərtərəfli araşdırmalı və qərardadda göstərilən ümumi sözlərlə deyil, yalnız belə uzun zaman ötürülmüş müddətin üzürlü hesab edilməsi üçün ciddi və mötəbər əsaslar olduğu təqdirdə həmin qərardaddan şikayət vermə müddətinin ötürülməsini üzürlü hesab etməklə, bərpa etməli, mövcud vəziyyətdə isə, yəni müddətin bərpası barədə ərizənin verilməməsi səbəbindən, ümumiyyətlə qərardadı qeyd edilən əsasla geri qaytarmalı idi. Belə ki, mövcud vəziyyətdə cavabdehin hərəkətlərinə yalnız məhkəmə qətnaməsinin icrasının yubadılması məqsədi ilə mülki prosessual qanunvericiliyin müddəalarından öz xeyrinə istifadə etməsi kimi qiymət verilməsinə əsas yaranır. Eyni zamanda, nəzərə alınmalıdır ki, bu qərardaddan şikayətin verilməsi müddəti bərpa edilmədən apellyasiya şikayətinin mümkünlüyünə baxmaq qeyri-mümkündür. Yalnız bundan sonra apellyasiya şikayətinin verilməsi müddətinin ötürülüb-ötürülməməsinə hüquqi qiymət verilə və növbəti prosessual hərəkətlər yerinə yetirilə bilər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, xx.xx.2023-cü il tarixli apellyasiya şikayətinə (böyük ehtimal ki, müraciətinə əsasən birinci instansiya məhkəmə tərəfindən verilmişdir) xx.xx.2018-ci il tarixdə Cavabdeh1 Səyavuş oğlu tərəfindən 15 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz əlavə edilmişdir. Halbuki, bu şəxs apellyator deyil, qəbz isə 2018-ci il tarixə aiddir. Digər tərəfdən apellyasiya şikayətinin məznununda (bir yerdə ki, məhkəmənin qərardadının icrası qaydasında artıq elektron verilibdir) ən azı iki yerdə cavabdehin (apellyatorun) iştirakının təmin edilmədiyi qeyd edilmişdir. Halbuki, cavabdeh məhkəmə iclaslarında həm özü iştirak etmiş, həm də nümayəndəsi X5 ilə təmsil edilmişdir. Qeyd edilənlər də öz növbəsində apellyasiya şikayəti üzrə apellyasiyanın həmçinin, bu əsaslarla (rüsumun ödənilməməsi və məzmun) qeyrimümkün hesab edilməsi üçün əsas yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s); 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 363.1.2-ci maddəsinə görə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; 366.1-ci maddəyə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər; 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır; 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, hesab edir ki, iddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-196/2018 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilməlidir. Göstərilnlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü, 360-cı, 363-cü, 366-cı, 399-400-cü, 402-ci, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-196/2018 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar