Məhkəmə qərarları › İş №2(103)-3509/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3509/2025

29.07.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3509/2025 29.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı “mənzilin təhvil verilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X4 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 mart 2025-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun nümayəndəsi (əri) X6 və cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2018-ci il tarixdə cavabdeh MMC-dən aldığı və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilmiş çoxmənzilli yaşayış binasının 2-ci bloku, 12-ci mərtəbəsində yerləşən 2 otaqdan ibarət 112,4 kv.metrlik 151 nömrəli mənzilin MMC-dən alınaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, onunla MMC arasında xx.xx.2018-cü il tarixdə bağlanmış müqaviləyə əsasən, MMC-yə 75.000 manat ödəniş etməklə mənzil almışdır. İddiaçı, uzun müddətdir ki, ailəsi ilə birlikdə Rusiyada yaşadığından mənzillə maraqlanmamışdır. 2020-ci ilin avqust ayında pandemiya səbəbindən işlərinin dayanması səbəbindən maddi vəziyyəti çətinləşmiş və o, Azərbaycana qayıtmışdır. Qayıtdıqdan sonra mənzilə baş çəkmiş və mənzildə başqa şəxsin – sonradan adını bildiyi X7 mənzildə yaşadığını görmüşdür. Söhbət zamanı Tərlan Qədirova bildirmişdir ki, mənzili MMC-dən satın almışdır. Bu məsələ ilə bağlı iddiaçının əri (hazırkı işdə iddiaçının nümayəndəsi) Oqtay Şükürov MMC-nin məsul şəxsləri ilə görüşərək söhbət etdikdə MMC-nin məsul şəxsləri onları (iddiaçıgili) başqa mənzilə yerləşdirilmiş və demişlər ki, hər şeyi yoluna qoyacaqlar, mənzili qaytaracaqlar. Bunun üçün onlar 1 ay vaxt istəmişlər. Buna baxmayaraq mübahisə hazıra kimi həll olunmamışdır. b) iş üzrə tərəflərin birinci instansiya məhkəməsinə iştirakı və verdikləri izahatlar barədə məlumat

3. İddiaçının nümayəndəsi (əri) Oqtay Şükürov iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir.

4. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iddiaya etiraz edərək, bildirmişdir ki, iddiaçının əri – nümayəndəsi Oqtay Şükürov MMC-nin yeni direktoru Tərlan Məmmədov ilə Rusiyadan telefon əlaqəsi yaradaraq mənzilə dair müqavilənin başqa adamla bağlanmasını xahiş etmişdir. Buna görə də mənzildə dair müqavilə X11 ilə bağlanmışdır.

5. Rayon Məhkəməsi tərəfindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işin baxılmasına cəlb edilmiş X11 Rayon Məhkəməsi tərəfindən məhkəmə baxışı iclaslarının yeri və vaxtı haqqında lazımı qaydada xəbərdar edilsə də, məhkəmə baxışı iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də Rayon Məhkəməsi işə onun iştirakı olmadan baxmışdır. c) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat

6. İşə baxmış Rayon Məhkəməsi hazırki iş üzrə qəbul etdiyi xx.xx.2025-ci tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X9 bildirmişdir ki, o, MMC-nin direktoru kimi 2021-ci ilin dekabr ayına kimi işləmişdi. İddiaçının əri Oqtay Şükürov onlardan aldığı mənzili satmaq istəmiş və bu işi Ağasəmid (əsl adı X1r) adlı bir şəxsə tapşırmışdır. Ağasəmid MMC-nin işçisi olmamış, sadəcə həmin binada təmir işlərinə baxırdı. İddiaçının aldığı mənzilə görə 5.000 manat borcu qalmış və o, mənzili sataraq borcunu bağlayacağını bildirmişdir. Mənzili alan şəxsi əvvəllər tanımamış, görməmişdir. İddiaçının əri “Whatsapp” vasitəsilə ona səs göndərərək, mənzili iş üzrə üçüncü şəxs olan Tərlan Qədirovanın adına keçirilməsini xahiş etmişdir. Sonra bir gün Oqtay Şükürov onun yanına gələrək, Ağasəmidin ona borcu olduğunu bildirmiş və köməklik göstərilməsini xahiş etmişdir. Lakin o, heç cür köməklik göstərə bilməyəcəyini Oqtay Şükürova bildirmişdir. Bütün proseslər iddiaçının iradəsi əsasında həyata keçirilmişdir. İddiaçı ilə cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən MMC 151 saylı mənzili iddiaçıya 75.000 manata satmışdır. İddiaçı həmin məbləğin 70.000 manatını ödəmiş, 5.000 manat isə ödəməmişdir. İddiaçının nümayəndəsi Oqtay Şükürov mənzilin dəyərinin tam ödənilməməsini etiraf etsə də, müqavilə üzrə öhdəliklərinin ödənilməmiş 5.000 manat istisna olmaqla icra edilməsini, lakin mənzilin iddiaçıya təhvil verilməməsini göstərərək, hazırda müqavilədə qeyd edilən mənzilin təhvil verilməsi öhdəliyinin icrasının cavabdeh MMC-nin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh MMC isə iddiaçının müqavilə öhdəliyinin tam yerinə yetirilməməsindən əlavə, iddiaçının istəyi ilə mənzilin başqa şəxsə - Tərlan Qədirovaya satıldığı üçün iddiaya etiraz etmişdir. Sözügedən müqaviləni imzayalan MMC-nin direktoru Miradəm Abbasov xx.xx.2018-ci il tarixdə ölmüş, bundan sonra Tərlan Məmmədov MMC-nin direktoru olmuş və 2021-ci ilin dekabr ayına kimi həmin vəzifədə işləmişdir. Onun fəaliyyəti dövründə Yeni Yasamal yaşayış massivində inşa edilmiş çoxmənzilli yaşayış binasının 151 saylı mənzilinin 83.400 manata satılmasına dair MMC ilə Tərlan Qədimova arasında xx.xx.2020-ci il tarixli müqavilə bağlanmışdır. Bu müqavilənin bağlanmasından iddiaçı tərəfin tam məlumatlı olmuş, hətta bu müqavilənin bağlanmasını təşəbbüskarı da iddiaçı tərəf olmuşdur. Belə ki, məhkəməyə təqdim edilmiş səs yazısından görünür ki, iddiaçının əri Oqtay Şükürov mənzilə görə ödənişin tam ödənilməməsini etiraf etmiş, bunu maliyyə çətinliyi ilə əsaslandırmış, eləcə də, göstərdiyi şəxsin adına müqavilə bağlamasını və daha ucuz mənzil alması istəyinin olmasını göstərmişdir. MMC ilə Tərlan Qədimova arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin qanuniliyini mübahisələndirməmiş və hazırki mübahisəni qaldırmasının səbəbi kimi iş materiallarında olan MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin saxta olmasını müəyyən etməsi ilə əsaslandırmışdır. Belə ki, xx.xx.2018-ci ildə vəfat etmiş MMC-nin direktoru olmuş Miradəm Abbasovun adından iddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, guya MMC 17 saylı mənzili tikib iddiaçıya təhvil verməsini və iddiaçı öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqını ödəməsini öz öhdəsinə götürür. Hətta müqavilə məbləğinin aylar üzrə ödəniş bölməsindən görünür ki, guya mənzilin ümumi məbləğindən 85.000 manat ödəniş edilmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2021-ci il tarixli müqavilədə müqavilə tərəfi kimi göstərilən MMC-nin direktoru Miradəm Abbasov xx.xx.2018-ci il tarixdə vəfat etdiyi üçün həmin müqavilə hazırki iş üzrə sübut növü kimi qiymətləndirilə bilməz. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfin tanıdığı və səs yazısından göründüyü kimi, mənzilin satılması ilə bağlı işləri tapşırdığı Ağasəmid adlı şəxs hazırda törətdiyi cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş və barəsində məhkəmə icraatı davam edir. Göstərilənlərə əsasən iddia əsaslı hesab edilə bilməz. d) apellyasiya şikayəti və etiraz barədə məlumat

8. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, doğrudur iddiaçı və iddiaçının əri Oqtay Şükürov MMC-nin direktoruna demişlər ki, Bakıya gəldikdə mənzilini satacaqlar, lakin deməmişlər ki, mənzili onlar Bakıya gələnə qədər satılsın və mənzildə olan əşyaları mənzildən çıxarılaraq hara gəldi yerləşdirsinlər. Mübahisəli mənzilində yaşayan Tərlan Qədimova qarşısında cavabdehliyi MMC daşıyır. Bundan başqa əgər həqiqətən mənzil Tərlan Qədimovaya satılıbsa onda cavabdeh MMC pulu iddiaçı tərəfə verdiyini sübut etsin. Pul ona verilməyib. Üçüncü şəxsin iştirakı təmin edilməli idi. Məhkəmə prosesi ədalətli aparılmamışdır.

7. Cavabdeh MMC apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçı və iddiaçının əri Oqtay Şükürov oğlu 2020-ci ildə cavabdeh MMC-nin icraçı direktoru Tərlan Məmmədova müraciətlər edərək, Moskva şəhərində yaşadıqlarını, pandemiyası ilə əlaqədar Bakı şəhərinə gələ bilmədiklərini, cavabdeh MMC-dən aldıqları 151 nömrəli mənzili satdıqlarını və müqavilənin həmin şəxsin adına dəyişdirilməsini xahiş etmişlər. Oqtay Şükürov MMC-nin direktoru Tərlan Məmmədova məxsus mobil telefona (nömrə etirazda göstərilib) xx.xx.2020-ci il tarixdə özünün istifadəsində olan mobil telefondan (nömrə etirazda göstərilib) “WatsApp” vasitəsi əlaqə saxlamış, mənzili iş üzrə üçüncü şəxs Tərlan Qədimovaya satdığını bildirmiş və sonuncunun şəxsiyyət vəsiqəsinin surətini göndərmişdir. Oqtay Şükürov “WatsApp” vasitəsi ilə göndərdiyi səs yazısında bildirmişdir: “mənə məxsus 2-ci blok, 12-ci mərtəbəsində yerləşən 151 nömrəli mənzili bu adamın adına “oformit” (rəsmiləşdirilməsini) xahiş edirəm. Bundan sonra, tərəfin razılığı və pandemiya zamanı olan real vəziyyət nəzərə alınaraq, həmin 151 nömrəli mənzilin müqaviləsi Tərlan Qədimovanın adına dəyişdirilmişdir. Yəni, qanunvericilikdə konkert olaraq mülkiyyət hüququ əldə etmədən öncə mənzil sahibinin ona faktiki məxsus mənzilin özgəninkiləşdirilməsi, addan-ada keçirilməsinin qaydaları müəyyən edilmədiyi üçün, formalaşmış işgüzar münasibətlərə görə bu razılıq müxtəlif formalarda şifahi, yazılı, əvvəllər notarial qaydada təsdiq edilmiş ərizələrlə (son illər notarial orqanları bu tip ərizələri təsdiq etmirlər) ifadə edilməkdədir. Heç bir halda tikinti şirkətləri mənzil sahibi ilə yeni alıcının arasında həyata keçirilən “alğı-satqı” və yaxud addan-ada keçirilməsi prosesində iştirak etmir, tikinti şirkətinin yeganə işi müqaviləni addan-adda dəyişdirilməsindən ibarət olur. Göründüyü kimi, tam qanuni şəkildə tərəfin açıq iradəsinin ifadə edilməsindən sonra, həmin mənzillə bağlı müqavilə Tərlan Qədimova ilə bağlanılmışdır. Bundan sonra, iddiaçının özünün və yaxud mənzilinin açarları etibar etdiyi şəxslər tərəfindən mənzil Tərlan Qədimovaya təqdim olunmuş və sonuncu hal-hazırda da həmin mənzildə yaşamaqdadır. Mənzili addan-ada keçirilməsi zamanı, iddiaçı tərəfindən mənzilə görə ödənilməmiş qalan 5.000 manatlıq borc da tam bağlanmış və iddiaçı tərəfindən uzun müddət cavabdeh MMC-nin rəhbərliyinə heç bir irad, etiraz, narazılıq və s. bildirilməmiş, əksinə bayramlarda təbriklər yazılmışdır. Belə ki, Oqtay Şükürov özünə məxsus mobil telefondan (nömrə etirazda göstərilib) xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərdə MMC-nin direktoru Tərlan Məmmədova yeni il, axırıncı çərşənbə və novruz bayram təbrikləri mesajları göndərmişdir. Yəni, iddiaçının mənzili satdıqdan bir-neçə aydan sonra Azərbaycan Respublikasına qayıtdığı bu mesajlarla təsdiqlənir. Həm də, iddiaçının hər hansı narazıçılığı olsaydı, hər halda Tərlan Məmmədovun bayramlarını təbrik etməzdi, əksinə razılıq verməmiş olsaydı və yaxud başqa bir iradəsinə zidd hal olsaydı, ölkəyə qayıdan kimi şikayət edəcəkdi. Həmçinin cavabdeh MMC-nin təsisçisi X12 iddiaçının bacısı oğlu olmaqla, yaxın qohumluq münasibətlərindədirlər (iddiaçının nümayəndəsi məhkəmədə bunu etiraf etmişdir), yəni iddiaçı faktiki olaraq hər cür yaxınlıq imkanına malik şəxsdir. Bəs “iddiaçının və iddiaçının ərinin belə bir iddia tələbi hansı zərurətdən meydana çıxmışdır?” sualı yəqin Məhkəmə Kollegiyanı düşündürə bilər. Bunun isə cavabı ondan ibarətdir ki, 2021-ci ilin noyabr ayının axırında bəlli oldu ki, X3 adlı şəxs cavabdeh MMCnin inşa etdiyi binada mənzil mülkiyyətçilərin tapşırıqları və razılıqları əsasında mənzillərin təmir və satış işləri ilə məşğul olmuşdur və bir-neçə şəxsi aldadaraq onlara saxta müqavilələr verməklə onlara başqalarının mənzillərini guya satmış, bəzilərin mənzillərin təmir edəcəyi vədi ilə, bəziləri ilə isə birgə iş qurmaq adı ilə (pul alıb mənzillər təmir edəcəyi və əldə edəcəyi gəliri bölüşdürmək vədi ilə, həmçinin bu şəxslərə pulun təminatı olaraq mənzilləri girov olaraq saxta müqavilələr təqdim etməklə) aldatmışdır. Tərəfindən dərhal hüquq-mühafizə orqanlarına müraciət olunmuş, Ağasəmid Məhərrəmov oğlu barəsində cinayət işi başlanılmış, o, təqsirləndirilən şəxs qismində cəlb edilmiş və halhazırda da Bakı Ağır Cinayətlər Məhkəməsində barəsində məhkəmə istintaqı aparılmaqdadır. Ağasəmid Məhərrəmov barəsində cinayət işi başlanıldıqdan sonra, iddiaçının əri və nümayəndəsi Oqtay Şükürov öz telefonundan xx.xx.2021-ci il tarixdə MMC-nin direktoru Tərlan Məmmədova “WatsApp” vasitəsi ilə 3 dəqiqə 30 saniyəlik səs mesajı göndərərək, bildirmişdir: “bildiyiniz kimi sizinlə əlaqə saxlayıb o evi mən satmışam, deyir mən yeni ev almışam, köçmüşəm evə, 8.500 manata görə evim batır, Ağasəmid mənim başıma iki ildir oyun açıb, mənim pulumla 4 ev alıb satıb, hər dəfə deyirdi 15.000 manat sənə xeyir verəcəyəm, amma bir manatda vermədi, Ağasəmidlə çörək kəsmişəm, halal-halal xoşu olsun, deyir zülm-bəla ilə evin pulunu ondan qırıq-qırıq aldım. Bu səs yazısından da bir daha açıq-aşkar göründüyü kimi, iddiaçı mübahisəli mənzili satmış, satış işlərini Ağasəmid Məhərrəmov ilə həyata keçirmiş, satılmış mənzilin pulunu almış, Ağasəmid iddiaçıgilə yeni mənzil vəd verməmişdir. Oqtay Şükürovun 11 yanvar 2022-ci il tarixdə MMC-nin direktoru Tərlan Məmmədova “WatsApp” vasitəsi ilə göndərdiyi 4 dəqiqə 19 saniyəlik səs mesajından, onların 12, 14, 29 yanvar 2022-ci il tarixilərdə, 01 fevral 2022-ci il tarixdə bir-birinə göndərdiyi səs yazılarında mübahisənin mahiyyəti tam aydınlıq gətirilir və iddiaçının əri Oqtay Şükürovun özünün açıq etirafları ilə iddia tələblərinin əsassız olduğu birmənalı sübuta yetirilir. Göstərilənlərə əsasən MMC xahiş edir ki, apellyasiya şikayəti təmin edilməsin, Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə dəyişdirlmədən saxlanılsın. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat

8. İddiaçının nümayəndəsi (əri) apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq Məhkəmədən xahiş etdi ki, Məhkəmə, cavabdeh MMC-nin vəzifəli şəxslərinin hərəkətləri barədə xüsusi qərardadın qəbul etsin və onların törətdikləri cinayət əməllərinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardadın müvafiq prokurora göndərilsin.

9. Cavabdeh MMC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin, habelə şikayətə qarşı verilmiş etirazın məzmununa uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

10. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

11. Belə ki, iddiaçı ilə cavabdeh MMC-nin direktoru X8 arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilədən” görünür ki, MMC iki otaqlı, 112,4 kv.m, 151 saylı mənzilini tikib iddiaçıya təhvil verməyi, iddiaçı isə mənzili qəbul edib haqqını ödəməsini öz öhdəsinə götürür. Mənzilin hər 1 kv.m sahəsinin qiyməti 667 manatdır. Mənzilin ümumi qiyməti 75.000 manat təşkil edir Müqavilə məbləğinin aylar üzrə ödəniş bölməsindən görünür ki, mənzilin ümumi məbləğindən 70.000 manat ödəniş edilmişdir.

12. "xxxx" və işdə olan digər sənədlərdən görünür ki, MMC-nin direktoru X8 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Bundan sonra MMC-nin direktoru X9 olmuşdur.

13. Cavabdeh MMC-nin direktoru Tərlan Məmmədov ilə iş üzrə üçüncü şəxs Tərlan Qədimova arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilədən” görünür ki, MMC, 151 saylı mənzili Tərlan Qədimova təhvil verməyi, sonuncu isə mənzili qəbul edib haqqını ödəməsini öz öhdəsinə götürür. Mənzilin qiyməti 83.400 manat təşkil edir. Müqavilə məbləğinin aylar üzrə ödəniş bölməsindən görünür ki, mənzilin ümumi məbləğindən 83.400 manat ödəniş edilmişdir.

14. MMC-nin direktoru Tərlan Məmmədovun imzaladığı xx.xx.2020-ci il tarixli “Maliyyə arayışından” görünür ki, Tərlan Qədimovanın 151 saylı mənzilin dəyəri 83.400 manat tam ödənilmiş və onun həmin mənzilə görə MMC-yə heç bir borcu yoxdur.

15. MMC-nin direktoru Miradəm Abbasov ilə iddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 159 saylı “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilədən” görünür ki, MMC həmin binasının 1-ci bloku, 4-cü mərtəbəsində, iki otaqlı, 103,4 kv.m, 17 saylı mənzilini tikib iddiaçıya təhvil verməyi, iddiaçı isə öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqını ödəməsini öz öhdəsinə götürür. Mənzilin hər 1 kv.m sahəsinin qiyməti 667 manatdır. Mənzilin ümumi qiyməti 85.000 manat təşkil edir. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, mənzilin ümumi məbləğindən 85.000 manat ödəniş edilmişdir.

16. İşdə olan sənədlərdən, iş üzrə iddiaçının nümayəndəsi (əri) Oqtay Şükürov ilə 2020-ci ildə MMC-nin direktoru olmuş Tərlan Məmmədovun arasında “WatsApp” vasitəsi ilə həyata keçirilmiş və apellyasiya baxışı zamanı iş üzrə tərəflərin nümayəndələrinin iştirakı dinlənmiş səs yazışmalarından müəyyən edilmişdir ki, iddiaçıya məxsus (mübahisəli) olan, MMC tərəfindən iddiaçıya təhvil verilmiş 151 saylı mənzil xx.xx.2020-ci il tarixdə iş üzrə Tərlan Qədimovaya MMC tərəfindən deyil MMC-nin inşa etdiyi binanın sakinlərinin mənzillərində təmir işlərini təşkil edən X3 adlı şəxs tərəfindən iddiaçının əri Oqtay Şükürovun tapşırığı ilə satılmışdır. Həmin ərəfədə Oqtay Şükürov MMC-nin direktoru olmuş Tərlan Məmmədovdan xahiş etmişdir ki, mənzilə dair müqavilə Tərlan Qədimovanın adına rəsmiləşdirilsın. MMC ilə Tərlan Qədimova arasında 151 saylı mənzilə dair xx.xx.2020-ci il tarixdə “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə” bağlansa və bununla bağlı MMC tərəfindən Tərlan Qədimovaya "xxxx" verilsə də, mənzilə görə pul MMC-yə deyil X2 ödənilmişdir.

17. Bundan başqa müəyyən edilir ki, MMC-nin direktoru Miradəm Abbasov ilə iddiaçı arasında digər mənzilə - 17 saylı mənzilə dair xx.xx.2021-ci il tarixdə 159 saylı “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə” bağlansa da, həmin müqavilə bağlanan zaman Miradəm Abbasov artıq ölmüşdür (ölüm tarixi: xx.xx.2018-ci il).

18. Beləliklə də, işin hallarından görünür ki, cavabdeh MMC-nin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yoxudur. MMC tərəfindən iddiaçıya zərər vurulmamışdır. MMC iddiaçıya münasibətdə əsassız varlanmamışdır. Belə olan halda cavabdeh MMC Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri baxımında – iddiaçı qarşısında mülki məsuliyyət daşımır.

19. Belə ki, Mülki Məcəllənin 443.1-ci maddəsinin mənasına görə, şəxs, ehtimal olunan “kreditora” dəymiş zərərin əvəzini o vaxt ödəməlidir ki, onun kreditor qarşısında icra edilməyən öhdəliyi mövcud olsun. Mülki Məcəllənin 21.1-ci maddəsinin mənasına görə, şəxs, ehtimal olunan “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxsə” o vaxt zərərin əvəzini ödəməlidir ki, o, həmin şəxsə zərər vurmuş olsun. Mülki Məcəllənin 1092.1-ci maddəsinin mənasına görə isə, şəxs, ehtimal olunan “məhrum olana” o vaxt əmlakı (əşyanı və ya pul məbləğini) qaytarmalıdır ki, o həmin şəxsə münasibətdə əsassız varlanmış olsun.

20. Lakin hazırkı işdə bu kimi hal mövcud deyil.

21. Belə olan halda qəbul edilməlidir ki, qeyd edilən iddia tələbinin tam və ya qismən təmin edilməsi üçün əsaslar mövcud deyil. Rayon Məhkəməsi həmin tələbi təmin etməməkdə haqlı olmuşdur. e) apellyasiya baxışının nəticəsi

22. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgündür. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır.

23. MPM-in 385.2-ci maddəsinə görə isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

24. Buna görə də MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə həmçinin bildirir ki, iddianın təmin edilməməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir. Digər proses iştirakçıları isə hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.

26. Bundan başqa, Məhkəmə bildirir ki, iddiaçı tərəf cavabdeh MMC-nin vəzifəli şəxslərinin hərəkətləri barəsində xüsusi qərardadın qəbul edilməsini və xüsusi qərardadın müvafiq prokurora göndərilməsini xahiş etsə də, apellyasiya baxışının nəticəsi ilə müəyyən edilmişdir ki, bunun üçün əsas yoxdur (bax: hazırkı qətnamənin 16-20-ci bəndlərinə).

27. Beləliklə yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 mart 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə digər proses iştirakçıları hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar