Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3527/2020 20.05.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, X4 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakları ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-4719/2019 saylı qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-ə qarşı “müəyyən hərəkətlərin qadağan edilməsi və əsassız olaraq tutulmuş pul vəsaitinin geri qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olan “Bolkart Gənc” debet kartına mədaxil olan vəsaitlərdən xidmət haqqının tutulmasının cavabdehə qadağan edilməsi və ona məxsus olan həmin debet kartına mədaxil olan vəsaitdən qanunsuz olaraq xidmət haqqı kimi tutulmuş 4,02 (dörd manat 2 qəpik) manat vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o və Cavabdeh ASC arasında xx xxx 2019-cu il tarixdə bank kartı hesab müqaviləsi bağlanmışdır. Həmin gün onun adına bank hesabı açılmış və ona “Bolkart Gənc” debet kartı təqdim edilmişdir. O, özünə məxsus olan başqa debet kartından xx xxx 2019-cu il tarixdə “cart to cart” köçürmə vasitəsi ilə “Bolkart Gənc” debet kartına 574 manat köçürmə etmiş, lakin Bank tərəfindən debet kart hesabına 569,98 manat vəsait mədaxil edilmiş, 4,02 manat isə cavabdeh tərəfindən xidmət haqqı kimi tutulmuşdur. O, cavabdehin müştəri mərkəzi ilə əlaqə saxlayaraq xidmət haqqı kimi qanunsuz olaraq tutulmuş vəsaitin geri qaytarılmasını tələb etsə də, bunun heç bir nəticəsi olmamışdır. İstər müqavilədə, istərsə də cavabdehin internet səhifəsində olan xidmət tarifləri cədvəlində “cart to cart” köçürmələri üzrə mədaxil olan vəsaitdən xidmət haqqının tutulması müəyyən edilməmişdir. Cavabdehin bu hərəkəri qanunsuzdur və onun əsassız varlanmasına səbəb olur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-4719/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh ASC tərəfindən İddiaçı məxsus “Bolkart Gənc” debet kartından xx xxx 2019-cu il tarixdə xidmət haqqı olaraq tutulmuş 4,02 (dörd manat, 02 qəpik) manat məbləğində pul vəsaiti iddiaçıya geri qaytarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh ASC tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin qismən ləğv edilərək, iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə təmin olunan hissədə qanunsuz və əsassızdır. 1-ci instansiya məhkəməsi hesab etmişdir ki, internet səhifəsindən xx.xx.2019-cu il tarixli çıxarışa əsasən bank tərəfindən minimum 5 manat məbləğində pul vəsaiti xidmət haqqı kimi tutulmalı olduğu halda 4,02 manat tutulması onu göstərir ki, xidmət haqqı ümumiyyətlə tutulmamalı idi. Halbuki, (Credit part P2P, “Card to Card” sistemi üzrə köçürmələr zamanı mədaxil edilən məbləğdən tutulan komissiya) xidmət üzrə 5 manat və ya 0,7 faizin (4,02 manat) tutulması işin texniki tərəfidir. Hüquqi baxımdan İddiaçı müqaviləyə əsasən xidmət tarifləri və şərtləri ilə razılaşmış, razılaşdırılmış xidmət tarifləri və şərtlərində isə (“3.17” və digər bəndlər) “Credit part P2P” üzrə müəyyən olunmuş 0,7% (min.5AZN, USD,EUR) komissiyanın tutulması açıq-aşkar nəzərdə tutulmuşdur. xx.xx.2019-cu il tarixdə İddiaçı 574 manat məbləğində vəsaiti kartdan karta köçürmə vasitəsi ilə mədaxil etmiş və həmin vaxt xidmət tarifləri və şərtlərinin kart üzrə tariflərinə əsasən (Credit part P2P, “Card to Card” sistemi üzrə) köçürmələr zamanı mədaxil edilən məbləğdən tutulan komissiya) 0.7 faiz, yəni 4.02 manat məbləğində komissiya tutulmuşdur. İddiaçı özü də “Credit part P2P” yəni, “Card to Card” sistemi üzrə köçürmələr zamanı mədaxil edilən məbləğdən 0.7 faiz məbləğində komissiyanın tutulması barədə çıxarışı Bankın internet səhifəsindən əldə edərək iddia ərizəsinə əlavə etmişdir. Buna görə də, məhkəmə “Credit part P2P” üzrə komissiyanın 5 manatlıq minimum həddən aşağı, yəni (0.7 faiz) 4.02 manat məbləğində tutulmasını əsas göstərərək komissiyanın ümumiyyətlə tutulmamalı olması qənaətinə gələ bilməzdi. Həmin əməliyyata görə 5 manatdan az məbləğdə tutulması isə Bank əməliyyat proqramının texniki qüsuru nəticəsində baş vermişdir. Məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun gəlmir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin “Cavabdeh ASC tərəfindən İddiaçı məxsus “Bolkart Gənc” debet kartından xx xxx 2019-cu il tarixdə xidmət haqqı olaraq tutulmuş 4,02 (dörd manat, 02qəpik) manat məbləğində pul vəsaitinin iddiaçıya geri qaytarılması” hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh tərəf qətnaməni yalnız həmin hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-4719/2019 saylı qətnaməsi “Cavabdeh ASC tərəfindən İddiaçı məxsus “Bolkart Gənc” debet kartından xx xxx 2019-cu il tarixdə xidmət haqqı olaraq tutulmuş 4,02 (dörd manat, 02qəpik) manat məbləğində pul vəsaitinin iddiaçıya geri qaytarılması” hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməməlidir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası iddianı mübahisələndirilən hissədə təmin edərkən qeyd etmişdir ki, Cavabdeh ASC ilə İddiaçı bank kartı müqaviləsinin 3.17-ci bəndinə görə Bank Kart, kart hesabının açılması və hesab üzrə əməliyyatlara və digər bank xidmətlərinə görə cari xidmət tarifləri və şərtləri tətbiq etmə səlahiyyətinə malikdir. Cavabdeh ASC bu hüququ əsasla öz internet səhifəsində, “Credit part P2P” əməliyyatına görə Bank tərəfindən köçürülən məbləğin 0,7% (minimum 5 AZN/USD/EUR) məbləğində xidmət haqqı tarifi müəyyən etmişdir. Həmin internet səhifəsindən xx.xx.2019-cu il tarixli çıxarışın iş materiallarına əlavə edilmiş surətindən görünür ki, “Credit part P2P” əməliyyatına görə Bank tərəfindən köçürülən məbləğin 0,7% (minimum 5 AZN/USD/EUR) məbləğində xidmət haqqı tarifi müəyyən edilmişdir. 574 manat məbləğində pul vəsaitinin 0,7%-i 4,018 manat təşkil edir. İnternet səhifəsindən xx.xx.2019-cu il tarixli çıxarış Cədvəlinə əsasən isə bank tərəfindən minimum 5 manat məbləğində pul vəsaiti xidmət haqqı kimi tutulmalı idi. Cavabdehin etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasında xx xxx 2019-cu il tarixli X7 Müqaviləsinin 3.17-ci bəndinə istinadla bankın internet səhifəsindən xx.xx.2019-cu il tarixli çıxarışda qeyd edildiyi kimi “card to card” əməliyyatının adının “Credit part P2P” adı ilə göstərildiyi və 4,02 manat pulun 569 manat vəsaitin “card to card” əməliyyatına görə 0,7 faiz bank xidmət haqqının tutulduğunu qeyd etsə də, müvafiq bank əməliyyatına görə həmin çıxarışda min 5 manat tutulmalı olduğunun səbəbini izah edə bilməmişdir. Göründüyü kimi 4,02 manat pulun tutulmasının əsası, eyni zamanda “cart to cart” əməliyyatına görə “Credit part P2P” adı altında xidmət haqqının tutulması qanunsuz və əsassızdır. “İddiaçıya məxsus olan həmin debet kartına mədaxil olan vəsaitdən qanunsuz olaraq xidmət haqqı kimi tutulmuş 4,02 (dörd manat 2 qəpik) manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində təmin edilərək bu barədə qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmir. Belə ki, iş materiallarında olan Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx xxx 2019cu il tarixli X7 Müqaviləsinin surətindən göründüyü kimi Cavabdeh ASC müştəri olan İddiaçı X7 açır. İş materiallarında olan Cavabdeh ASC-nin İnternet Banking səhifəsindən çıxarışdan görünür ki, müştəri xx xxx 2019-cu il tarixdə hesaba 574 manat pul vəsaiti mədaxil etmiş, hesaba 569,98 manat pul vəsaiti daxil olmuş, 4,02 manat pul vəsaiti isə Bank tərəfindən xidmət haqqı kimi tutulmuşdur. İş materiallarında olan Cavabdeh ASC-nin “X6” internet səhifəsindən çıxarışdan görünür ki, “Credit part P2P” əməliyyatına görə Bank tərəfindən köçürülən məbləğin 0,7% (minimum 5 AZN/USD/EUR) məbləğində xidmət haqqı tarifi müəyyən edilmişdir. İş materiallarında olan Məcburi Köçkün Vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1993-cü ildə Cəbrayıl rayonundan məcburi köçkün olmaqla Bakı şəhəri, Suraxanı rayonunda məskunlaşmışdır. Beləliklə, işin araşdırılmış halları ilə müəyyən olunur ki, xx xxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh ASC tərəfindən iddiaçıya X7 açılmış, xx xxx 2019-cu il tarixdə İddiaçı 574 manat məbləğində vəsaiti kartdan karta köçürmə vasitəsi ilə mədaxil etmiş, hesabına 569,98 manat məbləğində pul vəsaiti mədaxil olmuş, 4,02 manat məbləğində pul vəsaiti isə Bank tərəfindən xidmət haqqı kimi tutulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. MM-nin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-nin 6-cı maddəsində birbaşa nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsini müvafiq olaraq baylayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir. Bundan sonra şəxs həmin tərəfdaşa (tərəfdaşlara) öz iradəsini müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir. Tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Beləliklə, şəxsin müqavilə bağlamaq haqqında iradəsi, yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilir ki, bu müqavilə azadlığı adlanır. Tərəflərin müqavilə azadlığı şəraitdə bağladığı xx xxx 2019-cu il tarixli X7 Müqaviləsinin 3.17-ci bəndindən görünür ki, Bank Kart, kart hesabının açılması və hesab üzrə əməliyyatlara və digər bank xidmətlərinə görə cari xidmət tarifləri və şərtləri tətbiq etmə səlahiyyətinə malikdir. İddiaçı tərəfindən təqdim olunmuş Azərbaycan Respublikasının Mərkəzi Bankının xx xxxxx 2020-ci il tarixli, 16-03499-2020 saylı məktubun surətindən görünür ki, “Credit Part P2P” bankın spesifik daxili məhsulu olduğundan bank qanunvericiliyində belə bir anlayış yoxdur. Eyni zamanda bank aldığı lisenziyada qadağan edilmədiyüi halda “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsində göstərilən fəaliyyət növləri ilə məşğul ola bilər. Göründüyü kimi, müqaviləyə əsasən iddiaçı müqavilə şərtləri ilə razılaşmış, razılaşdırılmış xidmət tarifləri və şərtlərində isə “Credit Part P2P” üzrə 0,7 % komissiyanın tutulması açıq-aşkar nəzərdə tutulduğundan, “Credit Part P2P” sistemi üzrə köçürmələr bankın daxili məhsulu olmaqla, bununla bağlı Qanunla qadağa olmadığından iddiaçının tələbi mübahisələndirilən hissədə əsaslı hesab edilə bilməz. Qeyd olunanlara əsasən kollegiya iddiaçının iddia tələbini mübahisələndirilən hissədə əsassız hesab edərək, təmin olunmaması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-4719/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi mübahisələndirilən- “Cavabdeh ASC tərəfindən İddiaçı məxsus “Bolkart Gənc” debet kartından xx xxx 2019-cu il tarixdə xidmət haqqı olaraq tutulmuş 4,02 (dörd manat, 02qəpik) manat məbləğində pul vəsaitinin iddiaçıya geri qaytarılması” hissəsində təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2(103)-3527/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3527/2020
20.05.2020 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver