Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3531/2025 18.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Cavabdeh qarşı iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və X1 ibarət tərkibdə, X2 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 18 avqust 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı2 ilə Cavabdeh 06 sentyabr 2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurublar. Onların nikahı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(003)-1170/2023 saylı qətnaməsi ilə pozulmuşdur. Cavabdeh gəlin köçərkən, onun cehiz əşyalarını bir qismi mülkiyyət hüququ ilə İddiaçı2 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə, digər qismini isə qaynatası İddiaçı1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə yığılmışdır. Cavabdeh həmin evdə yaşamasa da, ona məxsus cehiz əşyaları iddiaçıların evindədir. Şəmkir şəhərində İddiaçı1 məxsus olan fərdi yaşayış evində cavabdehin aşağıdakı cehiz əşyaları mövcuddur: Soyuducu – 1 ədəd ; paltaryuyuan maşın- 1 ədəd; Tozsoran- 1 ədəd; ət çəkən maşın- 1 ədəd; ütü və ütü masası- 1 dəst; mikrovalnovka- 1 ədəd; şirəçəkən- 1 ədəd; xalça – 1 ədəd və qab-qacaq.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddianın əsaslandırıcı hissəsində göstərilən cehiz əşyalarını İddiaçı2 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və İddiaçı1 məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxararaq yaşayış sahələrini boşaldıb təhvil verməsi qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslanmışdır ki, cavabdehin özünə məxsus olan həmin əşyaları çıxarıb aparmaması və evi boşaltmaması nəticəsində iddiaçıların mülkiyyət hüququ kobud şəkildə pozulur, faktki olaraq evdən istədikləri kimi istifadə edə bilmirlər.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(003)-100/2025 saylı, 04 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Qəhrəmanov) iddia təmin olunmuşdur.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesi ərəfəsində cehiz əşyalarının tam siyahısı barədə yazılı məlumat verməyinə baxmayaraq məhkəmə bunu nəzərə almamışdır. Hətta həmin əşyaların yerində siyahıya alınaraq həmin əşyalardan istifadə etməyi cavabdeh İddiaçı1 qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş edib, ərizə təmin edilib. Həmin qərardad məhkəmə iclasında iddiaçının nümayəndəsinə təqdim edilmiş, əmlakların siyahısı ilə bağlı iddiaçı tərəfindən heç bir etiraz daxil olmamışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024–cü il tarixli e–16(003)–146/2024 nömrəli qərardadı icra edilmiş və əmlak siyahıya alınmışdır. Yəni əmlakların naturada movcudluğu təsdiq edilmişdir. Bundan başqa cehiz əşyalarından ünvan 3 ünvanında qalan dəyəri 350 manat olan 1 ədəd BOSCH markalı ət çəkən maşın, dəyəri 350manat olan 1 ədəd BOSCH markalı şirəçəkən maşın, dəyəri 500 manat olan 1 ədədBOSCH markalı ütü, dəyəri 500 manat olan 1 ədəd BOSCH markalı ütü masası, dəyəri2000 manat olan 1 ədəd paltaryuyan, dəyəri 4000 manat olan 1 ədəd BOSCHmarkalı soyuducu, dəyəri 2000 manat olan 1 ədəd televizor, dəyəri 500 manat olan 1 ədəd Roventa markalı tozsoran, dəyəri 250 manat olan 1 ədəd Telaf markalı blender, dəyəri 10000 manat olan divan kreslo dəsti işlədilib yararsız hala salınması barədə məhkəməyə rəsmi məlumat verməyimə baxmayaraq işin bu halı da birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Ona görə də hesab edir ki, məhkəmənin hazırki qətnaməsi qismən ləğv edilməli və ona məxsus əmlakların yuxarıda qeyd etdiyi həcmdə göstərilməsi barədə yeni qətnamə çıxarılmalıdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
10. Lakin cavabdeh Bəhrinur Sadəqova və nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəmə kollegiyasının iclasında iştirak etmiş və apellyasiya şikayətini müdafiə etdiklərini bildirmişlər.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
Apellyasiya baxışının hədləri
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
13. Hazırkı işdə iddia təmin olunduğundan və qətnamə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə işin hallarını düzgün müəyyən etmiş və həmin hallara uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.
15. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir.
16. Cavabdeh iddia tələbində göstərilən əşyalardan əlavə əşyaların da iddiaçılara məxsus mənzillərdə qaldığını iddia edir və həmin əşyaların da ona təhvil verilməsini xahiş etsə də, qarşılıqlı iddia irəli sürməmişdir. Ona görə də birinci instansiya məhkəməsi işə tələb həddində baxmış və iddia ərizəsində göstərilən əşyaların mənzildən çıxarılması qənaətinə gəlmişdir.
17. MPM-nin 218.3-cü maddəsinin tələbinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
18. Cavabdeh xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edərkən ona izah olundu ki, məhkəmə yalnız iddiaçının irəli sürdüyü tələb həddində işə baxır. İddiaçının hazırkı iş üzrə tələbində isə yalnız qətnamədə göstərilən əmlaklar qeyd olunmuşdur. Cavabdeh çıxarılması qət olunan əmlakların tam olmadığını, iddiaçıya məxsus ünvanda onun başqa əmlaklarının da qaldığını hesab edirsə, o halda bu barədə birinci instansiya məhkəməsində ümumi qaydada iddia qaldırmalıdır.
19. Hazırda cavabdeh apellyasiya instansiyası məhkəməsinə ərizə ilə müraciət edərək birinci instansiya məhkəməsində artıq belə bir iddia qaldırdığını bildirmiş və bu əsasla iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hazırkı işin yeni qaldırılan iddia üzrə məhkəmə icraatına, eləcə də həmin işin hazırkı işə maneə yaratmadığını və onlar arasında hər hansı asılılıq müəyyən olunmadığını nəzərə alaraq vəsatəti təmin etmədi.
20. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin dəlillərini tamamilə əsassız sayır və hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə 04 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.