Məhkəmə qərarları › İş №2(103)-3519/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3519/2022

10.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3519/2022 10.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının vəkili-nümayəndəsi Vəkil1, Cavabdehin vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “öhdəliyin icrası və pul” tələbinə dair mülki iş üzrə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-2316/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə aralarında bağlanmış müqaviləyə əsasən ona 117 kv.m mənzilin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, 6 ay ərzində tərəflərindən ödənilmiş 2400 manat kirayə haqqının cavabdehdən alınaraq ona verilməsi, tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi, müqavilə tələblərinə əsasən ona ödənilməli olan 400 manat kirayə haqqının mənzildən istifadənin mümkün olana qədər ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 86 saylı, 25.02.2016-cı il tarixli Qərarına əsasən Bakı səhəri Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülürək, yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi tərlindən təsdiq olunmuş 11.08.2016-cı il tarixli akta əsasən qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırlması məqsədi ilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu qərarın icrası ilə əlaqədar Nərimanov rayon icra Hakimiyyəti ilə “Baku City" MTK arasında 07.04.2017-ci il tarixində müqavilə imzalanmışdır. Bununla bağlı Cavabdeh MTK ünvan 1 ünvanında yerləşən yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu sahədə yeni yaşayış binalarının tikintisini həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh MKT ilə aralarında bağlanmış müqaviləyə əsasən cavabdeh ona məxsus olan 60 kv.m mənzilin əvəzinə, yeni tikiləcək binanın E blokunun, 9-cu mərtəbəsində 2 saylı, 3 otaqlı 117 kv.mdən ibarət olan təmirsiz mənzili ona verməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən evi sökülüb yeni ev tikilənə qədər ailəsilə birlikdə qalmağı üçün aylıq 400 manat məbləğində kirayə haqqı ödənilməsi nəzərdə tutulmuşdu. Müqavilənin müddəti 24 ay idi. Müqavilənin tələblərinə əsasən tikinti müqavilədə nəzərdə tutulmuş müddətdən əvvəl başa çatarsa kirayə haqlarının ödənilməsi dayandırılacaqdır. Müqavilənin tələblərinə əsasən tikinti başa çatdıqdan sonra mənzillər onlara təmirsiz təhvil veriləcəkdi və onlar binanı təmir etməyə başlayacaqdılar. 2020-ci ilin iyul ayında Cavabdeh MTK tərəfindən onlara məktub ünvanlanmışdır. Məktubda onun aldığı mənzilin təmirə başlamaq üçün hazır olduğu və bu səbəbdən 15.07.2020-ci il tarixdən ona ödənilən 400 manat kirayə haqlarının dayandırılacağı bildirilirmişdir. Lakin ona verilən mənzilə baxış keçirmək və təmir işlərini aparmaq məqsədi ilə binaya yaxınlaşdıqda tikintinin əslində başa çatmadığının şahidi olmuşdur. Binada lift quraşdırılmayıb. Yaşayış binasının fəsadı tam təmir edilməyib. Binanın girişi bitmədiyi və hələ də tikinti davam etdiyi üçün fərqli bir yerdən binaya daxil olaraq mənzili təmir etmək tələb olunur. Binada hal-hazırda yaşamaq heç bir şəkildə mümkün deyil. Cavabdeh MTK ilə aralarında bağlanan müqaviləyə əsasən mənzili təmirə yalnız tikinti başa çatdıqdan sonra başlamalıdılar. “Baku City" MTK binanın istismara icazə verilməsinə dair heç bir sənəd təqdim etmədən tikintinin başa çatdığı qənaətinə gəlmişdir. Halbuki, AR Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməlidir. Tikinti Obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Cavabdeh MTK-nın yaşayış binasını təhvil vermədən orada yaşamalarını və mənzildə təmir işləri aparmalarını tələb etməsi əsassızdır. Çünki, qeyd edilən binadan təyinatı üzrə istifadə edilməsi mümkün deyil. Bundan başqa cavabdeh ona yeni tikilmiş binada 117 kv.m əvəzinə 105 kv.m sahə göstərərək həmin mənzili təmir etməsini və orada yaşamasını istəyir. Cavabdeh MTK ilə aralarında bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən yeni tikilmiş binanın E blokunun, 9-cu mərtəbəsində, 2 saylı 3 otaqlı 117 kv.m-dən ibarət mənzil verməli idi. Bununla bağlı müqavilə bağlanarkən cavabdeh ona iddia ərizəsinə əlavə etdiyi şəkillərə uyğun mənzil təqdim edəcəyini bildirsə də, indi bundan imtina edir və daha kiçik bir mənzil təqdim edir. Cavabdehin öhdəliyi yerinə yetirməməsi səbəbi ilə artıq 6 aydır ona ev kirayəsi haqqı ödənilmir. Nəticə etibari ilə artıq 2000 manatdan artıq zərər dəymişdir. Cavabdehə 10.09.2020-ci il tarixdə ünvanladığı məktub cavabsız qalmışdır. Ona görə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-2316/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pulun İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlə bağlanmış müqavilədə şərtlər konkret göstərilmişdir. Müqavilənin məzmunundan görünür ki, cavabdeh iddiaçıya arakəsmələr nəzərə alınmadan 117 kvm sahəsi olan mənzil təhvil verməli idi. Çünki, müqavilədə iddiaçıya münasibətdə arakəsmələrlə bağlı müddəa olsa da cavabdehin verəcəyi mənzilə münasibətdə bu müddəa öz əksini tapmamışdır. Məhkəmə müqavilə hüququ ilə bağlı öz qətnaməsində “Fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Göründüyü kimi, sərbəst bazar iqtisadiyyatının, azad sahibkarlığın reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını da nəzərdə tutur. Odur ki, hazırkı işdə tərəflər bağladıqlarımüqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, onun hesablanma şərtlərini və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə dəyişdirilməsi yolverilməzdir,” vurğulasa da nədənsə cavabdehə münasibətdə müqavilənin şərtlərini geniş şəkildə şərh etmiş və iddiaçının tələbini rədd etmişdir. Bu maddəyə baxdıqda görünür ki, hətta müqavilədə mənzilin sahəsinin hansı şərtlərlə hesablanacağına dair müddəa olmasaydı belə qanunvericilik iddiaçının tələbinin yanındaydı. Məhkəmə ekspertiza rəyində göstərilən faktiki sahəni əsas kimi qəbul etmişdir. Belə ki, işdə olan ekspertiza rəyindən görünür ki, mənzilin ara divarlarla sahəsi 116,5 kv.metr, ara divarları hesablanmadan isə 105 kv.metr təşkil edir. O zaman 59.3 maddənin tələbləri tətbiq edilsəydi iddia təmin edilməli idi. Nərimanov Rayon Məhkəməsi iş üzrə təyin edilmiş ekspertiza rəyinin incələnməsi üçün vaxt vermədən dərhal qərar qəbul etmişdir. Belə ki, ədalətli qərarın qəbul edilməsi üçün məhkəmə qısa müddətə təxirə salınıb nümayəndənin iştirakı təmin edilə bilərdi. Məhkəmə isə bunu nəzərə almamışdır. Burada diqqət ediləcək digər xüsusat isə bundan ibarətdir ki, mənzil alınan zaman mənzililə bağlı bütün hərəkətlərin həyata keçirilməsində iddiaçının oğlu Tural Hətəmov və onu dostu iştirak etmişdir. Onlar binanın layihəsinə baxmış və orada iddiaçıya verilən mənzilin arakəsmələr nəzərə alınnmadan 117 kv.metr olması bildirilmişdir. Ancaq Məhkəmənin təxirə salınmaması şahidlərin prosesdə iştirakını mümkünsüz etmişdir. Bu da özlüyündə məhkəmənin gəldiyi nəticəyə təsir etmişdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsində onların şahid kimi iştirakının təmin edilməsi zərurəti vardır. Bu ədalətli qərar qəbul edilməsi üçün zəruridir. Şikayət Mülki Məcəllənin 390.5, 390.7, Tikinti və Şəhərsalma Məcəlləsinin 59.3-cü maddələri ilə əsaslandırılmışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili-nümayəndəsi Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 07.02.2020-ci il tarixli Əvəzləşdirmə müqaviləsindən görünür ki, müqavilənin 1-ci maddəsinə əsasən Cavabdeh MTK ünvan 1 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu sahədə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsü nəzərdə tutulmuş binada İddiaçı məxsus olan, arakəsmələri və divaraltı sahələr həmçinin artırılmış açıq balkonla birlikdə faktiki sahəsi 60 m2 mənzilin əvəzinə, güzəşli şərtlərlə binanın E blokunun, 9-cu mərtəbəsində, 2 saylı 3 otaqlı 117 m2 dən ibarət olan təmirsiz mənzili İddiaçı verməyi öhdəsinə götürmüşdür. İddiaçı bu müqaviləyə əsasən onlara məxsus olan mənzili söküntü üçün Cavabdeh MTK-ya təhvil verməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilə Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti ilə Cavabdeh MTK arasında 07.04.2017-ci il tarixdə bağlanmış müqavilənin tərkib hissəsidir. Müqavilənin 2.1-ci maddəsinə əsasən İddiaçı yaşayış üçün təhlükəli olan mövcud binalardakı mənzildən köçürülməsi üçün nəqliyyat və fəhlə ilə təmin edir, həmçinin, yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə aylıq 400 manat məbləğində kirayə haqqı ödəyir. Yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə başa çaldıraraq müqavilə şərtlərinə əsasən mənzili İddiaçı təmirsiz təhvil verir. Yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətindən tez başa çatdırdıqda müqavilə şərtlərinə əsasən mənzili İddiaçı təmirsiz təhvil verdiyi andan müqavilədə nəzərdə tutulmuş kirayə haqqı dayandırılır. Cavabdeh MTK tərəfindən İddiaçı ünvanlanmış 10.09.2020-ci il tarixli məktubdan görünür ki, cavabdehin 10.09.2020-ci il tarixində Cavabdeh MTKya ünvanlanmış məktuba cavab olaraq bildirilmişdir ki, iddiaçı ilə bağlanmış əvəzləşmə müqaviləsinə əsasən təhvil verdiyi mənzil, arakəsmə və divaraltı sahələrlə alındığından, Cavabdeh MTK eyni şərtlərlə divaraltı sahələrlə 117 m2 sahənin verilməsini öhdəsinə götürmüş və buna uyğun mənzil ayrılmışdır. Mənzilinizin təmiri üçün hal hazırda hər bir şərait yaradılmışdır. Bina və binanın girişi mühafizə edilir və sakinlərin təhlükəsiz rahat gediş gəlişi təmin olunur. Binada liftin quraşdırılma işləri aparılır və sakinlərin, təmir işləri başa çatdıqdan sonra oktyabr 2020-ci il tarixindən liftin sakinlərin ixtiyarına buraxılması nəzərdə tutulur. İddiaçının mənzilinə uyğun digər sakinlərə 77 m2 təmirli mənzillər verilmişdir. İddiaçı təmirsiz mənzil və təmirə görə artıq sahə götürdüyü üçün iddiaçıya 01.08.2020-ci il tarixindən mənzilinizin təhvil alınması ilə əlaqədar, məktubla müraciət olunmuş və təmir üçün şərait yaradılması bildirilmişdir. Kompleksin A bloku yaşayışa tam hazır vəziyyətdədir, lifti işləyir, sentyabr ayının axırlarında təbii qazın verilməsi planlaşdırılır. İddiaçıya A blokundan 77 m2 təmirli mənzil təklif edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş və ekspertizanın nəticələrinə dair Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 noyabr 2021-ci il tarixli, 10/3710 nömrəli ekspert rəyi tərtib edilmişdir. Rəydən görünür ki, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış müqaviləyə əsasən iddiaçıya məxsus olan tikilmiş binanın E blokunun, 9-cu mərtəbəsində yerləşən mənzilin faktiki sahəsinin 105.4 kv.m, həmin mənzilin tikinti sahəsinin 116.9 kv.m (105.4=11.5) təşkil etdiyi müəyyən edilmişdir. Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında yerləşən, iddiaçıya məxsus mənzilin yerləşdiyi yeni tikilmiş binanın tikintisinin tam başa çatdığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, faktiki sahənin tikinti sahəsindən daha az olması Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış müqavilə şərtlərinin Cavabdeh MTK tərəfindən pozuntusu kimi qiymətləndirilə bilməz. Odur ki, müqavilə şərtləri cavabdeh tərəfindən nəinki əhəmiyyətli dərəcədə, ümumiyyətlə pozulmamış, iddiaçı, müqavilə bağlanarkən ümid etməyə haqqı çatandan məhrum olmamış və şərait dəyişməmişdir. Fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Göründüyü kimi, sərbəst bazar iqtisadiyyatının, azad sahibkarlığın reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını da nəzərdə tutur. Odur ki, hazırkı işdə tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, onun hesablanma şərtlərini və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə dəyişdirilməsi yolverilməzdir. Mülki işin materiallarında olan həm cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 10.09.2020-ci il tarixli məktubdan, həm də məhkəmətikinti-texniki ekspertizasının rəyindən görünür ki, iddiaçıya təhvil verilən mənzilin yerləşdiyi yeni tikilmiş binanın tikintisinin tam başa çatdırıldığı müəyyən edilmişdir. Odur ki, məhkəmə 2400 manat kirayə haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbini də əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İşdən göründüyü kimi, iddiaçı, cavabdeh tərəfindən inşa edilən binada ona təhvil verilmiş mənzilin sahəsinin müqavilədə göstəriləndən az olduğuna istinad edərək və müqavilə üzrə öhdəliyin yerinə yetirilməsini tələb edir. Cavabdeh isə iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçıya müqaviləyə uyğun sahəsi olan mənzil vermişdir. Birinci instansiya məhkəməsi bu xüsusatı yoxlamaq məqsədilə tikinti-texniki ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 15.11.2021-ci il tarixli rəyinə görə, baxış zamanı əldə olunmuş ölçülərə əsasən şaxtaların, divarların, arakəsmələrin yerləşdiyi sahə hesablanmış və həmin sahənin 11.5 kv.metr təşkil etdiyi məlum olmuşdur. Hesablamalar Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsində və “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydalarının 3.8-ci bəndində nəzərdə tutulan qaydalar və əmsallar üzrə aparıldığından məhkəmə kollegiyası da qətnamə qəbul edərkən həmin normalara istinad etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 07 saylı 04 dekabr 2012-ci il tarixli qərarının 3.8 bəndinə görə mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Bu xüsusatla bağlı nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da cavabdehin mənafeyinə uyğun deyil. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından qeyd edir ki, birinci instansiyası məhkəməsi ekspertiza rəyinin alınması zamanı sualların qoyuluşunda, habelə işin hallarına qiymət verərkən müqavilənin mənzilin sahəsi ilə bağlı şərtlərini onun bağlanması zamanı tərəflərin müqavilə azadlığı prinsipinə uyğun olaraq həqiqi iradə ifadəsini düzgün müəyyən etmiş, habelə həmin dövrdə yaşayış sahəsinin müqavilə üzrə tikintisi zamanı təhvil veriləcək sahənin hesablanması ilə bağlı (mənzilə daxil olan bütün sahələrin: divaraltı, sanitar qovşaq, balkon, şaxta daxil olmaqla) formalaşmış işgüzar adətləri nəzərə almışdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, hazırkı iş üzrə müqavilənin predmeti cavabdehin tikdiyi çoxmənzilli binada 9-cu mərtəbədə yerləşən 2 saylı, 3 otaqlı 117 kv.mdən ibarət olan mənzilin inşa edilib iddiaçıya təhvil verilməsidir. Həmin mənzil ara divarları inşa edilməklə iddiaçıya təhvil verilməlidir. Mənzilin, o cümlədən ara divarlarının, bu divarların alt hissəsini təşkil edən sahəni inşa etmədən iddiaçıya təhvil verilməsi mümkün deyildir. Yəni iddiaçıya təhvil verilməli olan mənzil, həmin mənzilin ara divarlarının alt hissəsi də daxil olmaqla inşa edilərək təhvil verilməlidir. Şəhərsalma və tikinti Məcəlləsinin tələblərinə əsasən mənzilin ara divarlarının altı mənzilin ümumi sahəsi hesablanarkən nəzərə alınmasa da, cavabdeh mənzilin inşa edilib təhvil verilməsi ilə əlaqədar gördüyü bütün işlərin dəyəri və həcmi mənzilin ümumi sahəsinə hesablanmalıdır. Göründüyü kimi tərəflər arasında bağlanmış müqaviləyə əsasən, cavabdeh ünvan 1 ünvanında yeni tikiləcək binanın E blokunun, 9-cu mərtəbəsində 2 saylı, 3 otaqlı 117 kv.mdən ibarət olan təmirsiz mənzili iddiaçıya təhvil vermək öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh bu öhdəliyi yerinə yetirdiyindən müqavilə şərtinə zidd hər hansı bir hərəkətə yol verməmişdir. İddiaçı həmçinin, apellyasiya şikayətində “müqaviləyə əsasən, cavabdeh iddiaçıya arakəsmələr nəzərə alınmadan 117 kvm sahəsi olan mənzilin təhvil verilməli olduğunu, çünki müqavilədə iddiaçıya münasibətdə arakəsmələrlə bağlı müddəa olsa da cavabdehin verəcəyi mənzilə münasibətdə bu müddəanın öz əksini tapmadığını” qeyd etmişdir. Apellyatorun bu dəlilinə münasibətdə kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən Cavabdeh MTK İddiaçı məxsus olan, arakəsmələri və divaraltı sahələr həmçinin artırılmış açıq balkonla birlikdə faktiki sahəsi 60 kv.metr mənzilin əvəzinə güzəşli şərtlərlə binanın E blokunun, 9-cu mərtəbəsində, 2 saylı 3 otaqlı kv.metrdən ibarət olan təmirsiz mənzili İddiaçı verməyi öhdəsinə götürmüşdür. Lakin, mənzillərin əvəzləşdirilməsi barədə müqavilədə nəzərdə tutulmuş MTK tərəfindən veriləcək yeni mənzilin sahəsinin həcminə arakəsmələrin və divaraltı sahələrin hesablanmaması qeyd edilməmişdir. Müqavilənin kontekstindən də bəllidir ki, cavabdeh iddiaçının mənzilini söküb əvəzində yeni mənzil verir və bu zaman iddiaçının mənzilinin sahəsinin həcminə arakəsmələr və divaraltı sahələr də daxil edilir. Belə olan halda da, həmin şərtlə əvəzləşdirilən, yəni veriləcək yeni mənzilin də sahəsi hesablanarkən arakəsmələr və divaraltı sahələrin də nəzərə alınmalıdır. Məhkəmə iddia tələblərinin digər hissələri ilə bağlı isə qeyd edir ki, “6 ay ərzində tərəflərindən ödənilmiş 2400 manat kirayə haqqının cavabdehdən alınaraq ona verilməsi, tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi, müqavilə tələblərinə əsasən ona ödənilməli olan 400 manat kirayə haqqının mənzildən istifadənin mümkün olana qədər ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddia tələbləri əsas tələblə, yəni müqavilə öhdəliklərinin icra edilməsi barədə tələblə bağlılıq təşkil etdiyindən və əsas iddia tələbi rədd edildiyindən, qalan iddia tələbləri də təmin edilə bilməz. Bu hissədə də birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə olan halda, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddiaçı tərəfin dəlilləri əsaslı sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-2316/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsindən dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar