Məhkəmə qərarları › İş №2(103)-3533/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3533/2020

08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3533/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X12 oğlunun katibliyi, X1 nümayəndəsi İddiaçı6, İddiaçılar İddiaçı7 və İddiaçı9 nümayəndəsi (vəkili) İddiaçı15, İddiaçı3 nümayəndəsi (vəkili) X3, Cavabdeh1 MMMC-nin nümayəndəsi (vəkili) X5 iştirakı ilə, İddiaçı1 və qeyrilərinin Cavabdeh1 MMMC-yə qarşı «sənədlərin təqdim edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-6470/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və qeyriləri Cavabdeh1 MMMC-yə qarşı «sənədlərin təqdim edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, 2018-ci ilin sentyabr ayında yaşadıqları binaların mənzil mülkiyyətçilərinin iştirakı ilə Cavabdeh1 təsis edilmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeyrikommersiya hüquqi şəxsi kimi dövlət qeydiyyatına alınmaqla hüquqi şəxs statusu qazanmış və fəaliyyətə başlamışdır. Həmin vaxta qədər yaşadıqları binada kommunal xidmətlərin göstərilməsinə dair idarəçiliyi «xxxxxxxxxxx» MMC həyata keçirmiş, xx.xx.2018-ci il tarixdə «xxxxxxxxxxx» MMC ilə Cavabdeh1 MMMC arasında imzalanmış Akt əsasında binaların idarəçiliyinə aid olan, həmin vaxtadək «xxxxxxxxxxx» MMC-də olan sənədlər, mənzil mülkiyyətçilərinə dair məlumatlar, binaların mərtəbələrində olan şitlərin açarları və s. (aktda təhvil verilənlər tam əks olunmuşdur) Cavabdeh1 MMMC-nin rəhbərləri Dilarə Cabbarovaya və Aysel Zeynalovaya təhvil verilmişdir. Beləliklə, 2018-ci ilin sentyabr ayından Cavabdeh1 MMMC yaşadıqları binaların idarəçiliyini hüquqi və faktiki cəhətdən tamamilə üzərinə götürmüşdür. Sakinlər 2018-ci ilin yayında Cavabdeh1 MMMC-ni təsis edərək binaların kommunal idarəçiliyni ona həvalə edəndə düşünülürdi ki, öz içlərindən, yəni, sakinlərin yaratdığı bu qurum yaşadıqları binaların idarəçiliyini daha səmərəli həyata keçirəcək, yığılan kommunal haqların təyinatı, xərclənməsi barədə onlara vaxtı-vaxtında məlumat veriləcək, binalarının saxlanması,kommunal, təsərrüfatın idarəçiliyi daha da yaxşılaşacaqdır. Lakin keçən müddət ərzində sakinlərin tərəfindən kommunal xidmət haqlarının ödənilməsinə baxmayaraq, yığılan vəsaitin miqdarı, təyinatı, hansı məqsədlərə və nə qədər vəsait xərclənməsi barədə onlara hər hansı məlumat verilmir. Yığılan kommunal xidmət haqlarının kimlər tərəfindən hansı qaydada müəyyənləşdirilməsi onlara məlum deyil və sorğularına da cavab verilmir. Binanın lift təsərrüfatına su çənlərinin, təmizliyici qurğuların təmizlən-məsinə, saz vəziyyətdə saxlanmasına, elektrik enerjisinin verilməsi ilə bağlı qurğuların sazlığına və işlənmə vəziyyətinə, təhlükəsizlik tədbirlərinə, binaya xidmət göstərən digər təsərrüfat sahələrinin mühafizəsi, saz vəziyyətdə saxlanması və servisin təşkilinə dair onlara hər hansı bir məlumat verilmir və bu xidmət sahələrinin vəziyyəti onlara məlum deyil. Bildirir ki, binanın xidmət sahələrinin servisi ona görə vacibdir ki, içməli su çənlərinin vaxtında təmizlənməsi, elektrik avadanlıqlarının saz vəziyyətdə saxlanması onların yaşayışları, sağlamlıqları, təhlükəsizlikləri üçün bilavasitə zəruridir. Sakinlər tərəfindən aylıq kommunal ödənişlərinin MMMC-yə ödənilməsinə baxmayaraq, Cavabdeh1 MMMC-nin qanunla və nizamnaməsi ilə üzərinə düşən vəzifələri yerinə yetirməməsi, yığılan aylıq vəsaitin təyinatı üzrə xərclənməsinə dair hesabat verməməsi onları narahat edir. Həmçinin, təsis edilməsindən 01 il keçməsinə baxmayaraq, indiyədək, hər hansı görülmüş işlər barədə hesabat verilməmişdir, bank hesabı sakinlərə bildirilməmişdir. Cavabdeh1 MMMC-nin rəhbər orqanları olan İdarə Heyətinin, Nəzarət-Təftiş Komissiyasının üzvlərinin kimliyi barədə onlara məlumat verilməmişdir. Binaların kommunal vəziyyəti ilə bağlı suallar yarandıqda kimə müraciət edilməli olduğunu bilmirlər. Sual yarandıgda sədr adı daşıyan Aysel Zeynalovaya zəng vurulduğda onun həyat yoldaşı olan Cavabdeh2 cavab verir və özünün subyektiv mülahizələri ilə məsələyə münasibət bildirir, çox zaman sakinlərin hüquqlarını pozan qərarlar verir. Faktiki Cavabdeh1 MMMC-nin idarəçilik səlahiyyətlərini əlinə alan Cavabdeh2 sakinlərə qarşı sayqısızlıq, hörmətsiz hərəkətləri ilə narahatçılıqlar yaradır. Belə kİ, məsələn, zirzəmidə yerləşən dayanacaq sahəsində olan ehtiyat qapısını açarla bağlayıb açarı özü ilə götürüb və həmin ehtiyat qapısının qarşısında ödənişlə maşın saxlatdırır. Bununla nə dərəcədə orada maşın saxlayan 60 sakini təhlükə və riskə məruz qoyduğunu başa düşmək belə istəmir. Kommunal xidmətlərə dair ödənişlər edərkən xidmətlərin icraçı tərəfindən qanuna uyğun yüksək səviyyədə və keyfiyyətli yerinə yetirilməsinə inanıb, etibar etmişdilər. Lakin, bir müddət sonra bunun belə olmadığını kommunal xidmətlərin səviyyəsi bərbad hala düşdüyünü və kommunal xidmət haqqının bu səviyyəli xidmət üçün yüksək olduğu aşkar olundu. Belə ki, dislokasiya üzrə Cavabdeh1 MMMC-yə mənzillər üzrə otaqların sayı üzrə bir ay üçün 8574 manat, bir il üçün 102888 manat vəsait daxil olur. Son 1 ildə binaların kommunal vəziyyəti xeyli dərəcədə pisləşmiş, pilləkən qəfəslərinə, binanın ümumi həyətində görsədilməli olan xidmətlər aparılmır, nöqsanlara yol verilir, zirzəmiləri – maşınların parkovka edilən ümümi istifadədə olunan sahələr qətiyyən təmizlənmir və keyfiyyətli işıqlandırılmır, binanin damlarında və texniki mərtəbələrində təmizlik və təmir işləri aparılmır, binanın üçüncü girişində bir ildən ariiqdır ki, sərnişin lifti işləmir, qurğulara servis xidmətinin hansı səviyyədə göstərilməsindən məlumatları yoxdur. Kommunal xidmətlərlə bağlı hansı təşkilatlarla, hansı şərtlərlə müqavilə bağlanıb-bağlanmaması, hansı servis işlərinin aparılıb-aparılmaması və s. zəruri məsələlər üzrə hər hansı məlumatı yoxdur. Yığılan kommunal haqlarının hansı məqsədlərə sərfiyyat olunduğu barədə onlara məlumat verilmir. Cavabdeh1 MMMC-nin kommunal yığımını həyata keçirən X8 bəzi hallarda ödənişlərə görə qəbz təqdim etməyir və sakinlər tərəfindən qəbz tələb olunduqda «sonra verərəm», «biz buradayiq» deyərək ayları ötürür. Belə ki, ödənişlərin tam rəsmləşdirilməməsi və bu günə qədər bank hesabı sakinlərə bildirilməməsi, sakinlərdə kommunal yığımının şəffaflığı barəsində şübhələr yaradır. Odur ki, bir qrup sakinlər üçüncü şəxs olan müstəqil audit yoxlamasını təşkil edib rəy almaq məqsədi ilə Cavabdeh1 MMMC-nin İdarə Heyətinin sədri Aysel Zeynalovaya və İdarə Heyətinin üzvlərinə ünvanladığı xx xxxx 2019-cu il tarixli ərizədə yuxarıda göstərilən narahatlıqlarını diqqətə çatdıraraq və qanunvericiliyə uyğun oaraq sakinlərə hesabat, verilməli olan sənədləri xx.xx.2019-cu il tarixədək təqdim olunmasını xahiş etmişdilər. Sakinlərin müraciəti Aysel Zeynalova tərəfindən alınmasına baxmayaraq, keçən müddət ərzində sakinlərin istəyinə cavab verilməmiş, hər hansı sənəd təqdim edilməmişdir. Ümumiyyətlə, bu vaxta qədər dəfələrlə yuxarıda göstərilən məsələlərlə bağlı Aysel Zeynalovaya və onun əri-faktiki idarəçiliyi həyata keçirən Cavabdeh2 olan müraciətlər nəzərə alınmamış, cavab verilməmişdir. Ona görə də hesab edir ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdırlar. Qanunvericilikdə Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin binanın mənzil mülkiyyətçilərinə, sakinlərə göstərməli olduğu xidmətlər, cəmiyyətin vəzifələri konkret göstərilməsinə baxmayaraq, Cavabdeh1 MMMC tərəfindən bu vəzifələr yerinə yetirilmir. Bununla, qanunvericiliyin və Cəmiyyətin Nizamnaməsinin tələbləri pozulmaqla yanaşı, onlar sakinlərin - mənzil mülkiyyətçilərinin hüquqları da pozulur. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)- 6470/2019 saylı qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia qismən təmin olunmuşdur. Cavabdehi qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmamasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddiaçıların cəmiyyətin iştirakçıları olmasının yoxlanılmaması və s. kimi əsaslandırmış,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə baxışında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək,orada göstərilən dəlillərə uyğun izahat vermiş,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak etmiş iddiaçı tərəf apellyasiya şikayətini əsassız saayraq,iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş,əlavə olaraq göstərmişlər ki,məhkəmə kollegiyasının da vaxt verməsinə baxmayaraq cavabdeh tərəf tələb olunan sənədlərlə tanış olmalarına şərait yaratmamışdır.Bu səbəbdən də məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq,məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib,iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların surətlərinə əsasən iddiaçılar ünvan 1 və 2D ünvanda yerləşən yaşayış binalarının müvafiq mənzillərinin mülkiyyətçiləridir. İşdə olan Cavabdeh1 MMMC-nin təsis yığıncağının 16may 2016-cı il tarixli qərarından görünür ki,həmin qərarla Cavabdeh1 MMMC təsis olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeyri-Kommersiya Qurumlarının Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki,Cavabdeh1 MMMC 10sentyabr 2018-ci il tarixdə dövlət qeydiyyatına alınmış,fəaliyyət ərazisi Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, məhəllə 593, ev 2C və 2D-dir. İşdə olan ərizədən görünür ki, Bakı şəhəri,Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, məhəllə 593,ev 2C və 2D ünvanda yerləşən yaşayış binalarının sakinləri Cavabdeh1 MMMC-nin İdarə Heyətinin sədrinə müraciət edərək müvafiq məlumatların və hesabatın (sakinlərdən aylıq yığılan pul vəsaitlərinin təyinatı üzrə xərclənməsinə dair hesabat, görülmüş işlərə dair məlumat və s.) verilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki,iş materiallarına əlavə olunmuş çıxarışların məcmusundan göründüyü kimi, hazırki iş üzrə iddiaçılar yaşayış binasının məzillərinin mülkiyyətçiləridirlər. Cavabdeh1MMMC Bakı şəhəri, Ə.Salamzadə küç., məh.593 ünvanında yerləşən 2C və 2D nömrəli binaların mülkiyyətçilərinin Ümumi Yığıncağı tərəfindən təsis edilmişdir. Bina sakinlərinin MMMC-yə müvafiq rəsmi sənədləri tələb edilməsinə dair müraciəti imtina ilə nəticələnmişdir. Nəticə etibarilə, iddiaçılar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mənzil Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Cavabdeh apellyasiya şikayətində iddiaçıların cəmiyyətin iştirakçıları olmasının yoxlanılmamasını göstərsə də, nümayəndəsi bu istiqamətdə məhkəməyə hər hansı sübut (iştirakçıların siyası və s.) təqdim etməmişdir. Əksinə, işdə olan sübutlara əsasən iddiaçılar mənzil mülkiyyətçiləri olmaqla, müvafiq ərizələrlə müraciət edərək MMMC-nin iştirakçısı kimi hüquqlarının təmin olunmasını tələb etmişlər. Eyni zamanda qeyd edilməlidir ki, Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. Həmçinin qeyd edilməlidir ki, Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsinə əsasən, müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifəsidir. Nəzərə almaq lazımdır ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır, cəmiyyətin idarə heyətinin səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququna malikdir (Mənzil Məcəlləsinin 125.1 və 125.4-cü maddələri). Mənzil Məcəlləsinin 123-cü maddəsində mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifələri müəyyən olunmuşdur. Həmin Məcəllənin 127.1-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti cəmiyyət iştirakçılarına hesabat verən cəmiyyətin icra orqanı olmaqla cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir. Göründüyü kimi, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti cəmiyyət iştirakçılarına hesabat verən cəmiyyətin icra orqanıdır. Cavabdeh tərəf isə cəmiyyətin idarə heyətinin cəmiyyət iştirakçılarına hesabat verməsini təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Eyni zamanda, məhkəmə kollegiyasının vaxt verməsinə baxmayaraq cavabdeh tərəf tələb olunan sənədlərlə iddiaçı tərəfin tanış olmasını və qanunvericiliklə üzərinə düşən vəzifələrin icrasını təmin etməmşdir. Cavabdeh tərəfin izahatı isə iddianın rədd olunması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti şikayət təmin olunmamalıdır. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.1,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı1 və qeyrilərinin Cavabdeh1 MMMC-yə qarşı «sənədlərin təqdim edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-6470/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-6470/2019 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar