Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3531/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndələri (vəkilləri) Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin təmirinə çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından cavabdehlərin nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (məhkəmə) xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsinin (vəkilinin) iddianı təmin tədbiri barədə ərizəsi təmin olunmamış, həmin qərardaddan onun verdiyi şikayət məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilərək, xx xxxxxx 2020-ci il tarixli qərardad ləğv olunmaqla ünvan 1 ünvanında yerləşən “X1” yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahəsi olan 145 saylı mənzilin üzərinə həbs qoyulması, həmin mənzil üzərində özgəninkiləşdirmə, alqı-satqı, payçı, lizinq, icarə, bağışlama, ipoteka və sərəncam verilməsi ilə bağlı bütün digər əqdlərin bağlanmasının və qeydiyyatının Cavabdeh1, Cavabdeh2, “xxxx” MTK-ya və Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qadağan edilməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdehlərin nümayəndələri (vəkilləri) şikayət verərək, iddiaçının iddia tələbinin öz qızına cehiz kimi verdiyi əmlakların dəyərinin, həmçinin qızının gəlin köçdüyü mənzilin təmirinə çəkdiyini iddia etdiyi pul məbləğinin ödənilməsi barədə olduğunu, həmin cehiz əşyalarının hazırkı dövrə qədər də iddiaçının qızının istifadəsində və sahibliyində olmaqla onun sözügedən mənzildə yaşadığını və bu mənzilin xx.xx.2014cü il tarixində alınaraq xx.xx.2015-ci il tarixədək təmir olunmaqla yeni ailənin istifadəsinə verildiyini, mənzilin təmir işlərinin cütlüyün valideynləri tərəfindən onlara hədiyyə kimi verildiyini və bu səbəblə iddiaçının müvafiq tələbinin hüquqi əsasının mövcud olmadığını, məhkəmənin isə nə iddiaçının subyektiv hüququnun olub-olmadığına, nə də iddianın əsaslılığı prezumsiyasına əhəmiyyət vermədən qanunsuz qərar qəbul etdiyini irəli sürmüşdür. Məhkəmənin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak edən nümayəndələri (vəkilləri) Vəkil1 şikayəti müdafiə edərək izahatında həmçinin göstərmişdir ki, hətta iddia təmin olunacağı təqdirdə belə, cavabdehlər iddiaçıya pul ödəməli olacaqlar və onların qətnaməni icra etməkdən boyun qaçırması iddianı təmin etmə tədbiri qismində deyil, məcburi icra tədbiri kimi əmlakları üzərinə həbs qoyulmasını mümkün edə bilər. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil2 şikayətin əsassız olduğunu bildirərək və iddia tələbinin sadəcə mənzilin təmirinə və məişət əşyalarının alınmasına görə çəkilmiş xərclərlə bağlı deyil, həm də mənzilin əldə edilməsi üçün verilən pul vəsaiti ilə əlaqədar olduğunu qeyd edərək qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Mülki Prosessual Məcəllənin 158.1.1-ci, 158.1.2 və 158.1.3-cü maddələrinə görə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, həmçinin mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə iddianı təmin etmə tədbirləri görülə bilər. Kollegiya qeyd edir ki, əmlak üzərinə həbs qoyulması, yaxud mübahisə predmetinə aid müəyyən hərəkətləri etməyin qadağan olunması növündə iddianı təmin tədbirlərinin tətbiqinə dair ərizələr o halda təmin oluna bilər ki, işə mahiyyəti üzrə baxılarkən qorunan mübahisə obyekti məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etməyə xidmət edə bilsin. İşin hallarından görünür ki, iddiaçı tələbini, cavabdehlərə məxsus ünvan 1 ünvanda yerləşən “X1” yaşayış kompleksinin B blokundakı 4 otaqlı 278 kv.m. sahəsi olan 145 saylı mənzilin əldə olunmasına, təmirinə və mənzildəki məişət əşyalarının alınmasına çəkdiyi xərclərin cavabdehlər tərəfindən ödənilmədiyi arqumenti ilə əsaslandırmışdır. Bu mənada kollegiya hesab edir ki, tərəflərin arasındakı mübahisənin bilavasitə sözügedən mənzillə bağlı yarandığını nəzərə alan birinci instansiya məhkəməsi, həmin əmlak üzərində sərəncam verilməsinin, habelə digər hərəkətlərin həyata keçirilməsinin mübahisəni daha da gücləndirə biləcəyinə əsaslanmaqla şikayət mövzusu qərardadı qəbul etməkdə haqlı olmuşdur. Kollegiya onu da qeyd edir ki, cavabdehlərin nümayəndələrinin (vəkilinin) “mənzilin təmir işlərinin cütlüyün valideynləri tərəfindən onlara hədiyyə kimi verildiyi və bu səbəblə iddiaçının müvafiq tələbinin hüquqi əsasının mövcud olmadığı” arqumentinə hazırkı icraat çərçivəsində qiymət vermək mümkün deyildir; çünkü həmin dəlil işə mahiyyəti üzrə baxılarkən yoxlanıla və iddia tələbinin müvafiq hissəsinin əsaslı olub-olmadığı müəyyənləşdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4849/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-3531/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3531/2021
11.03.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver