Məhkəmə qərarları › İş №2(103)-3517/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3517/2021

13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3517/2021 13.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Rəşad Məhəmməd oğlu Həsənov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4386/2020 saylı, 24 dekabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, İMEİ kodu **********30210 olan “Samsung Galaxy A30s” markalı telefon üçün 60 (altmış) manat məbləğində ödənilməmiş hissə və 0 (sıfır) manat məbləğində cərimə borcu olmaqla, cəmi 60 (altmış) manat məbləğində borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 80 (səksən) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh “xxxx” MMC ilə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********30210 olan “Samsung Galaxy A30s” markalı telefon almış və nəticədə 60 (altmış) manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx xxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 690 (altı yüz doxsan) manat (6 (altı) ay x 115 (bir yüz on beş) manat + 0 (sıfır) manat ilkin ödəniş) məbləğində İMEİ kodu **********30210 olan “Samsung Galaxy A30s” markalı telefon üçün 60 (altmış) manat məbləğində olmaqla, onun 60 (altmış) manat məbləğində ödənilməmiş hissə və 0 (sıfır) manat məbləğində cərimə borcu yaranmışdır. Cavabdeh xx xxxxxxx 2019-cu il tarixli müqavilə üzrə aldığı “Samsung Galaxy A30s” markalı telefonu xx xxxx 2020-ci il tarixədək istifadə etdikdən sonra geri qaytarmış və 630 (altı yüz otuz) manat məbləğində qiymətləndirilib borcundan silinərək geri alınmışdır. Cavabdeh cəmi ödədiyi məbləğ 630 (altı yüz otuz) manat məbləğində təşkil etmişdir. Ödəniş cədvəlinin 2-ci bəndi üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4386/2020 saylı, 24 dekabr 2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İMEİ kodu **********30210 olan “Samsung Galaxy A30s” markalı telefon üçün 60 (altmış) manat məbləğində ödənilməmiş hissə və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 80 (səksən) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx xxxxxxx 2019-cu il tarixdə Samsung Galaxy A 305 markalı mobil telefonu “Kontakt Home” mağazasından əlavə pul ödəməklə, qızıl zəmanətlə kreditlə almış, sonra həmin mağazaya yaxınlaşıb telefonu dəyişməsini xahiş etmişdir. Telefonu diaqnostikaya təhvil verib 5 günlük diaqnostikanın ardından götürüb həmin mağazaya qaytarmışdır. Telefonu alarkən əlavə pul ödəyərək qızıl zəmanət talonu da almışdır. Mağazada telefonu qaytararkən ondan əlavə 60 AZN tələb etdilniş, nə üçün ödəməli olduğunu soruşduqda ona bildirilmişdir ki, telefonun alt qapağında gözlə görülməyən tükəbənzər cızıq var. O, mikroskop tələb etsə də, təmin edilməmişdi. Nömrəsiz təhvil-təslim aktından da görünür ki, qarşı tərəf aktı nömrəsiz, qərəzli tərtib etmişdir. Buna baxmayaraq, həmin təhvil-təslim aktını tələb etmiş və imza ataraq aktı tez əllərindən almışdır. Əgər telefonda hər hansı bir qüsur var idisə, nə üçün diaqnostika onu qeyd etməyib və əgər iddiaçı diaqnostika edirdisə, onda niyə o, diaqnostikaya göndərilmişdi. Digər tərəfdən, məhkəmə keçirilən zaman prosessual hüququ pozulmuş, məhkəməyə dəvət olunmamışdır. Apelyasiya şikayətində Nərimanov Rayon Məhkəməsinin 2(005)-4386/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında Cavabdeh verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4386/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X2 apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4386/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 01000967 saylı, xx xxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən, qiyməti 690 (altı yüz doxsan) manat (6 (altı) ay x 115 (bir yüz on beş) manat + 0 (sıfır) manat ilkin ödəniş) məbləğində İMEİ kodu **********30210 olan “Samsung Galaxy A30s” markalı telefon üçün 60 (altmış) manat məbləğində olmaqla, ondan 60 (altmış) manat məbləğində ödənilməmiş borcu yaranmışdır və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386 və 442-ci maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 01000967 saylı, xx xxxxxxx 2019-cu il tarixli əşyanın nisyə satılması haqqında Müqavilənin surətindən görünür ki, həmin Müqaviləyə əsasən 690 manat dəyərində İMEİ kodu **********30210 olan “Samsung Galaxy A30s” markalı mobil telefon, ayda 115 manat ödəmək şərti ilə 6 ay müddətinə Cavabdeh satılmışdır. İş materiallarında olan, 01000967 saylı, xx.xx.2019-cu il tarixli əşyanın nisyə satılması haqqında müqavilənin ayrılmaz hissəsi hesab edilən ödəniş cədvəlindən görünür ki, Cavabdeh aldığı “Samsung Galaxy A30s”markalı mobil telefonun dəyəri olan 690 manat pulu hər ay 115 manat ödəmək şərti ilə 6 ay müddətinə (6 (altı) ay x 115 (bir yüz on beş) manat + 0 (sıfır) manat ilkin ödəniş=690 manat) iddiaçı “xxxx” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan, xx xxxxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh aldığı “Samsung Galaxy A30s”markalı mobil telefonu xx.xx.2020ci il tarixədək istifadə etdikdən sonra geri qaytarmış və 630 manat qiymətləndirilib borcundan silinərək geri alınmışdır. İş materiallarında olan, xx xxx 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, müvafiq müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi təqdirdə iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmədə mülki iddia qaldıracağı barədə Cavabdeh xəbərdar etmişdir. İşə apelyasiya məhkəməsində baxılarkən iddiaçı “xxxx” MMC-nin etibarnamə əsasında nümayəndəsi X2 tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli Aparılan işlər barədə çıxarışdan görünür ki, İMEİ kodu **********30210 olan “Samsung Galaxy A30s” markalı mobil telefon diaqnostika olunub-Normal. Əmtətə görüntüsü: Sensor təmiz, korpusda aşağı hissədə cızıqlar, yuxarı hissəsində cızıqlar, karkasda xırda cızıqlar, usb konnektorunda simslot dəliyində sürtünmə var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin birinci nstansiya məhkəməsi tərəfindən prosessual hüququnun pozularaq məhkəməyə dəvət olunmaması barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, birinci nstansiya məhkəməsi işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-cü maddəsinin tələblərinə əməl etməklə baxmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Odur ki, apelyasiya şikayətinin qeyd olunan dəlili ilə bağlı əlavə araşdırma aparılmasına zərurət yoxdur. Beləliklə, məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin birinci nstansiya məhkəməsi tərəfindən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh apelyasiya şikayətində qeyd edilənləri təsdiq edən sübutları apelyasiya şikayətinə əlavə etməmiş, məhkəmə iclasında iştirak edərkən bunu əsaslandıran hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim еtməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, Cavabdeh apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4386/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, Cavabdeh apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. İşdə olan iddia ərizəsindən görünür ki, hazırki iş üzrə iddiaçı tərəfindən tələb olunan iddianın qiyməti iki min manatdan az, yəni 60 (altmış) manat təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4386/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar