Məhkəmə qərarları › İş №2(103)-352/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-352/2024

06.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-352/2024 06.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-352/2024 (Açar sözlər: torpaqdan istifadəyə maneələrə son qoyulması və torpaq sahəsindən çıxarma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “torpaqdan istifadəyə maneələrə son qoyulması, cavabdehin torpaq sahəsindən çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-512/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə 06 noyabr 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində ölçüsü 0,06 ha olan 1374 saylı torpaq sahəsi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.

2. İddiaçı mülkiyyətində olan həmin torpaq sahəsinin cavabdeh tərəfindən özbaşına zəbt edildiyini və torpaqdən istifadəsinə maneələr yaratdığını iddia edir, nəticədə belə maneələrə son qoyulmasını və cavabdehin sözügedən ərazidən çıxarılmasını xahiş edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh MMC-yə qarşı “torpaqdan istifadəyə maneələrə son qoyulması, cavabdehin torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,06 ha 1374 saylı torpaq sahəsini almışdır. Ona hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-dən RX seriyalı ******* saylı ********** dövlət qeydiyyat nömrəli çıxarış verilmişdir. Ona məxsus torpaq sahəsində sərhədlərin müəyyən olunması üçün daş hasar tikilmişdir. Lakin bir neçə il qabaq həmin tikilmiş hasar sökülmüşdür. Hazırda xx.xx.2022-ci il tarixdə torpağının hüdudlarını müəyyən etmək üçün hasar tikilməsini istəsə də, MMC-nin əməkdaşları tərəfindən ona maneçilik törədilmiş və həmin sahənin Cavabdeh MMC-yə məxsus olması bildirilmişdir. Onunla MMC-nin adından telefon danışığı aparılmış və hasarın tikintisinin dayandırılması ondan tələb olunmuşdur. Həmçinin eyni vaxtı hasarı tikən fəhlələrin işinə maneçilik törədilmiş və hasar üçün düzlümüş daşlar dağıdılmışdır. Lakin tərəfindən hansı əsasla və hansı hüquqmüəyyənedici sənədlə həmin ərazinin Cavabdeh MMC-yə məxsus olması barədə verilməsi xahiş olunsa da, ona heç bir sənəd göstərilmədən və Səbail rayon Polis əməkdaşlarının qanunsuz müşayiəti ilə fəhlələrin tikinti işini aparması qadağan olunmuş və mülkiyyətindən hamısı çıxarılmışdır. Hazırda ona məxsus torpaq sahəsində tikilmiş daş hasar sökülməklə bərabər istifadəsinə cavabdeh tərəfindən maneçilik törədilir və həmin ərazidə işlər görülməklə ona içəri daxil olmağa belə icazə vermirlər. Bundan əvvəl o, Bakı şəhər İcra Hakimiyyətinə qarşı maneələrə son qoyulması tələbinə dair qaldırsa da, ona 2 ay bundan qabaq məlum olmuşdur ki, həmin sahəni cavabdeh zəbt edib və hansı əsasla ona həmin sahədən istifadəyə maneçilik törədir heç nə bildirmir. Belə şifahi danışıqlara görə sənədlərinin olmasını bildirsə də, bu barədə ona rəsmi məlumat verməyib. Tərəflərə xəbərdarlıq məktubu göndərilsə də, heç bir münasibət bildirilməmişdir. Ona həmin ərazidə tikinti aparmağa da icazə verilmir. Bu səbəbdən də o, məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənləri nəzərə alaraq iddiaçı hüquqları dövlət qeydiyyatı haqqında DƏDRX-dən RX seriyalı ******* saylı ********** dövlət qeydiyyat nömrəli çıxarışa əsasən ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,06 ha 1374 saylı torpaq sahəsindən cavabdeh tərəfindən istifadəyə maneələrə son qoyulması, cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsində iş aparmaq istəyərkən ona maneənin İcra Hakimiyyəti tərəfindən edilməsini güman edib, İcra Hakimiyyətinə qarşı iddia qaldırmış, araşdırma zamanı mütəxəssis tərəfindən torpaq sahəsinə baxış keçirilərkən belə Cavabdeh MMC-nin əməkdaşları mane olmuşlar. Həmin mülki işin araşdırılması nəticəsində onlara məlum olmuşdur ki, onların və digər ondan çox mülkiyyətçinin sahələri Cavabdeh MMC tərəfindən hasarlanmış və həmin torpaq sahələrində hər hansı iş aparılmasına maneçilik törədilir, hətta mövcud tikililər də sökülmüşdür. Hesab edir ki, cavabdehin hərəkətləri mülkiyyətçi kimi iddiaçının hüquqlarını məhdudlaşdırır.

6. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi Nümayəndə1 iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən hazırkı iddiaçının da daxil olmaqla 2 ha torpaq sahəsi Cavabdeh MMC-nin istifadəsinə verilmişdir. Lakin İcra Hakimiyyətinin sərəncamını məhkəməyə təqdim edə bilmir.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-512/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddianın təmin edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri və X7 şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı, ********** dövlət qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,06 ha 1374 saylı torpaq sahəsindən istifadəyə Cavabdeh MMC tərəfindən yaradılan maneələrə son qoyulması və Cavabdeh MMC-nin həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddəsinin 4-cü bəndinə, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, Torpaq Məcəlləsinin 49, 67.1, 67.3, 67.4, 68, 111.1, və 112-ci maddələrinə, Mülki Məcəllənin 152.1, 157.2 və 157.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə tərəfindən qətnamədə qanunvericiliyin müvafiq maddi normalarına və yalnız iddiaçının mülahizələrinə istinad edilərək Cavabdeh MMC tərəfindən özbaşına zəbt etmə halına yol verilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə iddiaçının qeyd edilən subyektiv hüququnun pozulması faktının müəyyən edilməsi məqsədilə ilk öncə Cavabdeh MMC tərəfindən həmin subyektiv hüququn pozuntusuna yol verilməsini müəyyən etməli və daha sonra pozuntunun aradan qaldırılmasını qət etməli idi. Bundan əlavə, tərəflərindən məhkəməyə bildirilmişdir ki, iddiaçının subyektiv hüquqlarının mövcud olduğunu iddia etdiyi torpaq sahəsi Bayıl su anbarının mühafizə zonasında yerləşir və ora yaşayış məntəqəsinin torpaqları qismində çıxarış verilə bilməzdi. Yəni iddiaçının subyektiv hüququnun yaranması əsası və ilkin torpaqayırma sənədlərinin etibarlılığı məhkəmə tərəfindən araşdırılmalı idi. Lakin bu formada araşdırma da aparılmamış və məhkəmə qətnaməsində əksini tapmamışdır. Maddənin tələbinə uyğun olaraq məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. İddiaçının ona məxsus Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən sahəsindən istifadəyə Cavabdeh MMC tərəfindən hər hansı qanunsuz maneəçilik törədilməmiş, sahəyə tərəflərindən hər hansı qanunsuz giriş və ya sahiblənmə faktı baş verməmişdir ki, iddiaçı iddia ərizəsində bu faktı təsdiqləyən hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə tərəfindən torpaqşünaslıq ekspertizasının təyin edilməsi barədə cavabadehin vəsatəti təmin edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə iclasına mütəxəssis qismində çağırılmış Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin yerquluşu üzrə mühəndisi X5 izahatında bildirdi ki, müvafiq müraciət əsasında faktiki olaraq torpaq sahəsinə baxış keçirilmiş, faktiki göstərilmiş sahənin koordinatları qeyd edilmiş, akt tərtib edilmişdir. Müəyyən olmuşdur ki, vətəndaşın göstərdiyi sahə cavabdehin faktiki istifadəsində olan hasar daxilində yerləşən zeytun ağaclarının əkilmiş hissəsinin az bir hissəsini təşkil edir. Müraciət edən şəxsin göstərmiş olduğu sahənin kadastr şöbəsinin vermiş olduğu məlumata əsasən verilən reyestr məlumatlarına uğun olmuşdur. Kadastr şöbəsi müvafiq çıxarışla koordinatların uyğun olduğunu qeyd etmişdir. Cavabdehin hansı formada müraciət etdiyini Kadastr şöbəsi bilir, amma bu iddiaçının mülkiyyət hüququnu qətiyən aradan qaldırmır. Koordinatları qeyd etmişik və koordinatlar daxilində olan sahə iddiaçının tam mülkiyyətindədir və qeydə alınmışdır.

13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Cavabdehin nümayəndəsi qismində Nümayəndə1 elektron məhkəmə informasiya sisteminə ərizə yerləşdirərək məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, məhkəmə iclasında iştirak edə bilməməsinin üzrlü səbəbinə dair sübut təqdim etməmişdir. Kollegiya işin hallarını, şikayətə işdəki materiallarla baxılmasının mümkünlüyünü nəzərə alaraq məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

14. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

15. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

17. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

18. Maddə 49. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.

19. Maddə 67.1, 67.3 və 67.4. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

20. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

21. Maddə 112. Hüquqi və fiziki şəxslər torpaq qanunvericiliyini pozmaq nəticəsində vurduqları zərəri ödəməyə borcludurlar.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

30. Birinci instansiya məhkəməsi mübahisəyə tətbiq edilməli olan hüquq normalarını düzgün müəyyənləşdirsə də, cavabdehə münasibətdə vəzifələrin qət edildiyi torpaq sahəsinin sərhədləri (koordinatları) göstərilməmişdir.

31. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən ümumi sahəsi 0,06 ha olan 1374 saylı torpaq sahəsi İddiaçı mülkiyyətindədir.

32. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A003883 nömrəli, xx.xx.2015-ci il tarixli torpaq sahəsinin planın və ölçüsünün surətindən görünür ki, notarius Ə.L.İmanov (şəhadətnamə No073) tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli, 4Ə-236 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0,06 ha olan 1374 saylı torpaq sahəsi ilə bağlı planı və ölçüsü tərtib edilmişdir.

33. Göründüyü kimi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən ümumi sahəsi 0,06 ha olan 1374 saylı torpaq sahəsi bu barədə hüquqları dövlət qeydiyyatına alınmaqla İddiaçı məxsusdur və bu, işin mübahisəsiz halını təşkil edir.

34. İddiaçı bildirir ki, məhz mülkiyyətində olan bu torpaq sahəsini cavabdeh özbaşına zəbt edərək qanunsuz istifadə edir və mülkiyyətçi kimi ona öz hüquqlarını həyata keçirməyə mane olur. Cavabdeh isə tələblə razılaşmayaraq apellyasiya şikayətində göstərir ki, sözügedən torpaq sahəsindən istifadəyə tərəfindən heç bir maneçilik törədilməmiş, ümumiyyətlə iddia edilən əmlakın cavabdehin istifadəsində olması faktı məhkəmə tərəfindən araşdırılmamışdır.

35. Apellyasiya şikayətinin dəlillərinin araşdırılması məqsədilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizaları təyin edilmiş və ekspert qarşısında həll edilməsi üçün aşağıdakı suallar qoyulmuşdur. 1) İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları DƏDRX-dən RX seriyalı ******* saylı ********** dövlət qeydiyyat nömrəli çıxarışa əsasən ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,06 ha 1374 saylı torpaq sahəsinin koordinatları ilə üst-üstə düşürmü? 2) DƏDRX-dən RX seriyalı ******* saylı ********** dövlət qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,06 ha 1374 saylı torpaq sahəsinə Cavabdeh MMC tərəfindən hər hansı müdaxilə halları müəyyən olunurmu?

36. Qərardad əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ....10/3848 nömrəli xx.xx.2024-cü il tarixli tərtib olunmuş ekspert rəyində göstərilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin yerquluşu üzrə mühəndisi X4 tərtib etdiyi mütəxəssis rəyinə əsasən şərti sərhədlərlə göstərilən torpaq sahəsi ümumi hasara alınaraq zeytun ağacları əkilmiş ərazinin bir hissəsi olmaqla 600,0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Faktiki olaraq göstərilən 600,0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur (X 397722.860; 397738.030; 397719.490; 397706.080, Y 464982.160; 4464974.390; 4464942.140; 4464951.170). Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi **********67 reyestr nömrəsi ilə İddiaçı xüsusi mülkiyyətindədir. Sahəyə Cavabdeh tərəfindən müraciət olmuşdur.

37. Ekspert rəyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin yerquluşu üzrə mühəndisi X4 tərtib etdiyi mütəxəssis rəyinə əsasən verildiyindən həmin mühəndis müvafiq məsələlərin aydınlaşdırılması məqsədilə mütəxəssis qismində məhkəmə iclasına dəvət edilmiş və izahatı alınmışdır.

38. Məhkəmə iclasında iştirak edən mütəxəssis X5 özünün tərtib etdiyi rəylə bağlı izahatında bildirmişdir ki, müvafiq müraciət əsasında faktiki olaraq torpaq sahəsinə baxış keçirilmiş, faktiki göstərilmiş sahənin koordinatları qeyd edilmiş, akt tərtib edilmişdir. Müəyyən olmuşdur ki, vətəndaşın göstərdiyi sahə cavabdehin faktiki istifadəsində olan hasar daxilində yerləşən zeytun ağaclarının əkilmiş hissəsinin az bir hissəsini təşkil edir. Müraciət edən şəxsin göstərmiş olduğu sahənin kadastr şöbəsinin vermiş olduğu məlumata əsasən verilən reyestr məlumatlarına uğun olmuşdur. Kadastr şöbəsi müvafiq çıxarışla koordinatların uğun olduğunu qeyd etmişdir. Cavabdehin hansı formada müraciət etdiyini Kadastr şöbəsi bilir, amma bu iddiaçının mülkiyyət hüququnu qətiyən aradan qaldırmır. Koordinatları qeyd etmişik və koordinatlar daxilində olan sahə iddiaçının tam mülkiyyətindədir və qeydə alınmışdr.

39. Beləliklə, iş üzrə toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, mübahisələndirilən torpaq sahəsinin koordinatları həqiqətən də iddiaçının mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə eynilik təşkil etməklə faktiki olaraq cavabdehin istifadəsində olan ərazinin bir hissəsini təşkil edir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

41. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası bildirir ki, mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olması faktı işdə olan sübutlarla öz təsdiqini tapdığından cavabdehin subyektiv hüquqla bağlı irəli sürdüyü dəlillər də əsassız olmuşdur.

42. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən mübahisəli torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir.

43. Azəbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

44. Qeyd olunan maddəyə əsasən tələbin irəli sürülməsi üçün üç dispozisiya şərtinin ödənilməsi tələb olunur: 1. tələb irəli sürən şəxsin mülkiyyətçi olması; 2. əşyanın tələbin yönəldiyi şəxsin sahibliyində olması; 3. sahibliyin qanunsuz olması.

45. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə isə iddiaçının iddia ərizəsində göstərdiyi torpaq sahəsinin mülkiyyət hüququ ilə ona məxsus olduğu, sonuncunun həmin əmlak üzərində faktiki sahiblikdən məhrum olması və cavabdehin əmlaka hüquqlarının olmaması işin müəyyən edilmiş hallarıdır. Həmçinin sözügedən torpaq sahəsinin cavabdehin faktiki istifadəsində olan ərazinin tam deyil, yalnız bir hissəsini (600 kv.m) əhatə etməsi də işin həqiqi hallarındandır. Bunu nəzərə alaraq və hüquqi müəyyənlik prinsipinin tələblərindən irəli gələrək kollegiya hesab edir ki, cavabdehin çıxarılmalı olduğu torpaq sahəsinin sərhədləri qətnamədə dəqiq olaraq göstərilməlidir.

46. İşdə olan ekspert rəyindən aydın olur ki, cavabdehin faktiki istifadəsində olan məhz X 397722.860; 397738.030; 397719.490; 397706.080, Y 464982.160; 4464974.390; 4464942.140; 4464951.170 koordinatlar üzrə yerləşən 600 kv.m torpaq sahəsi reyestr qeydi ilə İddiaçı xüsusi mülkiyyətindədir, bu səbəbdən cavabdeh də məhz həmin koordinatlar üzrə torpaq sahəsindən çıxarılmalı və törətdiyi maneçiliklərə son qoyulmalıdır.

47. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

48. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

49. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

50. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

51. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-512/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilsin. İddia təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri və X7 şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı, ********** dövlət qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı məxsus olan X 397722.860; 397738.030; 397719.490; 397706.080, Y 464982.160; 4464974.390; 4464942.140; 4464951.170 koordinatlar üzrə yerləşən 0,06 ha torpaq sahəsindən istifadəyə Cavabdeh MMC tərəfindən yaradılan maneələrə son qoyulsun və Cavabdeh MMC həmin torpaq sahəsindən çıxarılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu məbləği apellyatorun özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan cəmi 50 (əlli) manat pul Cavabdeh MMC tərəfindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar