Məhkəmə qərarları › İş №2(103)-3516/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3516/2022

17.05.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3516/2022 17.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-316/2022 saylı, 01 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdehnə və üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, iddianın tam təmin olunmaqla, cavabdeh “X2” MMC-dən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, bina 2, blok 1, ümumi sahəsi faktiki 54.10 kv/m olan, 1 otaqdan ibarət, 17 saylı mənzil üçün, müqavilə əsasında 12.21 kv/m sahəyə görə artıq ödənilən 10,940 (on min doqquz yüz qırx) manat məbləğində pul vəsaitinin alınaraq ona qaytarılması, iddia üçün ödənilən dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh şirkət arasında olan razılaşmaya əsasən cavabdehin layihələrindən biri olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, bina 2, blok 1, ümumi sahəsi 66.31 kv/m olan, 1 otaqdan ibarət, 14 saylı mənzili "xxxx" ASC-nin Kredit-lnvest filialı ilə AK 37 saylı, 01 aprel 2010-cu il tarixli kredit müqaviləsi bağlamaqla İpoteka yolu ilə almışdır. Həmin müqaviləyə əsasən mənzil ipotekaya yüklü edilmiş və bank tərəfindən 22.142,33 manat pul vəsaiti cavabdeh təşkilata ödənilmişdir. Kredit müqaviləsi ilə müəyyən edilmiş 22.142,33 manat pul vəsaitini o, 141 ay müddətinə bank təşkilatına ödəmişdir. Bundan başqa, cavabdeh tərəfindən 11 dekabr 2010-cu il tarixdə AKT əsasında 66.31 kv/m olan həmin mənzil ona təhvil verilmişdir. Qeyd etmişdir ki, kredit müqaviləsində mənzilin nömrəsi 14 göstəriİsə də, cavabdehin sənədlərində 14/17 kimi göstərilmişdir. 10 noyabr 2020-ci il tarixdə cavabdehin Bakıxanov layihəsi olan Uğur-2 Yaşayış Kompleksindən ona verilən 378 saylı arayışa əsasən onun mənzilə dair kommunal borcu da olmamışdır. Daha sonra mənzilin hüquqi qeydiyyata alınması üçün Daşınmaz Əmlakın dövlət reyestr Xidmətinə müraciət olunmuş və 31 may 2021-ci il tarixdə ona Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestr xidmətindən Çıxarış təqdim olunmuşdur. Həmin çıxarışı alarkan ona məlum olmuşdu ki, çıxarışda mənzilin sahəsi 54.10 kv/m göstərilmişdir. Həmçinin mənzilin texniki pasportunda da eyni ilə 54.10 kv/m göstərilmişdir. Mənzildə ölçmə işləri aparılarkan da məlum olmuşdur ki, cavabdeh tərəfindən mənzilin ümumi sahəsi çox göstərilməklə bank təşkilatına sənədlər təqdim olunmuş və nəticədə ondan 12.21 kv/m sahənin pulu artıq olmaqla banka ödətdirilmişdir. Bu günə qədər etdiyi müraciətlərə isə əhəmiyyət verilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab etmişdir ki, cavabdeh şirkətlə 66.31 kv/m olan mənzillə razılaşmışlar, lakin cavabdeh şirkət müqavilə üzrə öhdəliyini icra etməmiş, nəticədə aldadılaraq ona 54.10 kv/m olan mənzil verilmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən ona bank təşkilatına artıq mənzil kvadratı üçün ödətirilmiş pul vəsaiti geri qaytarılmalıdır. Artıq ödədiyi pul vəsaitini ona görə cavabdeh qaytarmalıdır ki, həmin pulu bank təşkilatı onunla kredit müqaviləsi bağlayarkən cavabdehə tam şəkildə ödəmişdir. Həmin dövrdə mənzilin 1 kv/m-nə görə bank faizi ilə təxminən 896 manat müəyyən edilmişdi. Bank təşkilatına 12.21 kv/m üçün ümumilikdə 10,940 (on min doqquz yüz qırx) manat (896x12.21) pul vəsaiti ödəmişdir. İşin halları ilə və əlavə etdiyi sübutlarla tam təsdiq olunmuşdur ki, cavabdeh 10.940 manat pulu ona geri qaytarmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-316/2022 saylı, 01 mart 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə və üçüncü şəxs "xxxx" ASC-yə qarşı “pul tələbinə dair” iddia ərizəsinin rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manatın İddiaçı tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qeyd edilən müqavilə üzrə müvafiq mənzilin sahəsi ilə məhkəmə araşdırması zamanı təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticəsi kimi verilmiş müvafiq ekspert rəyi üst-üstə düşərək, onun mülkiyyətində olan mənzilin sahəsi qeyd edilən qaydada, yəni 66,31 kv.metr müəyyən edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyində AR Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla ona məxsus mənzilin ümumi sahəsinin 54,1 kv.metr olduğu, mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 66,31 kv.m olduğu müəyyən edilmişdir. Göründüyü kimi, məhkəmə istinad edilən maddi hüquq normalarını deyil, qanunvericiliyə uyğun olmayan “ümumi sahə” anlayışını əsas götürməklə iddianı rədd etmişdir ki, bununla maddi hüquq normalarını mübahisəyə düzgün tətbiq etməmişdir. Cavabdeh onunla müqavilə bağlayaraq üzərinə öhdəlik götürmüş olduğu halda, öhdəliyi lazımınca icra etməmişdir. Məhkəmə isə maddi hüquq normalarının tələblərini pozaraq iddianı rədd etmişdir. Halbuki, iddiaçı qanunvericiliyin və müqavilənin şərtlərinə uyğun olmayan formada öz öhdəliyini icra etmişdir. Tərəflər arasında bağlanmış müqavilə üzrə heç bir yerdə mənzilin ümumi sahəsinə xarici divarların altı olan sahələrin, daxili divar və digər tikilialtı sahələrin, şaxta və digər yardımçı hissələrin daxil olması qeyd edilməmişdir. Bununla da istinad edilən maddi hüquq normalarının tələbləri də pozulmuşdur. Sübutlar və onların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Apelyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 316/2022 saylı, 01 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq İddiaçı, Cavabdeh MMC-nin və üçüncü şəxs "xxxx" ASC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş materiallarında olan, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Kredit İnvest” filialı ilə cavabdeh İddiaçı arasında bağlanmış AK 37 saylı, 01 aprel 2010-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, müvafiq kredit müqaviləsinə əsasən, bank tərəfindən borclu şəxsə şəxsi istifadə məqsədi ilə 141 (yüz qırx bir) ay müddətinə, illik 12 faiz ödəmək şərti ilə 22.142,33 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir.(İ.vər. 13 - 16) İş materiallarında olan, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Kredit İnvest” filialı ilə ipoteka qoyan İddiaçı arasında bağlanmış AK 37 saylı, 01 aprel 2010-cu il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, müqaviləyə əsasən "xxxx" ASC-nin “Kredit İnvest” filialı ilə cavabdeh İddiaçı arasında bağlanmış AK 37 saylı, 01 aprel 2010-cu il tarixli kredit müqaviləsinin təminatı qismində borclu şəxsə xüsusi mülkiyyət hüququ üzrə məxsus olan və başqa öhdəliyin təminatı üçün əvvəl ipotekaya qoyulmuş Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 66,31 kv.m olan, 1 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir.(İ.vər. 8 - 12) İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595-ci məhəllə, ev 2, mənzil 17 (Yeni qaydalarla: AZ 1040 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, 8, M3, m.5) İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə 31.05.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir.(İ.vər. 17) İş materiallarında olan, 11.12.2010-cu il tarixli Aktdan görünür ki, bir tərəf Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanda inşa etdiyi mənzili 1320 saylı 06.01.07 il tarixli müqavilənin 3.1.23 maddəsinə uyğun olaraq təhvil verir, alıcı İddiaçı isə təhvil alır.(İ.vər. 22) İş materiallarında olan, "xxxx" MMC-nin 10.09.2020-ci il tarixli, 378 №-li arayışdan görünür ki, İddiaçı, "xxxx" ASC-nin inşa etdiyi ünvan 3 ünvanında yerləşə “UĞUR 2” yaşayış kompleksində bina 2, blok 1, mənzil 17-ni 01 avqust 2020-ci il tarixinədək şirkətə olan kommunal borcunu tam olaraq ödəmişdir. Arayış "xxxx" ASC-yə təqdim etmək üçün verilir. Arayış 15 iş günü müddətinə qüvvədədir.(İ.vər. 22) İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/6439 saylı, 17 yanvar 2022-ci il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, Məhəllə-2595-də inşa edilmiş yaşayış kompleksinin 2-ci binasının 3-cü mərtəbəsində yerləşən 17 saylı (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi. 8, M3, m.5) mənzilin ümumi sahəsi 54,1 kv.metr olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, Məhəllə-2595, ev 2, m. 17 (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsi. 8, M3, m.5) ünvanında yerləşən mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 66,31 kv.m olduğu müəyyən edilmişdir.(İ.vər. 65 - 67) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 437.1-ci maddəsinə əsasən, əgər müqavilənin predmeti fərdimüəyyən əşyadırsa, kreditor başqa əşyanı, onun dəyəri daha yüksək olsa da, qəbul etməyə borclu deyildir. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 577.1-ci maddəsinə əsasən, alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. Həmin Məcəllənin 578.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda qeyd olunan hüquq normalarını əsas tutaraq birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı şəxsin təqdim etdiyi müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən maddi hüquq normalarını təhlil edərək hesab edir ki, iddiaçının iddia tələbində qeyd edilənlər, maddi hüquq normaları baxımından sübut ediləcəyi təqdirdə əsaslıdır. Belə ki, iddiaçı apelyasiya şikayətində ona məxsus mənzilin ümumi sahəsinin 54,1 kv.metr olduğu, mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 66,31 kv.m olduğu qeyd edərək, ondan 66,31 kv.m sahənin pulunun alınmasını qanunsuz hesab etsədə, mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların, habelə yardımçı sahənin kv.m-nin mənzilin ümumi dəyərinə daxil edilməli olmaması barədə mötəbər sübutları nə birinci inistansiya məhkəməsinə nədə ki, apelyasiya inistansiya məhkəməsinə təqdim etməmişdir. Bundan başqa İddiaçıapelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllnin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslıdır. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, İddiaçı apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-316/2022 saylı, 01 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, İddiaçı apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-316/2022 saylı, 01 mart 2021-ci i il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar