Məhkəmə qərarları › İş №2(103)-3531/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3531/2022

25.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3531/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X10 iştirakları ilə Ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nəsimi xidmət nümayəndəliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı maraqlı şəxs qismində cəlb edilməklə «işləmə faktının müəyyən edilməsi» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-328/2022 saylı, 16 fevral 2022-ci il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb edilməklə ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi 25 iyun 1977-ci il tarixindən, 12 sentyabr 1978-ci il tarixinə kimi Basarkeçər rayonunun Zod qızıl mədəninə xadimə vəzifəsində, 12 sentyabr 1978-ci il tarixindən 22 oktyabr 1988-ci il tarixinə kimi həmin mədəndə liftçi vəzifəsində işləmə faktının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxxxxxx 1960-cı il tarixində Ermənistan SSR-in Basarkeçər (Varderıis) rayonunda dünyaya gəlmişdir. 25 iyun 1977-ci il tarixində Basarkeçər rayonun Zod qızıl mədəninə xadimə vəzifəsində işə qəbul olunmuş və 12 sentyabr 1978-ci ilə kimi həmin vəzifədə çalışmışdır.Daha sonra 12 sentyabr 1978-ci il tarixdən çalışdığı vəzifə dəyişmiş və liflçi olaraq 22 oktyabr 1988-ci il tarixinə kimi işə davam etmişdir. Lakin 1988-ci ilin noyabr ayında Ermənistan SSR rəhbərliyi tərəfindən erməni quldur dəstələrinin, polisin və rayon rəhbərlərinin nəzarəti və iştirakı ilə azərbaycanlı evlərinə basqın edirək, azərbaycanlıların çıxıb getməsinə, kütləvi surətdə öz yurd-yuvalarından məcburi şəkildə didərgin salınmasına yönəlik deportasiya prosesi başladığından o da, ailəsilə birlikdə Azərbaycan SSR ərazisinə gəlmiş və burada məskunlaşmışdır. Azərbaycanlıların kütləvi deportasiyası ilə əlaqədar olaraq Ermənistan SSR ərazisində daimi işlədiyi Zod qızıl mədənində işlədiyinə dair sənədləri götürmək imkanı olmamışdır. Lakin həmin tarixlər arasında Zod qızıl mədənində onunla birlikdə 100lərlə azərbaycanlı çalışırdı. Onun Zod qızıl mədənində çalışdığının isbat edilməsi üçün X11 və X2 (həmin şəxslərin Zod qızıl mədənində çalışdıqlarına dair məlumatlar əmək kitabçalarında öz təsbitini tapmışdır) şahid qismində dəvət edilməsinin tərəfdarıdır. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-328/2022 saylı, 16 fevral 2022-ci il tarixli qətnaməsi ilə ərizənin təmin edilməsi, Ərizəçi 25 iyun 1977-ci il tarixindən, 12 sentyabr 1978-ci il tarixinə kimi Basarkeçər rayonunun Zod qızıl mədəninə xadimə vəzifəsində, 2 sentyabr 1978-ci il tarixindən 22 oktyabr 1988-ci il tarixinə kimi həmin mədəndə liftçi vəzifəsində işləməsi faktının təsdiq edilməsi qət edilmişdir. Həmin qətnamədən maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və ərizənin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda mübahisələndirilən faktın təsdiq olunması Ərizəçi üçün hər hansı hüquqi nəticəyə səbəb olmur. Belə ki, ərizəçi həmin faktın təsdiq edilməsinin zəruriliyini ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə səbəb olacağı ilə əsaslandırmasına baxmayaraq, nəzərə alınmalıdır ki, həmin fakt təsdiq olunsa belə, ərizəçinin qanunvericiliklə müəyyən olunmuş güzəştli iş stajı tamamlanmır. Bu da ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini mümkünsüz edir. Digər tərəfdən hazırki iş üzrə qeyd olunmalıdır ki, ərizəçi tərəfindən məhkəmə iclası zamanı 2 şahid təqdim olunmasına baxmayaraq, məhkəmə qətnaməsində də qeyd olunduğu kimi həmin şahidlərdən biri olan X4 ifadəsində 1972-ci il may ayının 26dan 1988-ci ilə qədər Zod qızıl mədənində işlədiyini, Ərizəçi 1980-ci illərdən orda liftçi işlədiyini qeyd etmişdir. X1 məxsus 28.11.1976-cı il tarixli əmək kitabçasına əsasən, o, 13.04.1979-cu il tarixdə işə qəbul edilmiş, 14.06.1988-ci il tarixdə işdən azad edilmişdir. Digər şahid qismində dindirilmiş X8 məhkəmədə ifadəsi zamanı 1965-ci il tarixdən 1988-ci il tarixədək Zod qızıl mədənində işlədiyini bildirmişdir. Həmçinin, şahid X5 adına açılmış 1966-cı il tarixli əmək kitabçasından müəyyən olunur ki, o, 02.04.1966-cı il tarixdə işə qəbul edilmiş, 01.04.1987-ci il tarixdə işdən azad edilmişdir. Lakin, Nəsimi Rayon Məhkəməsinin 16.02.2022-ci il tarixli 2(006)-328/2022 nömrəli qətnaməsindən məlum olur ki, sözügedən hal məhkəmə tərəfindən qətnamə qəbul edilərkən nəzərə alınmamışdır. Belə ki, şahid X4 14.06.1988-ci il tarixdə, digər şahid X8 isə 01.04.1987-ci il tarixdə işdən azad edilmişdir. Sözügedən hal onu göstərir ki, həmin şahidlər ərizəçinin 22 oktyabr 1988ci il tarixədək “Zod” qızıl mədənində işləməsini təsdiq edə bilməzlər. Çünki, ifadə verən şahidlər özləri həmin tarixdə artıq sözügedən müəssisədə işləmirdilər. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X12 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, ərizəçinin Basarkeçər rayonunun Zod qızıl mədəninə xadimə, eləcə də liftçi vəzifəsində işləməsi faktının müəyyən edilməsi ərizəçi üçün hər hansı hüquqi nəticəyə səbəb olmur, çünki ərizəçiyə güzəştli şərtlərlə pensiyanın təmin edilməsi qeyri-mümkündür. Qanunvericiliyə əsasən isə məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Birinci instansiya məhkəməsi isə işin hallarına düzgün qiymət verməmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsi baxışı zamanı şahidlərin verdikləri ifadələrdən görünür ki, ərizçənin qeyd etdiyi dövrlərdə həmin şahidlərin özləri belə mədəndə işləməmişlər. Qeyd olunanlara əsasən qətnamənin ləğv edilərək ərizənin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, Basarkeçər rayonunun Zod qızıl mədənində 2 il xadimə, 10 il də yerin altında liftçi vəzifəsində işləmişdir. Hesab edir ki, güzəştli şərtlərlə pensiya almaq üçün kifayət qədər stajı mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası bu kontekstdə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X15nin Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş X14 Sistemindən çıxarışdan görünür ki, ərizəçinin 2006-cı il tarixədək 36 il əmək stajı var. Birinci instansiya məhkəməsi baxışı zamanı şahid X4 izahat verərək bildirmişdir ki, 1972-ci ilin may ayının 26-dan 1988-ci ilə qədər Zod qızıl mədənində işləmişdir. Ərizəçi 1980-ci illərdə işləyib, dəqiq tarix yadında deyil. Liftçi işləmişdir. Eyni ərazidə işləmişlər. Əmək kitabçası var idi. Tanrıverdiyev Qərib 52 yaşında pensiyaya çıxmışdır. Əvvəl əmək pensiyası olub, sonradan isə əlilliyə görə pensiya almışdır. Birinci instansiya məhkəməsi baxışı zamanı şahid X8 izahat verərək bildirmişdir ki, 1965-ci il tarixindən 1988-ci ilə qədər Zod qızıl mədənində işləmişdir. Ərizəçi orada liftçi işləmişdir. Əlilliyə görə pensiyaya çıxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Birinci instansiya məhkəməsi ərizəçinin və şahidlərin verdiyi ifadələr, habelə təqdim olunmuş sübutlarla müəyyən etmişdir ki, ərizəçinin 25 iyun 1977-ci il tarixindən, 12 sentyabr 1978-ci il tarixinə kimi Basarkeçər rayonunun Zod qızıl mədəninə xadimə vəzifəsində, 2 sentyabr 1978-ci il tarixindən 22 oktyabr 1988-ci il tarixinə kimi həmin mədəndə liftçi vəzifəsində işləməsinə dair sənədlər Basarkeçər (Vardenis) rayonunun işğalı ilə bağlı olaraq həmin rayonda qaldığından, həmin stajın başqa qaydada müəyyən edilməsi mümkün deyildir. İş materiallarından göründüyü kimi, ərizəçi üzrlü səbəbdən əmək kitabçasını təqdim edə bilmir. İş materiallarından və məhkəmə baxışı zamanı dindirilmiş şahid ifadələrindən də ərizəçinin Ərizəçi 25 iyun 1977-ci il tarixindən, 12 sentyabr 1978-ci il tarixinə kimi Basarkeçər rayonunun Zod qızıl mədəninə xadimə vəzifəsində, 2 sentyabr 1978-ci il tarixindən 22 oktyabr 1988-ci il tarixinə kimi həmin mədəndə liftçi vəzifəsində işləməsi faktı təsdiq edilir. “Əmək pensiyaları” haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları”nın 3.4-cü bəndinə əsasən də yalnız əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o, cümlədən qaçqın və məcburi köçkünlərin) sosial stajı məhkəmə qaydasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 1.1.1-ci bəndində təsbit olunmuş faydalı qazıntıların çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər sırasında yeraltı işlərdə tam iş günündə məşğul olan bütün fəhlələr peşəsi nəzərdə tutulmuşdur. Göründüyü kimi hazırki iş üzrə hüquqi faktın müəyyən edilməsində məqsəd pensiya təyin edilməsi üçün iş stajının müəyyən edilməsidir, həmçinin ərizəçi işləmə faktının müəyyən edilməsinə dair sənədi başqa qaydada almasının mümkün olmadığına görə hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır və birinci instansiya məhkəməsi qeyd olunanlara əsasən ərizənin mahiyyəti üzrə əsaslı olması barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur, belə ki, “Əmək pensiyaları” haqqında Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İş materiallarından göründüyü kimi hazırki iş üzrə hüquqi faktın müəyyən edilməsində məqsəd pensiya təyin edilməsi üçün iş stajının müəyyən edilməsidir və iddiaçının faktın müəyyən edilməsini xahiş etdiyi dövr 10 il müddəti əhatə edir və “Əmək pensiyaları” haqqında Azərbaycan Respublikası Qanununa əsasən də əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu şərtləndirən hallardan biri də tərəfin sığorta stajına malik olduğu müddətin azı 10 ilini - yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmasıdır. Digər tərəfdən iş materiallarında olan əmək kitabçalarına əsasən şahidlər X4 və X5 Ərizəçi işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri mövcuddur. Bununla belə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi – ərizəçinin Basarkeçər rayonunun Zod qızıl mədənində liftçi vəzifəsində işləməsi faktının 2.09.1978-ci il tarixindən müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Belə ki, Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Ərizəsinin məzmunundan göründüyü kimi ərizəçi həmçinin 12 sentyabr 1978-ci il tarixindən 22 oktyabr 1988-ci il tarixinə kimi Basarkeçər rayonunun Zod qızıl mədəninə liftçi vəzifəsində işləmə faktının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi Basarkeçər rayonunun Zod qızıl mədəninə liftçi vəzifəsində işləmə faktını 2.09.1978-ci il tarixindən tanınması barədə gəldiyi nəticə ilə iddia tələbindən kənara çıxmışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla təmin edilməməli, lakin birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxdığından qətnamə - ərizəçinin Basarkeçər rayonunun Zod qızıl mədənində liftçi vəzifəsində işləməsi faktının 2.09.1978-ci il tarixindən müəyyən edilməsi hissəsində dəyişdirilməklə, ərizəçinin Basarkeçər rayonunun Zod qızıl mədənində liftçi vəzifəsində işləməsini başlanmasının tarixi 12.09.1978 müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz, 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-328/2022 saylı, 16 fevral 2022-ci il tarixli qətnaməsi – Ərizəçi Basarkeçər rayonunun Zod qızıl mədənində liftçi vəzifəsində işləməsi faktının 2.09.1978-ci il tarixindən müəyyən edilməsi hissəsində dəyişdirilsin. Ərizəçi Basarkeçər rayonunun Zod qızıl mədənində liftçi vəzifəsində işləməsinin başlanması tarixi 12.09.1978-ci il tarixi müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar