Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3522/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və X12 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, Cavabdeh, 3-cü şəxs X14 iştirakı ilə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2(008)-3937/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 10.10.2003-cü il təvəllüdlü X6 və 23.06.2006-cı il təvəllüdlü X4 Bakı şəhəri Bilgəh qəsəbəsi, Azər Buzovnalı küçəsində yerləşən fərdi yaşayış sahəsinə köçürülmələri, yaşayış sahəsinə istifadə hüquqlarının tanınması və yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikah dövründə aldıqları Azər Buzovnalı küçəsində olan fərdi yaşayış evinə övladları ilə birlikdə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 22.10.2002-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikhadan iki övladları 10.10.2003-cü il təvəllüdlü X6 və 23.06.2006-cı il təvəllüdlü X7 doğlumuş, 15.02.2010-cu il tarixdə Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. Toylarından sonra o, cavabdehin ata evinə köçmüş, orada bir il altı ay yaşadıqdan sonra onlar qonşuluqda olan Azər Buzovnalı küçəsində yerləşən evə köçmüşlər və orada 5 il yaşadıqdan sonra övladları ilə birlikdə həmin evdən qanunsuz çıxarılmışlar. Cavabdeh artıq bir neçə ildir ki, onları aldadır və ev verəcəyini söz versə də buna əməl etmir. Hazırda o, atasının balaca evində müvəqqəti məskunlaşmış və çox çətin bir şəraitdə yaşayır. Belə ki, atası və anası yaşlı xəstə adamlardır, onun iki övladı isə təhsil almalı, sağlam böyümələri üçün onların normal mənzil şəraiti olmalıdır. Bu səbəbdən o, özü və övladlarının haqqı olan mənzilə məhkəmə qaydasında köçürülməyini istəyir. Hesab edir ki, onun bu hüququ cavabdeh tərəfindən pozulur. Cavabdeh iddiaya etiraz vermiş və etirazını onunla əsaslandırılmışdır ki, iddiaçı öncə də 13.02.2013-cü ildə mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Sabunçu rayon Məhkəməsinə müraciət etmiş, Sabunçu rayonu Albalılıq qəsəbəsi, Seyid İbadağa, dalan ünvanında yerləşən yaşayış sahəsinə köçürülməsini xahiş etmiş, lakin məhkəmənin qətnaməsi ilə iddiası rədd edilmişdir. İddia təmin edilmədiyindən iddiaçı “bəlkə bu iş alındı” düşüncəsi ilə Sabunçu rayonu Bilgəh qəsəbəsi, Azər Buzovnalı küçəsində yerləşən evə köçürülməsi barədə məhkəməyə müraciət etmişdir. O, həmin evdə yaşamır və evin satılmasından 11 il keçib. Qeyd olunan evdə ona və iddiaçıya məxsus heç bir əşya yoxdur. İddiaçını Bilgəh qəsəbəsi, Azər Buzovnalı küçəsində yerləşən fərdi yaşayış evindən heç kim qovmayıb, səhhətində ciddi problem səbəbindən onunla bir yerdə yaşamaqları mümkün olmadığından qardaşı onu götürüb aparmışdır. Belə ki, iddiaçı “doğuşdan sonrakı psixoz” xəstədiyindən əziyyət çəkir və 04.07.2006-cı ildən 12.07.2006-cı il tarixədək müalicə olunmuşdur. Göstərilənləri nəzərə alaraq iddianının rədd olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Cavabdeh yeni zamanda iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermiş və iddia müddətnin tətbiq edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2(008)-3937/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı 10.10.2003-cü il təvəllüdlü X6 və 23.06.2006-cı il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri Bilgəh qəsəbəsi, Azər Buzovnalı küçəsində yerləşən fərdi yaşayış evinə köçürülmələri qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə iddianı təmin edərkən, yalnız iddiaçının iddia tələbinə əsaslanmış, mübahisəli mənzilin mövcud olub-olmaması, mənzildə kimin yaşayıb-yaşamaması, mənzilə köçürülmənin 3-cü şəxslərin hüquq və vəzifələrinə toxunubtoxunmadığı nəzərə alınmamışdır. Qətnamədən cavabdehin mübahisəli mənzildən istifadə etməsi qeyd olunsa da, bu hal sübuta yetirilməmiş, bununla bağlı araşdırma aparılmamışdır. Həmin evdə kimin yaşayıb-yaşamamasından ümumiyyətlə xəbərsizdir. Məhkəmə yalnız iddiaçının izahatı ilə kifayətlənmişdir. O, etirazında qeyd etmişdir ki, iddiaçı öncə mənzilə köçürülmə tələbi ilə Sabunçu rayon Məhkəməsinə müraciət etmiş, Sabunçu rayonu, Albalılıq qəsəbəsi, Seyid İbadağa, dalan ünvanında yerləşən yaşayış sahəsinə köçürülməsini xahiş etmiş, lakin iddia əsassız oduğundan, məhkəmənin qətnaməsi ilə iddia rədd olunmuşdur. İddia təmin edilmədiyindən, iddiaçı 7 il sonra Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azər Buzovnalı küçəsində yerləşən evə köçürülməsi barədə məhkəməyə müraciət etmişdir. Həmin evin satılmasından isə 11 il keçib. Həmin evdə nə ona, nə də cavabdehə məxsus heç bir əmlak yoxdur. Həmin mənzildə artıq 11 ildir ki, kənar şəxslər yaşayır. İddiaçını Azər Buzovnalı küçəsində yerləşən evdən heç kim qovmayıb, səhhətində ciddi problem səbəbindən onunla bir yerdə yaşamağı mümkün olmadığından, qardaşı onu öz istəyi ilə götürüb aparmışdır. Belə ki, iddiaçı “doğuşdan sonrakı psixoz” xəstəliyindən əziyyət çəkir və məcburi şəkildə mənzildən çıxarmamışdır, əksinə iddiaçının mənzildən çıxıb getməsi onun sərbəst iradəsi əsasında baş tutmuşdur. Qeyd edir ki, iddiaçı mübahisəli mənzildə 2007-ci ildən 2009-cu ilədək yaşamışdır. İddiaçı evdən qovulsaydı, qısa müddətdə məhkəməyə müraciət edərdi, 11 il sonra yox. Çünki məhrumetmə yoxdur. Məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəyə ümumiyyətlə münasibət bildirməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, əlavə olaraq qeyd etdi ki, mübahisəli mənzil onun valideynləri tərəfindən tikilmişdir. O, iddiaçı ilə ailə qurandan sonra atasının evində yaşamışlar. Sonra 2007-ci ildə mübahisəli mənzilə köçmüşlər. İddiaçı 2009-cu ildə özü həmin evdən köçmüşdür. Anası həmin evi X1. Arif Əhmədov vəfat edəndən sonra orada oğlu X22 yaşayır. Xahiş etdi ki, iddia təmin edilməsin. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, əlavə olraq qeyd etdi ki, o, ailə qurandan sonra qaynatasının evində yaşamış, sonra cavabdehin valideynləri tərəfindən tikilmiş Bilgəh qəsəbəsi, Azər Buzovnalı küçəsində yerləşən evə köçmüşdür. 2009-cu ildə onu həmin evdən qovmuşlar. O, mübahisəli mənzillə bağlı 11 il müddətində heç bir yerə müraciət etməmişdir. Onun həmin mənzildə heç bir əmlakı yoxdur. Hesab edir ki, mübahisəli mənzil satılaraq, başqa şəxs yaşasa da, o, uşaqları ilə birlikdə həmin mənzilə köçürülməlidir. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən 3-cü şəxs X22 izahat verərək göstərdi ki, Bilgəh qəsəbəsi, Azər Buzovnalı küçəsində (yeni adı Az.Qadını küçəsi yeni yaşayış massivi) 0,16 ha torpaq sahəsində yerləşən evi onun atası X2 Samir Mehdi oğlunun anasından almışdır. Bütün kommunal xidmətlərlə bağlı olan sənədlər atasının adına olmuşdur. Atası 21 yanvar 2020-ci il tarixdə vəfat etmiş, hazırda o, ailəsi ilə birlikdə orada yaşayır. Evin kommunal xidmətləri ilə bağlı sənədlər öz adınadır. O, həyətdə təsərrüfat işləri ilə məşğul olub, ailəsini dolandırır. Onun evinə iddiaçı hansı əsasla uşaqları ilə birlikdə köçmək istəyir. Onun evində iddiaçıya aid heç bir əmlak yoxdur. Qəbul edilmiş qətnamə onun hüquqlarını kobud şəkildə pozmuşdur. Bakı Apellyasiya Məhkəməsinin hakimləri tərəfindən onun evinə baxış keçirilərkən də, orada onun ailəsinin yaşadığı, nə iddiaçı, nə də cavabdehə aidiyyəti olmadığı müəyyən olundu. Xahiş etdi ki, qətnamə ləğv edilərək, iddia rədd olunsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 387.2.4-cü maddəsinə əsasən məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X22 məhkəmə prosesinə cəlb edilməmiş, nəticədə onun hüquqlarına toxunması ilə nəticələnən məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyası bu kontekstdə tərəfləri və 3-cü şəxsi dinləyib, mübahisəli evə yerli baxış keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda qeyd olunan hal birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı və Cavabdeh birgə nikahdan 10.10.2003-cü il tarixdə Fətimə adlı və 23.06.2006-cı il tarixdə Rəhimə adlı uşaqları doğulmuşdur (Sabunçu rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 447159 №-li və AZ-İ seriyalı 847386 №-li doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surəti). Sabunçu rayon Məhkəməsinin 15.02.2010-cu il tarixli qətnaməsinə ilə İddiaçı və Cavabdeh arasında 26.10.2002-ci il tarixdə Sabunçu rayon VVADQ şöbəsində qeydə alınmış nikah pozulmuş, onların birgə nikahlarından 10.10.2003-cü il təvəllüdlü X6 və 23.06.2006-cı il təvəllüdlü X4 İddiaçı yanında saxlanılması qət edilmişdir. Tərəflərin nikahları pozulmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 13.05.2012-ci ildə 106 № ilə qeyd edilmişdir (Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 148036 №-li nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti). Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş İddiaçı Bakı şəəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Dəniz küçəsi, ev 7-də yaşayır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 10 iyun 2013-cü il tarixli, 2(008)-2795/2013 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı onun və azyaşlı uşaqlarının Bakı şəhəri, Albalılıq qəsəbəsi, X29 küçəsindəki evə köçürülməsi barədə iddiası təmin edilməmişdir. “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alğı-satqısı barədə 17.12.2014cü il tarixli, 3925 saylı müqavilədən görünür ki, Bilgəh qəsəbəsi, Azər Buzovnalı küçəsində yaşayan X22 ilə istehlakçı kimi qazdan istifadə ilə bağlı müqavilə bağlanmışdır. Sabunçu rayonu Bilgəh Bələdiyyəsi ərazisində sənədsiz istifadədə olan torpaq və əmlak sahəsinə görə ödəniləcək vergi üçün yerli vergi ödəyicisinin uçota alınması haqqında 03.02.2017ci il tarixli, 072 saylı müqavilədən görünür ki, X5.Qadını küçəsi yeni yaşayış massivində yerləşən torpaq sahəsinə görə vergi ödəməyi öhdəsinə götürmüşdür. X16 (bələdiyyə) büdcəsinin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamədən görünür ki, X3 qəsəbəsi, Az.Qadını küçəsi yeni yaşayış massivində yerləşən torpaq sahəsinə görə vergi ödəyicisi kimi 06.02.2017-ci ildə qeydiyyata alınmışdır. 05.02.2017-ci il tarixli Tədiyyə Bildirişindən görünür ki, X8 Bilgəh qəsəbəsi, Az.Qadını küçəsi yeni yaşayış massivində yerləşən torpaq sahəsinə görə 10,8 manat, əmlaka görə 3,6 manat vergi hesablanmışdır. “xxxx” ASC-nin bildirişindən görünür ki, Bilgəh qəsəbəsi, Az.Qadını küçəsi yeni yaşayış massivində yerləşən evlə bağlı abonent kodu X15 adınadır. 31.01.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 071517 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X17 “başın bərk əzilməsi” səbəbi ilə 21.01.2020-ci ildə ölmüşdür. Bilgəh Bələdiyyəsi sədrinin 21.04.2021-ci il tarixli, 107 saylı arayışına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Az.Qadını küçəsi, Yeni yaşayış masssivində yerləşən 0,16 ha torpaq sahəsi X15 istifadəsindədir. Onun Bilgəh bələdiyyəsinə torpaq vergisi borcu yoxdur. Məhkəmə kollegiyası tərəfindən cavabdehin, 3-cü şəxsin və iddiaçının qardaşının iştirakları ilə Bakı şəhəri, Bilgəh qəsəbəsi, Azər Buzovnalı küçəsində (yeni adı Az.Qadını küçəsi yeni yaşayış massivində yerləşən evə baxış keçirilmişdir. Evin qapısını 3-cü şəxs X22 açdı. Racı Əhmədov bildirdi ki, evi onun atası Cavabdeh anasından almışdır. Atası vəfat edəndən sonra, kommunal xidmətlərlə bağlı bütün ödənişləri öz adına aparır, ailəsi ilə birlikdə həmin evdə yaşayır. Ev həyətyanı torpaq sahəsində yerləşir. Həyətdə istilikxana mövcuddur. X22 qeyd etdi ki, o, əkin işləri aparmaqla, ailəsini dolandırır. Mübahisəli ünvanda iddiaçı və cavabdehi görməyib, sonunculara məxsus heç bir əmlak mövcud olmayıb. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər 22.10.2002-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan 10.10.2003-cü il təvəllüdlü X6 və 23.06.2006-cı il təvəllüdlü X7 adlı iki uşaqları anadan olmuşdur. 15.02.2010-cu il tarixdə Sabunçu rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. Ailə qurandan sonra tərəflər bir müddət cavabdehin valideynlərinin evində yaşamış, sonra mübahisəli evə köçmüşlər. İddiaçı mübahisəli evdə 2009-cu ilə kimi yaşamışdır. Həmin yaşayış evi özbaşına tikilidir. Başqa ünvanla bağlı Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 10 iyun 2013-cü il tarixli, 2(008)-2795/2013 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı onun və azyaşlı uşaqlarının Bakı şəhəri, Albalılıq qəsəbəsi, X29 küçəsindəki evə köçürülməsi barədə iddiası təmin edilməmişdir. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Dəniz küçəsi, ev 7-də qeydiyyatda olmaqla, orada yaşayır. İddiaçı mübahisəli evdən 2009-cu ildə qovulduğunu, cavabdeh isə iddiaçının 2009-cu ildən özü getdiyini bildirir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının uşağı ilə birlikdə mübahisəli evə köçürülməsi barədə iddiası təmin edilməməlidir. Belə ki, mübahisəli ev Mülki Məcəllənin 180.1-ci maddəsinin tələblərinə görə özbaşına tikinti hesab edilir. Çünki həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və onun tikintisi üçün lazımi icazələr mövcud deyildir. İddiaçı həmin evə köçürülməsi barədə tələb irəli sürmüşdür. Kollegiya izah edir ki, bu tələbin əsaslı hesab edilməsi üçün iddiaçının əmlak hüquqlarının mövcud olması tələb olunur. Yəni onun mübahisəli evə istifadə hüququ mövcud olmalıdır ki, evə köçürülmə üçün əsas olsun. Mülki Məcəllənin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi mümkün deyildir. Bununla yanaşı Mülki Məcəllənin 180-ci maddəsi özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadə etməsini qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir. Eyni zamanda Mülki Məcəllənin 27.1-ci maddəsində göstərilmişdir ki, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Göründüyü kimi özbaşına tikinti olan yaşayış sahəsi də şəxsin yaşayış yeri kimi qəbul edilə bilər. Bu baxımdan kollegiya hesab edir ki, iddianın əsaslı hesab edilməsi üçün mübahisəli evin iddiaçının da vəsaiti hesabına əldə edilməsi və ya onun vəsaiti hesabına həmin evdə təmir-tikinti işlərinin aparılması müəyyən olunmalıdır. Yalnız bu hallar təsdiq olunduqda mübahisəli tikili onun yaşayış yeri kimi qəbul edilə bilər və Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən onun iddiası əsaslı hesab edilə bilər. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə mübahisəli evin birgə nikah dövründə alındığını bildirsə də, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Əksinə apellyasiya mərhələsində iddiaçı mübahisəli Bakı şəhəri, Bilgəh qəsəbəsi, Azər Buzovnalı küçəsində (yeni adı Az.Qadını küçəsi yeni yaşayış massivi) yerləşən evə köçərkən, həmin evin hazır olduğunu və cavabdehin valideynləri tərəfindən tikildiyini bildirmişdir. Həmçinin müəyyən olunmuşdur ki, mübahisəli Bakı şəhəri, Bilgəh qəsəbəsi, Azər Buzovnalı küçəsində (yeni adı Az.Qadını küçəsi yeni yaşayış massivi) yerləşən ev, cavabdehin anası tərəfindən X10 qeyri-rəsmi olaraq satılmış, sonuncu orada oğlu (hazırki iş üzrə 3-cü şəxs) ilə yaşamışdır. X18 21.01.2020-ci ildə vəfat etmişdir. Kommunal xidmətlərlə bağlı müqavilələr əvvəlcə X8 adına, sonra isə X15 adına olmuşdur. Mübahisəli evdə hal-hazırda X22 ailəsi ilə birlikdə yaşayır, kommunal və torpaqla bağlı vergilər onun tərəfindən ödənilir. Həmin evdə iddiaçı və cavabdehə məxsus heç bir əmlak mövcud deyildir. Bundan əlavə kollegiya iddiaçının mübahisəli mənzildən qovulduğunu bildirməsinə qiymət verərək, hesab edir ki, iddiaçının qeyd olunan dəlili əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçının mübahisəli mənzildən qovulması ilə bağlı müraciətləri olmamış, yalnız 11 ildən sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Kollegiya hesab edir ki, qeyd olunanlar iddiaçının mübahisəli mənzildən qovulması halı deyil, könüllü olaraq tərk etməsi halı kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq kollegiya hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. MM-nin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Kollegiya hesab edir ki, iddia müddəti hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün tətbiq edilən müddət olduğundan, hazırkı halda isə iddia tələbi təmin edilmədiyindən, iddia müddətinin tətbiqinə də zərurət yaranmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiya QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2(008)- 3937/2020 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-3522/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3522/2021
28.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver