Məhkəmə qərarları › İş №2(103)-3506/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3506/2023

30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3506/2023 30.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı cavabdeh "X11" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, e-2(006)-2573/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı iddia edir ki, "X11" MMC ilə iddiaçının qızı X10 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən MMC bu müqavilə ilə müyyən edilmiş Riyaziyyat, Məntiq, Həndəsə və Türk dili fənləri üzrə dərslərin tədrisini həyata keçirməyi, tələbə isə bunun müqabilində illik 3.300 manat məbləğində xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. "X11" MMC-nin xx.xx.2022-ci il tarixli qərarına əsasən X1 xaric edilmişdir. xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021-xx.xx.2022 tədris ili üçün iddiaçı tərəfindən cəmi 2.250 manat məbləğində ödəniş edilmişdir. "X11" MMC-nin tələbə Kərimova Nigar ilə son haqq-hesab cədvəlindən görünür ki, tələbə ona tədris olunan dərslər üçün 2.250 manat (aylıq-412.5 manat) ödəmiş və ödənilməli olan ümumi məbləğ isə 1904 manat olduğundan, 346 manat MMC tərəfindən geri ödənilməli olan məbləğdir. Yasamal rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı 946235 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X9, ana qrafasında İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq nömrə ilə qeyd edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "X11" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022ci ildə vurulan maddi zərərin əvəzi olaraq 750 (yeddi yüz əlli ) manat, mənəvi zərərin əvəzi olaraq 2.000 ( iki min) manat məbləğində, hüquqi xidmətə görə ödədiyi 500 (beş yüz ) manat və 52 (əlli iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh Metropol tədris mərkəzi “X11” MMC-dən tutulub ona ödənilməsi və MMC-nin İddiaçı üzr istəməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X10 imtahandakı nəticələrinə görə yüksək qiymətləndirilmiş və başqa bir qrupa keçirilmişdir. Ancaq, yeni qrup şagirdləri X4yda və prinsiplərinə birbaşa zidd gedərək Nigarı kursun dərslərindən, yarışlarından hər vəchlə kənarlaşdırmağa çalışmışlar. Onlar keçiriləcək dərslərin vaxtı və dərsi keçiriləcək otaq haqqında dəfələrlə qəsdən məlumat verməmişlər. Nəticədə, Nigar dərslərindən geri qalmaqla yanaşı stress keçirmiş, psixoloji sarsıntı yaşamışdır. Sinifdə yaranmış bu qruplaşma, Nigarın digər şagirdlər tərəfindən təklənməsi, bulinqə məruz qalması bir valideyn kimi onu çox narahat etmişdir. X13 Kurslarında bulinqə, yəni incidilməsinə səbəb olan təkrar olaraq törədilmiş aqressiv davranışa, psixoloji zorakılığa məruz qalması onu kursa yaxınlaşmağa vadar etmişdir. O, ilk öncə, kursun tədris mütəxəssisi Firuzə xanımla bu məsələni müzakirə etmiş, kursda yaranmış bu mənfi halın aradan qaldırılması üçün tədbirlər görülməsini xahiş etmişdir. Daha sonra, Firuzə xanım onu sinif otağına aparmış, şagirdlərin arasında yaranmış problemdən söz açmış və ona söz vermişdir. O, öz növbəsində uşaqlarla səmimi danışıqlar aparmış və heç bir təhdid, təhqirə yol verməmişdir. Bu hadisədən bir neçə saat sonra, sms vasitəsi ilə aldığı məlumata görə kursun İdarə Heyətinin iclası keçirilmiş, nəticə etibarilə X10 heç bir əsas göstərilmədən kursdan xaric edilmişdir (SMS-in mətni): “Salam, xx.xx.2022 tarixində yasanan xoşagəlməz hadisədən çox məyus olduq. Bildiririk ki, İdarə Heyətini, müəllimləri ağır tənqid etməyiniz və ən əsası da dərs prosesi zamanı sinifə daxil olaraq şagirdləri təhqir etməyiniz dəyərlərimizə və prinsiplərimizə ziddir. Ona görə də şirkətimizin İdarə Heyətinin bu xoşagəlməz hadisədən dərhal sonra keçirilən iclasında alınan qərara əsasən övladınız Nigar Kərimova xx.xx.2022 tarixindən etibarən X5 xaric edilir. Son hesablaşma üçün sizə 346 Azn geri ödəniş etməliyik. Xahiş edirik, kart hesabı göndərin ödənişinizin qalan hissəsini sizə geri ödəyək.” Halbuki, MMC ilə aralarında bağlanan müqavilənin müddəalarında İdarə Heyyətinin iclas keçirilməsi və şağırdin kursdan xaric olunması Qərarın qəbul edilməsi şərtlərinə tam ziddir. Qəbul edilmiş qərarın mətni, nə də ki Qərarı cavabdeh tərəfindən bu günədək təqdim edilməyib. Həmçinin, cavabdehin təqsiri üzündən məhkəməyə müraciət etmək məcburiyyətində qaldığından hüquqi xidmətlə bağlı hüquq şirkətinə müraciət etmişdir. “Mirzayev and X17” MMC ilə müqavilə bağlayaraq hüquqi xidmətə görə 500 manat pul ödəmişdir. Bu məbləğ də, cavabdehin ona vurduğu zərər olduğundan həmin məbləğ cavabdehdən tutularaq ona ödənilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh “X11” MMC tərəfindən xx.xx.2022-ci ildə vurulan maddi zərərin əvəzi olaraq 2.250 (iki min iki yüz əlli) manat, mənəvi zərərin əvəzi olaraq 2.000 (iki min) manat, hüquqi xidmətə görə ödənilmiş 500 (beş yüz) manat və 68 (altmış səkkiz) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi və MMC tərəfindən İddiaçı üzr istənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun №7, “03” noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edildiyi qeyd olunur. Hazırkı işin hallarından görünür ki, İddiaçı qızına qarşı (azyaşlı uşağa qarşı) kurs tərəfindən yaşatdığı stress, təklənmə, psixoloji sarsıntı, bu səbəbdən yaranmış mənfi fiziki və psixoloji nəticələr bir valideyn kimi iddiaçıda da mənəvi sarsıntı və sağlamlığın pozuntusu ilə nəticələnmişdir. Həmçinin iddiaçının azyaşlı uşağın əsassız dərslərindən kənarlaşdırılaraq imtahanlara hazırlaşmaqdan, özünün və uşağın bütün gələcək planlarından məhrum olunması mənəvi zərərin ödənilməsinə dair tələb hüququ yaradır. Əlavə olaraq bildiririk ki, cavabdeh tərəfindən təqdim edilən MMC ilə tələbələr arasında haqq-hesab cədvəlində göstərildiyi kimi iddiaçı tərəfindən ödənilən məbləğ 2.250 (iki min iki yüz əlli ) manat təşkil edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, e-2(006)- 2573/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 346 manat, dövlət rüsumu kimi ödənilmiş 68 manatın 5 manatı və vəkilin göstərdiyi hüquqi yardıma görə 100 manat, cəmi 451 (dörd yüz əlli bir) manat məbləğində pulun cavabdeh “X11” MMC-dən alınaraq İddiaçı ödənilməsi və iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, tərəflər arasında müvafiq xidmətin göstərilməsinə dair müqavilənin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı bağlanmış müqavilənin cavabdeh tərəfindən əsassız olaraq ləğv edilməsi nəticəsində qızının mənəvi sarsıntılar və iztirab keçirdiyinə, bunun mənfi psixi reaksiyanın yaranmasına səbəb olduğuna istinad edərək özünə dəymiş mənəvi zərərin, həmçinin MMC-yə tədris ili üçün ödənilmiş 2.250 manat məbləğində dəymiş maddi zərərin ödənilməsini xahiş etmişdir. Məhkəmə iddianın “mənəvi zərərin ödənilməsi” hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 21-ci maddəsinin məzmununa görə, fiziki şəxs məhz ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi mülki qanunvericiliyə əsasən, vurulması ehtimal edilən zərərin aradan qaldırılmasını (dəymiş mənəvi zərərin ödənilməsi və s. formada) tələb etmək hüququ yalnız hüququ pozulmuş şəxsə məxsusdur. Belə ki, şəxsiyyəti ilə qırılmaz bağlı olan hüquqlarına dəyən zərərə görə istənilən şəxsin tələb hüququ onun həmin hüquqların daşıyıcısı olmasına əsaslanır. Bu baxımdan da, aidiyyəti şəxs birbaşa özünə toxunan əməllərlə bağlı iddia qaldırmadığı təqdirdə, həmin əməllərə görə başqasının tələb irəli sürməsi, başqa şəxsə məxsus qeyri-əmlak hüquqlarının üçüncü şəxs tərəfindən müdafiə edilməsi iddiaçının istinad etdiyi qanuni əsasın mahiyyətinə ziddir. Beləliklə pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə o zaman yol verilə bilər ki, iddiaçının müvafiq subyektiv hüququnun mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edilmiş olsun. Məhkəmənin gəldiyi qənaətə görə iddiaçının cavabdeh tərəfindən bağlanmış müqavilənin əsassız olaraq ləğv edilməsi nəticəsində qızının mənəvi sarsıntılar və iztirab keçirdiyinə istinadı ilə özünə dəymiş mənəvi zərərin ödənilməsini tələb etməyə subyektiv hüququ yoxdur. Həmçinin qeyd edilməlidir ki, mənəvi zərər dəyməsi istinad edilən X6 yetkinlik yaşına çatmamasına baxmayaraq, o, mülki-prosessual hüquq qabiliyyətlidir və məhkəmədə qanuni nümayəndə vasitəsilə iştirak etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 48 və 49.3-cü maddələrinin tələblərinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. Qeyd edilənlərə əsasən iddiaçıya özünün əsl iddiaçı ilə əvəz olunması təklif edilsə də, o, bu təklifdən imtina etmiş, mövqeyini daha sonra qızının keçirdiyi stress, təklənmə, psixoloji sarsıntı nəticəsində bir valideyn kimi özündə yaranmış mənəvi sarsıntı və sağlamlığının pozulması ilə əsaslandırmışdır. Məhkəmə cavabdeh tərəfin hər hansı hüquqa zidd hərəkətə yol verdiyi müəyyən olunmadığını nəzərə alaraq hesab etmişdir ki, İddiaçı özünə dəymiş mənəvi zərərlə bağlı tələb də rədd olunmalıdır. Belə ki, xx.xx.2021-ci il tarixdə bağlanmış müqavilənin 2.2.8-ci və 2.2.9-cu bəndlərinə əsasən, tələbə, habelə onun valideyni müəssisənin daxili nizam-intizam qaydalarına, etik davranış qaydalarına əməl etməli, müəssisənin iş ahəngini pozmamalı, sakitliyi və təhlükəsizliyi qorumalıdır (müqaviləni birtərəfli qaydada ləğv edə bilər). Tələbə, habelə onun valideyni müəssisənin daxili nizam-intizam qaydalarına, etik davranış qaydalarına əməl etməzsə, iki dəfə xəbərdarlıq edilməklə, əgər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini pozaraq inzibati xəta və ya cinayət törədərsə, xəbərdarlıq edilmədən müəssisə rəhbərliyi tərəfindən xaric edilə bilər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan və şahidlərin ifadələrindən göründüyü kimi X6 valideyni İddiaçı xx.xx.2022-ci il tarixdə dərs saatında kursun inzibati binasına və daha sonra dərs keçilən sinifə daxil olaraq müəssisənin iş ahəngini pozmuş, yüksək səslə digər uşaqların yanında danışaraq daxili nizam-intizam və etik davranış qaydalarına əməl etməmişdir. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab etmişdir ki, iddiaçı müqavilə tərəfinin valideyni kimi öhdəliyi lazımınca icra etmədiyindən və bununla da müqavilə şərtlətini faktiki pozduğundan cavabdehin şərtləri pozulmuş müqavilənin birtərəfli qaydada ləğv edilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə iddianın “vurulmuş maddi zərərin ödənilməsi” hissəsi ilə əlaqədar qeyd etmişdir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Bununla bağlı məhkəmə cavabdeh tərəfin hər hansı hüquqa zidd hərəkətə yol verdiyi müəyyən olunmadığını təkrar qeyd etmiş, lakin eyni zamanda cavabdeh tərəfin 346 manat məbləğində pulun iddiaçı tərəfindən artıq ödənildiyi məbləğ kimi geri qaytarılmalı olduğunu bildirdiyini nəzərə alır, iddianın da bu hissəsinin həmin məbləğdə təmin edilməli olduğunu hesab etmişdir. Belə ki, müqavilə münasibətlərinə vaxtından əvvəl xitam verildiyindən, müqavilə üzrə ödənişlərin tam şəkildə həyata keçirilməsi üçün hər hansı qanuni əsas olmadığından, tələbə tərəfi tərəfindən tədris olunan dərslər üçün ödənilmiş 2.250 manatın 346 manatı isə geri qaytarılmalı olduğundan məhkəmə hesab etmişdir ki, iddia bu hissədə qismən təmin edilməli, cavabdehin göstərilən məbləğdə iddiaçının hesabına əsassız olaraq varlanması halı aradan qaldırılmalıdır. Dövlət rüsumunun ödənilməsi barədə qəbz əsasında müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 68 manat məbləğində pul ödəmişdir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı vəkilin göstərdiyi yardıma görə 210 manat məbləğində xərc çəkmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 68 manatın 5 manatı və hüquqi xidmət xərcinə görə 100 manat məbləğində pul cavabdeh “X11” MMC-dən alınaraq İddiaçı ödənilməlidir. Gəldiyi qənaəti məhkəmə onunla əsaslandırmışdır ki, vəkilin göstərdiyi yardıma görə cavabdehdən iddiaçının xeyrinə 100 manat məbləğində pul vəsaitinin tutulması daha ağlabatandır Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 30.1, 421.2, 421.3, 425, 442, 448.1, 448.2, 1091, 1092.1; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 115.0.6, 119.1 və 121.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin – iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, müqavilə münasibətləri “X11” MMC ilə X10 arasında olduğu halda məhkəmə pulun bu müqavilənin tərəfi olmayan İddiaçı xeyrinə tutulması qənaətinə gəlmişdir. İddia tələbinin təmin edildiyi hissədə məhkəmənin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, pozulmuş hüququn məhkəmə tərəfindən bərpasına o halda yol verilir ki, iddiaçının müvafiq hüququnun mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edilmiş olsun. Hazırki işdə bu halların heç biri mövcud deyil. Əvvəla iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququ olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, bu müqavilə “X11” MMC və X10 arasında bağlanmış və X6 valideynləri İddiaçı və X9 bu müqavilənin bağlanılmasına etiraz etməməmələri barədə müvafiq ərizələr vermişlər. Yəni İddiaçı xx.xx.2021-ci il tarixli müqavilənin tərəfi deyil. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən isə Nigar Kərimova mülki prosessual fəaliyyət qabiliyyətli hesab edilir. Bu halda İddiaçı xx.xx.2021-ci il tarixli müqavilədən yaranan mübahisələr üzrə iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik deyildir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, məhkəmə mənəvi zərərlə bağlı hissədə iddia tələbini rədd etməsini məhz İddiaçı buna subyektiv hüququnun olmaması ilə əsaslandırsa da, nədənsə 346 manat pulun tutulması tələbinə dair hissədə iddiaçının subyektiv hüququnun olub-olmaması məsələsinə qiymət verməmiş və ziddiyyətli nəticəyə gəlmişdir. Hüquqi yardıma və ödənilmiş dövlət rüsumuna görə pulun tutulması tələbi əsas tələbin təmin edilibedilməməsindən asılı olduğundan əsas tələb rədd edilməli olduğuna görə həmin tələblər də rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən və səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini - iddia tələbinin təmin edilən hissəsində mübahisələndirdiyindən, qətnamə - iddia tələbinin təmin edilən hissəsində yoxlanılmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 30.1. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır. 30.2. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların ixtiyarı vardır ki, valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin razılığı olmadan müstəqil surətdə: 30.2.1. öz qazancı, təqaüdü və digər gəlirləri barəsində sərəncam versin; 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfin hər hansı hüquqa zidd hərəkətə yol verdiyi müəyyən olunmadığını qeyd etməklə cavabdeh tərəfin 346 manat məbləğində pulun iddiaçı tərəfindən artıq ödənildiyi məbləğ kimi qeri qaytarılmalı olduğunu bildirdiyini nəzərə alaraq iddianın da bu hissəsinin həmin məbləğdə təmin edilməli olduğunu hesab etmişdir. Belə ki, müqavilə münasibətlərinə vaxtından əvvəl xitam verildiyindən, müqavilə üzrə ödənişlərin tam şəkildə həyata keçirilməsi üçün hər hansı qanuni əsas olmadığından, tələbə tərəfi tərəfindən tədris olunan dərslər üçün ödənilmiş 2.250 manatın 346 manatı isə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdeh tərəf məhz 346 manatın qaytarılmalı olması ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsinin nəticəsini mübahisələndirməmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, müqavilə münasibətləri “X11” MMC ilə X10 arasında olduğu halda məhkəmə pulun bu müqavilənin tərəfi olmayan İddiaçı xeyrinə tutulması qənaətinə gəlmişdir. Hazırki işdə bu halların heç biri mövcud deyil. Əvvəla iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququ olmamışdır. Başqa sözlə, apellyator 346 manatın qaytarılmasına yalnız buna subyektiv hüququ olan şəxsin iddiası üzrə razıdır. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 30-cu maddəsinə əsasən 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların ixtiyarı vardır ki, valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin razılığı olmadan müstəqil surətdə: öz qazancı, təqaüdü və digər gəlirləri barəsində sərəncam versin. Qeyd olunan maddənin məzmunundan göründüyü kimi 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Həmin istisnalar isə qeyd edildiyi kimi öz qazancı, təqaüdü və digər gəlirləri barəsində sərəncam verməsindən, elm, ədəbiyyat və ya incəsənət əsərinin, ixtiranın və ya qanunla qorunan digər əqli fəaliyyət nəticəsinin müəllifi hüquqlarını həyata keçirməsindən eləcə də xırda məişət əqdləri və bu Məcəllənin 29-2-ci maddəsində nəzərdə tutulan digər əqdlər bağlamasından ibarətdir. Hazırki iş üzrə isə müqavilə tərəfi X10 olsa da müqavilə üzrə ödənişlərin məhz sonuncu tərəfindən edilməsi və ya onun öz qazancı hesabına ödəniş etməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Belə olan halda istinad edilən normanın 1-ci bəndinə əsasən məhkəmə kollegiyası hesab edir ki, valideynlərinin razılığı tələb edildiyindən N.Kərimova məhz valideynlərinin razılıqları ilə əqd bağlamışdır və bu da İddiaçı iddianın mübahisələndirilən hissəsində məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olması deməkdir. İş materiallarından göründüyü kimi cavabdeh tərəfin 346 manat məbləğində pulun iddiaçı tərəfindən artıq ödənildiyi məbləğ kimi qeri qaytarılmalı olduğunu bildirmişdir. Belə ki, işin materiallarında olan MMC-nin tələbə Kərimova Nigar ilə son haqq hesab cədvəlindən görünür ki, tələbə ona tədris olunan dərslər üçün 2.250 manat (aylıq-412.5 manat) ödənilmiş və ödənilməli olan ümumi məbləğ isə 1904 manat olduğundan, 346 manat MMC tərəfindən geri ödənilməli olan məbləğdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilərinə qiymət verərək həmçinin hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mənəvi zərərlə bağlı hissədə iddia tələbini rədd etməsini məhz İddiaçı buna subyektiv hüququnun olmaması ilə əsaslandırması qətnamənin ləğv edilməsi üçün əsas sayıla bilməz. Belə ki, birinci instansiya məhkəməsi iddiaçı özünə dəymiş mənəvi zərərlə bağlı tələbi rədd etmişdir və nəticəsini onunla əsaslandırmışdır ki, mənəvi zərər dəyməsi istinad edilən X6 yetkinlik yaşına çatmamasına baxmayaraq, o, mülki-prosessual hüquq qabiliyyətlidir və məhkəmədə qanuni nümayəndə vasitəsilə iştirak etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 48 və 49.3-cü maddələrinin tələblərinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki prosessual hüquq qabiliyyəti) malikdir. Yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. İş materiallarından görünür ki, qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya özünün əsl iddiaçı ilə əvəz olunması təklif edilsə də, o, bu təklifdən imtina etmiş, mövqeyini daha sonra qızının keçirdiyi stress, təklənmə, psixoloji sarsıntı nəticəsində bir valideyn kimi özündə yaşanmış mənəvi sarsıntı və sağlamlığının pozulması ilə əsaslandırmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddia qaldırmış şəxsin tələbləri üzrə müvafiq subyektiv hüquqa malik olub-olmamasına düzgün hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilərinə qiymət verərək daha sonra qeyd edir ki, 346 manat məbləğinin MMC tərəfindən geri ödənilməli olan məbləğ olmasını MMC-nin Kəmalə adlı əməkdaşının mobil telefonundan iddiaçının mobil telefonuna göndərdiyi SMS-in məzmununda da öz əksini tapmışdır. Göründüyü kimi, cavabdeh faktiki olaraq 346 manat məbləğini məhz iddiaçıya geri qaytarmaq təşəbbüsündə olmuş və hazırda da bu məbləği qaytarılmalı olmasını mübahisələndirmir. Lakin pulu qaytarmaq niyyəti olduğu halda məhkəmə kollegiyasının qənaətinə görə hazırda cavabdehin İddiaçı iddianın mübahisələndirilən hissəsində məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmasını mübahisələndirməsi faktiki olaraq həmin pulun qaytarılmasını uzatmaq məqsədi daşıyır. Belə ki, kollegiyanın qənaətinə görə iddia subyektiv hüquq olmadan verildiyi üçün iddia rədd olunduğu təqdirdə bu dəfə iddiaçının qızı yenidən 346 manat məbləğinin qaytarılmasına dair iddia qaldırmalıdır, yəni uzun müddət keçəndən sonra sözügedən məbləğin ödənilməsi onsuz da cavabdeh tərəfindən həyata keçiricəkdir. Bu isə əsassız süründürməçilik və mənasız vaxt itkisindən başqa bir şey deyildir. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə kollegiyası hesab edir ki, müqavilə münasibətlərinə vaxtından əvvəl xitam verildiyindən, müqavilə üzrə ödənişlərin həyata keçirilməsi üçün hər hansı qanuni əsas olmadığından, tələbə tərəfi tərəfindən tədris olunan dərslər üçün ödənilmiş 2.250 manatın 346 manatı isə geri qaytarılmalı olduğundan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi - iddianın həmin hissəsində qismən təmin edilməsi və cavabdehin göstərilən məbləğdə iddiaçının hesabına əsassız olaraq varlanması halının aradan qaldırılması barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, vəkilin göstərdiyi yardıma görə cavabdehdən iddiaçının xeyrinə 100 manat məbləğində pul vəsaitinin tutulması daha ağlabatandır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, e-2(006)- 2573/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar