Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3508/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili X1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X3 Edilməsi Agentliyi” MMC-nin nümayəndələri Nümayəndə2 və Nümayəndə3 iştirakları ilə, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-1064/19 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı Cavabdeh (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X3 Edilməsi Agentliyi” MMC cəlb edilməklə) qarşı “ipoteka ilə yüklü edilmiş avtomobilin alınması və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Banka olan 22483.52 ABŞ dolları əsas borc, 8700 ABŞ dolları faiz borcundan üzərinə həbs qoyulmuş "Hyundai Sonata" markalı, ağ mirvari rəngli, ** HH *** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki dəyəri 8000 manat çıxıldıqdan sonra qalan məbləğin Cavabdeh tələb edilərək ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir.). Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1064/19 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, təxminən 9 il bundan əvvəl 2010-cu il tarixdə işlədiyi müəssisəyə adını bilmədiyi iki nəfər yaxınlaşaraq, “Hyundai Sonata” markalı avtomobili satmaq istədiyini bildirmiş, avtomobilin qiyməti aralarında 12000 ABŞ dolları olaraq razılaşdırılmış, avtomobilin qanuni sahibi gətirilərək, ona baş etibarnamə verməklə avtomobil onun tərəfindən 12000 ABŞ dolları iddiaçıya ödənilərək, iddiaçıdan alınmışdır. O, alqı-satqı ilə məşğul olduğundan, həmin avtomobili üzərnə 200 dollar qoymaqla, 12200 ABŞ dolları müqabilində tərəfindən baş etibarnamə verilməklə digər şəxsə satmışdır. Burada onun iddiaçının dediyi kimi avtomobilin borcunun ödənilməsi kimi rəsmi öhdəlik və məsuliyyəti olmamışdır. Eyni zamanda, onun tərəfindən iddiaçı ilə avtomobilə aid digər borc və ya hər hansı kredit müqaviləsi bağlanmamışdır. İddiaçının iddia etdiyi ipoteka ilə bağlı qeyd etmişdir ki, ipoteka yüklülüyünün ona aid olması, o halda inandırıcı və mümkün ola bilərdi ki, bu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilsin. Qanunun tələbindən göründüyü kimi ipoteka ilə yüklü olan daşınar əmlaka dair öhdəlik o zaman ona aid olar və etibarlı sayılardı ki, bu barədə notarial qaydasında razılaşma olmalı və razılaşma və ya ipotekanın ona keçməsi barədə müqavilə daşınar əmlakın dövlət reyestrində qeydə alınmış olsun. Ancaq bu sənədləşmənin heç biri aralarında olmamışdır və ipotekanın ona keçirilməsi barədə rəsmi qeydiyyat aparılmamışdır. Buna görə də qarşı tərəfin avtomobilə olan borcun onun tərəfindən öhdəlik kimi götürülərək, ödənilməli olması barədə dedikləri, tamamilə yalan, əsası olmayan, bank, qarşısında məsuliyyətdən yayınmaq məqsədi daşıyan ifadələrdir. Ancaq bu pulun ödənəcəyi barəsində də aralarında hər hansı müqavilə və sənədləşmə olmamışdır. Bu səbəbdən, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili İ.Ağazadə apellyasiya şikayətini müdafiə edərək, qeyd etdi ki, cavabdeh maşın alqı-satqısı ilə məşğuldur. O, 2010-cu ildə maşını 12000 ABŞ dolları verməklə iddiaçıdan almış, avtomobili 3-4 gün sonra üzərinə 200 ABŞ dolları qoymaqla,12200 ABŞ dolları müqabilində baş etibarnamə verilməklə digər şəxsə satmışdır. Onların arasında bankın borcunun ödənilməsi ilə bağlı heç bir razılıq olmamışdır, həmin vaxtdan cavabdehin maşından heç bir xəbəri olmamışdır. Cavabdeh öz üzərinə bankın borcunun ödənilməsi ilə bağlı öhdəlik götürmüş olsaydı, bununla bağlı kreditorun da razılığı olmalı idi, hazırkı halda belə bir razılıq yoxdur. Eyni zamanda, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5796/2012 saylı, xx xxxxxx 2012-ci il tarixli qətnaməsindən görünür ki, bank borc tələbi ilə məhz hazırkı iddiaçıya qarşı, yəni İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Əgər bank öhdəliyin verilməsinə razılıq vermiş olsaydı həmin iddia tələbi ilə Cavabdeh qarşı məhkəməyə müraciət edərdi. Rayon məhkəməsi əsassız olaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Nümayəndə1 apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələri Nümayəndə2 və Nümayəndə3 apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdilər. Sübutların tədqiqi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5796/2012 saylı, xx xxxxxx 2012-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə 22483.52 (iyirmi iki min dörd yüz səksən üç dollar, əlli iki sent) ABŞ dolları əsas borc, 8510 (səkkiz min beş yüz on) ABŞ dolları faiz borcu, 250 (iki yüz əlli) ABŞ dolları dəbbə pulu, cəmi 31243.52 (otuz bir min iki yüz qırx üç dollar, əlli iki sent) ABŞ dolları (ödəniş günü ABŞ dollarının manata olan məzənnəsi nəzərə alınmaqla, manatla) və dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat tutulmuşdur. Cavabdeh İddiaçı məxsus “Hyundai Sonata” minik markalı, **-HH- *** dövlət qeydiyyat nişanlı avtomobilə (buraxılış ili-2010, tip-sedan, ban KMHEC41CVVA120756, rəng-ağ) tutma yönəldilmiş həmin avtomobil açıq hərracda satılması və satışdan əldə olunmuş vəsait hesabına cavabdeh İddiaçı banka olan borcunun ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 21063 nömrəli, xx xxxxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, ekspertiza təqdimatına təqdim olunmayan “Hyundai Sonata” markalı, ** HH *** dövlət qeydiyyat nişanlı, 2010-cu il buraxılışlı, mühərrik həcmi 2000 kvadrat santimetr normal vəziyyətdə saxlanmılmış, istifadəyə yararlı abtomobilin nəzəri orta bazar qiyməti təxminən 19000 (on doqquz min) manat müəyyən edilir. Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 27537 nömrəli, xx xxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, ekspertiza tətqiqatına təqdim edilmiş “Hyundai Sonata” markalı, ** HH *** dövlət qeydiyyat nişanlı abtomobilin hazırkı qusurları nəzərə alınmaqla orta bazar qiyməti təxminən 8000 (səkkiz min) manat müəyyən edilir. ƏN-İİ № 117314 nömrəli, xx xxxx 2014-cü il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı Bakı şəhəri Dövlət Yol Polisi tərəfindən xx xxxx 2010-cu il tarixli, 536141 nömrəli qeydiyyat şəhadətnaməsi ilə ona məxsus olan 2010-cu il buraxılışlı, Ban KMHEC41CVVA120756, “Hyundai Sonata” ** HH *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh etibar etmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təminedilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli vəiddia təmin edilməməlidir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ipoteka ilə yüklü edilmiş “Hyundai Sonata" markalı ** HH *** dövlət qeydiyyat nişanlı avtomobilin banka olan qalıq borcunu, yəni ödənilməmiş hissəsini ödəmək üçün yaxın tanışı olan Cavabdeh xx xxxx 2010-cu ildə uzun müddətli etibarnamə ilə vermişdir. Cavabdeh öhdəsinə götürmüşdür ki, Banka olan borcu tam ödəyəcək sonra isə avtomobili özəllləşdirəcəkdir, lakin cavabdeh ondan etibarnamə alaraq avtomobildən istifadə etmiş, lakin ipotekada olan avtomobillə bağlı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə ödəməli olan aylıq ödənişi etməmiş, etibar edilmiş avtomobili kənar şəxslərə satmışdır. Cavabdeh həmin dəlilə etiraz edərək qeyd edir ki, o, maşın alqı-satqısı ilə məşğuldur. O, 2010-cu ildə maşını 12000 ABŞ dolları verməklə iddiaçıdan almış, 3-4 gün sonra üzərinə 200 ABŞ dolları qoymaqla, 12200 ABŞ dolları müqabilində baş etibarnamə verilməklə digər şəxsə satmışdır. Onların arasında bankın borcunun ödənilməsi ilə bağlı heç bir razılıq olmamışdır, həmin vaxtdan cavabdehin maşından heç bir xəbəri olmamışdır. Cavabdeh öz üzərinə bankın borcunun ödənilməsi ilə bağlı öhdəlik götürmüş olsaydı, bununla bağlı kreditorun da razılığı olmalı idi, hazırkı halda belə bir razılıq yoxdur. Məhkəmə ilk növbədə iddia tələbinin qanuni əsasını yoxlamalıdır. Hazırkı halda iddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 522-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 522.1-ci maddəsinə əsasən, kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Həmin Məcəllənin 522.2-ci maddəsinə əsasən, əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırkı iş üzrə onunla cavabdeh arasında öhdəliyin verilməsi barədə razılaşma olması, eyni zamanda, öhdəliyin üçüncü şəxsə verilməsi barədə kreditorun (bankın) razılıq verməsinə dair hər hansı bir sübut təqdim etməmişdir. Əksinə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5796/2012 saylı, xx xxxxxx 2012-ci il tarixli qətnaməsindən görünür ki, bank öhdəliyin borclusu (tərəf) kimi hazırkı İddiaçı qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir, onun iddia tələbi təmin edilmiş, həmin qətnamə qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı iş üzrə» xx xxxx 2007-ci il tarixli X2 Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, “affirmanti, non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd edilən Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Beləliklə, kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılmasında iş üçün əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri tərəflərin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-1064/19 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov
Məhkəmə qərarları › İş №2(103)-3508/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3508/2020
26.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver