Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3526/2020 25.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-499/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh “X6 İnvestisiya Korporasiyası” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “X6 İnvestisiya Korporasiyası” ASC-yə (Əmək və X3 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx xxx 2008-ci il tarixindən xx xxxxxx 2009-cu il tarixə qədər “X6 İnvestisiya Korporasiyası” ASC-də çalışdığı dövr ərzində məcburi dövlət sosial sığorta haqlarının faktiki əmək haqqıma uyğun hesablanıb ödənilməsi öhdəliyinin cavabdeh “X6 İnvestisiya Korporasiyası” ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)- 499/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh “X6 İnvestisiya Korporasiyası” ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının işlədiyi dövr üzrə məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Lakin məhkəmə, iddiaçının şifahi, heç bir sübut təqdim edə bilmədən onun 1000 manat əmək haqqı almasını əsas götürərək cavabdeh tərəfindən düzgün məbləğdə əmək haqqı göstərilmədiyini və buna uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının düzgün hesablanmaması qənaətinə gəlmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə etdi, İddiaçı apellyasiya şikayətinə etiraz etdi, üçüncü şəxsin nümayəndəsi X4 isə mübahisənin həllinin məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, “X7” MMC-nin xx xxx 2008-ci il tarixli əmri ilə İddiaçı MMC-nin X2 koordinator vəzifəsinə işə qəbul edilmişdir. “X7” ASC-nin xx xxxxxx 2009-cu il tarixli əmri ilə İddiaçı xx xxxxxx 2009-cu il tarixdən cəmiyyətin X1 koordinator vəzifəsinə dair bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin öz təşəbbüsü ilə) eyni məcəllənin 69-cu maddəsinin 3-cü hissəsi ilə nəzərdə tutulmuş qaydada xitam verilmişdir. İddiaçı bildirir ki, 2019-cu ildə yeni yaradılmış “esosial.az” internet portalında fərdi şəxsi hesabı ilə tanış olarkən, onun “X6 İnvestisiya Korporasiyası” ASC-də işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilmədiyini aşkarlamışdır. Belə ki, həmin internet portalında onun şirkətlə bağladığı fərdi əmək müqaviləsi, həmçinin məcburi dövlət sığorta haqlarının hesablanması və ödənilməsi barədə heç bir məlumat əks olunmamışdır. Bununla əlaqədar olaraq xx xxxxxx 2019-cu il tarixində “X6 İnvestisiya Korporasiyası” ASC-yə müraciət etmiş və işlədiyi dövr üzrə məcburi dövlət sığorta haqlarının hesablanması və ödənilməsi haqqında rəsmi arayış (Forma B3) almışdır. Arayışla tanış olduğu zaman bir sıra uyğunsuzluqlarla rastlaşmışdır. Belə ki, cavabdeh şirkətdə çalışdığı dövr ərzində onun aylıq əmək haqqı 1000 manat təşkil etdiyi halda, xx xxx 2008-ci il tarixdən xx xxxxxx 2009-cu il tarixədək onun aylıq əmək haqqı azaldılmış şəkildə, bəzi aylar üzrə isə həddindən çox az məbləğdə göstərilmişdir. Həmin şirkətdə işlədiyi müddət ərzində heç vaxt məzuniyyətdə olmamış, buna baxmayaraq Forma B3-də son haqq-hesab 38,53 manat göstərilmişdir. Halbuki işdən azad olunan vaxt 1000 manat məbləğində istifadə olunmamış məzuniyyətə görə kompensasiya almışdır. Yenə də, xx xxxxxx 2019-cu ildə “X6 İnvestisiya Korporasiyası” ASC-yə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinin əslini və ya təsdiqlənmiş surətinin, əmək haqqına dəyişiklik edilməsi barədə əmək müqaviləsinə əlavələrin ona təqdim edilməsini xahiş etsə də, həmin şirkətdən yalnız 3 aydan sonra, xx xxxxx 2019-cu il tarixdə ona cavab olaraq bildirilmişdir ki, məcburi dövlət sosial sığorta haqqı onun əmək haqqına uyğun olaraq ödənilmiş və əmək müqaviləsinin bir nüsxəsi işə qəbul edilərkən ona təqdim edilmişdir. Bu məsələ ilə əlaqədar olaraq 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə, daha sonra Dövlət Əmək Müfəttişliyi Xidmətinə, Əmək və X3 Nazirliyinə müraciət etsə də, hər dəfə eyni cavab almış və ən son olaraq 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən iddia ilə bağlı olaraq məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Cavabdehin nümayəndəsi iddiaya etiraz edir və bildirir ki, iddiaçının əmək haqqı 1000 manat deyil, 500 manat olmuşdur ki, həmin məbləğə də uyğun olaraq onun işlədiyi dövr üzrə məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Üçüncü şəxsin nümayəndəsi mübahisənin həllinin məhkəmənin mülahizəsinə buraxdığını bildirir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinin “j” və “l” bəndlərinə əsasən əmək müqaviləsi üzrə işçinin işəgötürən tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi sosial sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək; sosial müdafiə üzrə müavinətlərdən və güzəştlərdən, sosial sığorta hüququndan istifadə etmək hüquqları vardır. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən işçilərin qanunvericiliklə müəyyən olunmuş məcburi dövlət sosial sığorta edilməsini təmin etməlidir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə əsasən sığortaolunanların onları məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sığortaedəndən tələb etmək, sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək hüquqları vardır. Həmin Qanunun 14-cü maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir (14.1). Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir (14.2). Bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi (14.3.1); sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi (14.3.2). Məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir (14.6); Lakin hazırki işdə cavabdeh tərəfindən məcburi dövlət sosial sığorta haqları tam və düzgün olaraq ödənilməmişdir. Belə ki, iş materiallarında olan İddiaçı aid 2008-ci ilə dair məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatdan görünür ki, 2008-ci ilin may ayından ilin sonunadək olan müddət ərzində cəmi 653,56 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. İddiaçı aid 2009-cu ilə dair məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatdan isə görünür ki, 2009-cu ilin yanvar ayından noyabr ayınadək olan müddət ərzində 1586,12 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödənilmiş, müvafiq dövr ərzində aylar üzrə müxtəlif məbləğdə əmək haqları göstərilmiş və həmin məbləğlərə də uyğun olaraq məcburi dövlət sosial sığorta haqqları hesablanmışdır. Göründüyü kimi, iddiaçının işlədiyi ayrı-ayrı illər və aylar üzrə müxtəlif məbləğlərdə (500, 280, 230, 108,95, 732, 843, 38,53 manat və s.) əmək haqları göstərilmiş və həmin məbləğlərə də uyğun olaraq məcburi dövlət sosial sığorta haqları hesablanmışdır. Əmək haqlarının ayrı-ayrı vaxtlarda nə üçün müxtəlif məbləğlərdə qeyd olunması ilə bağlı məhkəmənin suallarına cavab olaraq isə cavabdehin nümayəndəsi bildirdi ki, ola bilər ki, əmək haqqının məbləğinin artırılması və ya dəyişdirilməsi ilə bağlı tərəflər arasında razılaşma olub. Əgər belə bir razılaşma olmuşdursa, bunu təsdiq edən sənədlər məhkəməyə təqdim ediləcəkdir. Lakin cavabdehin nümayəndəsi bununla bağlı hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iddiaçı bildirir ki, onun aylıq əmək haqqı stabil olaraq 1000 manat təşkil etmişdir. Cavabdehin nümayəndəsi isə iddiaçının əmək haqqının 1000 manat deyil, 500 manat olduğunu bildirir və bununla bağlı iddiaçı ilə bağlanmış əmək müqaviləsinin cavabdeh tərəfindən “əsli ilə düzdür” qeydi ilə təsdiq edilmiş surətini məhkəməyə təqdim edir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən işçiyə hər ay 500 manat məbləğində əmək haqqı ödənilir. Bununla bağlı iddiaçı bildirir ki, həmin müqavilədəki imza ona məxsus deyil və müqavilə cavabdeh tərəfindən saxtalaşdırılmışdır. Lakin qeyd olunanlara baxmayaraq cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin əsli, həmçinin əmək haqqının ödənilməsi ilə bağlı sənədlər məhkəməyə təqdim edilməmişdir. Halbuki, həmin sənədlər cavabdehdə mövcuddur, lakin o, sübutları özündə saxlayıb və məhkəmənin tələb etməsinə baxmayaraq, təqdim etmir. Mülki Prosessual Məcəllənin 106.2-ci maddəsində isə təsbit olunmuşdur ki, digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Kollegiya qeyd edir ki, əks yanaşma fərdi əmək mübahisəsində tərəflərin qeyribərabər vəziyyətdə, yəni işəgötürənin işçidən daha üstün vəziyyətdə olmasına səbəb ola bilər. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının əmək haqqının 1000 manat olması qəbul edilməli və onun məcburi dövlət sosial sığorta haqları da məhz həmin əmək haqqına uyğun olaraq hesablanmalıdır. Ona görə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh “X6 İnvestisiya Korporasiyası” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-499/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2(103)-3526/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3526/2020
25.08.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver