Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3532/2021 16.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “vərəsə kimi tanınma, mirasın qəbul edilməsi müddətinn uzadılması, miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3006/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ş.İsgəndərov küçəsi 50 saylı fərdi yaşayış evinə dair anaları X5 aid 1/2 hissəsinə İddiaçı1 və İddiaçı2 qanun üzrə vərəsə kimi tanınmasına, miras əmlakın qəbul edilməsi müddətinin gecikdilriməsinin üzürlü sayılaraq uzadılmasına, miras əmlakın 1/2 hissəsinə İddiaçı1, digər 1/2 hissəsinə İddiaçı2 payının tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ş.İsgəndərov küçəsi 50 saylı fərdi yaşayış evi 34 hissədə anaları X3, 1/2 hissədə qardaşımız X7 mülkiyyətindədir. X1 xx.xx.1986-cı il tarixdə, anaları X9 xx.xx.2017-ci il tarixdə, qardaşları X12 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ş.İsgəndərov küçəsi 50 saylı fərdi yaşayış evi miras mülkdür, qardaşları sağ olanda onlar daim həmin miras əmlakdan istifadə edirdilər, əmlakı idarə edirdilər, lakin, qardaşları Rəfi Babayev vəfat etdikdən sonra onun arvadı - Cavabdeh onları miras əmlakdan istifadə etməkdən, əmlakı idarə etməkdən məhrum etmişdir. Hazırda həmin miras əmlakla bağlı cavabdehlə aralarında mübahisə var, cavabdeh onlara miras mülkdən istifadə etməyə, əmlakı idarə etməyə, vərəsəlik hüquqlarını reallaşdırmağa imkan vermir, sənədləri gizlədir, müvafiq sənədləşdirmə işləri aparmağa mane olur. O, çalışır ki, onları miras mülkdən məhrum etsin. Ona görə də miras əmlakın anası X5 aid 1/2 hissəsinə vərsə kimi qeydə alınması, payların müəyyən edilməsi üçün Bakı şəhəri 7 saylı Notariat kontoruna müraciət etmişlər. Lakin, notariat kontoru vərəsələr arasında mübahisə olduğu üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etdi və məsələnin həlli üçün məhkəməyə müraciət etməyim izah olundu. Odur ki, miras əmlak - Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ş.İsgəndərov küçəsi 50 saylı fərdi yaşayış evinə dair anaları X5 aid 34 hissəsinin İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilməsi müddətinin uzadılmasına, onun qanun üzrə vərəsə kimi tanınmalarına, miras əmlakın hissəsinə İddiaçı1, digər 34 hissəsinə İddiaçı2 payının tanınmasına dair qətnamə çıxarılmalıdır. Qeyd etmişlər ki, anaları Əminə Babayeva xx.xx.2017-ci il tarixdə vəfat edib, həmin vaxtdan onlar miras əmlakı idarə etmişlər, ondan istifadə etmişlər, ona görə də notariat orqanına müraciət etmədilər, lakin, qardaşları vəfat edəndən sonra cavabdeh tərəfindən onlar miras əmlakdan və sənədlərdən istifadə imkanlarından məhrum edilmişlər. Onlar dəfələrlə cavabdehlə danışıq apardılar ki, məsələni öz aralarındada həll etsinlər. Lakin, cavabdeh razı olmamışdır. Bu səbəbdən notariat orqanına 2020-ci ildə müraciət etmişlər. Ona görə də miras əmlakın notariat qaydasında qəbul edilməsi müddətinin gecikdirilməsi üzürlü sayılaraq uzadılmalıdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3006/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mirasın qəbul edilməsi müddətinn uzadılması, vərəsə kimi tanınma, miras əmlakda payın müəyyən edilməsi barədə iddialarının təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Sabit Bəhrəmzadə). Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3006/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdakan qəsəbəsi, S.İskəndərov küçəsi fərdi yaşayış ev 50 daşınmaz əmlak olmaqla 1/2 hissəsni miras payı kimi birinci növbəli vərəsə payı kimi qəbul etmişlər və Mərdəkan Bələdiyyəsinə də vergini ödəmişlər. Miras payın daşınmaz əmlak olduğunu və Cavabdeh ilə aralarındakı baş verənlərə və maraqlı şəxsin ifadəsinə hüquqi qiymət verməklə düzgün nəticəyə gəlməklə iddiaçıları miras payından məhrum etməməli idi. Bu Konstitusiyaya ziddir. Məhkəmə iddiaçılar tərəfindən iddia ərizəsində göstərilənlərin əksinə olaraq onların miras qoyanın vəfatından sonra miras əmlakı faktiki qəbul etdiklərinin sübut olunmadığını göstərmişdir ki, bu da işin faktiki halları ilə təsdiqlənmir. MM-in 1321.1-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 95-ci bəndinə görə, vərəsəliyə çağrılmış şəxslər miriasın açıldığı yerdəki notariat orqanlarından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Vərəsəlik şəhadətnaməsi mirasın açıldığı yerin notariusu tərəfindən verilir. Mirasın açıldığı yer haqqında müddəalar MM-in 1147-1149-cu maddələrində nəzərdə tutulmuşdur. İş materiallarından olan ünvan 1 ünvanladığı məktubundan görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş X2 miras qalmış, Bakı şəhəri, Xəzər rayonu, Mərdakan qəsəbəsi, S.İskəndərov küçəsi fərdi yaşayış ev 50 mərhumun digər vərəsələri ilə aralarında pay bölgüsünə dair mübahisə yarandığı üçün və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-ci maddəsinə (qanunla müəyyən olunmuş müddət ötürüldüyündən) əsasən onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək imkan xaricində olması bildirilmişdir. MM-in 1255-ci maddəsinə görə Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Miras payı vərəsələr tərəfindən qeyri-formal üsullarla qəbul edildiyinə baxmayaraq məhkəmə həmin dəlillərin qəbul edilmədiyi qənaətinə gələrək iddiaçıları vərəsəlik hüququndan demək olar ki, məhrum etmişdir. Miras qalan əmlakın müqəddəratı ictimai əhəmiyyətə malikdir. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2020-ci il Qərarında göstərilən hüquqi mövqeyində göstərmişdir ki, Qanunvericilik mirasın qəbulunun iki üsulunu, formal və qeyri-formal üsullarını müəyyən etmişdir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, Məhkəmələrdə müraciətlərə (şikayətlərə) baxılmasının prosessual qaydasınıtənzimləyən Mülki Prosessual Məcəllənin 2-ci maddəsində mülki məhkəmə icraatının vəzifələri təsbit edilmişdir. Həmin maddəyə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən isə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən, hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, Vərəsə mirasın açıldığı yer üzrə notari at ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır(Mülki Məcəllənin 1255-ci maddəsi). Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəmələr mülki işə baxarkən hər kəsin məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırması hüquqlarını səmərəli və əlçatan vasitələrlə təmin edərək ədalət mühakiməsini qanunvericiliklə müəyyən edilmiş xüsusi prosessual icraat qaydasında həyata keçirməlidirlər. Xüsusi icraat qaydasında hüquq haqqında mübahisənin mövcud olmadığı mülki işlərə baxılır. Bu səbəbdən bu cür işlərdə tərəflər (iddiaçı, cavabdeh) və üçüncü şəxslər deyil, yalnız ərizəçi və maraqlı şəxslər iştirak edir. Xüsusi icraat qaydasında baxılan işlərdən biri də hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərdir. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsi hüquqi faktlardan asılıdır. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi də hüquqi əhəmiyyəti olan fakt olduğundan belə işlərə xüsusi icraat qaydasında baxılır (Mülki Prosessual Məcəllənin 307.2.9-cu maddəsi). Əgər notariat orqanı miras əmlakın qəbul edilməsi faktının və ya vərəsəliyin açılma yerinin müəyyən olunması ilə bağlı şəhadətnamə verməkdən imtina edərsə, o halda ərizəçi xüsusi icraat qaydasında bu faktların məhkəmə qaydasında müəyyən edilməsi üçün ərizə ilə müraciət edə bilər. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən vərəsəlik zamanı birinci növbədə ölənin uşağları qanun üzrə vərəsə hesab olunurlar. Məhrumun ikimizdən başqa vərəsəsi olmadığından və miras payının kim tərəfindən mübahisələndirildiyi məhkəmə tərəfindən araşdırılmamışdır. Mirasa daxil olan əmlak üzərində səlahiyyətsiz şəxs olmuş (vəfat etmiş X12 arvadı olmuş) Cavabdeh qanunvericilik aktın ziddinə olaraq cavabdeh qismində işə cəlb edərək onu prosessual tərəf kimi qəbul etməklə məhkəmə onun iş üzrə maraqlı şəxs olduğunu nəzərə almamış (Bakı şəhəri,Xəzər rayonu,Mərdakan qəsəbəsi, S.İskəndərov küçəsi fərdi yaşayış ev 50 daşınmaz əmlak kimi Vı hissəsi onun əri olmuş X13 olduğundan) əmlak payın mərhum anama məxsus olan 1/2 hissəsini də daşınmaz əmlak kimi tam ələ keçirmək məqsədi olduğundan bizim miras payını faktiki qəbul etmədiyimizi məhkəmədə göstərmişdir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etdilər. Kollegiya iclasında iştirak edən Cavabdeh iddiaçıların apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1961-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası X11, anası X6r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1965-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası X11, anası X6r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1986-cı il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2017ci il tarixdə ölmüşdür. İş materiallarında olan ünvan 1 ünvanlanmış məktubdan görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş X2 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ş.İsgəndərov küçəsi, 50 mərhumun digər vərəsələri ilə aralarında pay bölgüsünə dair mübahisə yarandığı üçün və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən (qanunla müəyyən olunmuş müddət ötürüldüyündən) onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək imkan xaricində olması bildirilmişdir. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Məcəllənin 1248.1-ci maddəsində təsbit edilmişdir ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd olunan müddəalara əsasən iddiaçılar miras qoyan X3 vərəsəsi kimi mirasın açıldığı onlara bəlli olduğu andan qanunla müəyyən olunmuş müddətlər ərzində mirasın qəbuluna yönəlmiş hərəkətlər etməli idilər. Mirasın qəbuluna dair hərəkətlər isə iki formada ola bilər - mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmək barədə ərizə vermək, yaxud əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə. İşin hallarından görünür ki, iddiaçılar notariat kontoruna mirası qəbul etmək barədə müddəti ötürməklə müraciət etmişlər. Beləliklə, mirasın açıldığının onlara bəlli olmasına və buna dair hər hansı maneənin olmamasına baxmayaraq iddiaçılar notariat kontoruna mirası qəbul etmək barədə ərizələri qanunla müəyyən edilmiş müddətlər ərzində verməmişdir. Notariat orqanına mirasın qəbulu barədə ərizələrin verilməməsinin üzürlü səbəbləri barədə iddiaçılar tərəfindən hər hansı sübut təqdim olunmamışdır. İşin hallarından həmçinin görünür ki, iddiaçılar miras əmlakı faktiki olaraq da qəbul etməmişlər. Miras əmlakın faktiki olaraq qəbul edilmədiyi ilk növbədə həm birinci instansiya məhkəməsində icraat zamanı, həm də işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman iddiaçıların özlərinin izahatları ilə də təsdiq olunur. Belə ki, İddiaçı1 birinci instansiya məhkəməsində icraat zamanı verdiyi izahatda göstərmişdir ki, o anasının evinə ona baş çəkmək üçün aradabir gedib-gəlmişdir. Bunu iş üzrə ifadə vermiş şahidlər də ifadələrində qeyd etmişlər. İddiaçı2 birinci instansiya məhkəməsində icraat zamanı verdiyi izahatında göstərmişdir ki, qardaşları sağ olanda o həmin miras əmlakdan istifadə etmiş, yay aylarında bir aydan çox orada yaşamaqla əmlakı idarə etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı iddiaçılar izahatlarında miras əmlakı faktiki olaraq qəbul etmədiklərini və mirasın qəbulu ilə bağlı qanunla nəzərdə tutulmuş müddəti ötürdüklərini bildirmişlər. İddiaçılar mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmələrini hüquqi savadlarının olmaması ilə izah etmişlər. Eyni zamanda kollegiya qeyd edir ki, faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Hazırki halda isə miras əmlakın faktiki olaraq qəbul edilməsi öz təsdiqini tapmır. Mirasın qəbuluna dair hərəkətlər isə özündə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamağı və bununla da mirasın qəbul edildiyinin şəksiz nümayiş etdirilməsini ehtiva edir ki, iş materialları və tərəflərin izahatlarına əsasən mirasın iddiaçılar tərəfindən faktiki qəbulu öz təsdiqini tapmır. Yəni, iddiaçılar tərəfindən belə məzmunlu hər hansı hərəkətlər edildiyi iş materialları ilə təsdiq olunmur. Arabir həmin əmlakda müvəqqəti olaraq qalmaq isə yuxarıda qeyd edilən hərəkətlərin edilmiş hesab olunması kimi qiymətləndirilə bilməz. Bundan əlavə kollegiya qeyd edilməsini zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçılara buna dair hər hansı maneçilik yaradıldığı iş materialları ilə təsdiq olunmur. Əvvəla iddiaçılar özlərinin anaları öləndən sonra ora gedib-gəlmələrini qeyd etməklə yalnız qardaşları öləndən sonra həmin əmlakdan istifadələrinə cavabdehin mane olmasını qeyd etmişlər. Yəni, miras əmlakın faktiki qəbulu üçün də hər hansı məhdudiyyət olmamamışdır. Bununla yanaşı, belə bir maneə olmuş olsaydı belə, hazırki ərizə ilə məhkəməyə müraciət edənədək belə maneənin mövcudluğu və onun aradan qaldırılması ilə bağlı hər hansı orqana müraciət etməmişlər. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, kollegiya hesab edir ki, iddia tələbinin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçıların apellyasiya şikayətində göstərdikləri dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3006/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-3532/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3532/2021
16.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver