Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3526/2022 02.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı müstəqil tələblər irəli sürməyən üçüncü şəxs 5 saylı saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat ofisi cəlb edilməklə qanun üzrə vərəsəlik hüququndan məhrum edilmə tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mərhum atası X2 miras qalmış Bakı şəhəri Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı küçəsi ev 97-də yerləşən 2 otaqlı 37 saylı mənzilə dair qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X8 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Vəfat etdiyi günə ünvan 1 ünvanda yerləşən 2 otaqlı 37 saylı mənzil miras qalmışdır. İddiaçı mərhumun yeganə vərəsəsidir. Mərhum sağlığında miras əmlaka dair vəsiyyətnamə qoymamışdır. Birinci dərəcəli vərəsə kimi miras əmlakın qəbul edilməsinə dair vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müvafiq qaydada notariat ofisinə rəsmi ərizə ilə müraciət etmişdir. Vərəsəlik işi açılmışdır. Mirası həm faktiki, həm də rəsmi şəkildə qəbul etmişdir. Lakin yeganə vərəsə kimi şəhadətnamənin verilməsini tələb etdikdə aydın olmuşdur ki, mərhum Nizami Sultanovla cavabdehlə xx.xx.1993-cü il tarixdə Mingəçevir şəhəri Səadət sarayında rəsmi nikaha daxil olmuşdur. İddiaçının valideynləri mərhum Nizami Sultanovla anası X6 1982-ci ildə nikaha daxil olmuş, nikahdan yeganə övlad iddiaçı anadan olmuşdur. Onlar boşanmış və iddiaçı anasının himayəsində qalmışdır. Lakin atası iddiaçı ilə maraqlanmış, onun qayğısına qalmışdır. Mərhum iddiaçının təhsil xərclərini qarşılamış, hətta toyunu etmişdir. İddiaçı mərhumla daim təmasda olmuş, evinə gedib-gəlmişdir. Mərhum sakit təbiətli bir insan olmuşdur. Mərhumun mənzilində nəinki cavabdehi görməmiş, hətta ev daha çox subay evini xatırlatmışdır. Mənzildə qadına aid heç nə olmamışdır, eyni zamanda kommunikasiya, santexnika qurğuları bərbad vəziyyətdə olmuşdur. Nizami Sultanovun cavabdehlə rəsmi nikahı olmuş olsa belə, faktiki münasibətləri olmamışdır. Cavabdehin rəsmi və faktiki yaşayış ünvanı 2003-2017-ci il tarixləri ərzində ünvan 2 174, mənzil 12 olmuşdur. Sonradan ev söküntü ərazisinə düşdüyündən 2019-cu ildən hazıradək Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, bina 174-də yerləşən 5 saylı mənzildir. İddiaçı neftçi ixtisasına malikdir. Son zamanlar Qətər dövlətində işləməkdədir. Pandemiya səbəbindən gediş-gəliş məhdud olduğundan, atası ilə telefon vasitəsi ilə əlaqə saxladıqda məlum olmuşdur ki, atasının səhhətində problemlər var. İddiaçı uzaqda olsa da, mərhumun yaşadığı ünvana yaxın olan bibisi oğlu Tural iddiaçı olmadığı müddətdə atası Nizami Sultanovun qayğısına qalmışdır. Ona yemək-içmək aparmış, müalicəsi üçün dərmanlar almışdır. 2020-ci ilin noyabr ayında onun cərrah işləyən əmisi onu müalicə etmək üçün Mingəçevir şəhərinə aparmış, mərhum orada müalciə olunmuşdur. Lakin atasını xilas etmək mümkün olmamış, mərhum “mədə girəcəyinin bədxassəli yeni törəməsi” diaqnozu ilə vəfat etmiş, Mingəçevir şəhərində dəfn edilmişdir. Birgə nikah qeydlərinin qalmasına baxmayaraq, Cavabdeh mərhum atası X8 ilə yaşamadığından, birgə təsərrüfat aparmadıqlarından, hər biri ayrıayrı ünvanlarda yaşadıqlarından, nikahlarına faktiki olaraq xitam verildiyindən o, qanun üzrə vərəsəlik hüququndan məhrum edilməlidir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-3736/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh xx.xx.1947-ci il təvəllüdlü X3 qanun üzrə vərəsəsi olmaq hüququndan məhrum edilməsi qət edilmiş, iddia ərizəsinin veriliməsi üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-3736/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum Nizami Sultanovun Cavabdeh ilə azı son üç ildə faktiki nikah münasibətlərdə olmamalarını və məhz üç ildən artıq müddət ərzində ailə-nikah münasibətlərində olmaq istəməmələri kimi iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilməmiş, birinci instansiya məhkəməsi mərhum Nizami Sultanovla cavabdehin nikah münasibətdə heç vaxt olmamalarını iddia edərkən hansı məqsədlə nikaha daxil olmalarını, İddiaçı atası ilə son illər ərzində ümumiyyətlə əlaqə saxlamadığı təqdirdə atasının necə yaşamasını hansı əsaslarla iddia etdiyini aydınlaşdırmamış, bununla da birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmiş və nəticədə Yasamal Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 01 may 2019-cu il tarixli Qərarının müddəalarını tətbiq edilməsində səhv buraxmışdır. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdilər. Cavabdeh əlavə olaraq bildirmişdir ki, mərhum Nizami Sultanovla evlənəndə evləri olmamış, mərhumun anası, bacısı pul ödəmiş, MTK-dan mənzil almışlar. Həmin evin tikintisi uzanmışdır. Sonradan həmin mənzil təmirsiz vəziyyətdə təhvil verilmişdir. O, mərhum ərinə şərt qoymuşdur ki, evi təmir etdirsə, köçüb orada yaşasınlar. Belə ki, həmin mənzil tam təmirsiz olmuş, hətta elementar ayaq yolu belə işləməmişdir. Bu səbəbdən o, özünə məxsus olan bağ evinə köçmüşdür, Nizami Sultanov isə onunla həmin bağ evində daimi olaraq qalmamış, amma mütəmadi olaraq ora gəlmiş, 1-2 gün qalıb sonra getmişdir. O, mərhum ərinin birinci nikahdan olan oğlunu tanımamış, oğlu yalnız pul lazım olanda atasına müraciət etmişdir. Onların mənzilinin təmir edilməməsinə səbəb də o olmuşdur ki, mərhum əri Nizami əlinə gələn pulu oğluna xərcləmişdir. Mərhum əri öldükdən sonra iddiaçı qıfılı sındırıb mənzilə girmişdir. Mənzil pis vəziyyətdə olmuşdur. Belə ki, mərhum əri orada tək yaşamış və evə heç kəsi buraxmamışdır. Əlavə olaraq, Cavabdeh verilən suallara cavab olaraq bildirmişdir ki, o, Mərdəkanda bağ evində yaşlı anası və qardaşı ilə birlikdə qalmışlar, Nizami Sultanov isə daim ora gəlib-getmiş, hətta onun ustalıq qabiliyyəti olduğundan bağda zəruri olan xırda təmir işlərini də görmüşdür. Nizami Sultanovu bəzən onun bacısı oğlu Tural öz avtomaşını ilə gətirmiş, bəzən isə onun özü gəlmişdir. O, Nizaminin paltarlarını yuyub təmizləmiş, ona yemək göndərmişdir. Lakin pandemiya başlayandan və ciddi karatin rejimi, SMS icazə tətbiq olunduqdan sonra, onun anası və qardaşı yaşlı olduqları üçün o, mərhum Nizami Sultanovun gəlib onları yoluxduracağından ehtiyat etmiş və ona bildirmişdir ki, bağa tez-tez gəlib-getməsin, ya gəlib onlarla birlikdə yaşasın və heş yerə çıxmasın, ya da şəhərdəki evdə qalsın. Bu səbəbdən Nizami ölməmişdən əvvəl bir neçə ay bağa gəlməmişdir. Bundan başqa mərhumun qardaşı həkim olmuş, Mingəçevirdə yaşamışdır. Mərhum özünü pis hiss edəndə qardaşıyla əlaqə saxlamış, qardaşı gəlib mərhumu Mingəçevirə aparmış və öz evində onu müalicə etmişdir. Lakin müalicənin nəticəsi olmamış və Nizami Sultanov dekabr ayında vəfat etmiş, qardaşı onu Mingəçevir şəhərində dəfn etmişdir. Həmin vaxt pandemiya olduğuna görə və onlar yaşlı olduqlarına görə Mingəmevirə dəfnə gedə bilməmişlər. İddiaçı özü də dəfndə iştirak etməmişdir. Nizami Sultanovla gec evləndikləri üçün uşaqları olmamışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, müstəqil tələblər irəli sürməyən üçüncü şəxs 5 saylı saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir, AR MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi tərəfindən dəvət edilmiş şahid X9 ifadəsində göstərmişdir ki, "xxxx" MTK-nın sədridir. İddiaçının atası Sultanov Nizami ilə İ.Qutqaşınlı 97 ünvanında qonşu olmuşlar, münasibətləri də yaxşı olmuşdur, evinə gedib gəlmişdir. O, özü Həmin evə 2000-ci ildə köçmüş, Sultanov Nizami isə ondan xeyli əvvəl orada artıq yaşaymışdır. Mənzil tam təmirsiz olmuşdur – divarları qara suvaq, yeri beton, qazı və suyu olmuşdur. N.Sultanov həmin ünvanda həmişə tək yaşamışdır. Nizami xəstə olduğu vaxtlarda ona bacısı oğlu Tural baxırdı. Cavabdeh adında şəxsi tanımır, N.Sultanovun evinə gəlib-getdiyini də görməmişdir. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi tərəfindən dəvət edilmiş X1 ifadəsində göstərmişdir ki, İddiaçı bibisi oğludur. Sultanov Nizami ilə cavabdeh 1993-cü ildən evlidirlər. Toylarında bacısı da şahid kimi iştirak etmişdir. Sultanov Nizami ölməmişdən 3 il qabaq və 3 il ərzində Ekologiya Nazirliyinin yanında İ.Qutqaşınlı küçəsində yerləşən evində yaşamışdır. Yaşadığı evin şəraiti çox pis vəziyyətdə olmuşdur. Evin şəraiti pis olduğuna görə Nizami həmin evdə tək yaşayırdı. İnşaatçılar prospektində yerləşən başqa ev də var idi. Təqaüdçü idi, lakin həvəskar olaraq elektrik kimi fəaliyyət göstərirdi. Cavabdeh anası ilə birlikdə Mərdəkanda yerləşən özünə məxsus bağ evində yaşayırdı. Sultanov Nizami həftədə 1 dəfə, 2 həftədənbir, 3 həftədənbir Mərdəkanda yerləşən bağ evinə gedirdi. Mərhum Mərdəkana gedəndə özü ilə alətlərini aparırdı, orada təmir işlərini aparırdı. Son vaxtlar Sultanov Nizami ilə Cavabdeh küsülü idilər. Son ana qədər Sultanov Nizami ilə Cavabdeh evli olublar. Sultanov Nizaminin oğluna münasibəti normal olsa da, oğlu atasına laqeyd münasibət bəsləyirdi. Cavabdeh son vaxtlar Nizaminin xəstə olduğunu bilmirdi. Cavabdeh Nizaminin dəfn və yas mərasimlərində iştirak etməyib. Bundan əlavə şahid göstərmişdir ki, yeməyi mərhum üçün həm özü, anası (şahidin anası) da, bacısı da bişirib aparırdı. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi tərəfindən dəvət edilmiş şahid X12 ifadəsində göstərmişdir ki, İddiaçı atası mərhum Sultanov Nizami onun atasının əmisi oğludur, həm də həyat yoldaşının dayısıdır. İddiaçını yalnız bəzi mərasimlərdə görmüşdür. Sultanov Nizaminin evində olmamışdır. Mərhum Ekologiya Nazirliyi ətrafında olan binaların birində yaşayırdı. Nizamini bir neçə dəfə öz avtomobili ilə evinə aparmışdır. Cavabdeh barədə nə eşitmiş, nə də onu görmüşdür. Nizaminin qardaşı onun ölümünə 2 həftə qalmış Nizami xəstə olduğundan, gəlib onu Mingəçevirə aparmışdır. Nizamiyə onun (şahidin) qaynanası baxırdı, mərhumun paltarlarının yuyulmasını, yeməyin bişirilməsini və s. edirdi. Apellyasiya instansiya məhkəməsində şahid qismində təkrar dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Cavabdeh onun dayısı X3 həyat yoldaşı olub. Dayısının Ekologiya Nazirliyinin arxasında yerləşən binada mənzili olmuş, o həmin mənzildə tək yaşamışdır. Mənzil bərbad vəziyyətdə və təmirsiz olmuşdur. Onun oğlu olan iddiaçı heç vaxt atası ilə maraqlanmamış, hətta Nizami Sultanovun ağır xəstə olduğunu, zəng edib hal-əhval tutmasını iddiaçıya desə də, o, yenə də atası ilə əlaqə saxlamamışdır. Baxmayaraq ki, dayısı X8 daim oğluna maddi dəstək olmuş, yığdığı pulları onun vasitəsilə oğluna göndərmişdir. Onların ünsiyyəti olmamış, ata oğlunu axtarsa da, oğul atanı saymamış, həmişə atasını təhqir etmişdir. Cavabdeh uşaqlıqdan tanıyır. Evlənməmişdən qabaq, 1993-cü ildən əvvəl onların münasibətləri var idi. Onlar yaxın qonşu olublar və gediş-gəlişləri olub. Mərhum dayısı X8 ömrünün son üç ilində Cavabdeh ilə bir evdə yaşamasalar da, ər-arvad münasibətlərində olmuşlar. Belə ki, Nizami Sultanov mütəmadı olaraq Cavabdeh qaldığı bağ evinə gedib-gəlmiş, bəzi vaxtlar onun özü Nizami Sultanovu maşınla bağa aparmışdır. Dayısının ustalıq qabiliyyəti olmuişdur və bağa gedəndə həmişə özünə aid alətlərini qutuya yığaraq özü ilə bağa aparmışdır. Onun anası, xalası və dayısının həyat yoldaşı Cavabdeh ona yemək bişirib göndərirdilər. Ölməmişdən əvvəl son üç ayda isə dayısı ilə Cavabdeh küsülü olmuşlar, səbəbi isə o olmuşdur ki, Cavabdeh Bakıdakı evi təmir etməsini istəsə də, dayısı mərhum Nizami Sultanov pulunu yığıb oğluna göndərmişdir. Nizami Sultanov ölümünə kimi oğlunun yolunu gözləmişdir. Apellyasiya instansiyası məhkəməsində şahid qismində təkrar dindirilmiş X12 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Nizami Sultanov onun həyat yoldaşının qohumu olmuş, evli olduğunu bilsə də, onun həyat yoldaşını tanımamışdır. Nizami Sultanovu məktəb vaxtlarından tanımış, onun ölümündən bir neçə ay əvvəl onunla danışmış, Nizami Sultanov ona Mərdəkana getdiyini bildirmişdir. Nizaminin mənzilində heç vaxt olmamışdır. Cavabdeh ilə onun birgə yaşamaqlarından məlumatı yoxdur, o evə getməmişdir. Beləliklə, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçının valideynləri X8 ilə anası X4 1982-ci ildə nikaha daxil olmuş, bu nikahdan 1983-cüü ildə onların yeganə övladı olan iddiaçı anadan olmuşdur. İddiaçının valideynləri 1987-ci ildə boşanmış, iddiaçı anasının himayəsində qalmışdır. X8 1993-cü ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmuş, bu nikahdan övladları olmamışdır. Nizami Sultanov xx.xx.2020-ci ildə vəfat etmişdir. Mərhumdan mübahisəli mənzil miras qalmışdır. İddiaçının hazırkı iddiası Cavabdeh vərəsəlik hüququndan məhrum edilməsi barədədir. İddiaçı tələbini cavabdehin onun atası ilə son üç ildə faktiki ailə münasibətlərində olmaması ilə əsaslandırmışdır. Cavabdeh isə iddiaya etiraz edərək mərhumla fərqli ünvanlarda yaşasalar da, ailə münasibətlərinin pozulmadığını, yalnız son 2-3 ayda küsülü olduqlarını, bunun səbəbinin isə mübahisəli evin yaşayış üçün əlverişsiz olduğundan mərhum tərəfindən təmir edilməməsi ilə bağlı olduğunu, buna baxmayaraq, mərhumun mütəmadi olaraq onun yaşadığı bağ evinə gəlib-getdiyini, onun isə mərhum ərinə bir həyat yoldaşı kimi qulluq etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsinə dair mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının atası X8 ilə Cavabdeh xx.xx.1993-cü il tarixdə rəsmi nikaha daxil olmalarına baxmayaraq, heç vaxt ailə münasibətlərində olmamış, birgə təsərrüfat aparmamış, ayrı-ayrı ünvanlarda yaşamışlar. Hətta cavabdehə məxsus Mərdəkan qəsəbəsində bağ evi olmasına baxmayaraq, iddiaçı Bakı şəhərində tam yaşamağa şəraiti olmayan mənzildə daimi yaşamışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin hazırki mübahisənin həllinə dair mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinə əsasən əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 1 may 2019-cu il tarixli Qərarında qeyd etmişdir ki, “Mülki Məcəllənin 1164-cü maddəsinin məzmununa uyğun olaraq, sağ qalmış ərin (arvadın) vərəsəlik hüququ olmayan şəxs hesab edilməsi üçün məhkəmə tərəfindən aşağıdakı halların məcmusu təsdiq edilməlidir: - tərəflərin ailə münasibətlərinə faktiki xitam verilməsi; - ər-arvadın ayrı yaşamaları; - qeyd edilən halların mirasın açılmasından azı üç il əvvəl baş verməsi. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhz göstərilən hallar hüquqi tərkib əmələ gətirərək rəsmi nikahda olmalarına baxmayaraq, ərin (arvadın) vərəsəlik hüququndan məhrum edilməsi üçün əsas ola bilər. Bu baxımdan məhkəmələr tərəfindən ərin (arvadın) nikaha faktiki xitam verilməsi səbəbindən qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsinə dair işlərə baxılarkən Mülki Məcəllənin 1164-cü maddəsində nəzərdə tutulmuş halların mövcud olub-olmamasına formal yanaşılmamalı, işin bütün halları, tərəflərin münasibətlərindəki əhəmiyyətli məqamlar diqqətə alınaraq məsələyə hüquqi qiymət verilməlidir. Belə ki, Mülki Məcəllənin qeyd edilən maddəsinə formal əsaslanmaqla arvadın (ərin) vərəsəlik hüququndan məhrum edilməsi vərəsəlik və ailə hüquqlarının ümümi prinsiplərinə uyğun olmazdı. Mülki Məcəllənin 1164-cü maddəsində istifadə olunan “nikaha faktiki xitam verildiyi” ifadəsi isə mirasın açılmasından əvvəlki üç il ərzində tərəflərin məhz ailə-nikah münasibətlərində olmaq istəməmələri səbəbi ilə ayrı yaşamalarını, birgə təsərrüfat aparmamalarını nəzərdə tutur. Bu zaman nikah hüquqi cəhətdən pozulmasa da, nikahın pozulması müvafiq orqanda qeydə alınmasa da, nikah real olaraq sonlanmış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir sıra qərarlarında bununla bağlı qeyd etmişdir ki, nikah münasibətləri nikaha girən şəxslər üçün xüsusi status yaradır. Nikahda olan ər-arvadın bilərəkdən və şüurlu surətdə girdikləri münasibətin doğurduğu hüquqi nəticələr bu növ qarşılıqlı münasibətləri digər birgəyaşayış növlərindən fərqləndirir. Ər-arvadın qarşılıqlı münasibətlərində vacib məsələ qarşılıqlı öhdəliklərin mövcudluğudur. Tərəflərin münasibətlərinin uzunmüddətli olmasına baxmayaraq, onlar arasında məcburi hüquqi qüvvəyə malik olan qarşılıqlı öhdəliklərin olmaması onların birgə yaşayışını ərlə arvadın birgə yaşayışından tamamilə fərqləndirir (Məs. X7rşı iş üzrə 2008-ci il 29 aprel tarixli Qərar). Baxılan iş üzrə mərhum Nizami Sultanovla Cavabdeh ər-arvad kimi ayrı yaşamaları mübahisə doğurmasa da, onların nikah münasibətlərinə faktiki xitam verilməsi və bu halların mərhum Nizami Sultanovun ölümündən əvvəlki üç il ərzində davam etməsi işin mübahisələndirilən hallarıdır. İddiaçı mərhum atası ilə cavabdehin faktiki birgə təsərrüfat apamadıqlarını təsdiq edən sübut qismində məhkəməyə mübahisəli mənzilin mənsub olduğu "xxxx" MTK-nın sədri X5 təqdim etmişdir. Şahid öz ifadəsində mənzilin tam təmirsiz olduğunu, mərhumun həmin ünvanda həmişə tək yaşadığını, Nizami xəstə olduğu vaxtlarda ona bacısı oğlu Turalın baxdığını, Cavabdeh adında şəxsi tanımadığını bildirmişdir. Bundan əlavə iddiaçı tələbində əmisi oğlu Turalın mərhumun qayğısına qaldığını bildirmiş, həmin şəxs şahid qismində məhkəmədə ifadə vermişdir. X1 isə hər iki instansiya məhkəməsində verdiyi ifadələrində mərhumun ölməmişdən əvvəl 3 il ərzində mübahisəli evdə yaşadığını, mənzilin şəraitinin çox pis olduğunu, bu səbəbdən orada tək yaşadığını, Cavabdeh öz anası ilə birlikdə Mərdəkanda yerləşən özünə məxsus bağ evində yaşadığını, mərhumun həftədə 1 dəfə, 2 həftədən bir, 3 həftədənbir Mərdəkanda yerləşən bağ evinə getdiyini, hətta bəzi vaxtlar özü Nizami Sultanovu maşınla apardığını, Mərdəkana gedəndə özü ilə alətlərini apararaq, orada təmir işləri apardığıını, mərhumun həyat yoldaşı Cavabdeh ona yemək bişirib göndərdiyini, son üç ayda isə küsülü olduqlarını, bunun səbəbinin cavabdehin mübahisəli evi təmir etməsini istəsə də, mərhumun pulunu yığıb oğluna göndərməsi olduğunu, mərhumun ölümünə kimi oğlunun yolunu gözlədiyini bildirmişdir. Kollegiya şahid ifadəsinə münasibətdə nəzərə alır ki, tərəflərin heç biri X21un mərhumun qayğısına qaldığını, hadisələr cərəyan edən dövrdə hadisələrin birbaşa şahidi olduğunu mübahisələndirmirlər. Bu baxımdan X11 şahid olaraq verdiyi ifadəni daha mötəbər hesab edir. X21 isə öz ifadəsində tərəflərin ayrı yaşamalarına baxmayaraq, mütəmadi ünsiyyətdə olduqlarını, mərhem dayısının cavabdehin yaşadığı Mərdəkan qəsəbəsində yerləşən bağ evinə mütəmadi olaraq gedib-gəldiyini, hətta orada təsərrüfatda olan xırda təmir işlərini gördüyünü, cavabdehin isə mərhum ərinin paltarlarını yuyub təmizlədiyini, ona yemək göndərdiyini, onların şəhərdəki evdə bir yerdə yaşamamalarının səbəbinin isə həmin evin yaşayış üçün yararsız olması, mərhum Nizami Sultanovun həmin mənzili təmir etmək istəməməsi olduğunu bildirmişdir. Göründüyü kimi, cavabdehlə mərhum əri ayrı yaşasalar da, onlar faktiki olaraq ərarvad münasibətlərində qalmışlar və bu münasibətlərini kəsmək niyyətində olmamışlar. Əksinə, onların bir yerdə yaşamaq niyyətləri olmuş, lakin mənzil şəraitlərinin qənaətbəxş olmaması buna imkan verməmişdir. Bundan başqa kollegiya onu da nəzərə alır ki, qanunvericilikdə nəzərdə tutulmuş üç il müddət tərəflərin nikah münasibətlərinə faktiki xitam verilməsi qərarında israrlı olduqlarını, ailə münasibətlərini bərpa etmək istəklərinin olmamasını dəqiqləşdirmək üçün müəyyən edilmiş müddətdir. Hazırkı iş üzrə isə cavabdehlə onun mərhum ərinin yalnız sonuncunun ölümündən əvvəlki son 2-3 ay müddətdə küsülü olduqları və həmin müddətdə bir-biri ilə əlaqə saxlamadıqları müəyyən edilmişdir. Kollegiya hesab edir ki, bu halın mövcudluğu Mülki Məcəlləsinin 1164-cü maddəsinin dispozisiya şərtləri baxımından onların arasındakı nikah münasibətlərinə faktiki xitam verilməsi kimi qiymətləndirilə bilməz. Həmin maddə ilə 3 il müddət müəyyən etmişdir ki, bu müddət ərzində artıq tərəflər ailə münasibətlərini bərpa etmək istəklərinin olmamasını dəqiqləşdirmiş olurlar. Hazırkı işdən görünür ki, mərhumla cavabdeh qanunla müəyyən edilmiş üç il müddət ərzində nikah münasibətlərinə faktiki xitam verməmişlər. Əksinə, Kollegiya iddiaçının başqa dövlətdə əmək fəaliyyəti ilə məşğul olduğunu və mərhum atası ilə ünsiyyətinin olmamasını nəzərə alıb, onun atasının cavabdehlə münasibətləri barəsində dəqiq məlumatlı olmasını inandırıcı hesab etmir. Yuxarıda qeyd edilənlərdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh mərhum əri Nizami Sultanovla ər-arvad münasibətlərinin sonuncunun ölümündən üç il əvvəlki müddət ərzində kəsilməsi halı məhkəmə araşdırması ilə öz təsdiqini tapmamışdır. Başqa sözlə, iddiaçı iddiasının əsaslarını, habelə mübahisənin həllində əsas dəlil olan mərhumla cavabdehin son 3 il ərzində nikah münasibətlərinə faktiki xitam verilməsini sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində gəldiyi nəticə işin hallarına uyğun olmadığından apellyasiya qaydasında ləğv edilməli və iş üzrə iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən işin faktiki hallarını düzgün müəyyən etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və səhv nəticəyə gəlmişdir, ona görə də mübahisələndirilən qətnamə ləğv edilməklə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qətetdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3526/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3526/2022
02.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver