Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-351/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 01.02.2017-ci il tarixli ***-**-** saylı müqavilə əsasında yaşadığı ünvanda fasiləsiz təbii qazdan istifadə etdiyini, həmin ünvana Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00080 hesab nömrəsi verildiyini, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G–6 markalı 28258413 nömrəli qaz sayğacı quraşdırıldığını, cavabdehin təbi qazdan qeyri-qanuni istifadə etdiyinin aşkar olunaraq barəsində 31.04.2018-ci il tarixdə akt tərtib edildiyin, həmin akt əsasında ona 5843,8 manat borc hesablandığını bildirmiş, həmin borc məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini işə iştirakı olmadan baxıldığı, heç bir zaman qazdan saygacdankənar istifadə etmədiyi, sübutlara düzgün qiymət verilmədiyi, iddiaçı təşkilata qarşı borcun silinməsi barədə qaldırdığı iddiaya məhkəmələrdə baxıldığının nəzərə alınmadığı, maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğu arqumentləri ilə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmışdır. Təkrar apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə iclaslarına dəvət olunan tərəflər məhkəməyə gəlmədiklərindən işə onların iştirakları olmadan baxılmasına qərar verilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, Cavabdeh apellyasiya şikayətinin bir dəlili də işə iştirakı olmadan baxılmış olmasıdır; bu dəlil isə birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol verib-vermədiyinin araşdırılmasını zəruri edir. İş materiallarında cavabdehin məhkəmə prosesi barədə məlumatlandırılmış olmasına dair heç bir sübut yoxdur; məhkəmə isə onun iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsi ilə əsaslandırmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin istinad olunan həmin maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Göründüyü kimi qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir, iş materiallarından isə cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış olduğu müəyyən edilmir. Beləliklə də məhkəmə, iclasların yeri və vaxtı barədə cavabdehi lazımi qaydada məlumatlandırmadan işə baxmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur. Mülki Prosessual Məcəllənin 387.2.2-ci maddəsinə əsasən isə işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir”. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda qeyd olunan hal birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, İddiaçı əməkdaşları tərəfindən 31.07.2018-ci il tarixdə ******* saylı akt tərtib edilərək Cavabdeh məxsus yaşayış sahəsində sayğaca müdaxilə olunduğu göstərilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılaraq cavabdehə 5760 manat məbləğində borc hesablanmış, iddiaçı təşkilat məhz həmin məbləğin, habelə sayğacın göstərici əsasında yaranmış 83,80 manatın, yəni ümumilikdə 5843,80 manatın cavabdehdən tutulmasını istəmişdir. “Qaz təchizatı” haqqında Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz iddiaçı, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirilməlidir. Kollegiya hesab edir ki, akta görə hesablayıb tələb etdiyi məbləğ baxımından iddiaçı bunu sübut edə bilməmişdir, əksinə, işdəki sənədlər sözügedən borcun həqiqətən yaranmasını ciddi şübhə altına alır. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin göstərişləri və hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi ondan ibarət olmuşdur ki, “...Göstərilən akta əsasən Cavabdeh 5843,8 manat məbləğində borc hesablandıqdan sonra o, həmin borcun silinməsi barədə 2018-ci ildə Xətai rayon məhkəməsində iddia qaldırmış və hazırda həmin iş məhkəmə instansiyalarında baxılmaqla iş üzrə qəti qərar qəbul edilməmişdir. Göründüyü kimi Cavabdeh qazdan istifadə ilə əlaqədar hesablanmış borcun silinməsi, Birlik isə həmin borcun ondan tutulması barədə iddia qaldırmışlar. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən isə görünür ki, həqiqətən də, Cavabdeh hazırkı iş üzrə İstehsalat Birliyi iddia qaldırana qədər borcun silinməsi barədə Xətai rayon məhkəməsində iddia qaldırmış və Xətai rayon məhkəməsinin 08 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia rədd olunsa da, həmin qətnamənin dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi Ali Məhkəmənin Mülki Kollegiyasının qərarı ilə ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilmiş və iş indiyə kimi öz qəti həllini tapmamışdır. Cavabdeh iddia ərizəsində qoyulan tələblə hazırkı iş üzrə Birlik tərəfindən irəli sürülən tələb biri-birilərini inkar etdiklərindən və həmin tələblərin bir icraatda birləşdirilməklə baxılması işin düzgün həlli üçün əhəmiyyətli olduğundan, kollegiya hesab edir ki, qətnamə ləğv olunmalı və Azərbaycan Respublikası MPM-nin 169-cu maddəsinin tələbinə müvafiq olaraq iddia tələblərinin bir icraatda birləşdirilməklə işə baxılmasının mümkünlüyü məsələsi müzakirə olunmalıdır”. Təkrar apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı İB-nə qarşı qaldırdığı həmin iddia tələbi Bakı Apellyasiya Məhkəməsinin 16.10.2020-ci il tarixli qətnaməsi ilə təmin olunmuş, qətnamədən İddiaçı İB-nin verdiyi kassasiya şikayətinin icraata qəbulundan Ali Məhkəməsinin 10.03.2021-ci il tarixli qərardadı ilə imtina olunmuş, apellyasiya instansiyasının aktı qanuni qüvvəyə minmişdir (hazırkı iş Bakı Apellyasiya Məhkəməsinin icraatında olduğu zaman digər işə Ali Məhkəmədə baxıldığından, onların bir icraatda birləşdirilməsi mümkün olmamış, buna görə də işin icraatı dayandırılmışdır). Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin artıq qanuni qüvvəsini almış 16.10.2021-ci il tarixli qətnaməsi ilə hazırkı işin halları baxımından preyudisial əhəmiyyət kəsb edən məsələlərə qiymət verilmiş, beləliklə də əslində mübahisəyə dair hüquqi müəyyənlik yaranmışdır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-912/2019 saylı iş üzrə 14 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası təmin olunmasın. İddia ərizəsinin, həmçinin apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-351/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-351/2021
24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver