Məhkəmə qərarları › İş №2(103)-3511/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3511/2025

30.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3511/2025 30.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X10 və Bakı şəhəri 18 saylı Notariat Ofisinə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi və vərəsəlikdən məhrum edilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər X10 və Bakı şəhəri 18 saylı Notariat Ofisinə qarşı “şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi və vərəsəlikdən məhrum edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-705/2025 nömrəli 03 mart 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X12 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətinə əsasən məlum olur ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, ev 136P, mənzil 49 (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi 282, M12, m7) xüsusi mülkiyyət hüququ üzrə X11 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli 31 may 2020-ci il tarixdə qeydiyyata alınmışdır.

2. AC seriyalı, 502345 nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, Nissan Micra minik maraklı, **-ZC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X6r.

3. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 234310 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 23 yanvar 2020-ci il tarixdə, 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 208440 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 12 noyabr 2021-ci il tarixdə vəfat etmişdir.

4. X1 29 yanvar 2022-ci il tarixli, **********725 nömrəli ərizənin surətindən görünür ki, 12 noyabr 2021-ci il tarixdə vəfat etmiş anası – X2 irs qalmış (yaşayış, ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət mirasın ona çatası hissəsindən onun oğlu – İddiaçı xeyrinə imtina etmişdir.

5. Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən X10 verilmiş 08 iyul 2024-cü il tarixli arayışın surətindən görünür ki, Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən onun adına tərtib edilmiş 83 saylı, 29 yanvar 2002-ci il tarixli nikah haqqında akt qeydində evlənəndən sonrakı soyadı Azərbaycan Respublikası Milli Məclisinin 495 saylı, 02 fevral 1993-cü il tarixli qərarına əsasən, 27 iyun 2024-cü ildə “Sultanova”-dan “Sultan” a dəyişiklik edilmiş və AZ-İİ seriyalı, 594771 nömrəli nikah haqqında yeni şəhadətnamə verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 594771 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə Sultan (Mahmudova) Ceyran İbadət qızı arasında 29 yanvar 2002-ci il tarixdə nikah bağlanmış və 83 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 200/2024 nömrəli, 23 aprel 2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh2 və Bakı şəhəri 18 saylı Notariat Ofisinə qarşı “şəxsin yeganə vərəsə kimi tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi” tələbinə dair iddiası və iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “məcburi pay hüququnun müəyyən edilməsi” tələbinə dair iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Xəzər Rayon Məhkəməsinin 2(003)- 104/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli qətnaməsi qismən, iddiaçı Cavabdeh2 iddiasının təmin edilən hissəsində ləğv edilmiş, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “məcburi pay hüququnun müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 2917/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-200/2024 nömrəli iş üzrə 23 aprel 2024-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər X10 və Bakı şəhəri 18 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 miras qalan miras üzrə Cavabdeh2 ləyaqətsiz vərəsə hesab edilməsi və Cavabdeh2 vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırmışdır ki, mərhum mirasqoyan xx.xx.1952-ci il təvəllüdlü X11 xx.xx.2021-ci ildə vəfat etmişdir. Mərhumun vəfat etdiyi vaxtda onun birinci növbə 3 vərəsəsi, onun övladları həyatda idi. Mərhumun ölümü ilə əlaqədar onun övladları İddiaçı və Cavabdeh2 29 yanvar 2022-ci il tarixində Bakı şəhəri 18 saylı Notariat Ofisinə müraciət etmişdirlər, hər ikisi mirasın qəbul edilməsi ilə bağlı notariat ofisinə notarial qaydada təsdiq edilmiş ərizə təqdim etmişdirlər. Mərhumun digər övladı – X3 isə, 18 saylı Notariat Ofisinə ərizə ünvanlayaraq, ona çatacaq miras payından qardaşı İddiaçı xeyrinə imtina etmişdir. Mərhum mirasqoyanın həyat yoldaşı X7 isə, mərhumdan daha öncə, xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixində 18 saylı Notariat Ofisində mərhum X5 ölümü ilə əlaqədar vərəsəlik işi açılmışdır, mərhumun iki övladı mirasın qəbulu ilə bağlı müraciət etmişdir. Mirasın tərkibi avtomobil və mənzildən ibarətdir. Mərhum mirasqoyan X8 məxsus **-ZC-*** dövlət qeydiyyat nişanlı Nissan Micra minik markalı avtomobil miras kütləsinə daxildir. Mərhum mirasqoyan X8 məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, ev 136P, mənzil 49 (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi 282, M12, m7) mənzil miras kütləsinə daxildir. İddiaçı anasından qalmış mirası qəbul etmək üçün xx.xx.2022-ci il tarixində 18 saylı Notariat Ofisinə müraciət etmişdir. (iddiaçının notarial qaydada təsdiq edilmiş xx.xx.2022 tarixli ərizəsi hazırki iddia ərizəsinə əlavə edilmişdir). İddiaçı cavabdehin ləyaqətsiz vərəsə kimi tanınmasını istəyir. İddiaçı ilə cavabdeh bacı-qardaşdır. İddiaçının anası ilə çox sıx ana-oğul münasibətləri mövcud olmuşdur. İddiaçı daim anasına baxmış, ona maddi və mənəvi köməklik göstərmişdir. İddiaçı anasının son günlərinə kimi onun yanında olmuşdur, ona qayğı göstərmişdir. Mərhum mirasqoyan ömrünün son illərində kəskin xəstəliyə tutulmuşdur, xəstəliyinin müalicəsi ilə bağlı xarici ölkələrə (Türkiyə, Almaniya, İsveç və s.) üz tutmuşdur. Sözügedən müalicələrin həmin ölkələrdə aparılması kifayət qədər vəsait tələb edirdi, həmin vəsaitin hamısı iddiaçı tərəfindən qarşılanırdı. İddiaçı anasını həmin ölkələrə müşayiət etmiş, ona lazımi dərman preparatlarını hər zaman vaxtıvaxtında almışdır. Onu müxtəlif həkim müayinələrindən və müalicəvi prosedurlardan keçirmişdir. Bütün bu xərclərin hamısı iddiaçının şəxsi vəsaiti hesabına qarşılanmışdır. İddiaçının anasının əmlakını idarə etmişdir, anasının peşə və kommersiya fəaliyyətində yaxından iştirak etmişdir. İddiaçı anasına hər bir mənada maddi və mənəvi dəstək göstərmişdir. Cavabdeh isə daim xarici ölkədə yaşamışdır, anasının həyatında iştirak etməmişdir.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-705/2025 nömrəli 03 mart 2025ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim X4)

10. Məhkəmə iddianı rədd edərkən ona istinad etmişdir ki, iddiaçı cavabdehlər X10 və Bakı şəhəri 18 saylı Notariat Ofisinə qarşı “şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi və vərəsəlikdən məhrum edilməsi” tələbinə dair iddiasını Mülki Məcəllənin 1137-ci maddəsi ilə əsaslandırsa da, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əsasların mövcudluğuna dair mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən, Bakı şəhəri 18 saylı Notariat Ofisinə qarşı iddia tələbi ümumiyyətlə əsaslandırılmadığından iddia tələbi əsassız olduğundan və sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci, 1139-cu, 1176-cı, 1193-cü, 1203-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci, 119.1-ci, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərmişdir ki, məhkəmə iş materiallarına nəzər yetirməmiş, digər bacının ona çatacaq miras payından məhz iddiaçının xeyrinə imtina etməsini nəzərə almamışdır. Halbuki, imtinanın əsasını elə iddiaçının bütün ömrü boyu anasının qayğısına qalması olmuşdur. Belə ki, Aybəniz xanım bunu bilmiş və yeganə vərəsə olaraq öz qardaşını görmüşdür.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

15. Məhkəmə iclasında iddiaçı,onun nümayəndəs, habelə nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Kollegiya işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

d) Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1176.1-cı maddəsinə əsasən vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

e) Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

23. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

24. İddiaçının öz iddiasının hüquqi əsası kimi istinad etdiyi Mülki Məcəllənin 1137-ci maddəsinə əsasən, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.

25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “…Qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 1203.2-ci maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Lakin vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin Mülki Məcəllənin 1137-ci maddəsi baxımından, onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Ona görə ki, Mülki Məcəllənin 1137-ci maddəsi əsasında ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir. Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Bununla yanaşı, Mülki Məcəllənin 1138-ci maddəsində qanunverici məcburi pay almaq hüququna dair daha bir məhdudiyyət də müəyyən etmişdir. Belə ki, bu maddəyə görə valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Göründüyü kimi, Mülki Məcəllənin 1203-cü maddəsi baxımından həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən hallar qanun üzrə vərəsəlik hüququnun itirilməsinə, eləcə də vəsiyyət edənin öz sağlığında məhkəməyə müraciəti əsasında məcburi pay almaq hüququ olan şəxslərin bu hüquqdan məhrum edilməsinə səbəb olur”.

26. Vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137ci maddəsində öz əksini tapmışdır. Mülki qanunvericilik məcburi pay almaq hüququndan məhrumetmənin yalnız məhkəmə qərarı əsasında həyata keçirilməsini nəzərdə tutur.

27. Mülki işin materiallarından görünür ki, tərəflər arasında münasibətlər gərgin olsa da cavabdehin əməllərində Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmış və məhkəmə tərəfindən təsdiq edilmiş vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar aşkar olunmamışdır.

28. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-705/2025 nömrəli 03 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar