Məhkəmə qərarları › İş №2(103)-3522/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3522/2020

17.06.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3522/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, Cavabdeh X1 üzrə Milli Agentliyin vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh X1 üzrə Milli Agentliyə qarşı “əmrin ləğvi və s.” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdeh X1 üzrə Milli Agentliyin 960/k nömrəli, xx.xx.2018-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə lazımi qaydada araşdırma aparmadan, formal əsaslarla qərar qəbul etmişdir. Belə ki, iddiaçı xx.xx.2019-cu il tarixdə əmrlə tanış olmuş, əmək kitabçasını alsa da, işin məhkəmədən kənar həlli üçün rəhbərliyin qəbuluna yazılmış və qəbula düşmək üçün müddətin yarsını gözləmişdir. Qəbulda olandan sonra razılıq olmadığına görə iddia qaldırmaq fikrinə düşmüş, iddia ərizəsini xx.xx.2019-cu il tarixdə məhkəməyə təqdim etmişdir. xx.xx.2019-cu il tarixi bazar gününə düşdüyü üçün növbəti iş günü, yəni xx.xx.2019-cu il tarixdə təqdim etməli idi. Lakin həmin vaxt xəstə olduğuna, həm də məcburi köçkün olaraq cəbhə bölgəsində yaşayaraq gözdən İ qrup əlil olan atasına qayğı göstərdiyinə, müdafiə üçün vəkil axtardığına və bu günədək tapa bilmədiyinə görə iddia ərizəsini iki gün sonra Binəqədi Rayon Məhkəməsinə təqdim etmişdir. Göstərdiyi əsaslarla iki gün müddətin üzrlü sayılmasını hüquqi şəkildə yaza bilmədiyinə görə şifahi xahiş etmiş, lakin məhkəmə nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili, şikayətə etiraz verərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərdən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixli, 331 saylı əmrlə X1 üzrə Milli Agentliyə minaaxtaran vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2018-ci il tarixli, 960/k saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və 72-ci maddəsinin “b” bəndinə əsasən vəzifəsindən azad edilmişdir. İddiaçı işdən azad olunması barədə 30.7.2018-ci il tarixli əmrlə xx.xx.2019-cu il tarixdə tanış olmuşdur. Hazırda iddiaçı işə bərpa edilməsini və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini tələb edir. Cavabdeh isə, iddia müddətinin tətbiqi barədə ərizə verərək iddianın rədd olunmasını xahiş etmişdir. Bu baxımdan, Kollegiya, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsi əsaslıdır. Belə ki, pozulmuş hüquqların müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Bu qayda, bir sıra məqsəd və funksiyalara xidmət edir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını daha da intizamlı etmək, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Bu hüquqi müdafiə vasitəsi, həmçinin, məhkəmələri aradan uzun müddət keçmiş olan köhnə məsələlərlə bağlı hüquqi ixtilaflarla məşğul olmaqdan, borcluları öhdəliklərin icrasına dair sübutları əbədi olaraq saxlamaq məcburiyyətindən azad etmək məqsədinə xidmət edir. Yəni, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Bundan əlavə, iddia müddəti, tələbin aradan uzun bir müddət keçməsinə baxmayaraq istifadə edilməməsi, öhdəliyin ya daha əvvəl icra edilməsini, ya da ümumiyyətlə belə öhdəliyin meydana gəlmədiyini ehtimal verməyə haqlı bir əsas yaradır, habelə öz tələb hüququna qarşı uzun müddət laqeyd qalan kreditorun hüquqən qounmağa daha az layiq olduğu mülahizəsinə əsaslanır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə xx xxxx 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Mülki Məcəllənin 372.1-ci və 372.2-ci maddələrinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.4-cü maddəsinə görə, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Əmək Məcəlləsinin 296.2-ci və 296.3-cü maddələrinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. MM-nin 375.1-ci və 375.2-ci maddələrinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbinə ƏM-nin 296.2-ci maddəsində nəzərdə tutulmuş bir aylıq iddia müddəti şamil edilməlidir. Bununla yanaşı, əmək mübahisələrindən irəli gələn tələblərin qanuni həlli baxımdan iddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir və bu zaman Əmək Məcəlləsi ilə yanaşı, Mülki Məcəllənin müddəaları da nəzərə alınmalıdır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Viktor Ozerovun şikayəti üzrə xx xxxxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm faktordur. Kollegiya yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə iddia müddətinin axımının başlanması subyektiv anla, yəni iddiaçının onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyini bildiyi andan hesablanmalıdır. İşdən görünür ki, İddiaçı, xx.xx.2018-ci il tarixli əmrlə vəzifəsindən azad edilmiş və həmin tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı, onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi tarixdən 1 il 3 ay keçdikdən sonra, xx.xx.2019-cu il tarixdə sözügedən əmrlə tanış olmuş və bunu öz imzası ilə təsdiq etmişdir. Göründüyü kimi, iddiaçının hüququnun pozulduğunu aşkar etdiyi gün ən geci xx.xx.2019-cu il tarixidir. Buna baxmayaraq o, iddia ərizəsini xx.xx.2019-cu ildə məhkəməyə verməklə qanunla müəyyənləşdirilmiş bir aylıq iddia müddətini ötürmüşdür. Məhkəmə kollegiyası, bu qənaətə gələrkən onu da nəzərə alır ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət edir. Bu göstəriş iddia hüququnun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına yönəlmişdir (AR Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarı). Kollegiya, apellyasiya şikayətinin iddia müddətinin üzrlü səbəbdən ötürülməsi ilə bağlı dəlillərinə münasibətdə bildirir ki, MM-in 382-ci maddəsinə əsasən, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Hazırda iddiaçı, müddətin ötürülməsini mübahisənin məhkəmədən kənar qarşılıqlı razılıq yolu ilə həllinə çalışması, özünün həmin vaxt xətsə olması, 1-ci qrup əlil olan atasına qayğı göstərməsi və vəkil axtarması ilə əlaqələndirsə də, Kollegiya bunlardan heç birini iddia müddətinin ötürülməsinin üzrlü sayılması üçün qanunda nəzərdə tutulmuş müstəsna hal kimi qiymətləndirmir. Ona görə ki, iddiaçı, məhkəməyə bu halları təsdiq edən mötəbər və kifayətedici sübutlar təqdim etməmişdir. Halbuki, MPM-in 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi, işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9094/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Hakim Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar