Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3513/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-621/2024 saylı, 7 mart 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları
1. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 dekabr 2021-ci il tarixli, 2(103)- 10779/2021 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı və X2 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli, 2(005)-3120/2017 nömrəli qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul edilərək, X3 ilə Cavabdeh arasında bağlanmış, Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-837 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması haqqında 28 oktyabr 2015-ci il tarixli müqavilənin etibarsız sayılması və həmin bağışlama müqaviləsi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsində yerləşən 7/19 saylı evin 50 saylı mənzilinə dair Cavabdeh adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadatsrı və reyestri X8 tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 41.40 kv.m olan mənzilin 2/3 hissədə İddiaçı paylı mülkiyyətində olması xx.xx.2023-cü il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, paylı mülkiyyətində olan mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanında yerləşən bir otaqlı mənzilin ilkin mülkiyyətçisi hazırda vəfat etmiş atası Cümə İlyasovun xiisusi mülkiyyətində olmuşdur. Atası 2015-ci il tarixdə vəfat etmişdir, o, vəfatından əvvəl yəni 20 avqust 2014-ci il tarixdə qeyd edilən ünvanda yerləşən xüsusi mülkiyyətdə olan mənzilə dair 3 övladına o cümlədən ona, Cavabdeh və digər qızı Sevinc Yaqubovaya bərabər paylar olaraq notariat qaydasında vəsiyyətnamə qoymuşdur. Atasının yəni miras qoyanın vəfatından sonra ona və digər vərəsə olan bacısı Sevinc Yaqubovaya məlum olmuşdur ki, onların müvəqqəti olaraq ağır xəstə olan atalarının yanında olmamasından istifadə edərək cavabdeh mənzilə notarius gətirmiş və mənzilin özünə bağışlanması haqda müqaviləni təsdiq elətdirmişdir. Sonralar bu müqavilənin etibarsızlığını məhkəmə qaydasında mübahisələndirmişlər və son olaraq məhkəmə qaydasında qeyd edilən bağışlama müqaviləsi etibarsız hesab edilmişdir. Miras qoyan tərəfindən qoyulmuş notariat vəsiyyətnaməsi o və digər vərəsə Sevinc Yaqubova tərəfindən qəbul edilmiş və daşınmaz əmlak kimi dövlət reyestrinin 2265 nömrəli kitabına 21076 nömrəli vərəqində ********** nömrə altında qeydə alınmış və 1 mart 2019-cu il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Cavabdeh isə atası olan miras qoyanın son iradəsinə zidd olaraq vəsiyyətnamənin mövcudluğu barədə dəqiq məlumata malik olsa da miras əmlakı qəbul etməkdən imtina elmiş və hazırda da etməkdədir, hərəkətini onunla əsaslandırır ki, atası Cümə İlyasova mənzili ona bağışladığından mənzil tam olaraq ona məxsusdur. Qeyd etdiyi kimi onun istinad etdiyi bağışlama müqaviləsi məhkəmə qaydasında etibarsız hesab edilmişdir. İddia tələbinin bu halından hesab edir ki, cavabdeh mənzili qanunsuz olaraq zəbt etmişdir, həmin mənzilə qanunsuz sahiblik və qanunsuz istifadə etməklə qanuni mülkiyyətçilər hesab edilmiş şəxslərin mülkiyyət hüquqlarını təmin edilməsinə manelər yaradır. Cavabdeh atalarının vəfat etdiyi xx.xx.2015-ci il tarixdə mənzilin giriş qapısının açarlarını fürsətdən istifadə edərək götürmüşdür. Hazırda da mənzilin giriş qapısının açarlarını özündə saxlamaqla mülkiyyətçi kimi əmlakdan sahiblik istifadə etmə hüquqlarını məhdudlaşdırmaqla mülkiyyət hüquqlarını pozmaqda davam edir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-621/2024 nömrəli, 7 mart 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, materialları ilə iddiaçının əmlaka 2/3 hissədə paylı mülkiyyət hüququnun olması sübuta yetirilmişdir. Cavabdeh də iddiaçını əmlaka paylı mülkiyyət hüququnu mübahisələndirməmişdir. Cavabdehin iddiaya etirazının əsasını iddiaçının ailə tərkibinin çox olması və mənzilin ümumi sahəsinin 41,40 kv.m təşkil edir. Lakin nəzərə alınmalıdır ki, iddia tələbi yalnız iddiaçının özünün sözügedən mənzilə köçürülməsi barədədir.
7. Həmçinin məhkəmə “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli Qərarına istinad edərək qeyd etmişdir ki, mənzilin sahəsinin iki şəxsin yaşaması üçün yetərli olduğu müəyyən olunur. Həmçinin o da nəzərə alınmalıdır ki, iddiaçının mənzilə olan payı mənzilin 2/3 hissəsini təşkil edir. Cavabdehin də mənzilə olan hüquqları hazırda dövlət qeydiyyatına alınmamışdır. Cavabdehin iddiaçının mübahisəli evdə yaşamasına maneə törətməsi bərabərlik prinsipinə uyğun olmamaqla yanaşı iddiaçının əvvəlki şərtlər daxilində bu evdə yaşamaq hüququnu pozur. Eyni zamanda, mənzilə dair 2/3 hissədə pay hüquqları olan iddiaçının mənzildən istifadəsinə maneələr yaradılması (mənzilin açarlarının iddiaçıya verilməməsi) və iddiaçının hazırki iddiasının təmin edilməməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb olacaq. Belə olan təqdirdə, iddiaçının cavabdehlə bərabər həmin evdə yaşamasını təmin etmək məqsədi ilə onun bu evə köçürülməsi zəruridir.
8. Məhkəmə gəldiyi nəticəni, Mülki Məcəllənin 152.1, 152.3, 213.1, 213.2 və 215.1-ci maddəsi; “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli Qərarına; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-621/2024 saylı iş üzrə 7 mart 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
10. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi yaşayış sahələri ilə təmin olunma səviyyəsi barədə qanunvericilik normalarını nəzərə almadan qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən mənzilin ümumi sahəsinin 41,40 kv.m olmasına baxmayaraq, məhkəmə İddiaçı həmin mənzilə köçürülməsi barədə iddia ərizəsini təmin etmişdir. Məhkəmə iclasında onun nümayəndəsi və vəkili Vəkil iddiaçının ailə tərkibinin çox olması və mənzilin sahəsinin az olduğunu nəzərə alaraq iddianın təmin edilməməsini xahiş etmişdir. Bundan başqa, qeyd etmişdir ki, həmin mənzildə ondan başqa onun ailə üzvləri də yaşayır. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçı mübahisələndirilən mənzilin hərraca çıxarılması barədə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunan mübahisə üzrə mülki iş 2(011)-5141/2024 №-si ilə qeydiyyata alınmışdır. Bu barədə məhkəməyə məlumat verilmişdir. Yuxarıda qeyd olunan işin faktiki halları mübahisələndirilən mənzildə iddiaçı və onun ailə üzvlərindən başqa onun və onun ailə üzvlərinin də maraqlarının olmasını göstərir. Yəni iddiaçı və onun tərəfdən ümumilikdə 6 nəfərin həmin mənzildə yaşaması təmin edilsə maraqlı şəxslərin hər birinə yaşayış sahələri ilə təmin olunma səviyyəsindən az miqdarda sahə düşdüyünü görmək olar. Bu isə qeyd olunan maddəyə əsasən qanunsuzdur, ki bu hal da hazırki işdə öz təsdiqini tapmışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi yaşayış sahələri ilə təmin olunma səviyyəsini müəyyən edən normaları pozaraq qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə ünvan 3 ünvanında yerləşən mübahisələndirilən mənzilin ümumi sahəsinin 41.40 kv.m olmasını, iddiaçının çoxdan həmin mənzildə yaşamamasını, həmin mənzilin hərraca çıxarılması barədə iddiaçının iddia qaldırdığını bildiyi halda həmin mənzilə maraqlı şəxslərin köçürülməsini təmin etməməli idi.
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 14.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 15.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 16.Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyasının
17.29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 18.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
19.139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 20.140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 21.152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
22. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 23.157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 24.157.4-ci maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və yaondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 25.213.1-ci və 213.2-ci maddələrinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 26.215.1-ci, 215.2-ci və 215.4-cü maddələrinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 27.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
28. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
29.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 30.Kollegiya qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. 31.Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, Mülki Məcəllənin (bundan sonra – MM) 157.1-ci, 157.2-ci və 157.4cü maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 32.Yuxarıda qeyd edilən normalarda mülkiyyət hüququnun müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia.
33. Mübahisəli əmlakın iddiaçının ümumi paylı mülkiyyətində olması, buna baxmayaraq iddiaçının həmin əmlak üzərində faktiki sahiblikdən məhrum olması, əmlaka sahiblik və ondan istifadə səlahiyyətlərinin həyata keçirə bilməməsi işin mübahisələndirilməyən hallarına aiddir. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 7/19, 50 saylı mənzilin üzərində 2/3 hissəsinə iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının mülkiyyət hüququnu sərbəst surətdə həyata keçirməsinə məhdudiyyətlər yaradır, bu isə qüvvədə olan qanunvericiliyə əsasən yolverilməzdir.
34. Mülki qanunvericiliyə görə, bir qayda olaraq paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılaşması əsasında həyata keçirilir. Belə ki, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqlarına uyğun şəkildə paylı mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Belə olan halda qeyd edilməlidir ki, əmlakın digər mülkiyyətçisi olan X4 iddiaçının mülkiyyət hüququnun ünsürləri olan səlahiyyətlərdən istifadə etməsinə maneçilik törətməsi, sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırır. Halbuki, ümumi əşyaya sahiblik və ondan isifadə qaydalarını müəyyənləşdirərkən mülkiyyətçilərin hər birinə mənsub olan bu hüququnun məhdudlaşdırılması yolverilməzdir.
35. Kollegiya cavabdehin apelyasiya şikayətində istinad etdiyi dəlillərlə əlaqədar isə qeyd etməyi zəruri hesab edir ki, bu dəllilər əsassızdır və mülahizə xarakter daşıyır. Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir.
36. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarı).
37. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).
38. Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, göstərilənlər iddiaçının mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasına əsas ola bilməz. 39.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 40.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 41.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-621/2024 saylı, 7 mart 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu özlərinə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova