Məhkəmə qərarları › İş №2(103)-3505/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3505/2024

25.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3505/2024 25.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh1 Firmasına qarşı ("xxxx" ASC və "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələr irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: maneənin aradan qaldırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh1 Firmasının nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh1 Firmasına qarşı ("xxxx" ASC və "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maneənin aradan qaldırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-176/2024 nömrəli 27 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 Firması tərəfindən verilmiş apellyasiya şikayətinə 25 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. 30.06.2015-ci il tarixli 862 saylı müqaviləyə görə Podratçı "xxxx" MMC ilə sifarişçi İddiaçı arasında Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi ilə Ə.Yaqubov küçəsinin kəsişdiyi ünvanda yerləşən torpaq sahəsi üzərində Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 203 Saylı xx.xx.2005-ci il tarixli sərəncamı əsasında beş mərtəbəli binaların inşa etməsinə, inşaat işlərinin 2005-2015-ci illər ərzində başa çatdırılmasına, binanın inşaatı başa çatdırıldıqdan sonra 12 saylı binanın 5-ci mərtəbəsində yerləşən 14 nömrəli mənzilinin “Sifarişçi”yə satılaraq onunla müvafiq alqı-satqı müqaviləsinin bağlanmasına və həmin mənzilin onun mülkiyyətinə verilməsinə, “Sifarişçi”nin isə bu əmlakı qəbul edib, əvəzində razılaşdırılmış məbləğin ödənilməsinə dair tərəflər üçün ilkin hüquqi öhdəliyin yaranması təşkil edir.

2. Satıcı "xxxx" MMC ilə Alıcı İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə görə satıcı "xxxx" MMC ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 45 kv.m. olan mənzili tam mülkiyyət üzrə Alıcı- İddiaçı mülkiyyətinə verir.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 45 kv.m. olan mənzil xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2020-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.

4. İddiaçı ünvanlanmış Xəbərdarlığa görə “Sizin kommunal xərclərə görə 15 ay: 300 manat borcunuz var. Xahiş edirik 3 gün müddətində ödəyəsiniz!!! Əks halda tədbirlər görüləcək!”.

5. Binada yerləşdirilmiş yazılı mətndə qeyd edilmişdir ki, “Hörmətli sakinlər! Xahiş edirik kommunal ödənişləri xx.xx.2023-cü ilədək edəsiniz! Əks halda tədbirlər görüləcək!”

6. Bakı şəhəri, Səbail rayonu, Akademik Ə.Yaqubov küçəsi, ev 52C, korpus 12, mənzil 1 ünvanında yaşayan E.Xəlilov, mənzil 3 ünvanında yaşayan İldırımlı Zamin və digərlərinə "xxxx" Firmasının müdriyyəti tərəfindən ünvanlanmış Bildirişə görə bina 12, mənzil 14-də yaşayan mənzilin sahibi İddiaçı kommunal pulunu ödəmədiyinə görə (hal-hazırda kommunal üzrə borcu 828 manatdır), şirkət nasosxananın təmirini və nasosların işıqla təmin olunmasını təşkil edə bilmir. Bu səbəblə, xx.xx.2023-cü il tarixinədək borc ödənilməsə bu binanın su anbarından istifadəsi dayandırılacaqdır. Qeyd edilir ki, kommunal xərclərinə ödənilən məbləğin (1kv.m-30 qəpik) əsas hissəsi nasosxananın təmirinə və işıqla təmin olunmasına xərclənir.

7. "xxxx" ASC-nin “söhbət” bölməsində İddiaçı müraciətindən görünür ki, işığının binanın komendantı tərəfindən dayandırılması ilə bağlı müraciət edilmiş və "xxxx" ASC-nin vətəndaşa cavab mətnində qeyd edilmişdir ki, “Elektrik enerjisi təchizatının dayandırılması məsələləri “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.12 və 9.13-cü bəndinin tələbləri ilə tənzimlənir və binanın komendantının enerji sərfiyyatına görə borc olmadığı halda, digər xərclərə görə elektrik enerjsi verilişinin dayandırılması halları qanunvericiliyə ziddir. Xahiş olunur, qeyd edilən məsələ ilə bağlı müraciəti yaşayış kompleksinin səlahiyyətli şəxsləri ilə aydınlaşdırasınız”.

8. İşıq sayğacının yerləşdiyi bölmənin üzərində yerləşdirilmiş mətndə qeyd edilmişdir ki, “Diqqət! Elektrik şiti icazəsiz açmaq qadağandır! Cərimə 1000 AZN”.

9. 16.02.2021-ci il tarixli, AKX-02794xx/xx-2021 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləyə görə “Azəriqaz” İB ilə İddiaçı arasında qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmış və ünvan 3 ünvanına G-4 markalı **********1 nömrəli sayğac quraşdırılmışdır.

10. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli akta əsasən ünvan 3 ünvanında yerləşən, İddiaçı adına olan **********10140 saylı Abunə hesabı üzrə qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanıldı və heç bir sızma aşkar edilməmiş, quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir. Qaz sayğacı abonentə təhvil verilmişdir.

11. “Azəriqaz” İB tərəfindən verilmiş **********10140 nömrəli abonentin saldosuna görə abonent İddiaçı xx.xx.2018-ci il tarixdən qazdan istifadəyə görə aylıq ödənişlər etmişdir.

12. "xxxx" ASC-nin Səbail Rayonu Sukanal İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən İddiaçı adına olan **********142 abonent kodu üzrə sudan istifadəyə görə ödənişlər edilmişdir.

13. "xxxx" ASC tərəfindən verilmiş Abunə haqqında məlumata əsasən ünvan 3 ünvanı üzrə abonent İddiaçı 2018-ci ildən işıqdan istifadəyə görə aylıq ödənişlər edilmişdir.

14. "xxxx" ASC-nin Bildiriş xəbərdarlığına görə ünvan 3 ünvanında yerləşən, İddiaçı adına olan **********20014 saylı Abunə kodu üzrə xx.xx.2023-cü il tarixdə 26.17 manat ödəniş edilmiş, xx.xx.2023-cü il tarixə ödəniləcək məbləğ 11.52 manat olmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi, ev 52C, korpus 12, mənzil 14 ünvanında yerləşən mənzildən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması və gələcəkdə də belə qanunsuz hərəkətlərin cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdehlərin qanunsuz olaraq istehlakçının elektrik enerjisini xx.xx.2023-cü il tarixdən bu məsələ ilə bağlı MTT-yə dair qərardad çıxana qədər kəsməsi və su təminatının dayandırılması nəticəsində mənzildə yaşamaqda olan özü və ailə üzvləri xeyli sıxıntılar keçirmişdirlər. Mövsümi soyuqların gəlməsi, sanitar-gigiyena tələbatlarının qarşılanması və ən əsası bu hərəkətlərin heç bir dayanağının olmaması bina idarəçiliyini həyata keçirən cavabdehlərin özbaşına hərəkətlərinə son qoyulmasının zəruriliyini tələb edir. Onun "xxxx" ASC-yə və "xxxx" ASC-yə heç bir kommunal ödənişə dair borcu yoxdur. "xxxx" MMC guya ki, ona borclu olduğunu iddia edərək ona məxsus əmlakın elektrik və su enerjisini qanunsuz olaraq kəsmiş və aidiyyəti cəmiyyətlər isə bu barədə məlumatı olmasına rəğmən heç bir tədbir görmədən hərəkətsiz qalmışdır. Bu hal isə onun hüquqlarının pozulmasına və konstitusion hüquqlarından məhrum qalmasına gətirib çıxarmaqdadır. İşin hallarından göründüyü üzrə cavabdehlərin hərəkətləri tamamilə qanunsuz olmuş və onun hüquqlarının pozulması ilə nəticələnməkdədir.

17. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 27 fevral 2024-cü il tarixli 2(009)-176/2024 nömrəli qətnaməsi ilə (hakim Rəna Qafarova) iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi, ev 52C, korpus 12, mənzil 14 ünvanında yerləşən mənzildən istifadəyə yaradılmış (suyun, işığın kəsilməsi kimi) maneələr aradan qaldırılmaqla gələcəkdə belə qanunsuz hərəkətlərin edilməsinin cavabdeh "xxxx" Firmasına qadağan edilməsi, ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat hissəsinin "xxxx" Firmasından tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

18. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hər hansı bir yaşayış binasında MMMC-lər, MTK-lar və s. hüquqi şəxslər yalnız özünün göstərdiyi xidmətlərə görə ödənişlər tələb edə və məhdudiyyələr müəyyən edə bilər. Hazırki halda isə "xxxx" Firmasının tərəfindən İddiaçı mülkiyətində olan və yaşadığı mənzilə hər hansı qaz, işıq və suyun verilməsi ilə bağlı xidmətlərin göstərilməsi müəyyən edilməmiş, eləcə də kommunal xidmətlərin göstərilməsinə görə onlar arasında hər hansı müqavilə bağlanmamışdır.

19. Məhkəmə onu da qeyd etmişdir ki, mənzil sahibi və ya mülkiyyətçi istifadə etdiyi məhz cavabdehin göstərdiyi xidmətlərə görə haqq ödəmədiyi halda, Firmaya dəyən zərərin əvəzi ilə bağlı mübahisə məhkəmədən kənar həll edilə bilmədikdə məhkəmə qaydasında xidmətlərdən istifadə edən sakinlər və ya mülkiyyətçilərdən qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada dəymiş zərərin əvəzi tələb edilə bilər.

20. Məhkəmə, "xxxx" MMC-yə qarşı iddia tələbinin irəli sürülməsinə münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC podratçı olaraq Bakı şəhəri Səbail rayonu X4 küçəsində yerləşən binaların tikintisini həyata keçirmiş və onun binanın idarə edilməsi ilə bağlı hər hansı öhdəliyi və ya fəaliyyəti olmamışdır. Buna görə də "xxxx" MMC-yə aid hissədə iddia tələbi rədd edilməlidir.

21. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.4, Mənzil Məcəlləsinin 137.1, 137.4, 137.5, 137.6, 137.7, 137.8, 137.9, 137.10, , Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

22. Qətnamədən Cavabdeh1 Firması apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayətində göstərilmişdir ki, "xxxx" Firmasınının İddiaçı qarşısında heç bir öhdəliyi yoxdur və bu səbəbdən də məhkəmə "xxxx" Firmasının üzərinə iddiaçının mənzilində elektrik enerjisinin və su təminatları ilə bağlı heç bir öhdəlik qoya bilməzdi. Belə ki, hazırda "xxxx" MMC və "xxxx" Firması Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi, 52C, Korpus, 12, mənzil, 14 ünvanında yerləşən mənzilə elektrik enerjisinin verilməsi və su təminatları ilə bilavasitə məşğul olmur. Bu işlərlə müvafiq olaraq, "xxxx" ASC və "xxxx" ASC məşğul olurlar. "xxxx" MMC Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi, 52C ünvanında ümumiyyətlə heç bir fəaliyyət göstərmir. MMC binaların tikintisi ilə məşğul olan bir şirkətdir və elektrik enerjisinin verilməsi və su təminatları ilə məşğul olmur. Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi, 52C, Korpus, 12, mənzil, 14 ünvanında yerləşən mənzilin sahibi olan iddiaçı mənzili satın aldıqdan sonra, "xxxx" Firmasının göstərdiyi xidmətlərə görə haqq ödəməkdən boyun qaçırmaq məqsədi ilə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135-144-cü maddələrinin tələblərini yerinə yetirməmiş, satın aldığı mənzilə "xxxx" Firması tərəfindən göstərilən kommunal və digər xidmətlərə görə pul ödəməkdən qəsdən boyun qaçırmaq məqsədi ilə "xxxx" Firması ilə heç bir müqavilə bağlamamışdır və müqavilə bağlamaq da istəmir. "xxxx" Firmasının və onun əməkdaşlarının "xxxx" Firması ilə müqavilə bağlamamış heç bir subyekt, o cümlədən iddiaçının qarşısında hər hansı bir xidmətin göstərilməsi vəzifəsi və öhdəliyi yoxdur. İddiaçı fiziki şəxs kimi yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borclu olduğundan, mənzili əldə etdikdən sonra, "xxxx" Firması ilə dərhal müqavilə bağlamalı, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsinin yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmasını nəzərə almalı idi. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatı

25. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Firmasının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

26. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

27. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdeh və üçüncü şəxslər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mənzil Məcəlləsi

28. Maddə 137.1. Çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir.

29. Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər.

30. Maddə 137.5. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər.

31. Maddə 137.6. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər.

32. Maddə 137.7. Bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər.

33. Maddə 137.8. Yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər.

34. Maddə 137.9. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər.

35. Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

42. Qətnamə Cavabdeh1 Firmasının apellyasiya şikayətinə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

44. İddiaçı kommunal ödənişlərin edilməsi ilə bağlı “Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC ilə müvafiq müqavilələr bağlayaraq kommunal ödənişləri mütəmadi olaraq etmişdir.

45. Ona məxsus mənzilə elektrik və su enerjisinin verilməsinin dayandırılması əsası ilə iddiaçı cavabdehlərə qarşı hazırki iddianı qaldırmışdır.

46. İddiaçıya məxsus mənzilin yerləşdiyi binanın idarəedisi Cavabdeh1 Firmasıdır.

47. Müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, ünvan 6 ünvanında yerləşən mənzili almaqla yaşayan İddiaçı ilə "xxxx" Firması arasında kommunal xidmətlərin göstərilmələrinə görə müqavilə bağlanmamışdır.

48. Məhkəmə də haqlı olaraq göstərmişdir ki, hər hansı bir yaşayış binasında MMMC-lər, MTK-lar və s. hüquqi şəxslər yalnız özünün göstərdiyi xidmətlərə görə ödənişlər tələb edə və məhdudiyyətlər müəyyən edə bilər. Hazırki halda isə "xxxx" Firması tərəfindən İddiaçı mülkiyətində olan və yaşadığı mənzilə hər hansı qaz, işıq və suyun verilməsi ilə bağlı xidmətlərin göstərilməsi müəyyən edilməmiş, eləcə də kommunal xidmətlərin göstərilməsinə görə onlar arasında hər hansı müqavilə bağlanmamışdır. Ona görə də mənzildən istifadəyə yaradılmış maneələrin, yəni suyun və işığın verilməsinin dayandırılması kimi hərəkətlər aradan qaldırılmalı və bu cür hərəkətlər qanunsuz hesab edilməklə qadağan edilməlidir.

49. Kollegiya onu da qeyd edir ki, kommunal xidmətlərin göstərilməsi üçün bina sakini ilə idarəedici təşkilat arasında xidmət müqaviləsinin bağlanması zəruri hesab olunsa da, belə müqavilə olmadan da göstərilən xidmətlərin haqqını ödəmək bu xidmətlərdən yararlanan sakinlərin vəzifəsidir. Ancaq kommunal xidmətlərə görə borcun yaranması idarəedici təşkilata suyun və işığın verilməsini dayandırmaq kimi hərəkətlər etməsinə haqq qazandıra bilməz.

50. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətində göstərilənlər qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-176/2024 nömrəli iş üzrə 27 fevral 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar