Məhkəmə qərarları › İş №2(103)-354/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-354/2020

20.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-354/2020 20.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi ilə (məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehlər X2 və Cavabdeh6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2 Ruslan qızına qarşı, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi üçüncü şəxs olmaqla “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(005)-2544/2019 saylı qətnaməsindən cavabdeh Y.Sadıqovanın apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2 Ruslan qızına qarşı, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi üçüncü şəxs olmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onun mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu F. Yusifov küçəsi, ev 44, 11 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1966-cı ildə Quba rayonunun Rustov kəndində anadan olmuşdur. ünvan 1 ünvanında yerləşən mənzil onun şəxsi mülküdür. Azərbaycan Respublikasının torpaqlarının bir hissəsi işğal edildikdən sonra Laçın rayonundan məcburi köçkün düşən qeyd edilən cavabdehlər tərəfindən ona məxsus mənzil zəbt olunmuşdur. O, bir Azərbaycan vətəndaşı olaraq məcburi köçkünlərin düşdüyü vəziyyəti anlayaraq bir neçə il cavabdehlərin ona məxsus mənzildə qanunsuz yaşamalarına göz yummuşdur. Lakin hazırda onun özünün mənzili olmadığı halda, yəni mənzil-məişət şəraitinin ağır olduğu halda artıq məcburdur ki, cavabdehlərin ona məxsus mənzildən çıxarılmalarını tələb etsin. Dəfələrlə bu barədə cavabdehlərlə əlaqə saxlayıb mənzilini boşaltmasını tələb etsə də, heç bir müsbət nəticəsi olmamışdır. O, məcburi köçkünlərin mənzilindən çıxarılmaları barədə və onların yerləşdirilməsri barədə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etsə də, komitə ona 01/3177 saylı məktubla imtina edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 1346 nömrəli sərəncamına müvafiq olaraq, məcburi köçkünlər dövlət proqramına uyğun olaraq digər mənzillə təmin olunacaqlar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(005)- 2544/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2 Ruslan qızının Bakı şəhəri Nərimanov rayonu F. Yusifov küçəsi ev 44, 11 saylı mənzilindən çıxarılması, cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2 Ruslan qızının başqa yaşayış sahəsinə köçürülmələrinin təmin olunmasının Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə həvalə edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh X2 apellyasiya şikayəti və apellyasiya baxışı zamanı apellyasiya şikayətinə əlavə verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və ona əlavə belə əsaslandırılmışdır ki, o, Laçın rayonundan 7 nəfər ailə üzvü ilə birlikdə məcburi köçkün düşmüş, həmin vaxtdan hazırki vaxta kimi Nərimanov rayonu F.Yusifov 44 mənzil 11 ünvanında məskunlaşmışlar. 45 ildir müəllimə işləyir. Yoldaşı Cavabdeh1 sabiq polis əməkdaşıdır. O, Silahlı Qüvvələr və müharibə veteranıdır. Yoldaşı (1988-ci ildən 1994-cü ilə qədər) atəşgah vaxtına qədər Azərbaycan Respublikası ərazisində Laçın, Kəlbəcər, Ağdam, Qubadlı, Cəbrayıl, Füzuli və s. rayonlarda gedən döyüşlərdə ön cəbhədə yaxından iştirak etmişdir. 1992-ci ilin may ayından erməni Eduard Azbekyana məxsus 2 otaqlı mənzildə məskunlaşmışlar. Onlardan fərqli olaraq İddiaçı həm Quba rayonunun Rustov kəndində, həm də Xətai rayonu N.Tusi küçəsi ev 43 mənzil 90-da yaşamağa evi var. İddiaçı 26 ildir ki, tez-tez onları narahat edir. Evdən çıxmaqlarını tələb edir, hədəqorxu gəlir. Erməni evində yaşamaqlarına imkan vermir. Amma erməni onların evində rahatlıqla yaşayır. İddiaçı 1994-cü ildə Nərimanov rayon Xalq Məhkəməsinə iddia ərizəsi vermişdir ki, onları məskunlaşdıqları mənzildən çıxarsınlar. Nərimanov rayon Xalq Məhkəməsinin hakimi N.Sorokin qətnamə qəbul etmişdir ki, Laçın rayonu alınana qədər onlara həmin mənzildə yaşamaq hüququ verilsin. Onlar heç kəsin bağlı qapısını qırıb evinə girməmişlər. Hansısa yolla məskunlaşdıqları, boş olmayan mənzilə İddiaçı qanunsuz olaraq order verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Y.Sadıqova digər cavabdeh (əri) Cavabdeh1 xx xxxx 2017-ci il tarixdə öldüyünü bildirərək, bu barədə ölüm haqqında xəbərdarlıq vərəqəsini təqdim etdi. Apellyasiya şikayətini müdafiə edərək, ona uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Digər Cavabdeh6 da apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı və digər cavabdehlər məhkəməyə gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşə apellyasiya icraatı qaydasında baxılarkən müəyyən edilmişdir ki, Cavabdeh1 hələ İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməmişdən əvvəl, yəni xx.xx.2017-ci ildə vəfat etmişdir. Belə vəziyyətdə prosessual hüquq varisliyinə yol verilmədiyindən və həmin hissədə iş məhkəmədə baxılmalı olmadığından, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2544/2019 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi qismən – Cavabdeh1 aid hissədə ləğv edilmiş və həmin hissədə işin icraatına xitam verilmişdir. İddianın qalan hissəsi ilə bağlı məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən olunur ki, mübahisəsi gedən mənzil Bakı Vaqon Deposunun müdiriyyətinin və Həmkarlar Komitəsinin birgə iclasının xx.xx.1993-cü il tarixli qərarı nəzərə alınaraq, Bakı şəhəri Nəsimi rayon İcrayyə Komitəsinin XDS-nin xx.xx.1993cü il tarixli sərancamına əsasən xx.xx.1993-cü il tarixli 000375 nömrəli orderlə İddiaçı verilmişdir. Sonuncu xx.xx.1995-ci il tarixdə həmin mənzili özəlləşdirərək, qeydiyyat vəsiqəsi almışdır. Hazırda mənzil İddiaçı mülkiyyətindədir. Həmçinin müəyyən olunur ki, cavabdehlər 1992-ci ilin may ayında Laçın rayonundan məcburi köçkün düşərək, mübahisəli mənzildə məskunlaşmışlar. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına qiymət verərək, qeyd edilən mənzil iddiaçının mülkiyyətində olduğundan, cavabdehlərin həmin mənzildə məskunlaşmaları iddiaçının qanunla qorunan mülkiyyət hüquqularının pozulması ilə nəticələndiyinə görə cavabdehlərin həmin mənzildən çıxarılması qənaətinə gəlmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Göründüyü kimi, mübahisəli mənzil xx.xx.1995-ci il tarixdə iddiaçının adına qeydiyyata alınmışdır və onun mülkiyyətindədir. Cavabdehlər isə həmin mənzildə məskunlaşmışlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 43-cü maddəsində görə isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mübahisəli mənzil iddiaçının mülkiyyətindədir, lakin cavabdehlər mübahisəli mənzildə yaşayırlar, onların həmin mənzilə hüquqlarını, mənzilin onların sahibliyində olmasının qanuniliyini təsdiq edən hər hansı sübut yoxdur, bununla da iddiaçının mülkiyyət hüququnu əsassız yerə məhdudlaşdırırlar. Hazırda cavabdehlər başqa yaşayış yeri olmadığı üçün mənzildən çıxmırlar, lakin Kollegiya qeyd edir ki, iddiaçı hazırki halda hər hansı məsuliyyət daşımır, bu hal cavabdehlərin iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıraraq ona məxsus olan mənzildə yaşamalarına əsas vermir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Qeyd olunmalıdır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (1 saylı Protokol) 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Mülkiyyət hüququna müdaxilə hallarında cəmiyyətin maraqlarına xidmət etdiyi irəli sürülən məqsəd ilə istifadə olunan üsul arasında adil balansın qurulması zəruridir. X4 Məhkəməsi (bundan sonra AİHM) «Sporronq və Lonnpot İsveçə qarşı» iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. AİHM «Həsənov Azərbaycana qarşı» iş üzrə xx xxxxx 2010-cu il tarixli Qərarında göstərmişdir ki, «Məhkəmə qəbul etməyə hazırdır ki, hazırkı işdə Azərbaycanda məcburi köçkünlərin böyük sayının mövcudluğu ərizəçinin xeyrinə olan qətnamənin icrasında müəyyən çətinliklər törətmişdir. Xüsusən, bu vəziyyət məcburi köçkünlərin yaşayış sahəsi ilə təmin olunma hüquqlarına qarşı ərizəçinin 1 saylı Protokolun 1-ci maddəsi ilə təmin olunmuş mülkiyyətdən maneəsiz istifadə hüquqlarının tarazlaşdırılmasını tələb edirdi. Belə olan halda, cavabdeh Dövlətə geniş mülahizə həddi təqdim edilməlidir (baxın, mutatis mutandis, Radanoviç Xorvatiyaya qarşı, № 9056/02, § 49, xx xxxxxx 2006-cı il). Lakin Dövlətin mülahizəsinin həyata keçirilməsi Konvensiyanın standartlarından fərqlənən nəticələrə səbəb olmamalıdır (baxın, Broniovski Polşaya qarşı (BP), № 31443/96, § 182, İHAM 2004-V). Bununla bağlı, Məhkəmə təkrar edir ki, hazırkı işdə olduğu kimi vəziyyət toxunulmuş sosial və maliyyə yükünün ədalətli bölünməsini tələb edir. Bir qrupun və ya bütövlükdə cəmiyyətin maraqlarının necə əhəmiyyətli olmasından asılı olmadan bu yük konkret sosial qrupun və ya tək fərdi şəxsin üzərinə qoyula bilməz (baxın, mutatis mutandis, yuxarıda qeyd olunmuş Radanovic, § 49 və Hutten-Tsapska Polşaya qarşı (BP), № 35014/97, § 225, İHAM 2006-Vİİİ). ... Məhkəmə hesab edir ki, ərizəçinin bu həddən artıq fərdi yükə məruz qalmasının müqabilində hər hansı kompensasiyanın olmadığı üçün dövlət orqanları məcburi köçkünləri yaşayış sahəsi ilə təmin etməkdə ifadə olunan ümumi maraqla ərizəçilərin mülkiyyətdən maneəsiz istifadə hüquqlarının müdafiəsi arasında tələb olunan ədalətli tarazlığa nail ola bilməmişlər. Müvafiq olaraq, iş üzrə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu baş vermişdir (§ 45,46,48 və 49)». AİHM bu mövqeyini «Gülməmmədova Azərbaycana qarşı» iş üzrə xx xxxxx 2010-cu il tarixli Qərarında da təkrarlamışdır. AİHM «İsgəndərov və digərləri Azərbaycana qarşı» iş üzrə x xxxx 2010-cu il tarixli Qərarında göstərmişdir ki, «Mülkiyyət hüquqlarının iddia olunan pozuntusu barədə ərizəçilərin dəlilinə gəldikdə, nə daxili araşdırmalarda, nə də Məhkəmə qarşısında müəyyən olunmamışdır ki, məcburi köçkünlərin yaşayış sahəsi ilə təmin olunma hüquqlarına qarşı ərizəçilərin 1 saylı Protokolun 1-ci maddəsi ilə təmin olunmuş mülkiyyətdən maneəsiz istifadə hüquqlarının tarazlaşdırılması öhdəliyinə riayət olunması üçün dövlət orqanları üzərlərinə düşən hər hansı spesifik addımlar atmışlar. Belə olan halda, bir neçə illər ərzində qətnamələrin icrasının təmin olumasında uğursuzluq ərizçilərin həddən artıq fərdi yükə məruz qaldıqları vəziyyətlə nəticələnmişdir. Məhkəmə hesab edir ki, buna görə hər hansı kompensasiyanın olmadığı yerdə dövlət orqanları məcburi köçkünləri yaşayış sahəsi ilə təmin etməkdə ifadə olunan ümumi maraqla ərizəçilərin mülkiyyətdən maneəsiz istifadə hüquqlarının müdafiəsi arasında tələb olunan ədalətli tarazlığa nail ola bilməmişlər (baxın, yuxarıda qeyd olunmuş «Gülməmmədovanın Azərbaycana qarşı işi», § 43-50). Müvafiq olaraq, iş üzrə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu baş vermişdir (§ 35-36)». AİHM mülkiyyət hüququna müdaxiləni qiymətləndirərəkən onun milli hüquqdakı əsaslarını araşdırır. Bunda məqsəd milli hüquqda əsası olmayan özbaşına müdaxilələrin qarşısının alınmasından ibarətdir. Milli hüquqa zidd olan müdaxilələr Avropa Konvensiyasına da uyğun olmayan kimi qiymətləndirilir. Belə bir yanaşma Avropa Konvensiyasına dair Protokolun 1-ci maddəsinin 2-ci cümləsindən irəli gəlir. Həmin cümlə mülkiyyətdən məhrum etmənin «qanunla nəzərdə tutulmalı olması» şərtini müəyyənləşdirir. Şəxsin mülkiyyət hüququndan məhrum edilməsi prosedurunun milli qanunlarla tənzimlənməli olması «hüquqi müəyyənlik» prinsipini formalaşdırır. Avropa Konvensiyasına xas olan bu anlayış Protokolda nəzərdə tutulmuş mülkiyyət hüququna müdaxilə hallarına da şamil edilir. Qaçqınların və məcburi köçkünlərin yaşayış sahəsi ilə təmin edilməsi, mütəmadi olaraq onların mənzil şəraitinin yaxşılaşdırılması dövlətin qarşısında duran prioritet məsələlərdən biri hesab olunur. İndiyədək dövlət tərəfindən qaçqınlar və məcburi köçkünlər üçün bir çox yaşayış məntəqələri salınmış, onların müasir cəmiyyətdə ən zəruri mənzil şəraiti ilə təmin edilməsi istiqamətində bütün mümkün olan tədbirlər həyata keçirilmişdir. Lakin cavabdehlər 1992-ci ildə mübahisəli mənzildə məskunlaşdıqdan sonra bu müddət ərzində məcburi köçkünlər üçün yeni salınmış müvəqqəti yaşayış məntəqələrində yaşayış sahəsi ilə təmin olunmaq üçün heç bir səy göstərməmişlər. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Eyni zamanda məhkəmə cavabdehlərin başqa yaşayış sahəsinə köçürülmələrinin təmin olunmasının Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə həvalə edilməsi barədə nəticəyə gəlməkdə də haqlı olmuşdur. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, məhkəmə iddia tələbinin təmin edilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh X1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2544/2019 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi cavabdehlər X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2 Ruslan qızına münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar