Məhkəmə qərarları › İş №2(103)-3510/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3510/2023

31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3510/2023 31.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı mülki iş (Açar sözlər: «borcun ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-634/2023 saylı, 28 fevral 2023cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1."xxxx" ASC tərəfindən Cavabdeh (abonent kodu: **********710) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. 2.Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 26 oktyabr 2022-ci il tarixinə 866,13 (səkkiz yüz altmış altı manat on üç qəpik) manat borcu yaranmışdır. 3.Abonent kartından çıxarışda 11516852 saylı xx.xx.2012-ci il tarixli müqavilə üzrə abonent Cavabdeh qeydiyyatda olduğu ünvan 1 ünvanında 2 nəfər üçün hesablanmış cəmi borc 866,13 manat təşkil etdiyi göstərilir.

4. İddiaçı ASC tərəfindən abonent Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıqda xx.xx.2022-ci il tarixinə istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə 866,13 manat son ödəmə tarixi keçmiş, ödənilməmiş borcu yarandığı, 3 iş günü müddətində borcun ödənilməsi, əks təqdirdə göstərilən xidmətlərin dayandırılacağı, yaranmış borcun və xidmətin dayandırılmasına çəkilmiş xərclərin məhkəmə qaydasında tutulacağı bildirilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı ASC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 866,13 manat borcun (abonent kodu: **********71) və 30(otuz) manat dövlət rüsumu əvəzi tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Tələbdə göstərilir ki, istehlakçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə qeydiyyatda olan şəxslərin say tərkibinə uyğun olaraq 2 (iki) nəfər normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır. Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsindən verilən arayışda cavabdehin qeydiyyat ünvanının M.Məmmədzadə küç., ev 10, mənzil 71 olduğu qeyd olunmuşdur.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-634/2023 saylı, 28 fevral 2023-cü il tarixli qətnaməsi (hakim Solmaz Ədilova) ilə iddia tələbinin təmin edilərək Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 866,13 manat borcun və 30 manat dövlət rüsumunun iddiaçı “Azərsu" ASC-nin xeyrinə tutulması qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, tərəflər arasında suyun alqısatqısı ilə bağlı müqavilənin bağlandığı və iddiaçının cavabdehi su ilə təmin etdiyi və ona kanalizasiya xidmətləri göstərdiyi işin mübahisəsiz halıdır. Lakin tərəflər arasındakı mübahisə sərf olunmuş suya görə tutulan pul ilə bağlıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 1 ünvanında xx.xx.2022-ci il tarixinədək iki nəfər qeydiyyatda olub. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli abonent kartından görünür ki, Cavabdeh su təchizatı və kanalizasiya xidmətləri 2015-2022- ci illər üzrə nəfər sayına görə borcu 866,13 manat təşkil edir. Məhkəmə, ünvan 1 ünvanında xx.xx.2022-ci il tarixinədək hesablanmış borcun ödənilməməsini nəzərə alaraq hesab edir ki, su təchizatı və kanalizasiya xidmətləri 2015- 2022-ci illər üzrə sayğac göstəricisinə əsasən isə 866,13 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərir ki, qətnamədə su təhcizatı və kanalizasiya xidmətləri 2015-2022-ci illər üzrə nəfər sayına görə borcu 866,13 manat təşkil olduğu göstərilir. Lakin nəfər sayına baxıldıqda 2010-cu ildən etibarən bir nəfər hesablanmalı idi. Digər tərəfdən bir nəfər şəxsin də həmin mənzildə yaşamadığı müddət belə nəzərə alınmadan əsassız olaraq borc hesablanmışdır. İddiaçı borcun 2015-ci il tarixdən hesablandığını qeyd etsə də bugünədək olan iddia müddəti ötürmüşdür. Lakin iddia müddəti də məhkəmə tərəfindən nəzərə alınmamışdır. Göstərilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən prossesual hüquq normalarının tətbiqində ciddi səhvə yol vermiş, bu da öz növbəsində məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

11. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

12. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən cəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcələdə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları halları istisna olmaqla, öhdəliyin mələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

14. Azərbaycan Respublikasının Su Məcəlləsi:

Maddə 97. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasında sudan ödənişli istifadə edilir.

15. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 30.1. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Maddə 61.1. Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.

16. Nazirlər Kabinetin 17 iyul 2014-cü il tarixli, 262 saylı qərari ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın:

7.4-cü bəndinə görə, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.

7.5.-ci bəndinə görə, suölçən cihazlar olmadıqda, fərdi yaşayış və bağ evlərinin həyətyanı torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Digər istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının həcmi və buna görə ödənilməli vəsaitin həcmi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarında nəzərdə tutulmuş qaydada müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir.

17. Tarif Şurasının İddiaçı Səhmdar Cəmiyyətinin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 4 nömrəli qərarın 4-cü bəndinə əsasən, sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 m3 müəyyən edilmişdir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

19. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün deyil, dəyişdirilməsi üçün əsasdır.

20. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

22. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

23. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

24. Əvvəla iddanın faktiki əsası (faktiki hallar) təmin edilən hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından, mübahisələndirilən hissədə, yəni tutulan pulun məbləği hissəsi istisna olmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.

25. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Çünki, bu halları sübut etmək yükü onun üzərinə düşür. Belə ki, iddiaçı cavabdehlə sudan istifadəyə dair arasında bağlanmış müqaviləni iddia ərizəsinə əlavə etməmişdir. Apellyasiya məhkəməsinə də belə bir müqavilə təqdim edilmədi. Demək, tərəflər arasında sudan istifadə ilə bağlı yazılı müqavilənin olmaması işin mübahisəsiz halına çevrilir.

26. “Su təchizatı və tullantı suları haqqında” Qanunun tələbinə əsasən, iddiaçı ilə cavabdeh arasında sudan istifadə ilə bağlı müqavilənin olub-olmamasından asılı olmayaraq cavabdehin sudan istifadə haqqını ödəməsi onun iddia olunan evdə yaşaması, icarəçisi olması və yaxud onun tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanmalıdır. Lakin apellyasiya şikayətinin dəlillərindən, o cümlədən işdə olan sənədlərdən görünür ki, İsmayılov X3 rayonu M.Məmmədzadə küçəsi 10 saylı evin 71 nömrəli mənzilində qızı X2 ilə qeydiyyatda olsa da mənzildə yaşayış yoxdur. X1 Bakı şəhəri, Binə qəsəbəsi, Nəsimi küçəsi 73 saylı evdə atası Cavabdeh ilə birlikdə qeydiyyatsız yaşadığı təsdiq olunur. Göründüyü kimi, cavabdehin qeyd olunan mənzildə 2020-ci ildən sonra, qızı Müşkünaz Muradovanın isə 2010-cu ildən sonra yaşaması və hər hansı bir formada sudan istifadə etməsi heç bir sübutla təsdiq olunmur. Bu cür vəziyyətdə iddia tam təmin edilə bilməzdi.

27. Nazirlər Kabinetin 17 iyul 2014-cü il tarixli, 262 saylı qərari ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.4-cü bəndinə görə, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. İddiaçı cavabdehin mübahisəli ünvanda 2 nəfər ailə üzvünün olmasını nəzərə alaraq su təhcizatına və kanalizasiya xidmətinə görə məhz 2 nəfərə görə hesablama aparmışdır. Lakin həmin mənzildə cavabdehin 2020-ci ildən sonra, qızı Müşkünaz Muradovanın isə 2010-cu ildən sonra yaşaması və hər hansı bir formada sudan istifadə etməsi təsdiq olunduğundan tələb edilən məbləğ azaldılmalıdır. Apellyasiya baxışı zamanı cavabdeh yaranmış borca görə 400 manat ödəməyə etiraz etmədiyini bildirdi.

28. Şərh olunlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-634/2023 saylı, 28 fevral 2023-cü il tarixli qətnaməsi qismən, yəni Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 866,13 manat borcun iddiaçı “Azərsu" ASC-nin xeyrinə tutulması hissəsində dəyişdirilməli və həmin məbləğ azaldılaraq 400 (dörd yüz) manat müəyyən edilməli; İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilməlidir.

29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-634/2023 saylı, 28 fevral 2023-cü il tarixli qətnaməsi qismən, yəni Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 866,13 manatın “Azərsu" ASC-nin xeyrinə tutulması hissəsində dəyişdirilsin və həmin məbləğ azaldılaraq 400 (dörd yüz) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar