Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3515/2025 23.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-706/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Əmək Müqaviləsi bağlanmışdır. Müqaviləyə görə işçi operator vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsi xx.xx.2023-cü il tarixinədək bağlanmışdır. İşçi xx.xx.2022-ci il tarixindən işə başlayır. İşçinin aylıq əmək haqqı məbləği 326,86 manat təşkil edir.
2. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 08/2023 saylı Əmək Müqaviləsi bağlanmışdır. Müqaviləyə görə işçi anbardar köməkçisi vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsi xx.xx.2023-cü il tarixinədək bağlanmışdır. Əgər tərəflərdən heç biri bu Əmək Müqaviləsinə xitam vermək niyyətini bildirmirsə, bu Əmək Müqaviləsinin müddəti avtomatik olaraq eyni şərtlərlə daha 6 (altı) ay uzadılır. İşçi bu vəzifənin icrasına xx.xx.2023-cü il tarixdə başlayır. İşçinin aylıq əmək haqqı məbləği 400 manat təşkil edir.
3. İş materiallarında olan 28 noyabr 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilədən görünür ki, İddiaçı MMC ("xxxx") ilə Cavabdeh (“Təlim alan”) arasında müqavilə bağlanmış, müqaviləyə əsasən "xxxx" ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərinə yiyələnməsi üçün “Təlim alan”a müvafiq nəzəri və təcrübi dərslərin keçilməsini təşkil etməyi, “Təlim alan”ı yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürür. “Təlim alan” "xxxx" tərəfindən təmin edilən müvafiq nəzəri və təcrübi dərslərdə iştirak etməyi, təlimə başladığı andan "xxxx"lə əmək müqaviləsi bağlayaraq "xxxx"in avtoservisində işləməyi, "xxxx"lə olan əmək müqaviləsinə xitam verməməyi, başqa avtoservisdə və müəssisələrdə işləməməyi öhdəsinə götürür. “Təlim alan”ın təyin ediləcəyi vəzifə onun təcrübi bilikləri və qabiliyyətinə əsasən "xxxx" tərəfindən müəyyən ediləcək. “Təlim alan” hazırkı müqaviləyə əsasən götürüdüyü öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə hazırkı müqavilə ilə müəyyən edilmiş dəbbə pulunu "xxxx"ə ödəməyi öhdəsinə götürür. "xxxx"dən müqavilə öhdəliklərini yerinə yetirməyi tələb etmək hüququna malikdir. Təlim alanın vəzifələri: "xxxx"lə əmək müqaviləsi bağladığı gündən 3 (üç) il müddətində yalnız "xxxx"in avtoservisində işçi kimi işləmək. "xxxx"lə əmək müqaviləsi bağladığı gündən 3 (üç) il müddətində "xxxx"in yazılı razılığı və icazəsi olmadan əmək müqaviləsinə xitam verərsə, Azərbaycan Respublikasının ərazisində başqa avtoservisdə və müəssisələrdə iş yeri seçərsə və ya işləyərsə 2000 (iki min) manat məbləğində dəbbə pulunu "xxxx"ə ödəmək. Şirkətin hüquqları: “Təlim alan”dan müqavilə öhdəliklərini icra etməyi tələb etmək. “Təlim alan” öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədikdə, "xxxx"in yazılı razılığı və icazəsi olmadan Azərbaycan Respublikasının ərazisində başqa avtoservisdə və müəssisələrdə iş yeri seçərsə və işləyərsə “Təlim alan”dan 2000 (iki min) manat məbləğində dəbbə pulunun ödənilməsini tələb etmək. "xxxx" “Təlim alan” dan, onun hüquqlarını yerinə yetirməyə mane olan hər cür pozuntuları aradan qaldırmağı tələb etmək hüququna malikdir. Şirkətin vəzifələri: "xxxx" hazırkı müqavilə imzalandıqdan sonra “Təlim alan” şəxslə əmək müqaviləsi bağlamağı və onu işə götürməyi öhdəsinə götürür. “Təlim alan” müqavilə öhdəliklərini icra etməməyə və ya lazımınca icra etməməyə görə tam həcmdə məsuliyyət daşıyır. “Təlim alan”nın Azərbaycan Respublikasında olduğu və yaşadığı müddətdə “Şirkətin” yazılı razılığı və icazəsi olmadan Azərbaycan Respublikası ərazisində başqa avtoservisdə və bu kimi digər müəssisələrdə iş yeri seçməsi və işləməsi faktı müəyyən edildikdə "xxxx" “Təlim alan”na nəzəri və təcrübi dərslərin keçilməsi üçün xərclədiyi 2000 (iki min) manat məbləğində dəbbə pulunun ona ödənilməsini “Təlim alan”dan tələb edə bilər. Tərəflər arasında bağlanacaq əmək müqaviləsinin müddətinin bitməsi tərəfləri hazırkı müqavilənin qüvvədə olduğu müddətdə yol verdikləri pozuntular üzrə məsuliyyətdən azad etmir. Müqavilənin qüvvədə olma müddəti: Hazırkı müqavilə notarial qaydada təsdiq edildiyi andan qüvvəyə minir və tərəflər hazırkı müqavilə üzrə öz öhdəliklərini tam şəkildə icra edənə qədər qüvvədədir. Hazırkı müqavilə aşağıdakı hallarda xitam verilir: Tərəflərin hər ikisinin qarşılıqlı razılığı ilə; Müqavilənin qüvvədə olma müddəti bitdikdə və tərəflər onun müddətinin uzadılması ilə bağlı razılıq əldə etmədikdə.
4. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, həmin müqavilə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmaqla, Cavabdeh müddətli operator vəzifəsinə işə qəbul edilmişdir. Müddətli əmək müqaviləsinin qurtardığı vaxt xx.xx.2023-cü il göstərilmişdir.
5. İş materiallarından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-yə ərizə ilə müraciət edərək onu xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir.
6. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2a maddəsi-tərəflərdən birinin təşəbbüsü əsası ilə xitam verilmişdir.
7. İş materiallarından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-yə ərizə ilə müraciət edərək onu öz istəyi ilə tutduğu vəzifədən azad edilməsini və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini xahiş etmişdir.
8. İş materiallarında olan xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2a maddəsi tərəflərdən birinin təşəbbüsü əsası ilə xitam verilmişdir.
9. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, həmin müqavilə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmaqla, Cavabdeh müddətli anbardar köməkçisi vəzifəsinə işə qəbul edilmişdir. Müddətli əmək müqaviləsinin qurtardığı vaxt xx.xx.2023-cü il göstərilmişdir.
10. İş materiallarında olan İddiaçı tərəfindən ünvan 1 ünvanında yaşayan Cavabdeh ünvanlanmış 01 oktyabr 2024-cü il tarixli Xəbərdarlıq məktubundan görünür ki, tərəflər arasında bağlanmış 28 noyabr 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin 1.2-ci bəndinə əsasən Cavabdeh 3 (üç) il müddətində "xxxx" MMC ilə bağlanmış əmək müqaviləsinə xitam verməməyi, həmçinin həmin müqavilənin 4.2-ci maddəsinə əsasən əmək müqaviləsi bağlandığı gündən 3 (üç) il müddətində yalnız "xxxx" MMC-də əmək müqaviləsinə əsasən işləməyi öhdəsinə götürmüşdür. Lakin buna baxmayaraq Cavabdeh xx.xx.2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin 1.2 və 4.2-ci bəndlərinin tələblərini kobud şəkildə pozaraq 06 sentyabr 2024cü il tarixində əmək müqaviləsinə xitam verilməsi haqqında ərizə ilə "xxxx" MMC-yə müraciət etmişdir. O, bu hərəkəti ilə aralarında bağlanmış 28 noyabr 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin 1.2 və 4.2-ci bəndlərinin tələblərini və götürdüyü öhdəlikləri kobud şəkildə pozduğu üçün "xxxx" MMC ona təlim keçilməsi üçün çəkdiyi 2000 (iki min) manat məbləğində pulun ödənilməsi ilə bağlı Xətai Rayon Məhkəməsinə müraciət edəcək. Məhkəməyə müraciət edildiyi təqdirdə əlavə olaraq məhkəmə xərcləri və hüquqi yardım xərcləri də ondan tutulacaq ki, bu da ondan tutulmalı olan pul məbləğinin əsaslı surətdə artmasına səbəb olacaqdır. Hesab edilir ki, aralarında bağlanmış 28 noyabr 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə üzrə öhdəliklərinə əməl etməsi onu artıq xərclərdən azad edər və aralarında olan inamın və əməkdaşlığın qorunmasına xidmət edər.
11. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 16746327 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən Bakı şəhər 9 saylı Vəkil Bürosunun hesabına hüquqi yardımla bağlı 320 manat məbləğində ödəniş edilmişdir.
12. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tətrəfindən 40 manat dövlət rüsumu ödənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı "Avtoservis-K.Ş.” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2000 (iki min) manat məbləğində dəbbə pulu, 320 (üç yüz iyirmi) manat məbləğində hüquqi yardım xərci və 40 (qırx) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
14. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 28 noyabr 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqaviləyə əsasən İddiaçı MMC ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərinə yiyələnməsi üçün cavabdehə müvafiq nəzəri və təcrübi dərslərin keçilməsini təşkil etməyi, cavabdehi yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürmüşdür. Cavabdeh isə İddiaçı MMC tərəfindən təmin edilən müvafiq nəzəri və təcrübi dərslərdə iştirak etməyi, təlimə başladığı andan İddiaçı MMC ilə əmək müqaviləsi bağlayaraq 3 (üç) il müddətində yalnız İddiaçı MMC-yə məxsus olan avtoservisdə işləməyi və əmək müqaviləsinə xitam verməməyi, başqa avtoservisdə və müəssisələrdə işləməməyi öhdəsinə götürmüşdür. Lakin xx.xx.2023-cü il tarixində cavabdeh müraciət edərək "xxxx" MMC-yə anbardar köməkçisi vəzifəsinə keçmək istədiyini bildirmişdir. "xxxx" MMC cavabdehin əmək müqaviləsi bağlamaq niyyətində olduğu "xxxx" MMC ilə uzun illər ərzində uğurlu şəkildə əməkdaşlıq etdiyini,"xxxx" MMCnin təsərrüfat fəaliyyətini İddiaçı MMC-dən icarəyə götürdüyü obyektdə həyata keçirdiyini, cavabdehin İddiaçı MMC-də icra etdiyi vəzifə öhdəliklərini bilavasitə İddiaçı MMC-yə məxsus olan obyektdə və eyni ünvanda yerləşən servisdə icra edəcəyini nəzərə alaraq cavabdehin əmək fəaliyyətini "xxxx" MMC-də davam etməsinə etiraz etməmişdir. Lakin buna baxmayaraq cavabdeh 28 noyabr 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin tələblərini kobud şəkildə pozaraq 06 sentyabr 2024-cü il tarixində "xxxx" MMC-yə də əmək müqaviləsinə xitam verilməsi haqqında ərizə ilə müraciət etmişdir. Bununla da cavabdeh aramızda bağlanmış 28 noyabr 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə üzrə götürdüyü öhdəliklərini kobud şəkildə pozmuşdur. Həmçinin iddiaçının nümayəndəsi və vəkili qeyd etmişdir ki, onların müəssisəsi universiteti yeni bitirmiş tələbələrə ixtisaslaşmaq üçün 3 ay müddətində dərs keçir. Bunun üçün mütəxəssisləri də var. Günün birinci yarısı dərs, ikinci yarısı praktiki təlimlər keçirilir. Onların öhdəliyi cavabdehi öyrətmək idi, onun da öhdəliyi onlarla müqavilə bağlamaq və çalışmaq idi. Məcburi əmək yolverilməzdir deyə, onlar əmək müqaviləsinə xitam vermişlər, lakin hazırda cavabdeh öhdəliyi pozduğundan ondan pul tələb edirlər. Avtoservisə dair bütün məsələlər və incəliklər əvvəlindən axırına kimi öyrədilir. Əmək müqaviləsində Şirkətin xərci sözü texniki səhv edilib. İdeal motors onların öz şirkətidir. Təsisçilər eynidir, eyni adamlar dərs keçir, eyni yerdə dərs keçirilir. Dərs onlarda 3 aylıq keçirilir. Onlar təlimçilərlə ona görə əmək müqaviləsi bağlayırlar ki, əmək müfəttişliyi onlara irad tutmasın, deməsin ki, işçini müqavilə olmadan işlədirsən. Halhazırda əməklə bağlı mübahisə yoxdur. Əmək müqaviləsi bağlamaq müqavilə üzrə öhdəlikləridir. Günün birinci yarısı təlim keçirilir, ikinci yarısı təcrübi təlim alınır. Qeyd olunanlara əsasən hesab edirlər ki, 2000 (iki min) manat məbləğində dəbbə pulu, 320 (üç yüz iyirmi) manat məbləğində hüquqi yardım xərci və 40 (qırx) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Sonda iddiaçının nümayəndəsi və vəkili iddianın təmin edilməsini məhkəmədən xahiş edir.
15. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-706/2025 saylı xx.xx.2025ci il tarixli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia tələbinin təmin edilməsi, Cavabdeh 2000 (iki min) manat məbləğində dəbbə pulunun, 320 (üç yüz iyirmi) manat məbləğində hüquqi yardım xərcinin və ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 6.2, 14.1, 14.2.1, 21.1, 21.2, 385.1, 386.1, 389.1, 389.3, 390.1, 390.2, 390.3, 390.6, 390.7, 399.1, 399.3, 399.4, 404.1, 404.2, 405.1, 405.2, 406.1, 406.3, 425.1, 425.2, 427.1, 427.2, 427.3, 442, 443.1, 443.2, 445.1, 445.2.1, 448.1, 462.1, 463.1, 465.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 121.1, 124.1, 217.4, 216-220, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
17. Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 28 noyabr 2022-ci il tarixdə təlim keçmə və əməkdaşlıq haqqında müqavilə bağlanılmışdır. Sözügedən müqaviləyə əsasən, İddiaçı MMC ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərinə yiyələnməsi üçün cavabdehə müvafiq nəzəri və təcrübi dərslərin keçilməsini təşkil etməyi, cavabdehi yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürmüşdür. Cavabdeh isə İddiaçıMMC tərəfindən təmin edilən müvafiq nəzəri və təcrübi dərslərdə iştirak etməyi, təlimə başladığıandan İddiaçı MMC ilə əmək müqaviləsi bağlayaraq 3 (üç) il müddətində yalnız İddiaçı MMC-yə məxsus olan avtoservisdə işləməyi və əmək müqaviləsinə xitam verməməyi, başqa avtoservisdə və müəssisələrdə işləməməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilənin 4.3-cü bəndinə əsasən, cavabdeh şirkətlə əmək müqaviləsi bağladığı andan 3 (üç) il müddətinə şirkətin yazılı razılığı və icazəsi olmadan Azərbaycan Respublikasının ərazisində başqa avtoservisdə və müəssisələrdə iş yeri seçərsə və ya işləyərsə “Şirkətin xərclədiyi” 2000 (iki) manat məbləğində dəbbə pulunu şirkətə ödəyəcəkdir. Avtoservis- K.Ş.” MMC ilə Cavabdeh arasında 28 noyabr 2022- ci il tarixdə təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin bağlanılmasından bir gün sonra xx.xx.2022-ci il tarixdə Əmək Müqaviləsi bağlanmışdır. Müqaviləyə görə işçi operator vəzifəsinə qəbul edilmiş və əmək müqaviləsi xx.xx.2023-cü il tarixinədək bağlanmışdır. Cavabdeh xx.xx.2023 – cü il tarixdə Avtoservis-K.Ş.” MMC – yə şirkətə tutduğu vəzifədən azad olunmağı barədə ərizə ilə müraciət edir. Şirkət onunla bağlanmış xx.xx.2022-ci il tarixdə Əmək Müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68 – ci maddəsinə əsasən xitam vermişdir. Cavabdeh Avtoservis-K.Ş.”MMC – dən işdən azad olunduqdan sonra xx.xx.2023 – cü il tarixdə "xxxx"MMC-yə ərizə verir və anbardar köməkçisi vəzifəsinə işə qəbul edilir. Onunla "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə 08/2023 saylı Əmək Müqaviləsi bağlanmışdır. Müqaviləyə görə işçi anbardar köməkçisi vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsi xx.xx.2023-cü il tarixinədək bağlanmışdır. Cavabdeh xx.xx.2024 – cü il tarixdə "xxxx" MMC –yə şirkətdə 18 ay işlədikdən sonra tutduğu vəzifədən azad olunmağı barədə ərizə ilə müraciət edir. Şirkət onunla bağlanmış xx.xx.2023-cü il tarixdə 08/2023 saylı Əmək Müqaviləsinə xx.xx.2024 – cü il Azərbaycan Respublikası ƏM-nin 68 – ci maddəsinə əsasən xitam vermişdir. İddiaçı Avtoservis-K.Ş.” MMC bundan sonra yəni Cavabdeh "xxxx" MMC – də 18 ay işlədikdən sonra tutduğu vəzifədən azad olunmağı barədə ərizə verərək işdən çıxması ilə onun 28 noyabr 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə üzrə sanki özünün qarşısında hüquqlarını pozduğu qənaətinə gəlməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinə diqqət etdikdə təəssüf ki, hakim iddia tələbinin əsaslı olmasını sübut etməyən sənədləri qətnamədə sadəcə sadalamaqla işini bitmiş hesab etmiş, nəticədə qanuni olmayan ədalətsiz məhkəmə qətnaməsi qəbul etmişdir. Belə ki, ilk öncə məhkəmənin diqqətini İddiaçı MMC ilə Cavabdeh arasında 28 noyabr 2022-ci il tarixdə təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin 1.1- ci maddəsində qeyd edilir ki, hazırkı müqaviləyə əsasən Şirkət ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərinə yiyələnməsi üçün cavabdehə müvafiq nəzəri və təcrübi dərslərin keçilməsini təşkil etməyi, cavabdehi yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürür. Mülki qanunverciliyə əsasən, öhdəliklərin yaranmasıın əsasını müqavilə yəni əqdlər təşkil edir. Eyni zamanda əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və yaçoxtərəfli) ola bilər. Müqavilə çoxtərəfli əqd olduğu üçün onda tərəflərin hər biri üçün hüquq və vəzifələr müəyyən edilir. Hazırkı mübahisə üzrə də tərəflər arasında bağlanılmış müqavilə hər iki tərəf üçün hüquq və vəzifələr müəyyən etmişdir. Təlimkeçmə və əməkdaşlıq haqqında müqavilənin 1.1-ci bəndində qeyd edilir ki, hazırkı müqaviləyə əsasən, şirkət ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərinə yiyələnməsi üçün cavabdehə müvafiq nəzəri və təcrübi dərslərin keçilməsini təşkil etməyi öhdəsinə götürür. Birinci instansiya məhkəməsində iddiaçı tərəfə cavabdehə sözügedən müqavilədə nəzərdə tutulmuş təcrübi dərslərin təşkil edilməklə keçirilməsini sübut edən dəlillərin məhkəməyə təqdim edilməsini tələb etməyimizə baxmayaraq onlar bu dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Bu faktı həm iş materiallarına əlavə edilmiş sənədlərə, həm də məhkəmə aktında istinad olunan dəlillərə diqqət etdikdə gömək mümkündür. Mübahisə predmetindən də görünür ki, iş üzrə bu dəlilin əhəmiyyəti ondan ibarətdir ki, şirkət müqavilə üzrə öhdəliyin ilk icraçı kimi öz vəzifəsini yerinə yetirmiş olmalıdır ki, təlimalana qarşı onun sonrakı tələb hüquqları yaranmış olsun. Lakin, iddiaçı sadəcə müqaviləni məhkəməyə təqdim etməklə və müqavilədəki vəzifələrin sanki qarşı tərəfdən pozulduğunu diqqətə çatdırmaqla öz vəzifələrinin icra edilib-edilməməsinin üstündən sükutla keçməyə çalışmışdır. İşə baxan hakim də sonuncu xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında nümayəndə kimi bu məsələ ilə bağlı dediklərinin üzərindən sükutla keçməklə, qeyd etdiyi bu əsasa qətnamədə heç bir mövqe bildirməmişdir. (Baxın: xx.xx.2025-ci il tarixdə keçirilmiş sonuncu məhkəmə baxış iclasının video çəklişinə) Bundan əlavə, təlimkeçmə və əməkdaşlıq haqqında müqavilənin 1.1- ci bəndində qeyd edilir ki, cavabdehi yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi öhdəsinə götürür. Qeyd edir ki, iddiaçının bu ödəliyinin cavabdehə münasibətdə hansı istiqamətdə olacağını müəyyən etmək üçün müqavilənin həmin bəndində qeyd edilmişdir ki, şirkət ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərinə yiyələnməsi üçün cavabdehə müvafiq nəzəri və təcrübi dərslərin keçilməsini təşkil edir. Yəni, keçirilməsi nəzərdə tutulmuş təcrübi dərslik nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərə yiyələnməklə bağlı olduğu halda nəticədə iddiaçı cavabdehi xx.xx.2022-ci il tarixli əmək Müqaviləsi ilə işçi operator vəzifəsinə qəbul etmişdir. Buradan da görünür ki, iddiaçı müqavilə ilə üzərinə düşən bu öhdəliyi də icra etməmişdir. Bundan əlavə, təlimkeçmə və əməkdaşlıq haqqında müqavilənin 1.1- ci bəndində qeyd edilir ki,cavabdehi yiyələndiyi peşəyə uyğun işyeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürür. Bu əsasla bağlı qeyd edir ki, müqavilənin bu bəndindən görünən odur ki, iddiaçı cavabdehə yiyələnəcəyi peşəyə uyğun təcrübi dərsləri keçib onun bu peşəyə yiyələnməsindən sonra əmək müqaviləsi bağlayacağını qeyd etdiyi halda cavabdehlə 28 noyabr 2022-ci il tarixdə təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin bağlanılmasından bir gün sonra xx.xx.2022-ci il tarixdə Əmək Müqaviləsi bağlamışdır. Buradan belə anlaşılır ki, iddiaçı bir gün ərzində cavabdehə bütün təcrübi dərsləri keçməklə onu nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərə yiyələnməsinə nail olmuş və nəticədə onunla onunla əmək müqaviləsini bağlamağı həyata keçirmişdir. Əlbəttə ki, bu mümkünsüz və absurd əsas olardı. Görünən odur ki, iddiaçı əsassız olaraq cavabdehin üzərinə əlavə öhdəlik qoymaq niyyəti ilə təlimkeçmə və əməkdaşlıq haqqında 28 noyabr 2022-ci il tarixli müqaviləni imzalatdırmışdır. Sözügedən müqavilənin 1.2-ci bəndində qeyd edilir ki, “Təlimalan”"xxxx"tərəfindən təmin edilən müvafiq nəzəri və təcrübi dərslərdə iştirak etməyi, təlimə başladığı andan "xxxx"lə əmək müqaviləsi bağlayaraq "xxxx"in avtoservisində işləməyi, "xxxx"lə olan əmək müqaviləsinə xitam verməməyi, başqa avtoservisdə və müəssisələrdə işləməməyi öhdəsinə götürür. Qeyd edilən şərtdən belə aydın olur ki, şirkət bu bənddə qeyd edilən şərtlə cavabdehə təlim verdiyi andan onunla əmək müqaviləsi bağlamalıdır. Belə olan halda o zaman cavabdehə təlim vermənin nə anlamı qalacaqdır. Bir halda ki, cavabdehin şirkətin fəaliyyət istiqaməti üzrə heç bir biliyi olmadığı halda onunla əmək müqaviləsi bağlanır və o işə qəbul edilir. Həmin müqavilənin 1.3- cü bəndi əslində müqavilənin 1.2-ci bəndində qeyd edilən şərtin əsassız olduğunu ortaya qoymaqdadır. Belə ki, bu bənddəki şərtdə qeyd edilir ki, “Təlimalan”ın təyin ediləcəyi vəzifə onun təcrübi bilikləri və qabiliyyətinə əsasən "xxxx" tərəfindən müəyyən ediləcək. O zaman cavabdeh bu bəndə görə təlim almadan necə ola bilər ki, təlim almağa başladığı andan şirkətə işçi operator vəzifəsinə işə qəbul edilir. Bir halda ki, onun təyin ediləcəyi vəzifəsi əldə etdiyi biliklərdən aslı edilmişdir. Bütün bu faktlar təəssüf ki, məhkəmə tərəfindən araşdırılmamış, eyni zamanda tərəfimizdən məhkəmədə əsaslar olaraq qeyd edildiyi halda hakim bu faktlara qəbul edilmiş məhkəmə aktında ümumiyyətlə münasibət belə bildirməmişdir. Bundan əlavə, həmin müqavilənin 4.3-cü bəndinə əsasən, cavabdeh şirkətlə əmək müqaviləsi bağladığı andan 3 (üç) il müddətinə şirkətin yazılı razılığı və icazəsi olmadan Azərbaycan Respublikasının ərazisində başqa avtoservisdə və müəssisələrdə iş yeri seçərsə və ya işləyərsə “Şirkətin xərclədiyi” 2000 (iki) manat məbləğində dəbbə pulunu şirkətə ödəyəcəkdir. Bu bənddə qeyd edilən iki məsələyə toxunmaq olduqca zəruridir. Birinci məsələ ondan ibarətdir ki, iddiaçı qeyd edir ki, guya işçi müqavilədə qeyd edildiyi kimi onun razılığı olmadan şirkətdən işdən çıxmaqla onların hüquqlarını pozmuşdur. Halbuki, iddia ərizəsinə və qəbul edilmiş qətnaməyə diqqət etdikdə görünür ki, Cavabdeh xx.xx.2023 – cü il tarixdə Avtoservis-K.Ş.” MMC – yə şirkətə tutduğu vəzifədən azad olunmağı barədə ərizə ilə müraciət etdikdə və o digər bir şirkət "xxxx" MMC-yə ərizə verib anbardar köməkçisi vəzifəsinə işə qəbul edildikdə buna razı olmuş və ona heç bir verib anbardar köməkçisi vəzifəsinə işə qəbul edildikdə buna razı olmuş və ona heç bir etirazlarının olmadığını bildirmişlər. İddiaçının bu məsələdə növbəti bir razılığının əlaməti cavabdehin başqa bir şirkətdə yəni "xxxx" MMC-də 19 ay işlədiyi müddətdə ona qarşı hər hansı iddia tələbi ilə məhkəməyə müraciət etməmələri olmasıdır. Müqavilənin 4.3 –cü bəndində toxunulması zəruri olan digər ikinci məsələ isə həmin bənddə qeyd edilmiş, cavabdehin AzərbaycanRespublikasının ərazisində başqa avtoservisdə və müəssisələrdə iş yeri seçərsə və ya işləyərsə “Şirkətin xərclədiyi” 2000 (iki) manat məbləğində dəbbə pulunun tələb olunmasıdır. Belə ki, bu şərtdə qeyd edilmiş “Şirkətin xərclədiyi” 2000 (iki) manat vəsaitin guya ki, cavabdehə veriləcək təlim zamanı cəlb edilmiş mütəxəssislərə veriləcək ödənişlər vəsair xərclər üçün olacağı qeyd edilsə də iddiaçı tərəfindən belə bir xərcin çəkilməsi barədə məhkəməyə bir sübut belə təqdim edilməmişdir. Yuxarıda qeyd etdiyi kimi, iddiaçı bu şərtin icrasını yalnız müqaviləni məhkəməyə təqdim etməklə sübut etdiyini, məhkəmə də bu faktın müqavilə ilə sübut olunduğunu qəbul etmişdir. Bundan əlavə, məhkəmənin üzərindən birmənalı şəkildə sükutla keçdiyi əsas faktlardan biri də iddiaçının subyektiv hüququ olmayan bir iddiaya dair məhkəmədə cavabdehə qarşı qaldırmış olduğu hazırkı iddiasıdır. Belə ki, iddiaçı ərizəsində qeyd edir ki, onun müqavilə üzrə hüququ Cavabdeh tərəfindən xx.xx.2024 – cü il tarixdə "xxxx" MMC – də 18 ay işlədikdən sonra tutduğu vəzifədən azad olunmağı barədə ərizə ilə müraciət edilməsindən sonra pozulmuşdur. Ərizədə qeyd edilmişdir ki, "xxxx" MMC ilə iddiaçı Avtoservis-K.Ş.” MMC bir ünvanda fəaliyyət göstərdiyi üçün sanki eyni şirkət kimi hesab olunur və bu səbəbdən də cavabdehin həmin şirkətdən işdən ayrılması həqiqətdə onların hüquqlarının pozulması hesab olunur. Qeyd edir ki, iddiaçının bu əsasla cavabdehi müqavilə üzrə öz hüquqlarını pozması kimi görməsi tamamilə absurddur. Belə ki, öhdəliklərin yaranmasının əsası kimi tərəflər arasında müqavilənin olması şərtdir. İş üzrə iddiaçı və cavabdeh arasında öhdəlikləri öz aralarında birbaşa yaradacaq 28 noyabr 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə bağlanılmış olsa da,cavabdehin üçünçü şəxslərdən işdən ayrılacağı halda bu halın onun hüquqlarını pozacağı barədə üç tərəfli müqavilələri olmamış və ya öz aralarında bağlanılmış müqavilədə belə bir şərt müəyyən edilməmişdir. Belə olduğu halda cavabdehin başqa təşkilatda işləməkdən imtina edərək işdən çıxmasının iddiaçı tərəfindən özünün mənafeyinin pozulması kimi qəbul olunması tamamilə əsassızdır. Qeyd edilənlərə yanaşı onu da qeyd edir ki, apellyasiya şikayətində qeyd etdiyi oxşar faktlar iş materiallarında olan Sumqayıt Apellyasiya məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1594/2024 saylı, xx.xx.2024 –cü il tarixli qətnaməsi ilə eyni iddiaçı Avtoservis- K.Ş.” MMC ilə başqa bir cavabdeh X3 arasında olmuş eyni iddia tələbi üzrə qəbul etmiş qanuni qüvvədə olan qətnamədə də müəyyən olunmuşdur. Göründüyü kimi, məhkəmə işə baxarkən, işi tam və hərtərəfli araşdırmamış, mübahisə predmeti üzrə işin araşdırılmasına səthi yanaşmış və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması səbəbindən maddi və prossesul pozuntu etməklə ədalətsiz və qanuna uyğun olmayan qətnamə qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
22. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
23. Maddə 14.1 mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
24. Maddə 14.2.1 qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir.
25. Maddə 21.1 zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
26. Maddə 21.2 zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür
27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. Maddə 386.1 öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
29. Maddə 389.1 mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
30. Maddə 389.3 bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir
31. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
32. Maddə 390.2 müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.
33. Maddə 390.3 müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.
34. Maddə 390.6 müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.
35. Maddə 390.7 əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir.
36. Maddə 399.1 müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
37. Maddə 399.3 müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.
38. Maddə 399.4 müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.
39. Maddə 404.1 müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
40. Maddə 404.2 bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
41. Maddə 405.1 tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
42. Maddə 405.2 müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.
43. Maddə 406.1 müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
44. Maddə 406.3 yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər.
45. Maddə 425.1 öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
46. Maddə 425.2 öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
47. Maddə 427.1 əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.
48. Maddə 427.2 əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.
49. Maddə 427.3 əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
50. Maddə 442 öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
51. Maddə 443.1 öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
52. Maddə 443.2 zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
53. Maddə 445.1 icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
54. Maddə 445.2.1 öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
55. Maddə 448.1 əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
56. Maddə 462.1 dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
57. Maddə 463.1 dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
58. Maddə 465.2 əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir.
59. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
62. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
63. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
64. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
65. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
66. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
67. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
68. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
69. Hazırki halda, cavabdeh qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
70. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-706/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
71. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a. Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b. İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
72. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
73. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.
74. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır.
75. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə bağlanmış, müqaviləyə əsasən "xxxx" MMC ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərinə yiyələnməsi üçün Cavabdeh müvafiq nəzəri və təcrübi dərslərin keçilməsini təşkil etməyi, onu yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürmüş, cavabdeh isə təlimə başladığı andan iddiaçı ilə əmək müqaviləsi bağlayaraq onun avtoservisində işləməyi, iddiaçı ilə olan əmək müqaviləsinə 3 il müddətində xitam verməməyi, 3 il müddətində iddiaçının yazılı razılığı və icazəsi olmadan Azərbayan Respublikasının ərazisində başqa avtoservisdə və bu kimi digər müəssisələrdə iş yeri seçərsə və ya işləyərsə 2000 manat məbləğində dəbbə pulunu iddiaçıya ödəməyi üzərinə götürmüşdür, tərəflər arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmış, Cavabdeh İddiaçı MMC-də müddətli operator vəzifəsinə işə qəbul edilmiş, müddətli əmək müqaviləsinin qurtardığı vaxt xx.xx.2023-cü il göstərilmişdir, lakin cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin şərtlərinə əməl etməmiş, həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Belə ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2023 il tarixli əmək müqaviləsi bağlamış, lakin xx.xx.2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə üzrə götürdüyü öhdəliklərə əməl etməyib, xx.xx.2024-cü il tarixində əmək müqaviləsinə xitam verilməsi tələbi ilə "xxxx" MMC-yə müraciət etmiş, xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən "xxxx" MMC ilə Cavabdeh arasında əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü əsası ilə xitam verilmişdir. İddiaçı tərəfindən cavabdehə vurulan ziyanın ödənilməsi ilə bağlı xəbərdarlıq olunmuş, lakin cavabdeh tərəfindən həmin ziyan iddiaçıya ödənilməmişdir.
76. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, xx.xx.2022-ci il tarixdə bağlanmış Təlim keçmə və əməkdaşlıq haqqında müqavilə etibarsız hesab edilmədiyindən və cavabdeh həmin müqavilə üzrə 3 il müddətində iddiaçının yazılı razılığı və icazəsi olmadan Azərbayan Respublikasının ərazisində başqa avtoservisdə və bu kimi digər müəssisələrdə iş yeri seçməsi və ya işləməsi halı üçün iddiaçıya 2000 manat məbləğində dəbbə pulu ödəməyi vəd etdiyindən, onun İddiaçı MMCdə işlədiyi andan iddiaçıya dəbbə pulu ödəmək öhdəliyi yaranmışdır. Cavabdeh apellyasiya şikayətində yuxarıda qeyd olunanların əsassız olduğunu bildirsə də, bu halların mövcudluğunu və əsaslılığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki iş materiallarından görünür ki, Cavabdeh onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin predmeti, şərtləri, tərəflərin üzərinə götürdüyü öhdəliklərlə tanış olmaqla həmin müqavilənin mahiyyətini anlamış və müqaviləni imzalamış, bu zaman ona hər hansı psixi və fiziki təsir edilməmiş və digər qanunsuz hərəkətlər edilməmiş, yəni həmin müqavilə onun iradə ifadəsinin nəticəsi olaraq bağlanmışdır, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış təlim keçmə və əməkdaşlıq haqqında müqavilədə müqavilənin predmeti, şərtləri, tərəflərin öhdəlikləri, hüquq və vəzifələri konkret göstərilmiş, həmin müqavilə üzrə "xxxx" MMC üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, Cavabdeh isə müqavilə üzrə üzərində düşən öhdəlikləri yerinə yetirməməklə iddiaçını müqavilə üzrə ümid etməyə çatanlardan məhrum etmiş və iddiaçıya bu xüsusda ziyan vurmuşdur.
77. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
78. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
79. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
80. Kollegiya hesab edir ki, iddia tələbi təmin edildiyindən, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 manat alınaraq iddiaçıya ödənilməlidir. Hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
81. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
82. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-706/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.